Lazımsız çərçivələr... - Gənc şair heca şeirini tənqid edir

Lazımsız çərçivələr... - Gənc şair heca şeirini tənqid edir
5 may 2020
# 17:40

Kulis.az gənc şair Rauf Ranın müasir şeir mövzusunda yazdığı esseni təqdim edir.

"Bilərəkdən yaratdığınız qafiyələri yığışdırın, o, şeiri dərk etməyə əngəl yaradır." Yuri İvanoviç Mineralovun bu fikri boş poeziya çuxurunu yerli-dibli doldurmağa kifayət edir.

Lazımsız çərçivələr şeiri təkcə mətndə yox, ümumi poetik ab-havasında da çərçivəyə salır. Ucsuz-bucaqsız bir misranı - fikri lazımsız çərçivəsi ilə ucsuz-bucaqsızlıqdan 180 dərəcəlik üçbucağa dönüşdürüb, düzbucaqlı çərçivəyə həkk edir.

"Bilərəkdən yaradılmış qafiyə" deyilən zaman çox güman, ağlımıza "ölmə, ruhi-rəvan təbim, ölmə" halına saldığımız heca şeirlərindəki tam və ya natamam qafiyələr gəlir, lakin yaranma forması qeyri-ixtiyarı şəkildə şüurdan xəbərsiz yaranmayıbsa, sərbəst şeirlərdə olan qafiyələr də bu tradisionallığa daxildir. Yəni, sərbəst deyib sərbəst olduğuna özümüzü inandırdığımız şeirlərdə də qəsdən yaradılmış qafiyələr varsa, burda da hansısa tam sərbəstlikdən söhbət gedə bilməz, edilən söhbət də nisbi müqayisə nəticəsində nisbi sərbəstliklə sonlana bilər.

Məsələn, vahid metro-ritmik quruluşlu əruz vəznini ritmik quruluşlu heca vəzni ilə, heca vəznini isə sabitlikdən azad olan sərbəst şeirlə sərbəstlik müstəvisində müqayisə etsək, əlbəttə ki, heca vəzni əruz vəznindən, sərbəst şeir isə heca vəznindən daha sərbəstdir, lakin yuxarıda qeyd etdiyim kimi qəsdən - şüuru şəkildə yaradılmış qafiyələrdən ibarətdirsə, sərbəst şeirdəki sərbəstlik də lazımsız çərçivəyə salınıb öz sərbəstliyini itirmiş poeziyadan fərqlənmir.

Hazırlıqlı oxucular sütunvari şeirləri gördükdə oxumadan yan keçirlər. (Əlbəttə ki, bizim ədəbiyyatın oxucu kütləsi üçün bu, tamamilə yad hadisədir.) Uzun-uzadı çərçivələnmiş şeirlər müasir virtual zaman dünyası üçün çoxdan izlənib bitmiş zəif ssenariyə malik filmdən ötə bir məna kəsb etmir. İzosillabizm, izotoniya kimi çərçivə sütunları dərk edilmiş müasir poeziya qəlibsizliyində öz yerini tapa bilmir.

Poeziyanın qəlibsizliyə varması haşiyələnmiş bütün cismani və ruhi narahatlıqlarından qurtulub asudəliyə çıxan poeziyanın elə poetik hürriyyətidir ki, poeziyanı bu, hürriyyətdən məhrum etmək klaviatura üzərindəki barmaqların sahibinin də hürriyyətinə məhdudiyyət qoyur.

Poeziyanın sistematik və mistik quruluşu haqqında bildiklərimiz əsl poeziyanın qarşısında səhnə pərdəsi rolunu oynamaqdan başqa özünə hansısa bir rol seçə bilmir. Pərdənin arxasındakı, heç bir zaman varlığını (oxu: yoxluğunu) təsəvvür edə bilmədiyimiz sadə quruluş mistik təxəyyüllərimiz nəticəsində sanki bütün gözləntiləri məhv edəcəkmişcəsinə öz sadəliyini təxəyyül pərdəsi arxasında gizlətməyə məcbur olur. Hər şairin dilində daha da ilahiləşdirilən - ilahi kəlamlarla göylərə yüksələn poeziyanın öz sadəliyindən utanmaqdan özgə əlindən nəsə gəlmir.

Əslində poeziyanın nə olduğunu anlatmağa çalışan şairlər əllərindən gəldikcə onun nə olduğunu gizlətməyə çalışırlar. Bunun üçün poeziyanın mistikliyi haqqında ağızdolusu danışmaq kifayət edir. Poeziyanın rahatlıq bəxş edən sadəliyini qəbul etmək istəməyən şairləri yaşadıqları, gördükləri, çəkdikləri yox məhz ilahiləşdirdikləri poeziya rahat buraxmır.

Qısaca, Evtuşenkonun dediyi kimi:

"Əsl poeziyanın havası rahatlıqdır."

# 3638 dəfə oxunub

Oxşar xəbərlər

Yəqin təzə günah hissi baş qaldırıbdı onda... - Günün şeiri

Yəqin təzə günah hissi baş qaldırıbdı onda... - Günün şeiri

12:30 10 noyabr 2025
Dünya ədəbiyyatı korifeylərinin əsərlərini  dilimizə tərcümə edən şair

Dünya ədəbiyyatı korifeylərinin əsərlərini dilimizə tərcümə edən şair

12:00 10 noyabr 2025
"Bu zirvənin əzəmətini yalnız uzaqdan baxanlar anlayar..." - Dünya liderlərinin Atatürk haqqında fikirləri

"Bu zirvənin əzəmətini yalnız uzaqdan baxanlar anlayar..." - Dünya liderlərinin Atatürk haqqında fikirləri

11:30 10 noyabr 2025
Praqada Avropanın ən böyük müəllif kuklaları  sərgisi açılıb

Praqada Avropanın ən böyük müəllif kuklaları sərgisi açılıb

11:00 10 noyabr 2025
Məşhurların  yanında dəfn olunmaq istəyənlər üçün püşkatma elan edilib

Məşhurların yanında dəfn olunmaq istəyənlər üçün püşkatma elan edilib

10:25 10 noyabr 2025
Danimarka şahzadəsinin ölümdən qurtardığı şair  - Ona niyə yazmağı qadağan etmişdilər?

Danimarka şahzadəsinin ölümdən qurtardığı şair - Ona niyə yazmağı qadağan etmişdilər?

10:00 10 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər