"Erməni mənə dedi ki, səni qaçırmağa gəliblər"

"Erməni mənə dedi ki, səni qaçırmağa gəliblər"
2 oktyabr 2023
# 15:00

Bu gün Xocavənd rayonunun Erməni silahlı qüvvələri tərəfindən işğal olunduğu gündür.

Kulis.az Orxan Həsəninin "Qayıdışın qüssəsi" adlı yeni yazısını təqdim edir.

– Qayıdırıq – nənəmə deyirəm. Anti-terror əməliyyatlarından sonra bizim kəndimiz də azad olundu.
– İnanmıram mən çıxdığım kənd ilə qayıtdığım kənd eyni olsun – əllərini üzündə gəzdirir. Dodağını daş stəkana süzdüyü qaynar, açıq çaya toxundurub kəllə qəndi ağzına atır.

***
Qırışlar nənəmin üzündə yol salıb. Buna illərin addım izi deyir. Yetmiş yaşın astanasındadır. Çayı açıq içir. Kəllə kəndə xüsusi məhəbbəti var. Qayğanağın üstünə şəkər tozu səpir. Yay, qış mavi, güllü yorğanda yatır. Səhər hamıdan erkən durub yatanların oyanmasını səbrlə gözləyir. Yatanlar oyanan kimi tənbəllikdən şikayətlənir. Sevinəndə və kədərlənəndə əli ayağına dolaşır. Hisləri onu həmişə çaş-baş qoyur. Daim məşğuldur. Gah cehizlik yorğan sırıyır, gah həyətdəki ağaclara qulluq eləyir, gah toyuq-cücəylə danışır, gah da qohum-qonşunu gəzir. Boyu balaca olsa da, qolları qüvvətlidir. Yaşıdları ona zarafatla Tıq-tıq xanım deyir. Ona Tıq-tıq xanım deyənlərin sayı hər il azalır.

Günlərin bir günü mətbəx bıçağı ilə iri bir quzunu şaqqaladığını görəndə qorxudan ağlamışdım. İki gecə gözümə yuxu getməmişdi. Qorxu bədənimin bütün hüceyrələrinə yayılmışdı. Elə bilirdim, nənəm canidir və mətbəx bıçağının soyuğu hər an kürəyimdə göynəyə bilər. Oynatmaqdan doymadığım, hər səhər isti süd içirtdiyim, baş barmağımı acgözülklə əmən totuq quzunu tik-tikə eləmiş qarı indi gör başıma hansı oyunları açacaq? Əvvəl qorxuduğuma görə qılığıma girmiş, xoş davranmış, yaxama sancaq keçirmiş, üstəlik seyid yanına aparmışdı. Uşaq qorxurdusa, onu mütləq seyid ayanına aparmaq lazımdı. Seyidlər qəsəbəmizdə müalicə vasitəsi kimi istifadə olunurdu. Onları da başa düşmək lazımdır. Dəhşətli kasıblik hər tərəfi bürümüşdü və insanlar necəsə dolanmalıydılar. Uşaq qorxanda onu seyid yanına aparmayan valideynlər ictimai qınağa məruz qalırdılar. Seyid bədənimin müxtəlif hissələrinə kömür sürtümüş, dodağının ucunda, mızıltıya bənzər dua oxumuşdu. Onun dodağının ucunda oxuduğu duanı ancaq özü başa düşürdü. Bədənimdəki kömür ləkələrini görən dostlarım balaca, uşaq barmaqlarını ləkələrə toxunduranda qıdıqlanmışdım.

Sancaq və seyid fayda vermədikdə nənəm bezib məni nar çubuğu ilə döymüşdü. Nar çubuğu ilə döyülmək ən dəhşətli cəza növlərindən biriydi. Məcburi köçkün qəsəbəmizin hasarsız həyətlərindən hansından ciyyə çəkən uşaq səsi gəlirdisə, bilinirdi, həmin uşaq nar çubuğu ilə döyülüb. Nar çubuğu ilə döyülən uşağın ağlamağı digər ağlamaqlardan fərqlənirdi. Bu ağlamağın tərkibində hönkürmək yox idi. Ağzını açıb durmadan qışqırırdın. Ağzını açıb durmadan qışqıran uşaqların ciyərində hava qalmayanda huşları gedirdi. Valideynlər bütün mərhəmət işığını söndürür, xüsusi amansızlıq göstərirdilər. Onlar düşünürdülər ki, uşağın nar çubuğu ilə mitilini çırpmasan, gələcəkdə avara, dərs oxumayan, narkaman, cavab qaytaran olacaqlar. Buna görə yaş çubuğu uşaqların ətinin açıq yerinə bərk dartırdılar. Nənəm bunu ilk dəfə müalicə üsulu kimi kəşf eləmiş və işə yaramışdı. Yaxşıca ağladıqdan sonra mətbəx bıçağının soyuğunu unutmuşdum.

Uşaqlığım nənəm və babamın (babama dədə deyirdik) qayğısında keçib. Kürəyimi onların sevgisinə söykəyib böyümüşəm. Kənd yerində yaşayırsansa, ev və çölün fərqi yoxdur. Ayağının apardığı hər yer ev deməkdi. Məcburi köçkün qəsəbəmizin kənarında hündür tut ağacları əkilmişdi. Deyilənə görə qəsəbənin yerində illər öncə ermənilərin fermaları bərqərarmış. Ağacları ermənilər əkibmış. Ağacların başına çıxanda uzaqdakı bənövşəyi dağlar, dağların ətəyindəki qar apaydın görünürdü. Hətta diqqətlə baxanda yaxın ətəklərdən evlərin parıldayan damı da gözə çarpırdı. “Nənəm deyirdi, biz o dağlardan gəlmişdik, o dağlar bizimdi”. Bu cümlələr mənə toxunurdu. Necə yəni o dağlardan gəlmişik? Axı nə üçün gəlmişik? Dağlar bizimdirsə, nə üçün qayıtmırıq? Ümumiyyətlə, dağ necə bizim ola bilər? İnsanın maşını olar, evi olar, oyuncağı olar və adamlar sənin evini, maşınını, oyuncağını görəndə deyərlər, bu ev, maşın, oyuncaq filankəsindir. Baxanda dağlar uzaq deyildilər. Evlərin parıldayan damı qaynar həyatdan xəbər verirdi. Demək biz gələn yerdə kimlərsə yaşayırdı. Kimlərsə ağacların hündürünə çıxıb bizə sarı baxırdı, kimlərsə qorxurdu, bəlkə, onların da yaxasına sancaq taxırdılar, seyid yanına aparıdılar və seyid dodağının ucunda dua mızıldayıb qorxanın bədəninə kömür yaxırdı.

“Biz o dağlardan gəlmişik” – cümlənin işığı içimdən keçincə dağların soyuğu məni üşüdürdü.

Evimiz kötük evdi deyə qonaq-qarasız keçinməzdik. Babamın qardaş, bacıları, nənəmin bir qardaşı, onların övladları, nəvələri, yaxın, uzaq qohumlar hər il yayı keçirmək üçün bizə yollanırdılar. Yay günlərini karnaval havasında ötürdü. Futbol, lato, türk seriallarına axan vedrə-verdə göz yaşı, şokalad qutularının üstündəki müğənni gülüşləri, divarları o şəkillərlə bəzəmək, yeni-yeni çıxan cib telefonlarında oyunlar, oynamaq üçün sıra gözləmək, meyvə yığmaq, ağ köynəyin yaxasında vişnə ləkəsi, nənəmin gileylənə-gileylənə köynəyi yuyub sərməsi, köynək quruyana qədər qurşaqdan yuxarı çılpaq gəzmək, axşam yeməyindən sonra gələn şirin yuxu. Qonaqların gəlişinə sevinirdim. Hamı yerdən uzanıb köhnə günlərdən danışanda üzümü nənəmin ayaqlarına söykəyib gözlərimi qapayırdım.

***
– Niyə belə deyirsən? Cavanlığının keçdiyi yerlərə qayıdırsan. Gərək sevinəsən.
– Bəs indi cavanammı?
– Nə vaxtsa cavan idin.
– Ordan çıxanda dədən, qardaşlarım, qohumlar, qonşular sağ idi. İndi dədən hardadı, qardaşlarım, qohumlar, yoldaşlar hardadı? Hamısı öldü.
– Biz varıq.
– Allah sizi var eləsin. Amma bizimki keçib.
– Sən hələ çox yaşayacaqsan. – əlimi çiyninə atıb yanağına yekə bir öpüş bağışlayıram. – Ürəyini sıxma. Ölənləri yox, yaşayanları fikirləş. Axı sən də yaşayırsan. Orda həyat burdakından yüz dəfə yaxşı olacaq.

Ora – Qarabağ qayıtdı. İllər ərzində Qarabağın kəndlərinin, şəhərlərinin yerini xəritədə baxa-baxa, xəyalən o məkanları gəzə-gəzə, söhbətdən-söhbətə keçə-keçə əzbərlədim, lakin hələ də “Qarabağ” deyəndə o uzaq bənövşəyi dağlar və tut ağacının hündüründə görünən qıvraq bir uşağın kölgəsi canlanır yaddaşımda.

Qarabağ qayıtdı və otuz il öncə dədə-baba yurdlarından didərgin düşən, otuz ili vətənində sürgün həyatı yaşayan valideynlərimin, qohumlarımın yanağına əzablı bir təbəssüm qondu. Şiddətli sevinc yerini küskün bir əhvala verdi. Otuz il qayıtmaq haqqında düşünürsən, hər il üzünü bu nagüman ümidə tutursan, o ümidin başına dolanırsan, bişirdiyin yeməyin, danışdığın söhbətin duzu olur, uşaqlar doğulur, uşaqlar böyüyür, həyat çiçək açır, ümid uşaqların üzündə gülüşə dönür, yıxılanda ayağında yara, ağlayanda gözündə yaşa çevrilir, qorxanda yaxalarına sancaq kimi keçir və bu ümidin işığına düşüb bütün məhrumiyyətlərə rəğmən illərin kürəyini yerə vurursan. Qayıtmaq məqamı yetişəndə isə anlayırsan, heç nə əvvəlki deyil. Zamanın hər şeyi çürüdən sehrli əli sənə toxunub. Təkcə ev-eşik dağıdılıb talan edilməyib, həm də illərin dağıdıcı təsiriylə insan həyatları puç olub, bir vaxtların ətlə dırnaqları pərən düşüb və otuz il əvvəl diri, gümrah bədənlə çıxdığın yurda indi yorğun vücudla, ahıl duyğularla qayıdırsan. Qayıdırsan və anlayırsan, illər uzunu beynində qurub yaratdığın, yaşadığın, xatirə ipi ilə daim bağlı qaldığın yer “gəldim” deyib sevindiyin yer deyil.

Uşaqlığı, yeniyetməliyi, gəncliyi Qarabağ haqqında söhbətlərlə dolub-daşan, həyatı keçmiş zamanda yaşayan insanların əhatəsində böyüyən biri kimi indi o torpaqları azad görmək, qayıdışa inanmaq məndə yad hislər oyadır. Görəsən, insan nə üçün uşaqlığı keçən yerlərə qayıtmaqla uşaqlığına qayıdacağına inanır? Uşaqlığımızın keçdiyi yerə qayıtmaqla uşaqlığımıza qayıtmağın eyni olmadığını anlayanda nə üçün təəssüflənirik?

– On doqquz yaşım vardı. – nənəm yenə çaydan bir qurtum alıb deyir – Sağından qayıdanda yolun üstündə qırmızı Moskiviç gördüm. Moskiviçin yolun üstündə dayanmağında nəsə əngəl vardı. O vaxtlar adamlar kimi maşınlar da yad olurdu. Könlümə şübhə toxumu düşdüsə, əlim ayağım əsir. Sağınçı erməni Valeriyanı yolladım ki, soruşsun, maşın orda nə üçün dayanıb? Valeriya beş dəqiqə olmamış qayıtdı. Dedi, o maşın səni qaçırmaq üçün gəlib. Elə bil başımdan aşağı qaynar qazan aşırtdılar. Geri qayıtdıq. Fermanın arxa qapısından qorxa-qorxa çıxıb Valeriyagilə yollandıq. Su içdim. Ürəyim yerinə gəldi. Qardaşım Vaqifə zəng eləyib dedim, tez Valeriyagilə sürsün, məni qaçırmaq istəyirlər. Qardaşım gəlib apardı. Amma bundan iki ay sonra özüm dədənə qaçdım.

– Sevib evlənmisən?
– Nə bilim, bala, getmişəmsə, yəqin sevirdim.
– Nədən bilirdin sevirsən?
– Ona baxanda gülmək istəyirdim.

***

İllər sonra ilk dəfə hərbçi qohumlarımız kəndimizə qayıtdılar. Evlərin çoxu dağılıb. Sökülən evlərdən fermalar tikilib. Videolara baxan adamlar zamanda səyahət edirlər. Kənd Xocavənd rayonuna bitişik olduğu üçün təkəm-tükəm ailələr yaşayırmış. Quqlun xəritəsindən tez-tez baxırdım. Kəndi ən çox görmək istəyənlər isə indi həyatda yoxdur. Ömür vəfa eləmədi, babam da daxil olmaqla çox insan Aran havasına, suyuna, ağır həyat təzinə dözməyib vəfat elədi. Kəndin sakinləri bircə "böyümüş" uşaqlardır. Bir də ora yalnız əhvalatlarla bağlı olan bizlər.

# 1910 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycandakı iki kino ittifaqı birləşəcək - Sədr seçiləcək

Azərbaycandakı iki kino ittifaqı birləşəcək - Sədr seçiləcək

12:10 5 mart 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:50 5 mart 2024
Hollivud ulduzunun sevgi məktubları üzə çıxdı

Hollivud ulduzunun sevgi məktubları üzə çıxdı

11:30 5 mart 2024
Xərçəngli yazıçı:  "Pul göndərənin kimliyini bilmirəm" - AÇIQLAMA

Xərçəngli yazıçı: "Pul göndərənin kimliyini bilmirəm" - AÇIQLAMA

11:02 5 mart 2024
“Novruz görüşləri”  adlı ustad dərslərinə start verilir

“Novruz görüşləri” adlı ustad dərslərinə start verilir

10:40 5 mart 2024
Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir

10:18 5 mart 2024
# # #