Azərbaycan xalqının istisna halı

Azərbaycan xalqının istisna halı
8 noyabr 2021
# 10:05

"Milli qüsurlara görə millətə nifrət edən alçaqdır".

Yusif Vəzir Çəmənzəminli

Xəbəri eşitməyimlə şəhərə çıxmağım bir olmuşdu. Başqa vaxt sürücülərin yaşıl işıq yanan kimi siqnal verməsi əsəblərimə toxunsa da, həmin gün bütün maşınların verdiyi fasiləsiz siqnal muğamdan fərqlənmirdi. Sanki Bakı küçələrində Xanın səsi havalanırdı, Qarabağın şikəstəsi bu küçələrdə əks-səda verirdi. Bayatı-Şirazın Segaha, Şüştərin Çahargaha qarışdığı küçələrin birində, yol kənarında, başımı aşağı salıb fikrə getmişdim. Çox keçmədi ki, tarın, kamançanın səsinə başqa bir səs də əlavə olundu, məni fikirdən ayıldıb başımı qaldıran səs. İki maşın bir-birinə toqquşmuşdu, tez özümü qəzanın baş verdiyi yerə yetirdim. Sürücülər maşınlarını tərk etdilər, fikirləşdim ki, indi dalaşacaqlar, özü də belə gündə, bir-birinə ağızlarından çıxanı deyəcəklər, biri deyəcək günah səndədir, o biri deyəcək yox səndədir, biri deyəcək sən korsan, o biri deyəcək yox, sən karsan, belə-belə söhbət böyüyəcək, qanqaraçılıq olacaq. Amma həyatda hər şey bizim gözlədiyimiz kimi olmur. Onlar qucaqlaşdılar, “əşi, dünya malıdır, ürəyini üzmə” dedilər, öpüşüb-görüşüb sağollaşdılar, maşınlarına minib yollarına davam etdilər.

Belə qarışıq vəziyyətlərdə tez həyəcanlanıram, əllərim əsməyə başlayır. Qabağıma çıxan ilk köşkə yaxınlaşdım ki, su alım, içim, bəlkə halım düzəldi. Yadıma pis bir xatirə düşdü. İki-üç il bundan əvvəl, bütün ölkədə elektrik enerjisinin verilməsində yaranan fasilə zamanı, loru dildə desək, hər yerdə işıqların söndüyü vaxt, metroda idim. Bizi təxliyə etdilər. Metrodan çıxan kimi su almaq üçün gördüyüm ilk köşkə yaxınlaşdım, həmin vaxt da həyəcanlanmışdım, əllərim əsirdi.

- Bir dənə su verərdiniz zəhmət olmasa, qazsız.

- İki manat.

- Nə?

- Qazsız su, iki manat.

- İki manat nədir? Hər yerdə 30 qəpikdir axı.

- Get onda 30 qəpik olan yerdən al, burda iki manatdır.

Söhbəti çox uzatmadım, başqa köşkə yaxınlaşdım.

- Salam, qardaş, bir dənə qazsız su verərdiniz də.

- Atam, su üç manatdı haa...

- Çox sağ olun, qalsın.

Kor-peşman, yaxınlıqdakı ticarət mərkəzinin ayaqyolunda kran suyu içmişdim. İndi isə, pulqabımı hazır əlimdə tutub satıcıdan su istədim, qiymətini soruşdum. Dedi ki, pulsuzdur. Səbəbini soruşanda isə, şəhidlərin xatirinə ehsan verdiyini söylədi.

Şəhərdə gəzdiyim ərəfədə telefonuma zəng gəldi. Açdım, köhnə sinif yoldaşım idi.

- Ala, bizdən iki sinif yuxarı, Mahirə müəllimənin sinfində göygöz oğlan oxuyurdu, yadındadır?

- Hə, yadımdadır, nə olub ki?

- Ala, o qaqaş şəhid olduye, sabah dəfn edəcəklər, dedim, səni də çağırım.

Bütün musiqi alətlərinin səsi kəsildi. Habil kamançanı atdı bir qırağa, dəfi əlindən yerə qoydu Xan. Otuz il münaqişə, 44 gündür davam edən ağır döyüşlər, bizə qalan isə bir dəqiqəlik sükut. Susmaqdan başqa çarəmiz yox idi, susurduq, çünki onlar bizim yerimizə hər şeyi danışmışdılar. Danışdığımız bütün sözləri əməldə tamamlamışdılar, otuz ildir qurduğumuz bütün natamam cümlələrin nöqtəsini qoymuş, onları bitmiş fikrə çevirmişdilər. Bəlkə də məndən iki sinif yuxarıda oxuyan oğlanın özündən necə böyük qəhrəmanlıq etdiyini soruşsanız, utanardı, cümlə qura bilməzdi, kəkələyərdi. Qismət belə gətirdi ki, onun mavi gözlərinin içinə baxa-baxa hansısa sual verəcəyimiz zamanı gözləmədi, gözləyə bilmədi, amma quracağı bütün cümlələrin nöqtəsini əvvəlcədən qoydu.

Bu gün dəyərsiz şeylər üstündə insani dəyərləri ayaq altına almaq əvəzinə bir-birinə hörmət edən sürücülərin, başqalarının çətin vəziyyətlərindən qazanc xətrinə istifadə edənlərin yox, vicdanla davrananların, hamının mənafeyini fərdi mənafeyindən üstün tutan adamların günüdür. Ən əsası isə, sözünün üstündə duranların günüdür bu gün, “Ay qız, bu nə qaş göz, bu nə tel, ölərəm dərdindən, onu bil” deyib ölənlərin günüdür. 8 noyabr günü tarixə Şuşanın işğaldan azad olunması və Zəfər günü kimi düşsə də, mənim yaddaşıma Azərbaycan xalqının istisna halı kimi həkk olundu.

# 5892 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
# # #