Üslubun yaratdığı poetik enerji... - Mətanət Vahid

Üslubun yaratdığı poetik enerji... - Mətanət Vahid
7 oktyabr 2025
# 17:56

Kulis.az ədəbiyyatşünas alim Mətanət Vahidin sosial şəbəkə hesabında ədəbiyyat və ədəbi tənqidlə bağlı paylaşdığı fikirləri təqdim edir.

Ədəbiyyat həyatın güzgüsü deyil. Ya da ki, “güzgü” anlayışına münasibət dəyişməlidir…

Ədəbiyyat haqqında gerçəkləri dilə gətirirsən, yazıya alırsan, bəzən səsləndirdiyinin tamamilə əksi olan üslubda yazan müəlliflər də fikirlərini alqışlayır, səninlə həmfikir olduqlarını bəyan edirlər.

Əsərləri ilə tanış olunca düşünürsən: “axı mən elə bu cür mətnləri tənqid edirəm”. Məsələ isə bundadır ki, tənqidi fikri heç bir müəllif özünə götürmür, mətninə aid etmir.

Bu gün “bədii mətn əhvalatdan ibarət deyil” fikrini əsaslandırırsan, sabah kitablar dolusu əhvalatlar yazan müəllif sənin ədəbi dünyagörüşünü qəbul etdiyini deyib, yaradıcılığından bəhs etməyini istəyir.

Bunu etməyəni “öz çevrəsinin tənqidçisi” yarlığı ilə "damğalayıb" özünü və ətrafını ədəbi mühitdəki ayrı-seçkiliyə, mətnə münasibəti şəxsi münasibətlərin formalaşdırdığına inandırır.

Müəlliflər xatirələrini, travmalarını, ailə-məişət qayğılarını, müşahidələrini əhvalatlaşdırır və bununla da bədii mətn yaratdıqlarını düşünürlər.

Nəticədə, həyatın səhifələrə kopyalanması ədəbiyyat kimi təqdim olunur.

Halbuki Aristotelin “Poetika”sından bəri məlumdur ki, ədəbiyyat gerçəkliyin eynilə təsviri deyil, təqlidi, bədii transformasiyasıdır.

Mimesis, sadəcə, hadisələrin yazıya alınması deyil, dilin estetik vasitələrlə qurulması, həyat materialının yeni məna qatında təsviridir.

Bu baxımdan müəllifin özünə verməli olduğu əsas sual budur: “Mən niyə yazıram?” Əgər cavab, sadəcə, “gördüyümü təsvir etmək üçün"dürsə, onda bu mətn bədii ədəbiyyat nümunəsi yox, sənəd, gündəlik, xatirədir.

Ədəbiyyat isə oxucuya yeni baxış bucağı, ağlagəlməyən suallar, yeni mənalara doğru yol almaq üçün xəritə təqdim etməlidir. Əks halda, mətn “nağıl” olaraq qalır.

Ədəbi tənqid məhz buna görə bəzən susur: çünki əhvalatı danışmaqla kifayətlənən mətnin üzərində dayana bilmir.

Ədəbiyyatın tarixdə qalması, ədəbi dəyər qazanması yalnız əhvalatın deyil, onun dildə necə ifadə olunmasının nəticəsidir. Süjet ötəri, üslub isə qalıcıdır.

Bu mənada, ədəbiyyat üslub aktıdır, dil hadisəsidir, əhvalat yox. Hadisə mətnin içində ola da bilər, olmaya da, amma dil və üslubun yaratdığı estetik təcrübə mütləqdir.

Əgər mətn yalnız həyatın təkrarını verir, oxucunu yeni duyum, yeni anlam qatına çıxarmırsa, onun bədii dəyər qazanmaq imkanı da məhdud qalır.

Ədəbiyyatın mahiyyətini müəyyənləşdirən əsas meyar da məhz budur: gerçəklikdən alınan materialın dil vasitəsilə transformasiyası.

Bu yenidən formalaşma prosesini keçməyən mətn nə qədər həcmli, nə qədər hadisələrlə zəngin olsa da, ədəbi-bədii nümunəyə çevrilmir.

Ədəbiyyatın potensialı dilin estetik imkanlarını hər dəfə yenidən kəşf etməkdədir.

Süjet, mövzu, fakt dəyişə bilər, yalnız üslubun yaratdığı poetik enerji onu zamanın fövqündə bədii mətnə çevirir...

# 1677 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

18:10 28 avqust 2026
Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

17:50 28 avqust 2026
Qədim “Herakl qapısı"  tapıldı

Qədim “Herakl qapısı" tapıldı

16:30 28 avqust 2026
Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

Şəfiqə Məmmədova sədrliyə yeganə namizəd olacaq - Əli İsa Cabbarovun istefası qəbul edildi

16:03 28 avqust 2026
Türkiyə musiqi sənayesində tarixi ilk

Türkiyə musiqi sənayesində tarixi ilk

15:45 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər