Adamlar niyə Xoşqədəmin ayaqlarını öpür?

Adamlar niyə Xoşqədəmin ayaqlarını öpür?
5 may 2023
# 14:15

Kulis. az Ülvi Bahadırırn “Ayaq öpməyin fəzilətləri” yazısını təqdim edir.

Böyük Əbdürrəhim bəy Haqverdiyevin “Uca dağ başında” hekayəsini yəqin ki, oxumusunuz. Ümumiyyətlə, Haqverdiyev bənzərsizdir. Orda amansız bir cümlə var:

“Dəlilik yaxşı şeydir, qırılmış uşaqlar daşlamasalar...”

Uşaq vaxtı bizim də məhlədə biri var idi – Əhəd. Harda mal yeyən, baş yeyən adam var, üzünə tüpürüb qaçardı. Həmişə mənə elə gəlirdi ki, adam dəli deyil, özünü dəliliyə vurur. Bu yolla alırdı intiqamını.

Bəzi uşaqlar da daşlayırdı Əhədi... Sonradan böyüyüb rüşvətlə diplom aldılar, işə girdilər, başladılar millətin qanını içməyə.

Hansısa bir işə həddindən artıq aludə olmusansa, onu həyatının mərkəzinə qoymusansa, o iş əvvəl-axır sənin psixologiyana təsir eləyəcək, yaradılan şərait və imtiyazlardan maksimum istifadə eləməyə çalışacaqsan.

Təxminən yarım saat əvvəl bir video çıxdı qabağıma. ARB TV-də yayımlanan “Səni axtarıram” verilişində bir qadın övladı üçün Xoşqədəmin ayağını öpür. Dəhşətlidir.

Di gəl ki, Xoşqədəm o qədər də narahat deyil bu şeylərdən. Hətta hansısa proqramında kiminsə ürəyi getməyəndə, iki nəfər bir-birini söyməyəndə və nəhayət ayağı öpülməyəndə, bərk narahat olur. Bir də görürsən, onları özü əvəz eləyir. Bu həm də “qızım, sənə deyirəm, gəlinim, sən eşit”dir. Təcrübə başqadır. Bəzən alındıra bilməsə də, arada tutuzdurur.

O, tamaşaçısını yaxşı tanıyır. Bilir ki, necə idarə eləmək lazımdır. Dirijor çubuğu ilə vaxtaşırı təlimatlarını verir. Elə eləyir ki, adamın özünə də ləzzət eləyir. İstəyir ki, bir də eləsin.

İndi bəziniz deyə bilər ki, ay qardaş, vallah, elə o adamlar da ayaq öpməyə layiqdir. Yaradılan və ya yaradılmayan şərait iradəsi zəif insanları fərqli yollara baş vurmağa məcbur eləyir. Biri baş kəsir, biri oğurlayır, biri də ayaq öpür.

Dilimizə baxsaq, kölə təfəkkürünü aydın şəkildə görə bilərik. Məsələn, baxırsan ki, çox sadə məsələlərdə adamlar elə dil tökür ki, adam məəttəl qalır. Bir dəfə sənəd-sünəd içində batdığım işlərdən birində bir kişi girdi içəri. Sənədi göstərib surətini çıxarmağımı istədi. Əslində, proses çox sadə idi. Deməli idi ki, zəhmət olmasa, bu sənədin sürətini çıxarın. Çox sadə, çox mədəni.

Ancaq adam belə dedi:

– Ayağuun altında ölüm, mını çıxard verginən mənə.

Bir sənədə görə niyə ölürsən mənim ayağımın altında? Axı bu, standart prosedurdur. Mənim işim budur. Pulunu verib çıxarırsan. Niyə özünü şəlpə eləyirsən?

Bunlar yığılır, yığılır, yığılır, belə məqamlarda özünü büruzə verir. Müstəmləkəçinin kötəyi altında olan dilimiz ta uşaqlıqdan bizi əhliləşdirir, qəlibə salır. Əvvəlcə sözlə deyirik, bir az çətinə düşəndə icra eləyirik.

Ətrafımızdakılar da buna maksimum şərait yaradırlar. İnsanlar bir sənədə görə əsir-yesir olurlar bəzən. O ora göndərir, bu bura. Ən sadə işlər belə günlər, aylar alır.

Təhsil sistemimiz də vətəndaş yox, itaətkar, “qapazı vur, çörəyini al”, “bacarana baş qurban” tiplərində insanlar yetişdirir.

Dediyim odur ki, ayaq öpmək nəticədir. Ora gətirən səbəblər var.

Hələ sən? Tamaşaçı.

Hə, səni deyirəm. Başını qaldır, üzümə bax.

Sənin də xoşuna gəlir belə şeylər. Düz deyirəm, hə. Ləzzət eləyir, eləmi?

Uff, gör necə öpür ee. Bəh-bəh... Üzdə deyə bilməsən də, daxilən xoşuna gəlir, kişmişi gülürsən. Gözlərini yumub özünü Xoşqədəmin yerində hiss eləyirsən. Qadının yerinə zəhlən gedən adamı qoyursan.

O gün verilişlərin birində bir nəfər danışırdı ki, veriliş və seriallarda çığır-bağır səhnələri ona görə çox olur ki, reytinq gətirir. Aparıcı qonağın üstünə qışqırır, vəssalam, reytinq qalxdı göyün belinə. Elə olmayanda da veriliş qısa müddətdə bağlanır, çünki pul gətirmir.

Əminəm ki, ayaq öpmə səhnəsinin olduğu veriliş reytinqdə zirvədə olacaq. Çünki damarınızı tutublar. Bilirlər ki, səviyyə, kefiyyət tələb eləsəniz də, baxdığınız Xoşqədəmin, Zaurun verilişlərdir. Kimə də deyirsən, qayıdır ki, baxmıram. Cem Yılmaz demiş: “valla, duyuyoruz”.

Sən, baxmırsan, mən baxmıram, o baxmır, bu baxmır, bəs kim baxır? Heç kim baxmırsa, necə illərdir davam eləyir? Demək ki, baxırsınız da. Səmimi olun. Deyin ki, baxırıq, xoşumuza gəlir. Tum-filan da alırıq. Hələ sonra saatlarla müzakirəsini də aparırıq. Öz evimiz, ailəmiz qalır qıraqda, el-aləmin ailəsini problemlərini özümüzə dərd eləyirik, haqlı-haqsız insanları söyürük, təhqir eləyirik, göz yaşı tökürük.

İndi deyə bilərsən ki, elə problemlərimizdən uzaqlaşmaq, dərdimizi unutmaq üçün baxırıq. Ancaq canım üçün deyirəm, o mərhələni çoxdan əzib, cırıb tullamışıq. Bu, artıq psixozdur, ciddi xəstəlikdir. Kaş ki hər şey bu qədər sadə, asan olaydı.

Qayıdaq hadisə yerinə.

Düzü, baxanda, təəccüblənmədim. Bu ölkədə yaşamaq adamın təəccübü duyğusunu axtalayır. Özü də ilk gənclik illərindən. Yavaş-yavaş hər şey normallaşır sənin üçün. O hadisə gözümün qabağında olsaydı da, təəccüblənməzdim. Ancaq qadının ayaq öpəndən sonrakı rahatlığı az qala təəccübümü oyadacaqdı ki, sonrakı hadisələrdən sonra təəccübüm yenidən əsnəyə-əsnəyə yerinə girib yorğanı başına çəkdi. Bizə heyrətlənmək haramdır.

Deyim ki, nə qədər ki bu təfəkkürdəyik, hərləyib-fırlayıb hamımıza öpdürəcəklər.

Bəs siz necə?

Öpdürdüklərimizdənsinizmi?

# 10784 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #