Mahir Cürət: “Hər gün dua edirəm ki, kaş öləydim” – Müsahibə

Mahir Cürət: “Hər gün dua edirəm ki, kaş öləydim” – Müsahibə
6 oktyabr 2021
# 18:09

“Hal-hazırda müalicəm davam edir. Ölüm mənim üçün qorxulu deyildir. Ölüm imansız adam üçün qorxulu ola bilər. Əlli yaşım var, bundan sonra mənim üçün nə olacaq? Ömrümün 20 ili getdi. Ömür getdi. Xəstəliyim, dərdim mənə bir kitab yazdırıb. Bu arsızlıq deyil, xəstəlikdi. İndi müalicə məni saxlayır, təyin olunmuş dərmanım var, onu qəbul edirəm. Nə qədər ömrüm var, o dərmanı içib yaşayacam.”

Bu sözləri jurnalist Ulvira Qarayevaya müsahibə verən tanınmış meyxanaçı Mahir Cürət söyləyib. O, daha sonra əlavə edib:

“Ömrü yazan allahdır, amma bizim özümüzdən asılı olmayan şeylər də var. Mühitdən, əhatədən çox şey asılıdır. Mənə də məşhurluq, mühit təsir elədi. “Kruqa” düşdük. Gərək olmayaydı, amma oldu də.”

Meyxanaçı həbsxana həyatından da söz açıb:

“Həbsxanaya özüm öz ayağımla polisin maşınına minib getdim. Getdim ki, bir az sağalım. Türmədə hamı yığıldı başıma ki, şairi bura niyə gətiriblər? Polis dedi, özü gəlmək istədi. Orda narkotikdən istifadə etmirdim. Səkkiz aydan sonra tərtəmiz bayıra çıxdım. Sonra uşaqlarla toya düşdük, bir, iki dəfə “metadon” atdıq. Ondan sonra bir də ayıldım ki, yenə həmin əhatəyə düşmüşəm. Bu xəstəlik sirli, bəlalı bir şeydir. Narkomaniya iki cür xəstəlikdir. Həm biolojidir, həm də psixoloji. Bu xəstəlik mənə anatomiyanı, insan elmini öyrətdi. Nə qədər xəstəxanalarda yatmaq olar? Ukraynada ən böyük narkoloji xəstəxanada yatmışam. Orda imkanlı adamların uşaqları, cavan qızlar, oğlanlar yatırdılar. Orda on beş günə qədər yatdım”.

O, ailəsindən də danışıb:

“Uşaqlarımı bu bəladan qorumuşam, tərtəmzdirlər. Onların qanında, canında elə şey yoxdur. Onlar heç vaxt nəşəli olduğumu görməyiblər. Mən nə eləmişəmsə, öz otağımda eləmişəm. Özü də mən heç kimi axtarmamışam. Mənə nə isə lazım olanda evimə gətirirdilər. Düşüb narkomanlara qoşulub gündə ora-bura getmirəm. Elə xasiyyətim yoxdur”.

Meyxanaçı səmimi etiraflarını davam etdirib:

“Bu xəstəlik məndən hər şey aldı. Nə vardı getdi, ən çox da pulum getdi. Bu xəstəliyə düşənlərin ən aşağısı, gündə əlli manata ehtiyacı olur.

Narkomaniya mənim etibarımı əlimdən aldı. İtirdim etibarımı. Özümdən əskik insanlar mənə yuxarıdan aşağı baxdılar. Halbuki, onlar mənim heç kəsilən dırnağım da deyildi. Yanıb tökülürəm ki, mənim üçün Xalq artisti ayağa durur, məni yanına çağırır, mən də haradasa bir alçağı gözləyib alimin yanına getmirəm.

...Mən bir dəfə də Yazıçılar İttifaqına ayağımı qoymamışam. Orda bir dənə də şair yoxdur. Azərbaycanda qeydiyyatda min üç yüz, min dörd yüz şair var. Ölkədə min dörd yüz şair olar? Gedib min dörd yüz birinci olmaq mənə lazım deyil.

...Yaşadığım bu evdə elə günlər keçirmişəm ki, yadıma düşəndə ağlayıram. Hər gün ağlayıram, hər gün. Elə bir günüm yoxdur ki, ağlamayım. Uzaqdan baxanda rahat görsənir, elə bilirlər ki, arsızsan. Aydın Xırdalanlı öldü-getdi. İndi öz-özümə xəcalət çəkirəm ki, o, öldü, mən qaldım. Ölmək bu xəstəlikdən yaxşıdır. Hər gün dua edirəm ki, ay allah kaş öləydim.

...Allahdan bir istəyim var ki, məni yorğan-döşəyə salmasın. Bir gün gecə yatım, səhər ayılmayım. İstəyim ancaq budur. Onsuz da bundan o tərəfə mən neyləyəcəm? Peşmanam ona görə ki, mən bildiyimin hamısını yaza bilmədim. Ürəyim dolu qaldı.”

# 4269 dəfə oxunub

Oxşar xəbərlər

# # #