"Bu, mənəvi korluğun, özündən uzağı görə bilməməyin etirafıdır" - Plagiat qalmaqalı böyüyür!..

"Bu, mənəvi korluğun, özündən uzağı görə bilməməyin etirafıdır" - Plagiat qalmaqalı böyüyür!..
15 iyul 2025
# 15:00

Kulis.az Filologiya üzrə fəlsəfə doktoru Elmira Qasımovanın yazısını təqdim edir.

“Elmin, hünərin, mərifətin varsa, buyur gəl,
Yoxsa, bu həyat aləminə olma bir əngəl!”

Heç vaxt yazmaq istəmədiyim bir yazını yazmamışam və özümü buna məcbur etməmişəm. Bu yazını gec təqdim etməyimin səbəbi də məhz onu yazmaq istəmədiyimdəndir.

“Ədəbiyyat qəzeti”nin 2025-ci il 16 may tarixli sayında dərc olunan “Yanlışlıqlar, həqiqətlər” adlı məqaləm həmkarım filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin etirazına səbəb olmuş, bununla bağlı “Kulis.az” saytında (23 may 2025-ci il) yerləşdirdiyi məqaləsində öz narazılığını bildirmişdir.

Təbiətinə artıq illərcə bələd olduğumdan şöbə əməkdaşım L.Əsgərzadənin istəyini el dilində deyildiyi kimi “ağlına yox, ağzına gələni” yazılı bir tərzdə təqdim etməsi gözlənilən olduğu üçün məndə heç bir heyrət, təəccüb və təəssüf hissi yaratmadı. Təəssübümə toxundu. Təəssübümə toxunan, bunu özünə layiq bilən L.Əsgərzadənin çalışdığım bir elm məbədinin əməkdaşı olmasıdır. Müəllifin daha çox özünütəqdim xarakterli bu etirazının müzakirəsi üçün hamımızın layiqincə tanındığımız öz doğma elmi mühitimizi yox, başqa bir məkanı seçməsi səbəbi də məlumdur.

Sırf mətnşünaslıq baxımından yazılmış məqaləmizdə məqsədimiz XX əsrin əvvəllərində şəxsiyyətinə və yaradıcılığına yüksək qiymət verilən türk ədəbiyyatşünası, şair, dramaturq, Tənzimat dövrü ədəbiyyatının yaradıcılarından biri Mahmud Əkrəm Rəcaizadənin (1847-1914) “Füyuzat” jurnalının 1907-ci il 2 iyul tarixli 21-ci sayında dərc edilən və ədəbi mühitdə böyük marağa səbəb olan “Yad et!” şeirinə zamanın M.Ə.Sabir, A.Səhhət, M.H.Zeynalov, A.Şaiq, S.Mümtaz və indiyə qədər məlum olmayan digər şairlərinin dövri mətbuatda açıq və gizli imza ilə dərc olunan eyni rədifli nəzirə, bənzətmə, təhzil və nəzireyi-təməsxüranələrin müəllifliyi və nəşri məsələlərini təhlilə cəlb etmək olmuşdur. Bu məqsədlə şeirlərin ilk mətbu variantları, avtoqraf nüsxələri, müəllif nəşrləri və sonrakı elmi nəşrlərin mətni üzərində müqayisələr aparılmış, elmi-biblioqrafik mənbələrdən əldə edilən etibarlı dəlillər əsasında yanlışlıqlar üzə çıxarılmışdır. Bu sahədə xidməti olan Ö.F.Nemanzadə, Ə.Şərif, S.Şamilov, Ə.Mirəhmədov, Ə.Cəfər, A.Zamanov, N.Axundov, M.Məmmədov və digər alimlərin xidmətinə xüsusi diqqət və qədirşünaslıqla yanaşılmış, hər birinin haqqı dəyərincə qiymətləndirilmişdir.

Hər iki məqalənin mətninin “Kulis.az” saytında yerləşdirildiyini nəzərə alıb bir neçə nümunəyə aydınlıq gətirməklə kifayətlənir, elmdən və mərifətdən kənar olan xırda təfərrüatlara varmağı və onlara cavab verəcək qədər kiçilməyi özümüzə layiq bilmirik. Həmkarım məqaləmin dəyərini dərk etmək üçün cəhd etməkdən çəkinib, “məqalə hansı məqsədlə yazılıb bilmirəm” etirafı ilə öz bilik və maraq dairəsinin hüdudlarını məqalənin yalnız mövzuya verilən giriş hissəsi çərçivəsində məhdudlaşdırmaqla kifayətlənmişdir. Bu “bilmirəm” L.Əsgərzadənin məqaləmizlə bağlı, həqiqətən, bilmədən dediklərindən yalnız birinin etirafı və xəbərdarlığıdır. “Bildiklərini deməkdən, bilmədiklərini etiraf etməkdən və öyrənməkdən çəkinmə!” – deyib müdriklər.

Uzun müddət ədəbi tənqiddə M.Ə.Rəcaizadənin orijinal əsəri kimi təhlilə cəlb edilən romantik-sentimental şeirinin müəllifinin fransız şairi Alfred de Müsse (“Rappelle-toi” – “Yad et!”) olduğu fikri çox illər öncə mənbələrdə özünə yer almış, öz təsdiqini Aydın Abi Aydın (Bəzi satirik nəzirə və təhzillər. B.,1999), H.Həşimli (Azərbaycan ədəbi mühiti və türk dünyası (məqalələr toplusu). B., 2009), A.Hacıyeva (“Abdulla Şaiq və Mahmud Əkrəm Rəcaizadə // AMEA N.Gəncəvi adına Əİ. “Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları. B., 2015, s. 177-184), V.Əsədova (“Füyuzat” məcmuəsində ədəbiyyat məsələləri. B., 2016), E.Qasımova (“Gizli imza və atribusiya”. B., 2017), M.Osmanoğlu (“Yad et!” Azərbaycan şeirində fransız modası // “Ədəbiyyat qəzeti”, 2017, 21 və 28 oktyabr) və digərlərinin mövcud tədqiqatlarında tapmışdır. Yəni, L.Əsgərzadənin özünün dediyi kimi “həqiqətlər artıq bəllidir”. Oxucu tərəfimizdən məqaləmizin önündə bu “bəlli həqiqətlər”lə bağlı tələb olunan ölçüdə: ““Yad et!” M.Ə.Rəcaizadənin orijinal şeiri deyildir, XIX əsr fransız ədibi Alfred de Müssedən (1810-1857) sərbəst tərcüməsidir. “Füyuzat” “1907-ci ildə... həmin şeiri tərcümə əsəri kimi deyil, Rəcaizadə Mahmud Əkrəmin orijinal əsəri kimi çap eləmişdir” (Aydın Abi Aydın. Türkiyə ədəbiyyatı tarixi, II c., I hissə, B., 2007, s. 196-197), “XX əsrin əvvəlləri Azərbaycan ədəbi mühitinin bu şeiri M.Əkrəmin orijinal əsəri saymasının kökü də məhz “Füyuzat”dan başlayır” (Həşimli H. Azərbaycan ədəbi mühiti və türk dünyası. B., 2009, s. 53) – kimi məlumatlandırılmışdır. Əslində, “mən yalnız məni əlaqədar edən məsələlərə münasibət bildirdim”, – deyən həmkarımın iradı da yalnız məqalənin giriş hissəsindəki bu məlumatla bağlıdır.

“Bunu bilərəkdən problemə çevirməyə ehtiyac yoxdur”, – deyən həmkarım özü bunu yenidən problemə çevirməyi vacib bilmiş, bəlli həqiqətlər haqqında internet resurslarındakı məlumat bolluğundan özünütəqdim vasitəsi kimi yararlanıb məqaləmizlə heç bir əlaqəsi olmayan əlavələrlə “zəngin bilik” nümayiş etdirmişdir. Heç bir elmi dəyəri, məntiqi bağlılığı olmayan “əsaslarını” bir qədər xatirə, bir qədər nağılvari, uydurma, bəzən də qeybətvari bir tərzdə (“o zaman onun nə bilgisayarı vardı, nə də meil adresi” (?); “dissertasiya işi haqqında ən obyektiv danışan mən, ən kəskin danışan isə məqalənin müəllifi” (?); “bu gün özünü sığortalamaq məqsədilə” (kimdən və ya nədən?); “Alfred de Müsse və onun şeiri haqqında ilk məlumatı verən” (?); “dissertasiyanın ətrafında danışacağını bildirərək, materialları fləşkarta yükləməyimi xahiş etdi” (?); “bilgisayarımdan Məti Osmanoğlunun məqaləsini tapdım” (?) və s.) təqdim etməkdən çəkinməmişdir. Həmkarımın bütün bunları özünə necə və niyə rəva bilməsini başa düşmək nə qədər çətindirsə, deyilənlərə münasibət bildirmək məcburiyyətində olmaq daha çətin və utanc gətiricidir.

Çox gözəl bir elmi mühitdə çalışırıq. Şöbə əməkdaşları ilə birgə maraqlandığımız mövzu ilə bağlı fikir mübadiləsi etmək, elmi ədəbiyyat və internet resurslarından qarşımıza çıxan maraqlı məlumatları bir-birimizlə umacaqsız və təmənnasız paylaşmaq gündəlik vərdişimizdir (bu həmişə belə olub, belə də olmalıdır). Belə məqamlarda L.Əsgərzadənin də iştirak etməsi təbiidir. Həmkarım “əsasları” ilə məqaləmin yazılmasında özünü fikir, ideya sahibi kimi görür, haqqı itirilmiş hesab edir.

Bu gün bizi “mənim mənbələrimi (? – E.Q.) görməzdən gəlməsi”, “mənbə olaraq öz kitabını göstərməsi, özünə və yaşına yaraşmayan hərəkət” sahibi kimi ittiham edən L.Əsgərzadənin daha əvvəl yazılmış tədqiqatları kənara qoyub onun 2022-ci ildə çap olunan yarım səhifəlik köçürmə tezisinə istinad edilməsi tələbi hansı yaşın və başın məntiqidir? L.Əsgərzadənin məsələnin hələ adları öndə çəkilən Aydın Abi Aydın (1999, 2007), H.Həşimli (2009), A.Hacıyeva (2015), V.Əsədova (2016), M.Osmanoğlunun (2017) tədqiqatlarında, nəhayət bu sətirlərin müəllifinin monoqrafiyasında (2017) artıq öz təsdiqini tapdığından xəbərsizliyini necə qəbul etmək olar: savadsızlıq, düşünülmüş saxtakarlıq, yaddaş çaşqınlığı?

Hər kəsin bilgisayardan yararlanmaq imkanı, öz maraq və məlumat ehtiyacını ödəyən materiallar toplumundan ibarət qovluqları var. Həmkarımın da bilgisayarında Alfred de Müsse və onun “Rappelle-toi” şeiri ilə bağlı material qovluğunun olması mümkündür və təbiidir. Sadəcə özünün dediyi kimi, hələ 2016-cı ildə şöbədə keçirilən dissertasiya müzakirəsindən xeyli əvvəl əlində olan bu materiallardan özünün niyə yararlanmaması maraqlıdır.

L.Əsgərzadə bu mövzuda iki məqaləsı olduğunu yazır: onlardan birincisi “Western poetry, “Servet-I Funun” and Huseyn Javid” (2018) adlı məqaləsidir ki, adından göründüyü və özünün dediyi kimi “qismən”; İkincisi isə mövzuya uyğun olan “Nazire Şiire Yazılan Nazireler: Alfred de Musset ‘Rappelle-Toi’, Ekrem Recaizade ve Azerbaycan Şiiri” (1.Uluslararası Türkoloji Kongresi: “Arayışlar və Yönelimler” 16-18 Mayıs 2022, səh. 59) yarım səhifədən ibarət tezisdir.

“Nəzirə şeirə yazılan nəzirələr” (2022) tezisini “böyük potensiala malik müstəsna məqalələr” sırasında görən, hamını “heyran edən”, nüfuzlu jurnaldan “əlyazmasının dərc olunması üçün təklif” alan, lakin nədənsə bu günə qədər dərc olunmayan, adı və mənbəyi müəllifin özü tərəfindən nəşr olunmuş məqalə kimi göstərilməyən L.Əsgərzadənin “bilgilərindən yararlananlardan” (?) bir təşəkkür, adının çəkilməsi kimi bir “ləyaqət” umacağı var. Ləyaqət, halallıq, qədirşünaslıq ağır məna yüklü sözlərdir. Hər bir insanın bunu özündə gördükdən sonra başqasında axtarmaq haqqı var.

L.Əsgərzadənin “Yad et!” şeirinə nəzirə yazan şairlər sırasında M.Hadinin də adının çəkilməsi, yarım səhifəlik tezisin əvvəlki tədqiqatlardan savadsız və məsuliyyətsizcəsinə köçürülməsinin təsdiqi və yanlışın təkrarıdır. Tezisdə M.Hadinin mövcud olmayan şeiri ilə bağlı “Çalışmamızda: ...incelenmeye alınacaktır”, – deyən L.Əsgərzadənin icrası mümkün olmayan vədi “təşəkkürə layiq” yararlı elmi mənbə deyil. M.Hadi “Yad et!” rədifli şeirə nəzirə yazmamışdır. “Yanlışlıqlar, həqiqətlər” adlı məqaləmizdə bu yanlışlıq təhlil edilmiş, həqiqət əsaslandırılmışdır. Təəssüf ki, L.Əsgərzadə heç kəsin etmədiyi orijinal bir üsul seçmiş – məqaləmizi oxumadan (yaxud oxuyub dərk etmədən) əvvəl onun haqqında yazmağı vacib bilmişdir. Tədqiqatçı asanlıqla əldə etdiyi fakta ehtiyatla yanaşmalı, öz ağıl və düşüncə süzgəcindən keçirməlidir. Ən azı A.Şaiqin xatirələrinə, M.Hadinin əsərlərinin bu gün əlimizdə olan mükəmməl nəşrinə baxmaq vacib və mümkün idi. Bu, həm də onun üçün Hadinin hamımızın yaddaşında həkk olunmuş məşhur iki misrası ilə tanış olmaq fürsəti idi:

Elmin, hünərin, mərifətin varsa, buyur gəl,
Yoxsa, bu həyat aləminə olma bir əngəl!

L.Əsgərzadənin iddialarının elmi əsası olmadığından ona açıqlama vermək də çətindir. Lüğət, onun növləri, tərtib prinsipləri haqda heç bir anlayışı olmayan bu elmlər doktorunun M.C.Cəfərovun “Kündəgir” imzası ilə bağlı müəllifi, adı, nəşri tarixi göstərilmədən “səxavətlə” bizə ünvanlanan “kitabında öz əksini tapdı” yalanı anormal düşüncə sahibinin kimsəyə imkan vermədən özünün özünə hörmətsizliyinin nümunəsidir. O, kiminsə “hansı kitaba daxildir bu imza?” – sualına necə cavab verəcəyi fərqində deyil?

L.Əsgərzadə dərk edə bilmir ki, gizli imzalarla bağlı mənim müəllifi olduğum və həmmüəllifliyimlə nəşr edilən 4 biblioqrafik mənbə göstəricilərinin və lüğətlərin tərtib prinsipinə uyğun olmayan və daxil edilməsi mümkün olmayan bu gizli imza, müəllifi olmadığım “İmzalar” (Q.Məmmədli, A.Əliyeva, 2015) kitabına uyğundur. “Kündəgir” imzası hələ qeydə alınmayan minlərcə gizli imzalardan biri kimi bu kitaba da daxil edilməmişdir. Yenə məsuliyyətsiz bir ittiham. Daha bir yalan.

“Hər şey “körpünü keçincəyə qədərmiş”, – deyən həmkarım unudur ki, onun 66 yaşı var. Mən isə 57 ildir ki, Ədəbiyyat İnstitutunda çalışıram. Bizim nəslin o körpüdən keçməsinə öncüllük edən H.Araslı, M.Arif, M.Quluzadə, M.Cəfərov, Ə.Mirəhmədov, K.Talıbzadə, A.Rüstəmova, Y.Qarayev kimi ustad bələdçilər olub. O körpüdən elmi, hünəri, mərifəti olanlar keçib.

Bu qədər məsuliyyətsiz, savadsız, yalan, böhtan sahibinin “Allahsız alim tanımıram”, – deyən mükəmməl kəlam sahibinə arxayıncasına “Mənsə, deyirəm – tanıyıram”, – iddiası L.Əsgərzadənin mənəvi korluğunun, özündən uzağı görə bilməməyinin təsdiqi, özü ilə bağlı daha bir etirafıdır.

Allah bütün insanlara görmək üçün göz verib. Düzü əyri görmək gözün problemi deyil. Bu, maddi və mənəvi həqiqətləri görən, onu dəyərləndirməyi bacaran, idrak və qəlb gözünün – bəsirət gözünün olmamasıdır. Bəsirət gözü olan insanlar yalanı, şəri, böhtanı, haramı öz nəfslərindən uzaq tutanlardır. Həqiqətən, ALLAHSIZ ALİM YOXDUR! Amma ALLAHSIZ “alim” VAR!”

Ədəbiyyat İnstitutu müqəddəs bir elm məbədidir. Bu gün səs diapazonu əlindəki mikrofon ölçüsündə olan, əsrlərdən bəri ruhumuzdan süzülüb, durulub günümüzə qədər gəlib çatan möhtəşəm muğam dəstgahlarımıza “o guşəni, şöbəni, təsnifi, rəngi... mən əlavə etmişəm”, “bu boğaz ancaq məndə var” deyən, özü belə özünü görə bilmədiyi ucalıqda olan sənətkarlar sırasında təqdim etməkdən utanmayan cılızların şou məkanı deyil.

Təəsüf ki, hər sahədə olduğu kimi, elmdə də “əngəl”lər (M.Hadi), “yeri səhv düşüb müsibətə çevrilənlər” (Qabil), böyük H.Cavidə “Nə əcayib sürü, yahu, bunlar” – heyrəti və acısı yaşadan “əzəmət düşkünləri”, “şerü sənətdə yeni yol arayanlar”, “rəqsi təlim edən axsaqlar” var.

Biz hamımız səhv edirik. Əgər səhv qərəz, düşünülmüş, məqsədyönlüdürsə, demək bu səhv deyil – xəyanətdir. Ən böyük xəyanət isə həqiqətə edilən xəyanətdir. Əsl elm adamı bunu özünə yaraşdırmamalıdır.

# 399 dəfə oxunub

Oxşar xəbərlər

"Özümüzdə olmayanı qadında axtarmaq məhəbbət deyil, məftunluqdur..."- Çexov

"Özümüzdə olmayanı qadında axtarmaq məhəbbət deyil, məftunluqdur..."- Çexov

18:30 15 iyul 2025
ANİMAFİLM festivalının müsabiqə proqramı elan olundu

ANİMAFİLM festivalının müsabiqə proqramı elan olundu

18:27 15 iyul 2025
Azərbaycan əsilli yazıçı vəfat etdi

Azərbaycan əsilli yazıçı vəfat etdi

18:20 15 iyul 2025
Beyonsun mahnıları oğurlandı

Beyonsun mahnıları oğurlandı

17:35 15 iyul 2025
Rusiyada Azərbaycan tamaşalarından imtina edildi

Rusiyada Azərbaycan tamaşalarından imtina edildi

16:53 15 iyul 2025
Bəxtiyar Vahabzadə barədə kitab gürcü dilində

Bəxtiyar Vahabzadə barədə kitab gürcü dilində

16:30 15 iyul 2025
# # #