24 avqust məşhur argentinalı yazıçı Xorxe Luis Borxesin doğum günüdür.
Kulis.az bu münasibətlə Sevinc Mürvətqızının "Başlanğıcdan sona sehrli Borxes gerçəkliyi..." yazısını təqdim edir.
***
Aradan illər keçəndən sonra yenidən Xorxe Luis Borxesə "qayıtmaq" ehtiyacı hiss etdim. Bu səfər əvvəlkindən fərqli, özgə bir əhvalla, başqa ovqatla, ayrı təfəkkürlə... Necə deyərlər, Borxesi "bilməyən" onu mütaliə etməyin aclığını duymaz, amma bir dəfə Borxesi "tanıyan" onu təkrar oxumamağın əskikliyini çox dərindən hiss edər.
İnzivada ikən birdəncə ürəyim istədi, yenə Borxesin qaranlıq zirzəmilərinə enim, başgicəlləndirən labirintlərində dolaşım, surətimi çoxüzlü güzgülərdə fərqli proyeksiyadan izləyib hansısa paralel dünyadakı "mən"in zəka sərhədinin uc nöqtələrində bütün bunların yuxudamı, reallıqdamı baş verdiyini xatırlamağa çalışım...
Borxeslə ilk dəfə 2016-cı ildə İstanbuldakı kitab mağazalarının birindən aldığım "Alef" vasitəsilə "tanış oldum". "İlk görüş"ün umduğum qədər isti keçdiyini deyə bilmərəm. Kitabdakı hekayələri bircə-bircə oxumuş və bu qənaətə gəlmişdim ki, deyəsən, Borxes mənim yazıçım deyil. Amma sonrakı günlər ərzində yuxu ilə gerçəklik arasındakı mistik sərxoşluğa bənzər halətdə dolaşmışdım.
Qəribə mütaliə təəssüratı idi: "Alef" kitabında oxuduqlarımı sanki necəsə öz həyatımda yaşamışdım, oradakı bütün çoxqatlı bilgilər, hətta təhkiyə tərzi də sirli bir şəkildə tanış gəlirdi. Bunlar yaddaşımın hansısa mərtəbəsində vardı, amma heç cür xatırlaya bilmirdim... Röyamı, dejavümü, ya içinə "həbs olunduğum" o sehrli ilk hissiyyat hər nədirsə, qaranlıq zirzəmidə nə vaxtsa yerini bilib sonra unutduğum çıxış qapısını axtarmağa bənzəyirdi: qapı açıldımı, içəri dolan işıq selində hər şeyi anidən xatırlayacaqdım... Onda başa düşmüşdüm ki, ilk qənaətim yanlış olub, Borxes elə tam mənim yazıçımdır, sadəcə hələlik zehni çərçivələrin məhdudiyyətindən "çölə daşa bilmirdim"...
Fəqət o zaman Borxesi oxuyarkən ruhuma hopan o mistik hissiyyat illərlə zehnimin fonunda qaldı. Ta ki məntiqlə izahını verə bilmədiyim, ancaq intuisiyama güvənib qəlbimlə inandığım ruhani təcrübələrin müşayiəti ilə keçən son illərdə Borxesin göyqurşağı parlaqlığındakı Alefini detallarınacan, yuxu ilə gerçəkliyin arasında qəribə beyin dalğasında, bir gün "görənə" qədər...
Və özümdəki bilgini (əslində hamının şüuraltında o ilahi bilgi kodlanıb, sadəcə doğulanda hər kəsə də yaxşıca unutdurulub...) az qala hüceyrə yaddaşımla xatırladım!.. O an Borxesi, məncə, tam mahiyyətiilə anladım, elə onu anlamayanları və anlamaq istəməyənləri də... Çünki "xatırlamaq" da elə unutmaq qədər ağrılı və əziyyətli işdir...
Kitabda yer alan "Alef" hekayəsindən ayrıca bəhs etmək istəyirəm. Yəqin "Alef"in həm də müəllif üçün vazkeçilməz mistik sehrindəndir ki, Borxes sonralar hekayələrini yenidən nəşr etdirəndə növbəti kitabı "Alef və digər hekayələr" adlandırmışdı. Hekayədə məkan və zamanın bütün ölçülərinin bir nöqtədə birləşdiyi sehrli fenomen - Alef haqqında danışılır. Alef - hekayədə bir zirzəminin küncündə gizlənən və bütün kainatın bir an içində müşahidə edilə bildiyi metafizik obyekt kimi təsvir olunur.
Alef ideyası Borxesin insanın bilgi, şüur və varoluş haqqındakı suallarını metaforalarla ifadə etməsi üçün əvəzolunmaz bir rəmzdir... Bu konsept fəlsəfi baxımdan məkan və zamanın təkamülü, insan idrakının hədləri və sonsuzluq anlayışını özündə ehtiva edir.
Alef təkcə bir nöqtə deyil; o, hər şeyin eyni zamanda mövcud olduğu "təcrübə mərkəzi"dir. Burada insan şüuru kainatın ağlagəlməz, gözişləməz ənginliyinə şahid olur, lakin bu genişliyi anlamaqda aciz qalır.
"Alef" hekayəsi Borxesin dil və üslub baxımından zəngin, mürəkkəb və müxtəlif qatlarda işlənmiş əsərlərindəndir. "Borxesanə sehr"ə daha yaxşı vaqif ola bilmək üçün hekayəni türkcədə Fatma Akersonun, rus dilində Yevgeniya Lısenkonun tərcüməsində oxuyub müqayisə etmək fürsətim oldu və xüsusilə rus dilinə tərcümənin keyfiyyətini bəyəndim.
İnsafən, əsərin dilimizə "Əlif" adı ilə edilmiş tərcüməsini də, bəzi dil və üslub xətalarını çıxmaq şərtilə, qənaətbəxş saymaq olar. Yeri gəlmişkən, bir haşiyə çıxıb əsərin orijinaldakı "Alef" adının dilimizdə "Əlif"lə əvəzlənməsini doğru hesab etmirəm. İbrani əlifbasının ilk hərfini bildirməklə yanaşı, yəhudi Kabalasında ezoterik "bütün sayların sonsuzluğunu özündə birləşdirən ilkin başlanğıc" anlamındakı "Alef"in tərcümədə olduğu kimi saxlanması lazım idi.
Aydındır, "əlif" fonetik olaraq Azərbaycan dilinə uyğunluq məqsədilə istifadə edilib, amma Borxesdə "Alef" həm də xüsusi bir isim olaraq daha çox fəlsəfi və simvolik bir məna daşıyır. "Əlif" sözü isə Azərbaycan dilində ümumi olaraq ərəb əlifbasından hərf kimi qəbul edilir (klassik ədəbiyyatdakı "əlif"in müxtəlif sufistik anlamlarını nəzərdə tutmuram hazırkı kontekstdə).
Qısaca, "Alef" adı bu kontekstdə dilimizə "Əlif" olaraq tərcümə edilməməliydi, çünki buradakı məxsusi anlam və fəlsəfi mənanın qorunması önəmlidir.
...Borxesin yaradıcılığına xas dəqiqlik, metaforalar və simvolizmlə birləşən üslubun intellektual və fəlsəfi dünyagörüşü ilə birgə tandemi "Alef"i daha da dolğunlaşdırıb. Yazıçının hərtərəfli mütaliəsi hər cümlədən fəlsəfi mətnlərə göndərmələr və bol sitatlar vasitəsilə xoş rayihə kimi yayılaraq həm də onun intellektual əzəmətini göstərir. Borxes "Alef"də təhkiyəçi müəllif olmaqdan əlavə, əsərin qəhrəmanı rolunda qarşımıza çıxır. "Alef" nöqtəsini müşahidə etməsi ona dünyadakı hər şeyi görmə imkanı verir, amma bu zaman sanki öz məkanının və zamanının oriyentasiyasını itirir.
"Bütün kainat"ı gördüyü halda, özünün kənarda qalması bir paradoks yaradır: İştirakçı - Müşahidəçi... Borxes zaman və məkanın qeyri-müəyyənliyini vurğulayan bu tərslik və ironiya ilə hazırlıqlı oxucuya fərqli fəlsəfi təcrübə təqdim edir. Hekayə dilinin gözlənilməz konstruktivizmi heyranedicidir. Bir-birini izləyən, bəzən iç-içə keçib mətnin təbəqələnməsinə şərait yaradan cümlələr sanki səliqəli, gözoxşayan, mükəmməl strukturla hekayəyə "qutu kimi oturub". Bu üslub həm hər cümlənin, həm də ümumi mətnin strukturu içində çoxsaylı məna qatları yaradıb.
Borxes "Alef"də hazırlıqlı oxucunu yalnız süjetlə deyil, həm də təsvir etdiyi mənzərələrin sirli gözəlliyi ilə bədii ədəbiyyatın misilsiz qüdrəti qarşısında təzimə vadar edir. Alefə baxış səhnəsinin təfərrüatlı təsviri Borxesin misilsiz bədii ustalığını nümayiş etdirir. O, sözlərlə bir tablo yaradır: oxucu Alefi həm görür, həm dədərindən hiss edir. Borxesin yazı məharəti təsəvvür gücümüzü hərəkətə gətirir və bizi real dünyadan qoparıb mistik bir səyahətə aparır. Məhz o təsvirdə Borxesvari magik realizmin qarşısıalınmaz cazibəsinin meditativ orbitindən çıxmaq olmur...
O, dil imkanları ilə mürəkkəb fəlsəfi anlayışları, paradoksları və metaforaları birləşdirərək oxucuya içində "hər şey" və "heç nə"yin yer aldığı zəngin Alef nöqtəsi açır. Borxesin məşhur "hər şey və heç nə" ekzistensialist kimlik paradoksunu bir daha görürük: Alef həm "hər şey" ehtişamı ilə var, həm də "heç nə" simvolikası kimi yoxdur...
Borxesin Alefi Platon fəlsəfəsindəki ideyalar aləmini - fiziki dünyanın fövqündə yerləşən, əbədi və dəyişməz həqiqətlərin olduğu metafizik məkanı yada salır. Platonun fikrincə, bu dünyadakı hər bir obyekt və hadisə yalnız ideyalar aləminin mükəmməl formalarının əksidir. Eyni şəkildə, Alef də adi məkan və zaman ölçülərinin fövqündə dayanır, fiziki dünya onun içində cəmləşir. Hər iki halda həqiqət mövcuddur, lakin onu qavramaq üçün insanın düşüncə çərçivəsi kifayət etmir. Platonun fikrincə, insan ruhu ideyalar aləmini bir vaxtlar tanıyıb və bilik bu unudulmuş həqiqətləri xatırlamaq prosesidir.
Borxesin Alefinə baxmaq insan ruhunun hər şeyi bir anda xatırlaması ilə eyniləşdirilə bilər. Burada Borxesin insan idrakına skeptik yanaşması və Platonun mütləq bilik idealı arasında müəyyən fərq nəzərə çarpsa da, "Alef" hekayəsi Platonun fəlsəfi konsepsiyaları ilə gözəl "dialoqa girir". Alef Platonun ideyalar aləminin modern və mistik bir təzahürü kimi görünür.
Alef fenomeni insan şüurunun qeyri-adi, məntiqlə izah olunması mümkünsüz təcrübələr yaşadığı vəziyyətlərə işarə edir. Hekayədəki qəhrəmanın Alefi izləyərkən yaşadığı heyrət transsendent bir hal kimi izah olunur. Bu, insan beyninin sonsuzluğu anlamaqda çətinlik çəkdiyi zaman verdiyi təbii reaksiyanın təsviridir.
Yunqun "kollektiv şüuraltı" nəzəriyyəsinə əsaslansaq, Alef həm də insan şüurunun simvolik kainatını təmsil edir: burada həm universal rəmzlər, həm də fərdi şüuraltı xatirələr mövcuddur. Alef həm də insanın daxili mənliyinə - şüuraltına səyahətidir. Şüuraltı seanslarında da insan qaranlıq təhtəlşüur zirzəmisinə qorxmadan enib yaraları və qorxuları ilə üzləşə biləndə (əslində öz Alefi ilə qarşılaşaraq) şəfalanır...
Hamımız bir Alefin (alovun da demək olar...) içindəyik, eyni zamanda hər insanın bütöv Alef içində də öz fərdi Alefi var: xatirələr, arzular, gözləntilər, ümidlər və təcrübələrin bir nöqtədə toplandığı daxili dünya! Alefi vəcd içində seyr o daxili dünyanın kəşf olunmasıdır. Lakin bu kəşf həm də insanın öz məhdudiyyətlərini dərk etməsidir. Bu paradoksal vəziyyət insan təbiətinin əsas xüsusiyyətlərindən biridir.
"Alef" hekayəsində İlahi yaddaşın iki üzü - "Akaşa" və "Lövhi-məfhuz" anlayışlarının paralelliyi də sezilir. Akaşa - qədim hind fəlsəfəsində kainatın yaddaşı, bütün hadisələrin, fikirlərin və enerjilərin qeydə alındığı metafizik sahə, Lövhi-məhfuz isə İslam sufizmində Allahın iradəsi ilə kainatın keçmiş, indi və gələcək bütün hadisələrinin, olmuş və olacaqların yazıldığı ilahi lövhədir. Hər iki konsept sonsuz, əbədi ilahi bilgi mənbəyini təmsil edir və insan idrakının fövqündə dayanır. "Alef"də də kiçicik bir kürəcikdə görünənlər Akaşadakı və Lövhi-məhfuzdakı kimi məkanın və zamanın fövqündə, hər şeyin bir anda eyni nöqtədə mövcud olması təcrübəsinin inanılmaz bədii ifadəsidir...
Burada "kvant sicili" nəzəriyyəsi də əsərin ruhuna ahəstəcə nüfuz edib. Alefdə kvant superpozisiyasına bənzər vəziyyət - bütün mümkün hadisələr bir aradadır, yəni zaman və məkan bir-birindən ayrı deyil, əksinə, bütün kainatın hər bir anı eyni (zam)anda mövcuddur.
Borxes"Alef"də həm də ölümü "işləyib": ölüm insan təcrübəsinin ayrılmaz bir parçasıdır, hər şey təkrarlanaraq sonsuz şəkildə var olur, beləliklə, müəllif ölümün əslində düşünüldüyü qədər qorxulu olmadığına inandırır.
Borxes real və xəyali olan arasındakı sərhədi elə ustalıqla silir ki, magiya içində reallıqda, gerçəkliyin özəyində isə sehrə bürünmüş hiss edirsən. Bu aspektdən - Borxesin düşüncə aləminin bədii sehri əslində elə real dünyanın gerçəkliyi kimi qavranılır. Çünki Borxesin anlatdığı hər şey insan düşüncəsinin bəhrəsidir və insana aid olan hər şey bütün sehri ilə elə gerçəkliyin özüdür...
***
Xorxe Luis Borxesin yaradıcılığında fəlsəfə, ədəbiyyat, mifologiya, psixologiya, mistika və spiritualizmin sərhədləri sezilmədən qaynayıb-qarışır və az qala yazıçının ədəbi kimliyinə çevrilən labirintlər, zirzəmilər, güzgülər, yuxular simvolikası vasitəsilə reallıq sonsuz bir sistemə çevrilir. Bu çoxqatlı aura Borxesin az qala bütün yaradıcılığına hopub, hətta şeirlərinə də.
Bairesli (Buenos Ayresin danışıq dilində qısaldılmış versiyası) gənc Xorxe Luisi dünyanın Borxesinə "çevirən" özünəməxsus ədəbi-fəlsəfi simvollar aləmi o qədər zəngindir ki, hər hekayəsində "görəsən, bu səfər nələrlə qarşılaşacağam?" dediyin anda bu dahi yazıçı-mistik növbəti əsərdən öz ədəbi-ruhi əzəməti ilə fərqli simvollarla boy göstərir.
Borxesin yaradıcılığında Babil simvolu da dolğun tərzdə işlənən bir ədəbi-fəlsəfi məcazdır. Müəllifin fərqli vaxtlarda işıq üzü görmüş kitablarında yer alan "Babil kitabxanası" və "Babildə lotereya" hekayələrində də fəlsəfə, ədəbiyyat, psixologiya, bəzi məqamlarda isə hətta kainatın ölçülü-biçili strukturuna göndərmə olaraq ali riyaziyyatın da sərhədləri görünmədən bir-birinə "calaq edilib".
Yazıçının məşhur "Alef"i kimi, "Babil kitabxanası" da çoxsaylı mürəkkəb mövzular və simvollar üzərində qurulub. Əsərdə dilin, mənanın və ümumən bilginin nisbiliyi hazırlıqlı oxucuya xitabən, daha qəliz bədii-fəlsəfi dillə işlənib. Hekayədə əsas simvol olan kitabxana biliklərin sonsuz bir arxivini təsvir edir; burada hər kitab özünün unikal və sonsuz bir təkrarıdır. "Alef"dəki kimi burada da ilahi yaddaşa müraciət var: Akaşa və Lövhi-məhfuz anlayışları nəzərə çarpır, amma burada olmuşların və olacaqların iki fərqli fəlsəfi sistemdə öz əksini tapan bilgisi daha dərindən təqdim olunub. "Babil kitabxanası"nda hər kitab bir məna daşıyır, lakin bu anlamlar oxuyanın subyektiv baxış aspektinə görə dəyişir. Borxes bu kitabxanada hər kitabın həyatın və həqiqətin müxtəlif versiyalarını, sonsuz ehtimallarını əsasən absurdizm və paradoksal düşüncə elementləri ilə təqdim edib.
Bir çox hallarda Borxes eyni cümlələri təkrarlayıb, məsələn: "Kitabxana sonsuzdur və əbədidir" ifadəsi müxtəlif formalarda bir neçə dəfə qeyd olunub. Bu təkrarlamada insanın müvəqqətiliyi həqiqət kitabxanasının əbədiliyi fonunda vurğulanır. Hekayənin hər cümləsi oxucunu suallarla qeyri-mümkün olan həqiqətlərə doğru aparır, amma heç vaxt o suallara tam cavab vermir. Bununla da Borxes ədəbi tərzinə sadiq qalaraq mücərrəd mənaları, dilin pozulmaz sərhədlərini və eyni zamanda məhdudiyyətlərini oxucuya anladır.
"Babil kitabxanası"nın fəlsəfi əsaslarını anlayışın sonsuzluğu və insanın hər şeyi anlamaq cəhdi təşkil edir. Bu kitabxana biliklərin nəhəng şəbəkəsi kimi qarşımıza çıxır. "Alef"dəki qədər "Babil kitabxanası"nda da Platonun fəlsəfəsi (bu kontekstdə "Mağara" alleqoriyası) "işə qarışıb".
Mağarada əzəl kimliklərini unudan və ali həqiqətin parçası olan kölgələrdə olduğu tək, "Babil kitabxanası"nda hər bir kitab özündən başqa bir həqiqəti izah edir, amma heç biri də tam o həqiqət deyil. Bu isə insanın gerçəyi tapmağa yönələn ehtiraslı axtarışlarını, lakin heç vaxt gerçək həqiqətə çatmadığını vurğulayır.
Hekayədəki kitabxana və onun məzmunu insanın daxili vəziyyətini və düşüncə dünyasını təmsil edir. Kitabxanadakı sonsuz kitablar insanın psixoloji vəziyyətinin də simvollarıdır: altıüzlülərdəki kitablar düşüncələri, qorxuları və ümidləri təmsil edir. Altıüzlülərdən ibarət Babil kitabxanasında da Borxes psixoloji labirintlərindən vaz keçməyib. Hekayədəki personajlar kitabxananın sonsuz dəhlizlərində vurnuxur, yol tapmağa çalışır, lakin hər bir yeni məlumat və kitab onları daha çox çaşdırır. Çünki hər bir həqiqət öz növbəsində başqa bir sual doğurur.
Borxesin "Babil kitabxanası"nda altıüzlü simvolunu istifadə etməsi həqiqətə fərqli baxışı təmsil edir. Bu altıüzlülər bir daha anladır ki, gerçəklik anlayışı çoxluq və fərqliliklərin birləşməsindən ibarətdir. Bu simvol bilginin insanı manipulyasiya edə bilmə imkanlarını da göstərir. Riyaziyyatda altıüzlü hər tərəfi bir-biri ilə əlaqələndirilən və birləşdirilən bir çoxbucaqlıdır.
Bu, yəqin ki, həm də biliklərin qarşılıqlı əlaqəli və bir-birinə bağlı olduğu anlayışını simvolizə edə bilər. Yəni əslində ali bilgi indi qavradığımız kimi ayrı-ayrı bölümlərə ayrılmır, o, birdir, bütövdür və onu qavramağın yolu ancaq əvvəlcə onun tamlığını qəbul etməkdən başlayır. Kainatın və həyatın məntiqini anlamağa çalışarkən altıüzlü bir çox ədəbi, fəlsəfi, riyazi və təbiət qanunlarının birləşməsi kimi dərin, zəngin mənalar təklif edir.
Zənnimcə, elə bu cür hərtərəfli, standart bəşəri təfəkkürdən fərqli düşüncə tərzindəndir ki, yazıçılar Borxesi fəlsəfəyə, filosoflar ədəbiyyata aid hesab edirlər. Fiziki görmək qabiliyyəti məhdudlaşan Borxes açılan bəsirət gözünün dahiyanə ədəbi ifadə keyfiyyəti ilə ədəbiyyatla fəlsəfənin ortaq ali məqamını (mərtəbəsini) yaradıb...
Borxesin digər qısa hekayəsi - "Babildə lotereya"da insan təbiəti, sosial strukturlar, lotereya və ilahi nizam kimi mövzular işlənib. "Babil kitabxanası"ndan fərqli olaraq bu hekayə daha sadə və aydın dillə yazılıb, lakin burada da dərin mənalar bəsit görünən qatların altında gizlədilib.
"Babildə lotereya" insanın sərbəst qərar vermə və determinizm mövzularını dərindən araşdırır. Determinizmə görə, insanın seçimləri və qərarları müəyyən səbəblərə və şərtlərə əsaslanır, buna görə də tam azad iradə mövcud olmur. Babildəki lotereya (püşkatma) psixoloji baxımdan mühüm məcazdır. Bu, hər bir fərdin həyatını təsadüflərə bağlayan və çox vaxt anlaşılmaz şəkildə müəyyən edən vasitə kimi təqdim olunur.
"Babil lotereyası"nda insanın nəzarətində olmayan ali gücün onun həyatına təsiri sezilir. Burada püşk həm də qorxu, təsadüfilik və fəth kimi psixoloji elementlərin təmsilçisidir. İnsanlar bu sistemə qarşı heç bir şey edə bilmirlər və lotereya onların həyatını idarə edir. Borxes təsadüflərin və determinist dünyanın təbiətini göstərən psixoloji yanaşmanı növbəti mükəmməl ədəbi mətn kimi oxucuya çatdırır. İnsanlar öz talelərini birbaşa idarə edə bilmirlər; lotereya şəxsi iradəyə qarşıdır...
Babildəki lotereya sistemini təsvir edən Borxes insanların həmin sistemdəki yeri və bu sistemin idarə etdiyi həyat haqqında fəlsəfi suallar irəli sürür. Müəllif hekayədə gözəgörünməz bir nizamın və sosial strukturların insanın həyatını necə tənzimlədiyini və azadlığımızı məhdudlaşdırdığını göstərir, sistemlərin boğuculuğuna tənqidi nöqteyi-nəzərdən yanaşır. Bu hekayə oxucunun öz həyatı ilə bağlı verdiyi qərarları yenidən düşünməyə vadar edən möhtəşəm ədəbi nümunədir.
Borxesə xas özünəməxsus yumor bu hekayədə də gülümsədir və düşündürür: məsələn, lotereya bileti oğurlayan bir qulun hansı şəkildə cəzalandırılmasına görə babillilər arasında əməlli-başlı iğtişaşlar olur... "Qulu daha ağır necə cəzalandırmaq olar" məsələsində xalq az qala bir-birini didir... Borxesin "babilliləri" ağıl tələb edən işlərə meyllənmirlər. "Öz həyatlarını, ümidlərini, vahiməli qorxularını təsadüflərin hökmünə tapşırırlar, təsadüfün dolaşıq qanunauyğunluqlarını araşdırmaq heç ağıllarına da gəlmir..."
Borxesin ədəbiyyat tarixində xüsusi yer tutan hər iki hekayəsində "Babil" simvolikasının işlənməsi xüsusilə diqqətçəkən məqamdır. "Babil kitabxanası" hekayəsində Babil sonsuzluq, çoxversiyalılıq anlayışı ilə bağlı təqdim olunur. Babil həm də qədim sivilizasiyanın müdrikliyinin və kompleks mədəniyyətinin göstəricisidir.
Borxes üçün Babil insan tarixinin ən qədim və mürəkkəb sivilizasiyalarından biri kimi bilik, incəsənət və dinin gücünü simvollaşdırır. Babil mövzusu təsadüfi seçilməyib, qədim mifologiyalara istinadla təqdim edilir. Burada sanki Babil qülləsi mifinə də göndərmə var. Babil qülləsi əfsanəsində insanların Tanrıya yaxınlaşmaq və göylərə çıxmaq məqsədilə böyük bir qüllə tikməyə qərar vermələrindən söz açılır. Tanrıların səltənətinə bənzəyəcək bu qüllənin tikilməsində məqsəd "göylə birləşmək"dir. Ancaq Tanrı insanların bu hədəflərinə çatmalarına əngəl törədir və qüllənin inşasına son qoyur.
Borxesin "Babil kitabxanası" müəyyən mənada kainatın bilgilərinə çatmaq istəyən insanlarla Babil qülləsi inşa etmək istəyən insanların yerlə kifayətlənməyib göylə əlləşdiklərinə də müəyyən işarələr vurur. Yaradanla ünsiyyət səylərini lakin eyni zamanda anlaşılmazlıq və bölünmə ilə üzləşməsini hekayədə işləyib. Qeyri-ixtiyari, mediada rast gəldiyim bir məlumatı xatırladım: müasir bir yapon şirkəti yaxın vaxtlarda kosmosa lift layihəsini həyata keçirməyi düşünür...
Babil həm də Borxesin yaradıcılıq konsepsiyalarında reallıqla xəyali dünya, sehrlə gerçəklik, yerlə göyün arasındakı əlaqələndirməni ifadə edir. Fikrimcə, Babil anlayışı ilə yazıçı insanın reallıq qavrayışını mümkün olduğu qədər dəyişdirmək məqsədi güdür. Borxesin Babil simvolikası insanın mövcudluq, mənəviyyat və həqiqət haqqında metafizik axtarışlarını da ehtiva edir. Babil həm Ali Həqiqətin, həm də onun əlçatmazlığının təmsilidir. Borxesin əsərlərində vaz keçə bilmədiyi və tez-tez istifadə etdiyi paradoksların daha bir ifadəsi...
Mistik Babil həm də tarixən böyük bir mədəniyyətin, möhtəşəm sivilizasiyanın yüksəlişini və dekadansının (mənəvi tənəzzül/əxlaqi çöküş) təmsilidir. Babil simvolikası eyni zamanda insan tarixinin zamanla dəyişən müvəqqəti təbiətinin rəmzi kimi önə çıxır. Borxesdəki Babil simvolikası həm möhtəşəmliyi, həm də çöküşü xatırladaraq bugünkü "hər şey"in sabah "heç nə" ola biləcəyinə işarə edərək yaradılığın sonsuzluğu və əbədiliyi fonunda insanın bilgi, təkəbbür və neqativ eqosunun da miskin mahiyyətini, mənasızlığını xatırladır...
Bəşəriyyətin hazırkı halına uyğun bu simvolika insanların təbiəti tapdalayıb kainata hökm eləmək istəyini, mifik Babil qülləsi qurub az qala Yaradanın özü ilə cəng-cidala qalxmağa çalışanların qaçılmaz sonunu göstərmək üçün yazılıb.
Beləliklə, Borxes yaradıcılığındakı Babil simvolikası həm yaradılışın sonsuzluğunun, həm də insanın bu sonsuzluğa çatmaq uğrunda apardığı ümidsiz, mənasız mübarizənin rəmzi olaraq zaman və məkanın ötəsindəki mürəkkəb ali həqiqətə yetişməyin əlçatmazlığının təsdiqidir.