"Dünyadan Tanrıya açılan qapı insandır..." - Məşhur mütəfəkkirdən deyimlər

"Dünyadan Tanrıya açılan qapı insandır..." - Məşhur mütəfəkkirdən deyimlər
18 iyun 2026
# 15:30

Bu gün XX əsrin ən mühüm ənənəçi (perennialist) mütəfəkkirlərindən biri, alman əsilli isveçrəli metafizik, rəssam, şair Fritjof Şuonun doğum günüdür.

Kulis.az onun əsərlərindən müəyyən hissələri Sevinc Mürvətqızının təqdimatında təqdim edir.


İlkin insan güclə danışan və çətinliklə dik duran meymunbənzər bir varlıq olmamışdır; o, hələ səmavi bir aura ilə əhatələnmiş, lakin yer üzünə enmiş, İlyas peyğəmbərin «odlu arabası»na və İsa Məsihin göyə ucalması zamanı onu bürüyən «bulud»a bənzər, az qala qeyri-maddi bir varlıq idi. Demək olar ki, bizim bəşər övladının mənşəyinə dair təsəvvürümüz arxetiplərin batindən zahirə doğru proyeksiyası doktrinasına əsaslanır; beləliklə, bizim mövqeyimiz klassik emansiyonizm mövqeyidir – bu sözün neoplatonik və ya qnostik mənasında – hansı ki, antropomorfizm təhlükəsindən qaçır və eyni zamanda ilahiyyatın "yoxdan var edilmə" konsepsiyası ilə uzlaşır. Təkamülçülük isə arxetiplərin və nəticə etibarilə İlahi İntellektin tamamilə inkarıdır; bu, reallığın bütöv bir ölçüsünün – formanın, statikanın, dəyişməzin inkarı deməkdir; konkret ifadə etsək, bu, əriş saplarını kənara qoyub, yalnız arğac sapı ilə qumaş toxumaq istəyinə bənzəyir.

***

Sadəlövh doqmanın klassik nümunəsi Müqəddəs Kitabdakı yaradılış hekayəsi, daha sonra isə ilk insan cütlüyünün qissəsidir: əgər biz skeptikiksə, hərfi mənanın uşaqcasına sadəliyi ilə qarşılaşırıq, yox əgər intuitiviksə – və hər bir insan belə olmalıdır – o zaman simvolların təkzibolunmaz həqiqətlərinə qarşı həssas olarıq; biz bu simvolları öz daxilimizdə daşıdığımızı, onların universal və zamansız bir etibarlılığa malik olduğunu hiss edirik. Eyni qeyd miflərlə və hətta nağıllarla bağlı da keçərlidir: kainata aid olan prinsipləri – yaxud vəziyyətləri – təsvir edərkən, onlar eyni zamanda ruhun psixoloji və mənəvi reallıqlarını da təsvir edirlər; və bu mənada demək olar ki, dinin və ya xalq ənənəsinin simvolizmləri həm üzdə, həm də dərində bizim üçün gündəlik təcrübənin bir parçasıdır.

***

İnsan övladı öz təbiəti etibarilə fövqəltəbiiliyə məhkumdur. Obyektiv zəka, azad iradə, fəzilətli ruh: insanı formalaşdıran məhz bu üç imtiyazdır. İnsanın ikiqat missiyası: şərtidən (mümkündən) yola çıxaraq Mütləqi tanımaq və Mütləqi şərtinin daxilində təzahür etdirməkdir.
İnsanın «şüurlu (düşünən) heyvan» olduğu deyilmişdir; bu tərif qeyri-kafi və qulağa xoş gəlməyən olsa da, mənasız deyil: həqiqətən də, rasional qabiliyyət insanın heyvandan üstünlüyünü (transsendensiyasını) göstərir. İnsan düşünəndir, çünki o, təbii olaraq Mütləqi qavramağa və dolayısıyla nisbiliyi dərk etməyə qadir olan bir zəkaya (əqlə) malikdir; o, bu zəkaya malikdir, çünki ilahibiçimlidir; bunu o, bədən və kəllə quruluşu, həmçinin dik duruşu, nitqi və yaratmaq qabiliyyəti ilə fiziki olaraq da nümayiş etdirir. İnsan həm xarici forması, həm də qabiliyyətləri ilə bir İlahi təzahürdür.

***

Ölümsüzlüyümüzün sübutlarından biri də odur ki, mahiyyətcə zəka və ya şüur olan ruhun özündən daha aşağıda duran bir sonu – yəni materiyanı və ya materiyanın zehindəki əkslərini – hədəf seçməsi qeyri-mümkündür; ali olan sadəcə ibtidai olanın funksiyası, özünün ötüb keçdiyi bir şeyin vasitəsi ola bilməz. Deməli, təbiətimizin və taleyimizin ilahi miqyasını sübut edən məhz zəkanın özü və onunla birlikdə azadlığımızdır. Anlansa da, anlaşılmasa da, yalnız Mütləq zəkamızın mahiyyətinə «müvafiqdir».

***

İnsanın ali vəzifəsi – onun varlıq səbəbini reallaşdırmaqdır: o, Tanrının bir proyeksiyası və bununla da Yer ilə Göy arasında bir körpüdür; yaxud Tanrının Özünə Özündən başqa bir nəzər nöqtəsindən baxmasına imkan verən bir baxış bucağıdır, hərçənd ki, bu «başqası» son təhlildə yalnız Onun Özü ola bilər, çünki Tanrı yalnız Tanrı ilə tanınar.

***

İnsan zəkası mahiyyətcə obyektivdir, deməli, bütövdür: o, qərəzsiz mühakimə yürütməyə, mülahizə aparmağa, lütfün köməyi ilə mənimsəyici və ilahiləşdirici təfəkkürə qadirdir. Bu obyektivlik xarakteri iradəyə də məxsusdur – onu insan edən məhz bu xarakterdir – və buna görə də iradəmiz azaddır, yəni özünü aşmağa, fədakarlığa və riyazətə qadirdir; istəyimiz yalnız arzularımızdan deyil, fundamental olaraq həqiqətdən ilhamlanır, həqiqət isə bizim ani maraqlarımızdan asılı deyil. Eyni şey ruhumuz, həssaslığımız, sevmək qabiliyyətimiz üçün də keçərlidir: insan olaraq o, tərif etibarilə obyektivdir, yəni öz əzəli və məsum kamilliyində qərəzsizdir; o, xeyirxahlığa, alicənablığa və şəfqətə qadirdir. Bu o deməkdir ki, o, öz xoşbəxtliyini öz şəxsi məmnuniyyəti hesabına başqalarının xoşbəxtliyində tapa bilir; eyni şəkildə, o, xoşbəxtliyini özündən daha ucalarda, hələ tamamilə özününkü olmayan səmavi şəxsiyyətində tapa bilir. İnsanın vəzifəsi, hüquq və öhdəlikləri məhz bütövlük və obyektivlikdən ibarət olan bu spesifik təbiətdən qaynaqlanır.

***

Tanrı yaradılışın ortasında bir qapı açmışdır və dünyadan Tanrıya açılan bu qapı insandır; bu açılış Tanrının insana Özünə tərəf baxmaq, Ona doğru can atmaq, Onun hüzurunda səbat göstərmək və Ona qayıtmaq üçün bir dəvətidir. Bu isə bizə imkan verir ki, həyatda ikən xor baxılan bu qapının ölüm anında niyə bağlandığını anlayaq; çünki insan olmaq, sadəcə xaricə baxmaq və qapıdan keçmək deməkdir. İmansızlıq və bütpərəstlik – bu açıq qapıya arxa çevirən hər şeydir; onun astanasında nur və zülmət bir-birindən ayrılır. İnsanlıq məqamından həqiqi insan olmadan sürüşüb keçməyin, yəni sanki Tanrıya qayıtmaqdan kənarda da insani qabiliyyətlərə haqqı varmış kimi və sanki insan vəziyyətinin möcüzəsi insanın öz daxilində öncədən nəzərdə tutulmuş o sondan kənarda yetərli bir səbəbə malikmiş kimi, Tanrının və dolayısıyla öz ruhunun yanından ötüb keçməyin nə qədər ağılsız bir şey – və necə bir israf və intihar – olduğunu düşündükdə, cəhənnəm anlayışı tamamilə aydınlaşır; yaxud da sanki Tanrı bizə fərqləndirən zəkanı və seçən iradəni əbəs yerə vermiş kimi.

# 83 dəfə oxunub

Oxşar xəbərlər

İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açıldı

İnsan Hüquqları Gününə həsr olunmuş sərgilər açıldı

16:00 18 iyun 2026
Muğamın yeni səhnəsi: Azərbaycan xanəndələri TikTok-da

Muğamın yeni səhnəsi: Azərbaycan xanəndələri TikTok-da

15:25 18 iyun 2026
"Həmişə dilimin bəlasına düşürəm..."  - Saramaqonu niyə  tarixi həqiqətləri lağa qoymaqda ittiham edirdilər?

"Həmişə dilimin bəlasına düşürəm..." - Saramaqonu niyə tarixi həqiqətləri lağa qoymaqda ittiham edirdilər?

15:00 18 iyun 2026
Məşhur yapon xoreoqraf  Bakıda ustad dərsləri keçdi

Məşhur yapon xoreoqraf Bakıda ustad dərsləri keçdi

14:00 18 iyun 2026
Flora Kərimovanın son vəziyyəti

Flora Kərimovanın son vəziyyəti

13:25 18 iyun 2026
Tayra Benks "Netflix"i məhkəməyə verdi

Tayra Benks "Netflix"i məhkəməyə verdi

12:38 18 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər