Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...

Qətlə yetirilmək istərdim: Gecənin qaranlığında... Bıçaqla...
8 may 2021
# 10:05

Necə ölmək istəyərdim? Qətlə yetirilərək. Ölümü seçsəm, yalnız bunu seçərəm. Bir qatilim olsun, uzun müddət məni izləsin, hara getdiyimi, kimlərlə oturduğumu əzbərə bilsin. Sonra gecənin qatı qaranlığında bıçağı keçirsin böyrümə. İstəyərəm, ölmədən əvvəl onun üzünə baxa bilim. Amma düşünürəm ki, mənim qatilim çox istedadsız olar. Vurduğu yerə bıçaq girməz, mən də başımı bulayıb çıxıb gedərəm.

Bu oxuduğunuz hissə hansısa romandan, yaxud hekayədən deyil, özümdəndir. Düzü, ölmək istəyini bu cür faş etmək doğru və etik deyil, sadəcə mən də öz arzumu dilə gətirdim. Yaxşı, yaxşı, zarafat edirəm. İnanmayın. Ölmək çox pisdir. Heç vaxt, həyatımın ən çətin, çıxılmaz anlarında belə ölmək istəmədim. Səbəbi də bilirsiniz nədir? Ölümdən sonra nə olacağını bilmirəm. Hərə bir söz deyir. Din deyir, cəhənnəm, ya cənnət, qəbir əzabı-filan var. Buddizm deyir, reankarnasiya olacaq, təzədən dünyaya ayrı bir canlı kimi qayıdacağıq. Elm deyir, biz bioloji varlığıq, bir gün robot kimi batereyamız sönəcək və sadəcə cəsəd olaraq qalacağıq. Və sair və ilaxır.

Vaqif Səmədoğlunun sözləri yadıma düşür:

"Ömür boyu ölümün nə olduğu haqda düşündüm, yazdım, amma onu anlaya bilmədim. Bir azdan sonra anlayacağam, buna sevinirəm. Məni ağrıdan odur ki, anladığımı heç kimə deyə bilməyəcəyəm. Barı zəng etmək mümkün olsaydı..."

Çox dəhşətli hisdir. Ölümdən sonra nə olduğunu görəcəksən, amma öldüyün üçün bu haqda heç kimə danışa bilməyəcəksən.

Ölümə məhkumların dəhşətli taleyini əks etdirən bir əsər var: Leonid Andreyev "Yeddi məhbusun hekayəsi". Yazıçı onların ölümqabağı keçirdiyi hisləri dahiyanə şəkildə təsvir edib.

Asılacaqları gün aralarında biri çox qorxur, ona siqaret uzadırlar, daha sonra deyib-gülürlər. Birinin yanına anası gəlir. Bu səhnənin qarşısında Tanrı da acizdir.

Bu əsər nə vaxt yadıma düşür, sarsılıram. Bu arada Kieslovskinin "Dekoloq"unda da eyni səhnə məni dəhşətə gətirmişdi. Asılacaq cavan oğlana son dəfə siqaret verirlər. O, çəkib qurtarandan sonra polislərin əlindən çıxmaq istəyir, çırpınır, qışqırır. Tez-tələsik onu ipin yanına gətirirlər, qəddar üzlü cəlladlar asırlar cavan oğlanı və çığır-bağır sona çatır.

Nazim Hikmətin yoldaşına yazdığı şeirdə belə bir misrası var:

Zavallı bir çingenin kıllı,
siyah eli geçirecekse ipi boğazıma,
mavi gözlerinde korkuyu görmek için
boşuna bakacaklar Nazıma.

Edam olunanların taleyinə acıyıram.

Bir ara Dəniz Gezmiş haqda oxudum, özümü itirdim, gördüm ki, səhhətimə pis təsir edir.

Yaşadıqlarımdan dəqiq bilirəm ki, hətta intihar edənlər belə bircə anlıq şansları olsa həyata qayıtmaq istəyərlər.

Nə qədər çətin və ağır olsa da, yaşamaq hər zaman öndədir, hamı o həyat şərbətindən doyunca qurtumlamaq istər.

Son vaxtlar ölümlər yaman artıb. Ya əvvəl də beləydi? Bilmirəm. Bəlkə də sosial şəbəkələrin, medianın gücüdür bu: artıq ölüm xəbərlərini saniyəbəsaniyə izləyirik. Yılmaz Erdoğanın "Vizontele" filmində qəsəbəyə gələn televizorda ilk xəbər şəhid xəbəri olur. Bəzən texnologiya bizim göz yaşlarımızı tezləşdirir.

Hər ölüm vaxtsız ölümdür. Dəqiq ifadədir. Düzdür, ölüm də bir az mənə görə, möhtəşəm olmalıdır. Hər ölüm eyni dərəcədə sarsıtmır, zənnimcə. Elə ölümlər var, hətta o ölümlərə adamlar sevinirlər. Elə ölümlər də var, bizi yandırır, gedənin arxasınca bütün gücün, cəsarətin də gedir.

Hər iki halda ölüm dəhşətlidir və mən bir yazımda da demişdim, ölümə sevinmək insanın qüsurudur.

Düşmənin ölümünə belə sevinmə!

Hamımıza çox yox, yaxşı, sevgi dolu yaşamaq arzulayıram. Əsas yaşamaqdır. Yaşadığını hiss etmək. Öləndə "yaşadım" deyə bilmək üçün.

Bir də Nazim Hikmətin "Yaşamağa dair" şeirindəki kimi yaşamaq. Adam o şeiri oxuyanda istəyir ölüb təzədən dirilsin və gəlib öz həyatını o şeirdəki kimi yaşasın.

# 3548 dəfə oxunub

Oxşar xəbərlər

Vüqar Babanlı: "Atam şərəfli bir ömür sürüb..."

Vüqar Babanlı: "Atam şərəfli bir ömür sürüb..."

13:48 17 avqust 2025
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu  - Yenilənib

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu - Yenilənib

13:05 17 avqust 2025
İsfəndiyar Vahabzadə:  "Atam deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə deyə bilmədiyim sözlər olur..." - Müsahibə

İsfəndiyar Vahabzadə: "Atam deyirdi ki, bəzən ürəyim dolur, heç kəsə deyə bilmədiyim sözlər olur..." - Müsahibə

13:00 17 avqust 2025
Dünyanın ən möhtəşəm  tarixi otelləri

Dünyanın ən möhtəşəm tarixi otelləri

10:00 17 avqust 2025
Müğənni Rəqsanə həbs edildi - Səbəb

Müğənni Rəqsanə həbs edildi - Səbəb

18:55 16 avqust 2025
Vidadi Babanlı vəfat etdi

Vidadi Babanlı vəfat etdi

17:00 16 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər