Mahnıları bir milyon baxış yığan, mövcud olmayan qrup

Mahnıları bir milyon baxış yığan, mövcud olmayan qrup
15 iyul 2025
# 10:41

"Spotify" musiqi platformasında qısa müddətdə bir milyon dinlənməni keçən "Velvet Sundown" adlı musiqi qrupunun əslində, real musiqiçilərdən ibarət olmadığı ortaya çıxıb.

Kulis.az xəbər verir ki, qrupun musiqisi, təqdimat materialları və bioqrafiyası da daxil olmaqla hər şeyin süni intellekt vasitəsilə yaradıldığı açıqlanıb.

Məsələ ictimaiyyətə təqdim edildikdən sonra musiqi dünyasında geniş müzakirələrə səbəb olub.

Hazırda platformalardan silinən “Floating On Echoes” və “Dust And Silence” adlı iki albomu iyun ayında təqdim edən "Velvet Sundown", "Crosby", "Stills", "Nash & Young" üslubunda country-folk janrında ifaları ilə diqqət çəkmişdi. Layihənin arxasında dayanan şəxslər əvvəlcə süni intellekt iddialarını təkzib etsələr də, daha sonra özünü “köməkçi üzv” kimi təqdim edən bir nəfər layihənin "Suno" adlı süni intellekt platforması vasitəsilə həyata keçirildiyini, məqsədin isə bir növ “bədii təcrübə” olduğunu etiraf edib.

Məsələ ilə bağlı qrupun sosial media hesablarında əvvəlcə təkzib mesajları paylaşılsa da, daha sonra “nə tam insan, nə tam maşın – biz bu ikisinin arasındayıq” ifadələri ilə süni intellektin iştirakını təsdiqləyiblər.

Hadisənin ictimailəşməsindən sonra musiqi sahəsində çalışan mütəxəssislər süni intellekt vasitəsilə hazırlanan əsərlərin aydın şəkildə etiketlənməsi və bu sahədə hüquqi tənzimləmələrin aparılması ilə bağlı çağırış ediblər. "Ivors Academy" təşkilatının rəhbəri Roberto Neri bu cür layihələrin şəffaflıq, müəllif hüquqları və razılıq baxımından ciddi problemlərə yol açdığını bildirib:

“İnsan yaradıcılığı olmadan geniş auditoriyaya çatan AI qrupları sənət dünyası üçün təhlükə yaradır”.

"British Phonographic Industry" təşkilatından Sofi Cons isə süni intellektin etik şəkildə istifadə olunmasının insan yaradıcılığına dəstək ola biləcəyini qeyd edib, lakin şəffaflıq olmadığı təqdirdə müəllif hüquqlarının pozulması və sənətçilərin zərər çəkməsi təhlükəsinə diqqət çəkib:

“Süni intellekt insan yaradıcılığının yerini almalı deyil, onu tamamlamalıdır”.

Musiqi tənqidçisi Liz Pelli isə bildirmişdir ki, azad musiqiçilərin əsərləri bəzən AI sistemlərini öyrətmək üçün icazəsiz istifadə olunur və bu zaman təkcə məşhur sənətçilər deyil, bütün yaradıcı insanlar zərər çəkirlər. O, 2023-cü ildə Drake və The Weekndin səslərini təqlid edərək yaradılmış və qısa müddətdə platformalardan silinmiş AI mahnısını da misal kimi göstərib.

Musiqi platformalarının məsuliyyəti məsələsində isə müxtəlif yanaşmalar mövcuddur. "Spotify" hazırda süni intellekt tərəfindən yaradılan mahnıları xüsusi olaraq işarələmir. Şirkət daha əvvəl çalğı siyahılarına “xəyali sənətçilər"in daxil edilməsinə görə tənqid olunmuşdu. Lakin "Spotify" bu iddiaları rədd edərək AI məzmununa üstünlük verilmədiyini bildirib.

Digər tərəfdən "Deezer" süni intellekt vasitəsilə yaradılan musiqiləri aşkarlayan və etiketləyən texnologiyadan istifadə edir. Şirkətin innovasiya rəhbəri Aurelien Hero bu dövrü “AI-nin normallaşması” mərhələsi adlandıraraq, hazırda ən vacib məsələnin istifadəçiləri məlumatlandırmaq olduğunu bildirib.

Bununla belə, "Deezer"in təqdim etdiyi rəqəmlərə görə, süni intellektlə yaradılmış mahnıların təxminən 70 faizi saxta dinləmələrlə dəstəklənir. Bu isə süni intellektin yaratdığı etik və hüquqi problemlərin yalnız yaradıcılıq mərhələsi ilə məhdudlaşmadığını, eyni zamanda, auditoriyaya təqdimetmə prosesində də ciddi pozuntuların olduğunu göstərir.

# 1223 dəfə oxunub

Oxşar xəbərlər

Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı

Məşhurların Haluk Leventin dərnəyinə bağışladığı məbləğlər açıqlandı

14:30 25 iyul 2026
"Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyil" - Mirzə Ələkbər Sabirin son müsahibəsi

"Xalqın oxumadığı, əzbərləmədiyi şeir, şeir deyil" - Mirzə Ələkbər Sabirin son müsahibəsi

14:00 25 iyul 2026
"Gangnam Style"dan yeni rekord

"Gangnam Style"dan yeni rekord

10:40 25 iyul 2026
Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

Böyük səhnədən ruhi xəstəxanaya - 39 yaşında səfalət içində ölən aktrisa haqqında

17:00 24 iyul 2026
Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

Bon Jovi konsertini yarımçıq qoydu - Səbəb

15:46 24 iyul 2026
“Space TV”nin bank hesablarına həbs qoyuldu

“Space TV”nin bank hesablarına həbs qoyuldu

14:46 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər