Kulis.az Barat Vüsalın “Od, ildırım ömrü” yazısını təqdim edir.
...Uzun yüz illərin ayrılığından sonra Prometey qayıdıb gəlirdi. Adamlar bayram əhval-ruhiyyəsi içində idilər. Adamlar bir vaxtlar onlara allahlardan od oğurlayıb bəxş eyləmiş bir qəhrəmanın qayıtmasınamı sevinirdilər? Əvvəl-əvvəl hər şey elə bir görüntü təsiri bağışlayırdı.
Lakin birdən adamların yekə bir öküzü qurban kəsib bir səslə “Yaşasın Zevs” demələri təzədən elə bil Promoteyi Qafqaz dağlarına çarmıxladı.
Bu hadisə təkcə Promoteyinmi faciəsiydi?
Əsla! Bu, həm də ondan sonrakı prometeylərin faciəsinin başlanğıcıydı...
...Promoteyi Qafqazda çarmıxa çəkmişdilər.
...Promoteyləri dünyanın harasında çarmıxa çəkməmişdilər ki?!
Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürk də belə prometeylərdən biridir. Və günlərin birində Prometeyi Qafqazda çarmıxa çəkməyə gətirmişdilər, bu dəfə Qafqaz Prometeyini Moskvada-Lefertova zindanında çarmıxa çəkməyə aparmışlar. Və o da geri qayıdacağı tədqirdə adamların bayram edəcəyini gözləyirdi...
“Ağ geyimli Azərbaycan” şeirini də bu münasibətlə yazmışdı.
...Ana eşidir ki, oğlunu asacaqlar. Oğluyla görüşür və deyir ki, mən şahın yanına gedəcəyəm, ondan səni bağışlamağı xahiş edəcəyəm. Əgər bağışlasa, səni asacaqları meydana ağ paltar geyib çıxacağam, yox, görsən ki, qara geymişəm, onda bilərsən ki, o, sözümü eşitməyib. Qorxma, oğlum, hər şey yaxşı olacaq.
Sabahı gün ana oğlunun asılacağını bilə-bilə əyninə ağ paltar geyib gəlir ki, qoy oğlu ölümdən qorxmasın, oğlu sınmasın...
Bu, həm Xəlilin qəhrəmanının anasıydı, həm də Xəlinin öz anasıydı...
Özü də yaxşı bilirdi, anası da ki, bu dəfə də qurbanı adamlar “Zevs”ə kəsmək istəyəcəklər və kəsəcəklər.
Xalq yazıçısı İsmayıl Şıxlı da Xəlilin “Ayla Günəş arasında” kitabına 1992-ci ildə yazdığı ön sözdə sanki bundan danışırdı: “ ...kirpilər, əqrəblər indi meydan oxuyurlar. Azadlıq carçılarının öz qanı, həyatı bahasına ucaltdığı üç rəngli Azərbaycanın Demokratik Respublikasının bayrağı altında toplaşmışlar. İndi onların çoxu millət vəkilidirlər. Azərbaycanın “Siyasi, milli və iqtisadi istiqlalı” uğrunda “mübarizə” aparırlar. Bu cür “millət vəkilləri” Xəlil Rzanı öz sıralarına qoymadılar. Qorxdular ki, Ali Məclisin kürsüsündən Xəlil Rza bəzi mətləbləri ucadan deyə bilər”.
İsmayıl Şıxlı düz deyirdi. Belələri qorxduqları üçün yenidən Prometeyə (o cümlədən Xəlil Rzaya!) yox, “Zevs”ə qurban kəsdilər.
“Zevs”ə qurban verdilər çox şeyi. Volskini, Z.Balayanı deputat seçdilər...
Xəlil Rza inanmaq istəmirdi bu nakişiliyə!
Çünki anası (Azərbaycan) əyninə ağ paltar geyinib durmuşdu oğlunun qarşısında!
***
Qədim dünya miflərindən birində deyilir ki, İnsan İldırımdan xəlq olunmuşdur.
Xəlil Rza Ulutürk kimi insanları görəndə inanmaq olardı ki, bu, doğrudan da belədir!
Bu adam başdan ayağa ildırımdı, oddu...
Baxışları ildırım qüdrətli!
Şeirləri ildırım xislətli!
Çıxışları ildırım siqlətli!
Bütün varlığı, canı, qanı, ruhu,
İldırım kimi odlu-alovlu, yandırıcı, yaxıcı!
Mən bu ildırımı - mən öz Xəlilimi (və hamının Xəlilini) ilk dəfə bütün tərəfləriylə Bakıda, Xaqani küçəsində bir səhər vaxtı görmüşəm. Bülbülün evinin yanı səmtlərində.
Qatardan yenicə düşmüşdüm. Mən getdiyim küçənin o biri səkisiylə köhnə “26-lar” bağına doğru idman paltarında qaça-qaça bir adam gəlirdi. Tanıdım. Xəlildi! Xəlil Rzaydı!
Tez o biri səkiyə keçdim ki, onunla qabaqlaşım və salamlaşım. “Salam, şair!” demək istəyirdim ki, yanımdan vıjıltı ilə keçdi, sonra qaçdığı halda üzü mənə tərəf azacıq çevrilmiş şəkildə qolundakı saata işarə elədi və dedi:
-Barat, mən vaxtla qaçıram! Dayana bilmərəm!
Mənim pərt olmamağım üçün bir daha qaçmağına davam edə-edə əlavə etdi:
-Axşam bizə gələrsən! Gözləyəcəm!
Və gözdən itdi. Təəccüb içində donub qaldım. Amma neyləmək olardı?! Xəlil Rzanın belə qəribəlikləri azmı olmuşdu ki?! Xəlil Rza dayana bilməzdi. Beş-on saniyəliyə olsa da, dostunu gördüyü üçün ayaq saxlaya bilərdi. Amma onda o saniyələrin əvəzində saatları, günləri, ayları, bəlkə də illəri itirə bilərdi. Nə yaxşı ki, dayanmadı!
Mən indi hər dəfə Xəlil Rzadan söz salanda o anı yada salır, fəxrlə, qürurla deyirəm:
-Xəlil Rza buydu, bax!
Öz amalı, əməli yolunda heç kimə, heç nəyə, hətta özünə də güzəştə getməyən kişi!
Bəlkə də o zamanlar belə hərəkətlərinə görə ardınca baxıb gülənlər az olmamışdı.
Ancaq unutmuşdular ki, əsl şair belə olmalıdır: həmişə hazır, səfərbər! Başqalarının özünə yaraşdırmadığı işi, ar bildiyi hərəkəti özünə yaraşdıra bilən bir igid, bir ər! Bəli, Xəlil deyilən belə olmalıydı. Belə oluğu üçün də sonralar hamının sevdiyi azmanlaşmış, qəhrəmanlaşmış, sağlığında heykəlləşmiş (Promoteyləşmiş!) Xəlil Rza Ulutürk olmuşdu.
Mənə elə gəlirdi ki, saçları ağarsa da, hələ cəmi-cümlətanı 16 yaşı var onun. Adını daşıdığı peyğəmbər babası İbrahim Xəlilullah kimi! Axı, Xəlillulahı da oda atanda vur-tut 16 yaşı vardı...
Bu Xəlili də tonqala az atmamışdılr, yaşına baxmadan, başına baxmadan - “yaşlılığına” baxmadan!
Heç nədən, nahaq yerə ali məktəb müəllimliyindən məhrum edəndə də...
...Çimərlik paltarında şəklini çəkib institutun qabağına vurub lağa qoyanda da...
...Müşfiq kimi “ifləməni” görənlərin hələ belə “ifləmə” görmədikləri üçün onu Yazıçılar İttifaqından çıxarmaq istəyəndə də.
...Azadlıq hərəkatında fəal işirakına görə Moskvada Lefartova zindanına atanda da.
...Elə nəfəs alanda da, şeir yazanda da, hamını Sabirləşməyə, Nəsimiləşməyə, kişiləşməyə çağırıb “kişinin nəinki ər varlığından, heykəlindən belə ayrılmaq olmur” deyəndə də...
İşlər belə getsə... belə getməsin,
Getsə bu zülməti boğacağam mən.
Bütün Azərbaycan övladlarını
Öz kişi bətnimdən doğacağam mən,
deyib hayqıranda, nərə çəkəndə, dələduzlara, nakişilərə meydan oxuyanda da.
Yazıldı “Gülüstan müqaviləsi”,
Pozuldu yurdumun yüz gülüstanı...
deyəndə də... Cəmi 16 yaşı vardı bu cəngavər şairin, bu Prometeyin, bu odun, bu ildırımın! O, çoxdan qaçırdı, çoxdan yüyürürdü döyüşlərə, yürüşlərə doğru!
Mənə yazdığı məktublardan birində deyirdi ki, Özbəkistanın Xalq şairi Maksud Şeyxzadə haqqında bir monoqrafiya yazmışam. Cap etmək istəmirlər. Çapını gecikdirirlər. Bilirlər ki, bununla yalnız Maksud Şeyxzadə deyil, həm də Xəlil Rza gecikir. Nəticədə bütün Azərbaycan gecikir!..
Bax, indi çox şey daha aydın məlum olur... O, təkcə idman etmirmiş, idmançı kimi qaçmırmış. Azərbaycanın müstəqilliyinə, bütövlüyünə doğru qaçırmış. Qaçırmış ki, Azərbaycan gecikməsin öz sabahlarına!
Qaçırmış, bir daha inkivizisiya qoxulu tonqallar çata bilməsinlər deyə. Qaçırmış ki, sonuncu tonqalın (tonqalların!) içinə atılsın.
İndi-indi xatırlayıram ki, mən Azərbaycanın üç rəngli bayrağını Xəlil Rzanın timsalında görübmüşəm-Xəlilin düyülmüş yumruğunda! Xəlil o yumruğu bayraq kimi havaya başı üstünə (başlar üstünə!) qaldıranda!
Etiraf olunmalıdır: təpədən-dırnağa bayraqdı, torpaqdı bu Azərbaycan Prometeyi!
...Faciə çox dərində idi. Faciə Prometeylərin çarmıxa çəkilməsində deyildi. Faciə qəhrəman və qəhrəmanlıq haqqında insanların çoxunun düşüncə tərzinin çarmıxa dönməsində idi!
Bu faciələrdən qaçmaq üçünsə hər gün gərək ondan qaçmaq öyrənək, uçmaq öyrənək.
Azərbaycana Xəlil Rza Ulutürkə, sabahlara doğru! Yaxşılığa, insanlığa doğru!
Qəhrəmanlığa-Prometeyliyə doğru! Hər günümüz onun vaxtla, saatla qaçdığı günə oxşasın gərək. Ona həsr etdiyim şeirlərimdən biri elə bu cür adlanır: “Hər gün gərək Xəlil Rza günü olsun!”
***
Şair Vətənini qoruduğu tək,
Vətən də şairi qorumalıdır!
Belə yazırdı Xəlil Rza Ulutürk! Vətəni qorumaq üçün yaranmışdı. Özünü qorumağa vaxtı çatmadı. Ölümündən sonra dövlətimizin “İstiqlal” ordeni ilə təltif olnunmuşdu. Özünü, sözünü qorumaq, xatirəsini əziz tutmaq bizlərin də işidi. Mən də bu məqsədlə bu qüdrətli, vətənpərvər şairimiz haqqında öz xatirələrimi qələmə almağı qərara aldım.
...Onunla keçən əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəlində xeyli məktublaşmamız olub.
1979-cu ildə mən Qazağın (indiki Ağstafanın) Böyük Kəsik kənd orta məktəbində tarix müəllimi işləyirdim. Şairin “Doğmalıq” şeirlər kitabını alıb oxudum, çox xoşuma gəldi. Şairə məktub yazdım.
Gözləmədiyim halda gözdən-könüldən uzaq bir yerdə - Gürcüstan sərhədində yerləşən kənddə bir gün poçtalyon mənə bir məktub uzatdı. Qarlı bir hava idi. Başımdan qar tökə-tökə məktubun üstünə baxdım. Xəlil Rzadandı!
Məktubun üstündə belə yazılmışdı: “Qazax, Böyük Kəsik kənd orta məktəbinin tarix öyrətməni, şair Barat Vüsal həzrətlərinə.”
Bu sözlər o soyuq havada canımı birdən-birə elə qızdırdı ki, üstəlik öz-özümdən sual etdim:
-Necə? Aman allah , mən həzrət imişəm niyə bilməmişəmmiş?!
Məktuba “ Azərbaycan gəncləri” qəzetinin də bir nüsxəsi də əlavə olunmuşdu. 3 səhifəsində rus şairi Robert Rojdestvenskinin “İki yüz on addım” poeması da verilmişdi - Xəlil Rzanın tərcüməsində.
Şair o qəzetin birinci səhifəsinin ağ bir yerinə belə avtoqraf yazmışdı: “Azərbaycanın qüdrətli oğlu, şair Barat Vüsala dost hədiyyəsi”.
Bu sözlərin heç birinə inanmaq istəmirdim. Elə bilirdim ki, yuxu görürəm. Amma sən demə, yuxu deyilmiş bunlar. Belə yuxulardan sonra çox gördüm. Şairlə hər məktublaşmamda o, məni yuxuya verə-verə yuxudan qaldırırdı.
Etiraf edirəm ki, bir şair kimi yetişməyimdə həmin məktubların da rolu olub.
Xəlil Rza şeirlərində nəyi yazırdısa, məktublarında da təxminən eyni məqamı deyirdi. Məktubları da şeirləri kimi adamı səfərbər edə bilirdi. Adamı cılızlaşmaqdan qoruyurdu. Adamı böyüdürdü. Hazırlayırdı adamı o! Təkcə şeir yazmağa yox, şair olmağa yox, vətəndaş olmağa! Kişi olmağa! Qəhrəman olmağa! Prometeyləşməyə!
Xəlil Rza qüdrətinə, Xəlil Rza yenilməzliyinə bir çox şeirlər həsr etsəm də o çalışırdı ki, həmin misralardan mən də özümə pay götürüm. Qollarımda şir qüvvəti duyum, səsimdə pələng nəfəsi hiss edim.
Elə götürək məktublarımdan birindəki bu sözləri: “Qardaşım Barat Vüsal! Məktubunu masamın üstündə gördüm. “Sənə demirdimmi Babək ölməyib, qəlbimə dammışdı: Nəsimi sağdır!” Bu səmimi və pak duyğulu misralar yalnız şair qələmindən çıxa bilər.
Böyük Füzuliyə həsr etdiyin şeirin də tutarlıdır... Sənin əsərlərində mən aşıb - daşan şairanəlik görürəm. Arzu edirəm ki, bu ləyaqətin... ardıcıl inadkarlıq və zəka ilə birləşsin...
Böyük poeziya yaratmaq uğrunda mübarizədə sənə uçuş qanadları arzulayan Xəlil Rza 1983-cü il.
... “Tələbə qiyməti”adlı bir şeirimi qələm dostlarımdan biri başa düşməyib məni bərk tənqid etmişdi. Mən o şeiri Xəlil Rzaya göndərim. Özümdəki əlyazmasını isə hirsimdən cırıb atdım.
Növbəti məktubunda böyük şairimiz “Tələbə qiyməti” şeiri ilə yanaşı mənim də qiymətimi yazdı. O şeirdə belə bir beyt vardı:
Sizə qiymət yazsın hər imtahandan,
Qoy Babək kəsilmiş qolları ilə!
Bu beyti qələm dostum ona görə bəyənməmişdi ki, guya mən necə tarix müəllimiyəm ki, hələ bilmirəm ki, Babək qəhrəmandır, yoxsa müəllim?!
Xəlil Rza isə bu misraları bədii kəşf səviyyəsində qiymətləndirib təqdir etdiyini bildirmişdi. “Yürütdüyüm fikri bu dərəcədə səmimi və gözəl demək üçün fitri şair olmalısan. Görünür, mütaliən gündən-günə qüvvətlənir. Azərbaycan tarixinə, Azərbaycan dərdlərinə qaynayıb qarışırsan. Vətən taleyini öz şəxsi taleyin kimi hiss edirsən. Şair üçün bundan böyük səadət yoxdur”. (4 oktyabr 1983, axşam)
Əlbəttə, bu cür təqdir dolu yazılar məni ilhamlandırmaq üçündü. Yetişdirmək üçündü. Bununla belə, şair irad və tənqidini gizlətmirdi. Hər şeyi açıq yazırdı (Axı biz artıq dost olmuşduq). Məsələn, yazırıdı ki, sənin bir fikrinlə razılaşmıram. Sən deyirsən ki, kimsə elmi biliklərə yiyələnə-yiyələnə “mən alim olacam” deyə bilər və olar. Amma kimsə “mən şair olacağam” - deyə qabaqcadan öz qarşısına belə məqsəd qoya bilməz.
Yanılırsan! Alimə elmi biliklər alim olmaqda kömək etdiyi kimi şairə də kömək edən “elmi bilik- elmi baza” onun istedadıdır, ilhamıdır. O, bu isedadın qədrini bilməli, inkişaf etdirməli, onu qorumalı və şair olmalıdır. O, buna borcludur!
Xəlil Rza adamdan yalnız şairlik yox, qəhrəmanlıq da tələb edirdi. “Sənin də, mənim də qəhrəman olmaq şansımız var” deyib məni yaradıcılığa ruhlandırırdı. O, məni tanımışdı.
Və o, məni özümlə tanış etmək istəyirdi. Onun üçün də yəqin ki, çox vaxt mənə gecə saat 2 radələrində məktub yazmaqdan ötrü öz qiymətli vaxtına heyfi gəlmirdi.
Elə mən də onu tanıdığım üçün, onun kim olduğunu bildiyim üçün ona üz tutmuşdum, ona məktub yazırdım. “And” şeirimdə deyirdim:
Vətən qan itirib... mən qan verirəm,
Məndə həm alov var, məndə həm su var.
Mən Xəlil adından elan verirəm:
-Şairin qəhrəman olmaq şansı var,
Şairin qəhrəman olmaq şansı var!
...Qəhrəman şairin yanına varın,
Qəhrəman şairlə millət yox olmaz.
Ölüvay şairə həkim aparın,
Ölüvay şairdən millət doğulmaz!
Əsl şair öz ampulasında olur. Bu mənada vətənpərvərlik mövzularına görə Xəlil Rza Ulutürk daha çox ampluasında olan sənətkar idi.
Bu, ona ən çox yaraşan və ən doğma amplua idi. “Doğmalıq” kitabı buna ən gözəl nümunə idi. O kitab şeirlər kitabından artıq bir şeydi mənim üçün. O kitabla bağlı yazışmamız aramızda körpü rolunu oynadı. O kitab həqiqətən də mənə çox təsir etmişdi. İşlədiyim o uzaq yerdə əlimdən tutmuşdu, arxam –dayağım olmuşdu mənim! Tək qaldığım otaqda şair məni tək qalmağa qoymamışdı, mənimlə birgə müəllimlik etməyə gəlmişdi.
Onun “Krasnodon qartalları”kitabından sonra mənə bu dərəcədə təsir edən kitabı olmamışdı hələ. “Doğmalıq” kitabı Xəlil Rzanı təzədən doğmuşdu. Və onun doğma, alovlu, vətənpərvər şair simasını təkcə mən görməmişdim. Hamı görmüşdü. Ən başlıcası Zaman görmüşdü, Tarix görmüşdü, Əsərlərini dizinə baş qoyub yazdığı Azərbaycan görmüşdü. “Bir gün vətən desə, görüş günüdür, addımım da gedər, başım da gedər. Mən özüm getsəm də şimşək gücüylə, Babək at oynadıb qarşımda gedər” deyən şairin özü həyat və sənət yolunda, mübarizə meydanında şimşək gücü ilə önə çıxıb qarşıda at oynadırdı!
Ümumiyyətlə, mənə elə gəlir ki, 200-ə qədər dünya şairlərindən etdiyi tərcümələr də, “Dünyaya pəncərə” kitabı da şairin bütün dünyaya və türk dünyasına çıxış yolu da məhz “Doğmalıq”dan başlayır.
Bu doğmalıq öz işığını, gücünü, nurunu hardan alırdı?
Əlbəttə, şairin bütöv xarakterindən, kişi xislətindən, cılğın uşaq təbiətindən, canıyıla, qanıyla ədəbiyyata (əbədiyyətə!) mənəviyyata dərin köklərlə bağlılığından, milli ruh daşıyıcısı olmasından, milli ruh tərbiyəçisi olmaq istəyindən, səxavətindən, diqqətindən, təbəssümündən (təcəssümündən!) təəssübündən, təəssüfündən, təəccübündən, sevgisindən, ağrısından, göz yaşından, qələmə, Vətənə, dilə, xalqa, millətə, bəşərə fanatik (və fantastik!) dərəcədə məhəbbətindən, vurğunluğundan, dəliliyindən!
...Düzlüyündən, barışmazlığından, saflığından, təmizliyindən, uca Ruhundan, Sadəliyindən, Sadəlövhlüyündən və s. Xəlil Rza sözün həqiqi mənasında səxavətli adamdı. Hər addımı, hər işi səxavət nümunəsi ilə doluydu. Yazdığı şeirləri də, poemaları da, elmi- tənqidi əsərləri də, elə məktubları da!
Xəlil Rza o adamdı ki, biləndə ki, Bakıdasan, səsini gecə yarı telefonda eşidəndə də deyərdi:
-Dur gəl, bizə!
-Axı gecdi... Elə indicə?!
-Hə, elə bu dəqiqə! Gəl, gözləyirəm!
Sabah da bir yerdə Türkana – bağ evimizə gedərik.
Doğrusu, əvvəl-əvvəl bu sözlərə adamın inanmağı gəlmirdi. “Mən vaxtla qaçıram, dayana bilmərəm” deyən şair daha bir qəribə hərəkət etmirdi ki?! Yox! Qəti surətdə belə düşünməyə sənin ixtiyarın yoxdu! Adamın ağzı əyilər!
O, sözünün ağası idi. Belə olmasaydı, evində bir neçə dəfə vaxtlı-vaxtsız qonağı ola bilməzdim. O evdə ilk dəfə 80-ci illərin əvvəlində olmuşam. Firəngiz xanımın açdığı süfrə, Təbrizin qətiyyət ifadə edən məğrur üzü, Rzanın çəkingən görünüşü, şairin özünün qüruru, Vidadi küçəsindəki evinə sığmazlığı, artırmadakı kitab-dəftərlə dolu aşıb-daşan iş otağı... Hər şey indiki tək gözümün qabağındadı.
Şair məndən rayondakıların gün-güzaranını xəbər alır, gündəliyində qeydlər edirdi. Bir əhvalatı bir daha danışdırıb xeyli güldü.
...Qazağa təzə gələn katib bir gün İncə dərəsinə gedirmiş. İncəyə gedən yolun ağzında dayanan bir qocanı da maşına mindirir. Katib yol boyu qocadan rayondakı vəziyyəti, təzə dəyişiklikləri soruşur:
-Təzə katib necə adamdı, ağsaqqal? - deyir.
Qoca beşaçılan kimi açılır:
-Necə olacaq, ağrın alım! Allah gedən katibin atasına rəhmət eləsin! Heç olmasa o, vəzifəyə qoyduğundan pul alırdı. Bu gələn köpəkoğlu deyirlər, qoyduğundan da alır, çıxartdığından da.
Yəni, get Allahına şükür elə ki, tutdurmuram səni!
Təzə katib xırp səsini kəsir...
Yeri gəlmişkən, deyim ki, bu o katibdi ki, başqa bir qazaxlı müdrik ona belə demişdi:
-Sən Qazağa at hörüyü dəyişməyə gəlibsən.
-O nə deməkdir, a kişi?!
-Bu o deməkdi ki, sən atın hörüyünü xam yerin yuxarı tərəfindən (otlandığı üçün!) aşağıdakı xam tərəfinə dəyişirsən. Nə fərq olur ki? Xam haman xamdı...
Əlbəttə, Xəlil Rza bu əhvalatlara nə qədər gülürdüsə, bir o qədər də acıyırdı.
Söhbətimizin şirin yerində birdən kim gəlsə yaxşıdı: Mikayıl Mırzə! Azacıq sonra üzünü M.Mirzəyə tutan şair dedi:
-Sabah, bilirsən də, Sumqayıta gedəcəyik.
Hörmətli aktyorumuz fikri tamamladı:
-Bilirəm, Vaqif İbrahimin yas yerini deyirsən.
...Məni ötürəndə Fizulu meydanına, Beşmərtəbənin yanına qədər gəldi.
Mən avtobusa minib, “sağ ol “ deyib getmək istəyirdim ki, birdən “Eşq olsun, bəy!” hayqırtısını eşitdim. Dönüb baxanda bayraq kimi havaya qalxmış şair yumruğunu gördüm.
Bu səs o yumruqdan gəlirdi. Sən demə, bu, şairin özünəməxsus sağollaşma tərziymiş.
Bir daha Xəlil Rza böyüklüyünə heyrət hissindən qəlbim dağa döndü.
Desəm ki, şairlə başqa bir görüşümüz bundan da maraqlı, qəribə olub, bəlkə də inanmazsınız.
Yay vaxtıydı. Gündüz saat 10 olardı. Xəlilgilə gəldim. Pilləkəndə qarşılaşdıq.
O, qapını bağlayıb düşürdü, mən qalxırdım. Mənim geri qayıtmaq istədiyimi görəndə təhnizlədi:
-Hara?
-Sonra gələrəm. Axı siz deyəsən, işə gedirsiniz.
-Elə şey yoxdur! Evə gəlib qapının ağzından qayıtmaq olmaz! - deyib qolumdan tutdu, qayıdıb qanını açdı, məni içəri dəvət etdi.
-Qulaq as, Barat, -dedi. Mən yarım saata qayıdıram. Bax, bu divanda əyləş görüm. Ay sagol!
Mətbəxdən nəsə gətirib gəldi:
- Bu da xiyarla qatıqdan düzəldilmiş doğramac. Sərindi. Bundan da içərsən.
İş otağından qalın və uzun kitaba oxşar bir dəftər gətirdi. Yazdığı 200 cildlik gündəliklərdən biriymiş. Ortadan açdı.
-Elə bunu da buradan başlayarsan oxumağa. Darıxma, indicə gəlirəm! – deyib evi-eşiyi mənim umuduma qoyub getdi.
Dəftəri əlimə götürüb ilk sətirlərə gözucu nəzər saldım. Oxuduğum ilk sözlərdən əməlli-başlı “qorxuya” düşdüm. Çünki orada adlı-sanlı, bir şairimizə üz tutaraq yazılmışdı: “Mən təşnəyəm! Yanıram! İndi mən geynim ki, bulağın başını Süleyman Rüstəm kəsib! “Yazının arxasını oxuduqca məlum oldu ki, söhbət N. Gəncəvinin poemalarınin dilimizə tərcüməsindən gedir.
Sən demə, Xalq şairi olduğuna görə S.Rüstəmin tərcüməsinə üstünlük verib Xəlilin daha orijinal tərcüməsinə laqeydliklə yanaşılıbmış... Necə deyərlər, X.Rzanı lazımınca görmək istəməyib görməməzliyə vurmuşdular.
...Məncə, Xəlil Rzanı həyatda kifayət qədər görə bildim. Bəzən yolda-izdə, bəzən görüşlərdə bəzən kitablarında, bəzən radio və televiziyadakı çıxışlarında, bəzən də yazdığı məktublarda. Və hər dəfə də onu məğrur görkəmdə, qürurlu halda, elə bil ki, vətən döyüşünə gedən əsgər kimi gördüm!
Ondan şairliklə yanaşı, insanlığın, böyüklüyün, ölməzliyin, əyilməzliyin yolunu da öyrənmək çox xoşdu.
Xəlil Rzanın hərəkətlərində ifrata varmaq hiss olunsa da, bu, tamam başqa bir məsəldi. İşıqlı məqamdı:
İfrat uşaq təbiətliydi.
İfrat çılğınıydı.
İfrat diqqətliydi.
İfrat qayğıkeşdi.
İfrat yanıcıydı.
İrat mübarizdi.
İfrat Dostdu!
İfrat Düşməndi! ( Düşmən önündə!) Bir-iki misal çəkəcəyəm. Görün, belə baxanda kim bu hərəkəti edərdi?
...Yenə Xəlilgildəyəm. Təzə kitabı çıxıb.”Mən səni taparam”. Kitaba müştəri gözüylə baxıram. Təəssüf hissiylə deyirəm:
-Hayıf ki, bu kitabdan məndə yoxdur, satışda da rast gəlməmişəm.
Şair neyləsə yaxşıdır! Əlindəki nüsxəyə nəzər salıb, qəfil nəsə fikirləşir. Fikirləşdiyini də edir. Kitabın titul səhifəsinə yazdığı avtoqrafın üstündən bir ağ vərəq yapışdırır və yazır: “Azərbaycanın qüdrətli oğlu, şair Barat Vüsal həzrətlərinə! Qoruyun! Satışda yoxdur!” O kitabı görsəniz, mənə yazılmış avtoqrafın altında kimə ünvanlandığının müəyyən qədər bilindiyini görərsiniz. Kitab Türkiyəyə, adlı-sanlı bir ədəbiyyat adamına göndərilməliymiş. Xəlilsə onu mənə bağışlamışdı. Bax, Xəlil həm də belə Xəliliydi!
Yaxud ikinci bir maraqlı fakta diqqətinizi yönəltmək istərdim. Şairin həyat yoldaşı Firəngiz xanım Ulutürk şair haqqında “Kədərimlə qol-boyun” adlı çox dəyərli bir xatirələr kitabı yazıb. O kitabda Lefortovodan yazılmış ilk məktubdan da söhbət açılır. Məktubda şair Firəngiz xanımdan doğmaları soruşur, doğmaları xəbər alır:
“Zdrastvuy Frangiz!
Kak naşi rodstvenniki i druzya! Tabriz, Sevindj, Rza...Mikayıl Mirzə, Ramiz Duyğun, Taxmasib, Qyulnisa xalam... Soratniki no peru: ustad İsmayıl Şıxlı, Anar, Qabil, İdayət...Yaşar Kara, Sabir Rüstəmxanlı, Nariman Qasanzade, Şaxmar Akberzade... Soxrab Taxir, Mamed Araz,
Zabil Perviz, Baxtiyar Vaxab, Barat Vusal? Razve ya v silax pereçitit i vsex obnyat?! Tvoy Xalil, Moskva 2 marta 1990".
(Salam, Firəngiz! Qohumlarımız və dostlarımız necədir? Təbriz, Sevinc, Rza... Mikayıl Mirzə, Ramiz Duyğun, Təxmasib, Gülnisə xalam... Qələm yoldaşlarım: ustad İsmayıl Şıxlı, Anar, Qabil, Hidayət... Yaşar Qara, Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, Şahmar Əkbərzadə... Söhrab Tahir, Məmməd Araz, Zabil Pərviz, Bəxtiyar Vahabzadə, Barat Vüsal? Məgər hamısını sadalamağa və qucaqlamağa mənim gücüm çatarmı?! Sənin Xəlilin, Moskva, 2 mart 1990 - red)
Görürsünüzmü, əli daş altında ola-ola, Xəlil Rza zindanda da özünü yox, doğmalarını, dostlarını düşünürmüş. Öz dərdini çəkmək əvəzinə başqalarının dərdinə qalırmış, kef-halıyla maraqlanırmış.
Bax, Xəlil həm də bu Xəliliydi! Şairin oğlu Azərbaycanın Milli Qəhrəmanı Təbriz Qarabağ döyüşlərində həlak olanda şairə vurulan başsağlığı teleqramlarının siyahısı da o kitabda öz əksini tapıb. “Aydınlıq” qəzetində X.Rza teleqram vuranların adbaad siyahısını dərc etdiribmiş. Bax, Xəlil həm də buydu!
...Bakıda qarlı-şaxtalı günlərdən biriydi. Yazıçılar İttifaqının qabağında dayanmışdıq. Xəlil Rzaydı, Əlisəmid Kürdü, məndim, deyəsən, daha kimsə bir nəfər vardı, xatırlamıram.
Qar yağırdı. Yerlərdən, göylərdən qabaq Xəlilbəyin saçlarına, saqqalına, üzünə, gözünə. Çox dərin fikir içindəydi. Mən dedim:
-Şair, mən sizdən ilk məktubu belə qarlı havalardan birində almışam.
Əlisəmid də elə bil, bu sözə bəndmiş:
-Mən də Xarkovda həbsxanada qarlı bir gündə almışam səndən məktubu, ustad!
Xəlil bəy gülümsündü.
Bu gülüşün işığında bir həqiqəti dərk etdim. Xəlil Rzanın məktubları ona görə bu qədər odlu-alovlu olurmuş ki, şair onu bizə belə qarlı-şaxtalı havalarda yazırmış.
Təkcə bizəmi?! Yerə, Göyə, Vətənə, Bəşərə, Kərkükə, Təbrizə də belə məktublar göndərirmiş!
Hərdən adama elə gəlir ki, belə qarlı havalarda yazılmasaydı, heç vaxt yaza bilməzdi Xəlil bəy o məktubları! Bəlkə də o məktubları qarlı havalar yazdırırdı, Xəlil bəyin qolundan tutub...
Bəlkə də o məktubları qarlı havaların özü yazırdı, elə?!
***
Mən yuxulara çox inanıram. Mən bu fikirdəyəm ki, insan sağlığında necədirsə, yaxşıdırsa, öləndən sonra da eləcə qalır. Yəni o, adamın yuxusuna girəndə də adam xeyir tapır!
Xəlil Rza Ulutürk övlüyalığına qovuşmuş bir şəxsiyyətdi.
...Bir dəfə yuxumu qarışdırmışdım. Gördüm ki, kimsə mənə deyir:
-Sən hansı cəbhədənsən?
Bu gözlənilməz sualdan bərk acığım tutdu və mən özümü itirdim. Özümə gələndə baxdım ki, ağsaçlı Xəlil qarşımda durub yenə gülümsəyir. Tərəddüd etmədən dedim:
-Mən Xəlil Rza cəbhəsindənəm!
***
Qədim yunan filosofu Demokrit deyirdi: “Hər şey yaranır və məhv olur. Atomlar isə heç bir təsirə məruz qalmır. Əbədidir. Şəhriyar qeyd edirdi ki, “şeir gərək ildırim kimi iz buraxsın.
Bu, o deməkdi ki, şair gərək özü ildırım kimi olsun! Ölməz şairlər də belə olurlar.
Həmişə xatirələrdə və yaddaşlarda diri olan, əbədi olan Xəlil Rza Ulutürk də təpədən-dırnağa belə bir Oddu, Alovdu, Adamdı-Atomdu! ... İldırımdı!