Küçədə ürəyi dayanan taksi sürücüsü – Ayxan Ayvaz yazır...

Küçədə ürəyi dayanan taksi sürücüsü – Ayxan Ayvaz yazır...
3 sentyabr 2020
# 11:30

Kulis.az Ayxan Ayvazın "Qırmızı və boz" hekayəsini təqdim edir.

Mənim iki taksi şoferi ilə başım bəladadır. Hər gün eyni hadisə təkrarlanır. Səhər tezdən dururam, bəzən işə gecikməmək üçün taksi ilə getməli oluram.

Deyəcəksiniz, bunun ağlına bax, kefdə-damaqdadır, camaat avtobusda basırıqda gəlir, bu da taksiyə minir. Səbəb sadədir: o boyda yola 2 manat verirəm.

Amma dərdim böyükdür. Deməli, məhəlləmizdə iki taksi şoferi var. Biri yolun bu tərəfində məskən salıb, dayanacağa yaxındı. Blokdan çıxan kimi məni ilk görən o olur. Boz maşının yanında əlləri qoynunda durub gözləyir. Gəlib tezbazar minirəm maşınına, “Gedək” - deyirəm.

Sürücü tez mahnı qoyur, ya radionu açır.

- Ürəyin nə istəyir? Denən, qardaşın eləsin. Radiodan xoşun gəlmirsə, flaşkartı qoyum, mahnıya qulaq as. İstəmirsənsə, vapşe, bağlayım hamısını, sakitcə gedək.

Əhvalıma görə istəyim dəyişir: yaxşı olanda deyirəm mahnı qoy, pis olanda radionu açmağını istəyirəm. Gərginliyim çoxaldıqca səssizliyi seçirəm.

Taksi şoferi xasiyyətimə çoxdan bələd olub. Baxışımdan, bircə hərəkətimdən içimi oxuyur.

O biri taksi şoferinin maşını qırmızı rəngdədir. Yolun o biri tərəfindədir. Cüssəli kişidir, eşmə bığları var.

Axşam evə qayıdanda narazılıq eləyir:

- Mənim maşınımın nəyi pisdi? Niyə gəlmirsən daha? Təzə mahnılar yazdırmışam. Özü də tez sürəcəm. Gəl mənim maşınıma.

Könlü sınmasın deyə gülümsəyirəm. Səhər keçirəm yolun o tərəfinə. Qırmızı maşına oturanda boz maşın pəncərədən gözümə sataşır. Arxasınca məni marıtlayan taksi şoferini görürəm. Elə baxır, elə bil, ona özgə yatağında xəyanət eləmişəm.

Qaranlıq çökəndə evin yolunu tuturam. Mağazaya girib siqaret alanda boz maşının sahibi ilə rastlaşırıq.

- Ayə, bəri dur görüm. Keçən dəfə niyə qaçdın məndən? Böyrümdən keçirsən, görmürsən məni.

- Vallah, dayı, görməmişəm. Elə bildim, yerinizdə yox idiniz.

- Yalan demə. Bilə-bilə getdin ora. Yaxşı eləmədin.

Nə qədər eləyirəm, xeyri olmur, küsüb, çiyinlərini atır. Öz-özümə deyirəm, səhər könlünü alaram.

Lap məhəllənin gözəl qızına dönmüşəm. İki taksi sürücüsü də məni sevir. Birinin yanına gedəndə, o biri qısqanır, o birinin könlünü almaq istəyəndə bu mısmırığını sallayır. Hər ikisi ona “sadiq” olmağımı istəyir. Şair demiş, necə ki, sadiqdir, ağaclar bitdiyi yerə. Mən isə sadiq ola bilmirəm. Düşünürəm, qız doğulsam, mənə çox çətin olardı. İki sevəndən birini seçməyim müşkülə dönərdi. Heç birinin qəlbini qırmaq istəməzdim. Elə bu taksi şoferləri də elə. Bəla olub, yaxamdan yapışıblar. Baxışlardan bu sözləri oxuyuram: “İkimizdən birini seç”.

Bir gün qərara gəldim ki, daha taksiylə getmək yoxdur. Hər səhər onların intizar, həsrət dolu baxışlarını geridə qoyub avtobusa minirəm. Avtobus şoferləri yaxşıdır, onlar “əbədi sevgi” nədir bilmirlər. Onların sevgi limanında tünlükdür. Düzdü, belə sevgi olmaz, hər gün ağrı-əzab çəkirsən. Amma olsun. Həm də ucuzdur. Ucuz sevgidən heç kimə zərər dəyməz.

- Qardaş, kitabı qırağa elə. – böyrümdəki kişinin səsidir. Nə gözəldir, yolda kitab da oxuya bilirəm. Bir azdan çatacam. Gərək adamların qollarından yaranmış hasarı keçib dayanacaqda düşüm.

Hər iki taksi sürücüsü indi kədərə bürünüb. Heç biri mənə baxmır. Ayrılığı qəbul edə bilmirlər.

Hekayəni necə bitirəcəyimi düşündüyüm günlərin birində qonşu qadının diz çırpa-çırpa gətirdiyi xəbəri qulağım çaldı: "Ənvər dayı öldü. Maşından düşən kimi ürəyi tutub, yıxılıb."

Qırmızı maşının sahibinin yas yerinə tələsdim. Çadırın qırağında boz maşın durmuşdu. Taksi sürücüsü damağında siqaret mənə baxdı və kədərli bir gülüş göndərdi...

# 4083 dəfə oxunub

Oxşar xəbərlər

Günəşə arxanı çevirmə... – Taqorun aforizmləri

Günəşə arxanı çevirmə... – Taqorun aforizmləri

15:30 7 may 2024
Stallone saatlarını satışa çıxarır

Stallone saatlarını satışa çıxarır

15:00 7 may 2024
Gənc yazıçının vəziyyəti ağırdır - Açıqlama

Gənc yazıçının vəziyyəti ağırdır - Açıqlama

14:30 7 may 2024
Qarabağlı rəssam Nadir Əbdürrəhmanov - Sevinc Əliyeva

Qarabağlı rəssam Nadir Əbdürrəhmanov - Sevinc Əliyeva

14:00 7 may 2024
Milli Xalça Festivalı yekunlaşdı

Milli Xalça Festivalı yekunlaşdı

13:30 7 may 2024
“Supermen” filmindən ilk kadr

“Supermen” filmindən ilk kadr

13:00 7 may 2024
# # #