Düşün, bil ki, o çadra, bayquş qanadlı çadra - Mikayıl Müşfiqin şeiri

Düşün, bil ki, o çadra, bayquş qanadlı çadra - Mikayıl Müşfiqin şeiri
17 oktyabr 2023
# 19:00

Kulis.az Mikayıl Müşfiqin "Çadralı qızlarımıza" şeirini təqdim edir.

Sizə indi diyorlar: – Çıxınız bu örtüdən,
Qovunuz üzünüzdən bu məlun buludları.
Bunların fərqi yoxdur acı bir üzüntüdən,
Parçalayıb yırtınız bu köhnə yadigarı.

Bu xitabı bəlkə siz xoşlayıb bəyəndiniz.
Qəlbinizdə titrədi şəfəqlənən arzular,
Bəziniz də çarşafı yandırıb sevindiniz,
Fəqət bunu başında daşıyan daha çox var.

Bir çoxu anasından, bir çoxu babasından
Qorxaraq bu çizgini sürükliyor peşincə.
Bəzi əskidən əski olan əqrabasından
İstəmiyor eşitsin hər ağız sözü, məncə.

Yaxşı qız! Bəlkə sən də utanaraq məhlədən
Vida etmiyorsın o zülmətin övladına?
Qorxmadasın bir xətər toxunar qanadına,
Fəqət bu deyil bizə yaşayışı öyrədən.

Qaya uçdumu, əlbət, toz qopacaq yerindən,
Buludlar sıxılınca ildırımlar guruldar.
Qoy onlar nə dər desin, sənin əməllərində
Möhtəşəm dənizlərin çiçəkləri parıldar.

Düşün, bil ki, o çadra, bayquş qanadlı çadra
Şərqin qaranlıq, siyah mühitindən toxunmuş.
Aləm dəyişmiş indi, o Şərq hara, sən hara?
Mərsiyəsi o Şərqin çünki çoxdan oxunmuş.

Təbiidir ki, ay qız, yaz ayları gəlincə
Yarpaqlanıb pərdədə qalmaz örtülü qönçə.
Rəvamıdır yurdunun açıq bir səhərində
Dalğalansın bir bahar buludu gözlərində?!

Həyatın səslərindən kəsb edərək iqtidar,
Bu qaynar məmləkətdə qoş, oyna, sıçra, hayqır!
Onsuz da həyat adlı, çəlik barmaqlı rüzgar
Başınızdan çarşafı götürüb qaçacaqdır.

# 2846 dəfə oxunub

Oxşar xəbərlər

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

"John Wick" film seriyasının animasiyası hazırlanacaq

12:56 6 noyabr 2026
Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

Gündəlik materialları sənət əsərinə çevirən sərgi açılacaq

12:27 6 noyabr 2026
“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

“Biz ağlayanda da, güləndə də radioya qulaq asmışıq” – 100 yaşlı ecaza

12:00 6 noyabr 2026
Mikayıl Ruhandın “Qapı” kitabının  təqdimatı keçirildi

Mikayıl Ruhandın “Qapı” kitabının təqdimatı keçirildi

11:43 6 noyabr 2026
Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

Xankəndidə Zəfər Gününə həsr olunmuş film nümayiş olundu

11:17 6 noyabr 2026
Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

Radio nəyə lazımdır? - Mirmehdi Ağaoğlu

11:05 6 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər