Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar?

Rembrandtın ən istedadlı tələbəsi - Onun əsərlərini niyə ustadının adına çıxırdılar?
24 iyun 2026
# 13:30

Bu gün holland rəssam Ferdinand Bolun doğum günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Holland rəngkarlığının "Qızıl dövrü" dedikdə hər kəsin aqlına ilk olaraq Rembrandt gəlir. Lakin bu dövrün elə gizli qəhrəmanları var ki, onların taleyi və sənəti ən az ustadları qədər maraqlıdır. Bu adlardan biri də Ferdinand Boldur (1616–1680).

Ferdinand Bol sadəcə Rembrandtın ən istedadlı tələbələrindən biri deyil, həm də XIX əsrə qədər bir çox əsəri səhvən "Rembrandt imzası" ilə tanınan və ustadını maddi cəhətdən geridə qoyan uğurlu bir rəssam olub.

Bol 1636-cı ildə Amsterdama gələrək Rembrandtın emalatxanasına daxil olur. O, ustadının işıq-kölgə texnikasını elə mükəmməl mənimsəyir ki, müstəqil fəaliyyətə başladıqdan sonra çəkdiyi bir çox portret əsrlərlə Rembrandtın malı hesab edilib.

1650-ci illərdən etibarən Amsterdam elitası Rembrandtın tünd, dramatik tərzindən yorulmağa başlayanda, Ferdinand Bol cəld tərpənərək üslubunu dəyişir. O, daha parlaq rənglərə, zərif və aristokratik xətlərə (Flandriya üslubuna) keçid edir və şəhərin ən çox sifariş alan rəssamına çevrilir. Hətta bir müddət ustadından daha baha qiymətə rəsmlər satır.

Bol sənət karyerasının zirvəsində olarkən, 1669-cu ildə Admirallıq xəzinədarının varlı dul xanımı Anna van Erckel ilə evlənir. Bu evlilikdən sonra o, inanılmaz dərəcədə zənginləşir və demək olar ki, fırçanı tamamilə yerə qoyaraq ömrünün sonuna qədər şəhər elitasının bir üzvü kimi lüks həyat yaşayır.

Ferdinand Bolun 3 məhur əsəri aşağıdakılardır:


"Elisabeth Basın portreti" ("Portrait of Elisabeth Bas")


Bu əsər rəssamın ən bədii və eyni zamanda ən çox mübahisə doğurmuş tablosudur.

Uzun illər Amsterdam Dövlət Muzeyində (Rijksmuseum) Rembrandtın şah əsəri kimi sərgilənmiş, yalnız sonradan onun əsl müəllifinin Ferdinand Bol olduğu sübut edilmişdir.

Əsərdə rəssam, yaşlı qadının üz cizgilərindəki müdrikliyi və xarakterindəki daxili gücü dərin bir realizmlə oxucuya ötürür.

Ağ rəngli sərt yaxalıq və kəmərdəki krujeva detalları rəssamın parça teksturasını, işığın qumaş üzərindəki daxili əksini necə incəliklə işlədiyini göstərir.

Qaranlıq fondan önə çıxan işıqlı üz və əllər Rembrandt məktəbinin tipik xüsusiyyəti olsa da, Bolun xətlərindəki sakit və nizamlı kompozisiya onun fərdi toxunuşunu bariz bəyan edir.

"Yelpikli xanım" ("A Lady with a fan")


London Milli Qalereyasında qorunan bu əsər rəssamın yaradıcılığının erkən, lakin ən zərif dövrlərindən birini (1643) əks etdirir.

Burada yüksək statuslu bir gənc qadının vizual təsviri verilib.

Qadının dirsəyini ön hissədəki mərkəzi pərvaza söykəməsi rəsmə üçölçülü bir dərinlik qazandıraraq tamaşaçıda onun sanki tablodan bayıra, bizim məkana boylandığı illüziyasını yaradır.

Əlində tutduğu və o dövr üçün böyük lüks hesab olunan yelpik onun maddi statusunu vurğulamaq üçün kompozisiyaya daxil edilib.

Gənc xanımın geyimindəki qızılı saplarla işlənmiş naxışlar və şəffaf tül yaxalıq rəssamın işıq effektlərindən vizual zənginlik yaratmaq məqsədilə ustadca istifadə etdiyini sübut edir.

"Astronom" ("An astronomer")


Bol sadəcə portretlər deyil, həm də elmə və düşüncəyə daxil olan fəlsəfi fiqurları çəkməyi sevirdi. Bu əsər elmin intibah dövrünü yaşayan Hollandiyadakı intellektual ab-havanı əks etdirir.

Tablo vizual olaraq iki hissəyə bölünür: sol tərəfdə dövrün bilik mənbələri olan kitablar və qlobus, sağ tərəfdə isə bu biliyi həzm edən düşüncəli insan obrazı yer alır.

Astronomun əlini çənəsinə söykəyərək uzaqlara dikilən baxışları rəssamın sadəcə fiziki görünüşü deyil, insanın daxili psixoloji düşüncə anını tutmaq bacarığını nümayiş etdirir.

Masanın üzərinə düşən dramatik işıq fəlsəfi aydınlanmanı simvola çevirir və obyektlərin üzərindəki kölgələrin paylanması ilə rəsmdə sirli bir elmi atmosfer formalaşdırır.

# 117 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər