"Yəqin öpüş istəyirdi, sakit pıçıldayırdı..." - Artur Rembonun şeirləri

"Yəqin öpüş istəyirdi, sakit pıçıldayırdı..."  - Artur Rembonun şeirləri
20 oktyabr 2026
# 16:30

Bu gün tanınmış fransız şair Artur Rembonun doğum günüdür.

Kulis.az onun şerlərini Zahid Sarıtorpağın tərcüməsində təqdim edir.

Dolab

Qara palıddan olan oyma bəzəkli dolab,
Getdikcə çox mehriban bir qocaya oxşayır.
Qapılar xırıltılı… içindəki qaranlıq
uzaq illərdən qalma şərab qoxusu yayır.

Canına doldurubdu elə bil o hər nə var,
Saralmış parçalardan, nənə tikməsinəcən.
Qrifonla bəzənmiş çeşid-çeşid yaylıqlar,
Kişi paltarlarından, qadın çəkməsinəcən.

Burada həm medalyon, həm süni saclar da var,
Portret, solğun güllər, uşaqlar üçün paltar…
Quru meyvə qoxusu qarışıbdı onlara.

Bətnində nələr yatır, sənin ey dolab, nələr!
Arzun budur içində illərlə bəslənənlər
Qapın açılan kimi faş olsun insanlara!



Mənim bohema həyatım
(Fantaziya)


Köhnə, xovsuz paltoumun yırtılmış ciblərində
gizlədrəm əllərimi, hey süzürəm dörd yanı.
Göy Qübbəsi altında mən öz İlham Pərimlə
Uçub seyr eləyirəm könlüm sevən dünyanı.

Lap balaca uşaq kimi, həyəcanla, tələsik
Şeir toxumu səpirəm şan-şöhrətin şumuna.
Böyük Ayı bürcü baxır, açır mənə ovcunu,
Əynim-başım köhnə-kürüş, sığınıram mən ona…

Yolların qalın tozunda xışıldayır ulduzlar,
Sentyabr şərabının güclü məst etməyi var,
Bu ovqat damır şeh kimi, alnımda gilələnir.

Gözüm süzdükcə hey süzür yırtıq çəkmələrimi,
Əlim corab rezinimi dartıb çalır lira kimi,
Qafiyələrin alovu içimdə şölələnir.



Dərədə yuxulayan

Yaşıl tala boyunca gümüş tək parlayan çay,
Çırpır öz nəğməsini sahildə çəmənliyə.
Sıldırımlı dağ yanır günəşin tonqalında,
Sular axan dərədən bir bürkü qalxır göyə.

Cavan bir əsgər yatıb yumşaq otların üstə,
Torpaq adlı yataqdan rahatı yoxdu axı…
Ağzı azca aralı, saçları buruq-buruq,
Soluxmuş bənizindən ilıq bir işıq axır…

Möhkəm yatıb… Gül ətri onu oyadan deyil…
Xəstə bir uşaq kimi yüngülcə gülümsəyir.
Kaş isinə biləydi… – Torpaq yaman soyuqdu…

Qıcıqlandırmır onu meşənin rayihəsi,
Sıxıbdı bir əliylə– qalxıb-enmir sinəsi,
Sağ döşündə görünən bir cüt qanlı oyuqdu.



Hiyləgər qadın

Alatoran içindəki yeməkxana zalında,
Yeməyin və meyvələrin ətri canıma sindi.
Önümə dolu boşqabı çəkdim süfrə başında,
Kiçik masam mənimçün kef məclisinə döndü.

Saat vurur… dinlədikcə, mən ləzzətlə yeyirəm;
Qəfildən qapı açılır… oturmuşam hələ ki..
Qulluqçu qız heç bilmirəm nədən təşrif buyurur,
Saçları çox səliqəsiz, yaylığısa çəpəki…

Gəzir çeçələ barmağı çəhrayı yanağında,
Yəqin təzə günah hissi baş qaldırıbdı onda,
Dodaqları şişib-pörtüb sanki alışıb-yanır.

Yüngül toxundu çiynimə… bəlkə də sınayırdı,
Yəqin öpüş istəyirdi. Sakit pıçıldayırdı:
“Bir sən də bax, gör bir nədən yanağım belə donur…”


Yamanlıq

Mərmilər qıpqırmızı qanlı tüpürcəkdimi
Masmavi göy üzündən ötüşürkən bir ucdan,
Krala qoyun kimi tabe olan alaylar
Diri gözlü ölümə atılırlar bu zaman.

Bu dəhşətli qırğınsa bir dəyirman daşıdır,
Üyüdüb toz eyləyir insan bədənlərini.
(Ah, Təbiət, sənin tək rahat baxmaq olarmı
Güllər altda çürüyən o cəsədlərə yəni?)

Bəzəkli taxt örtüyü, buxurdanın tüstüsü,
Ruhunu məst eləyən hər cürə tərif sözü,
Və qızıl hərisliyi… Tanrı göz qoyur buna…

Gəlir dərdli bir ana, boğa-boğa ahını,
Qoy kral görsün: necə o qadın, yaylığının
düyününü açaraq, mis pul uzadır ona…



Hökmdarın qəzəbi

Çiçəklikdə dolaşır solğun bənizli kişi.
Əynində qara frak, damağındasa siqar.
İçində – Tuilriylə bağlı xatirələri,
Gözlərində – elə bil, şimşək yatan göylər var.

Hə, kef çəkib durmadan iyirmi il boyunca
İmperator üfürüb Azadlığı: “Qoy sönsün!”
Azadlıqsa sönməyib… Şam tək işıq saçsa da
O, şam deyil üfürsən zülmətlərə bürünsün.

O girovdu. Qəzəblə hazırdı ki püskürə,
Lal dodaqları altda hansı sözlərdi görən?
Nə bilək? Süstlük yağır üzündən başdan-başa.…

Eynəkli xaç atası bəlkə düşüb yadına…
O siqar tüsütüsünün baxır bulud qatına –
Elə bil Sen-Kluda göyə edir tamaşa.

Tərcümə: Zahid Sarıtorpaq

# 94 dəfə oxunub

Oxşar xəbərlər

Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə - Ən məşhur müharibə şeiri

Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə - Ən məşhur müharibə şeiri

11:00 20 oktyabr 2026
"Şeytanın sarayında bayramıdır cinlərin..." - Mixail Lermontovun şeirləri

"Şeytanın sarayında bayramıdır cinlərin..." - Mixail Lermontovun şeirləri

15:30 15 oktyabr 2026
"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının  şeirləri

"Kədərim nə vaxtsa arzularınıza mane olub ki?" - Nobel mükafatçısının şeirləri

15:00 13 oktyabr 2026
“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

“Gəl, bu gecə taleyin inadını sındıraq” - Günay Mirinin şeirləri

13:00 13 oktyabr 2026
"Alnımın qırış yerindən taleyin çaparı keçir..."  - Əlisəmid Kürün şeirləri

"Alnımın qırış yerindən taleyin çaparı keçir..." - Əlisəmid Kürün şeirləri

11:50 13 oktyabr 2026
"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

"Dər qığılcımlarımı, sıx buludlarımı..." - "Yeni Güney Azərbaycan" layihəsində Elşən Böyükvəndin şeirləri

15:00 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər