Modern romanı yenidən inşa edən yazıçı

Modern romanı yenidən inşa edən yazıçı
6 noyabr 2025
# 12:49

Bu gün yazıçı Robert Musilin doğum gündür.

Kulis.az bu münasibətlə müəllifin yaradıcılığı haqqında Dursun Berkin "Zamanın ruhuyla üzləşmək" yazısını təqdim edir.


Bütün böyük ədəbi əsərlər yalnız fərdin daxili aləmini deyil, eyni zamanda mənsub olduğu dövrün parçalanmalarını da görünən edir. Robert Musilin “Keyfiyyətsiz adam” əsəri fərdi bir yadlaşmanın romanı olmaqla bərabər konkret bir dövrün ruhu ilə hesablaşmadır. Yazının adı olan “Zamanın ruhuyla üzləşmək” məhz bu qarşılaşmanın həm fərdi, həm də tarixi yönünü ifadə edir. Çünki Musilin romanı imperiyanın, fikir ənənəsinin və etik sistemin dağılmasını dilə gətirir.

“Zamanın ruhu” anlayışı burada Hegelin ifadə etdiyi mənada yalnız tarixin düşüncəvi əksini deyil, insanın tarix qarşısında duyduğu dərin çarəsizliyi də daşıyır.



Musilin qəhrəmanı Ulrix eynən zamanın özü kimi “izahsızlıq” halındadır.

O, nə keçmişin dəyərlərinə köklü şəkildə bağlıdır, nə də gələcəyə dair bir idealla silahlanmışdır. O, içində olduğu dövrün süqutunu hiss edən, amma onu aşa, öhdəsindən gələ bilməyən, nə tam mənasıyla tənqid edən, nə də təsdiqləyən bir varlıq halındadır.

Musil modernliyin gətirdiyi yadlaşmanı, fərd və cəmiyyət arasındakı dərin uçurumu araşdırarkən Hegelin “zamanın ruhu” anlayışını yenidən işləyir. Çünki insan yalnız öz daxili aləmində dağılmır, bir dövrün və bir cəmiyyətin çürüyən quruluşunda da itir.

Marksist filosof Corc Lukaç “Keyfiyyətsiz adamı” sosial-realistik bir baxışla təhlil edərkən romanın fərdi dağılmalarını kapitalist istehsal münasibətlərinin yaratdığı “Entfremdung” (yadlaşma) hadisəsinin konkret təzahürləri kimi yozur.




Ulrixin ağrılı passivliyi artıq nə öz əməyinə, nə də cəmiyyətə aidiyyəti qalmamış bir fərdin faciəsidir. Lukaç Hegelin “zamanın ruhu” anlayışını dialektik bir zəminə daşıyaraq, sözügedən əsərin konteksində fərdin öz növ mahiyyətindən uzaq düşməsini göstərir.

Lukaçın analizi, Musilin dilindəki daxili monoloqları və ictimai tənqidi, sinfi qarşıdurmanın və ideoloji aparatların fərdin şüuruna necə nüfuz etdiyini göstərən güclü bir prizma altına alır; romandakı personajlar yalnız şəxsi travmaların deyil, həm də əmtəə fetişizminin, istehsal proseslərinin parçalanmışlığının və əmək–istehlak münasibətlərinin yükünü çiyinlərində daşıyırlar.

Robert Musilin ədəbiyyatın ümumbəşəri transformasiyasındakı yeri eynən Ceyms Coysun şüur axınını sonsuz bir okeana çevirməsi, Marsel Prustun itirilmiş zamanı yaddaş vasitəsilə yenidən qurması və Virciniya Vulfun daxili aləmi parlaq metaforalarla ifadə etməsi qədər sarsıdıcıdır; o, modern romanı bünövrəsindən dağıdıb yenidən tikən ustalardandır.



Ulrixin daxili monoloqları Coysun Leopold Blumun şüurundakı qarışıqlığı xatırladır, zamanın ruhunu Prustvari bir həssaslıqla təqdim edir; bir anlıq xatirənin sahilində keçmişə sarılır, gələcəyin kölgəsini hiss etdirir. Musilin nəsri Vulfun dalğalanan şüur axını texnikasına rəqib olur; hər cümlə insan psixologiyasının səthaltı dərin axınlarını tutmaq üçün dilin sərhədlərinə gedib çıxır.

Necə ki, Coys Dublini bir mikrokosmos halına gətirirsə, Prust Kombrayı universal bir yaddaş anbarına çevirirsə, Musil də Avstriya-Macarıstanın son nəfəsini romanın lövhələrinə həkk edir, bir imperiyanın kölgəsini insanın qəlbinə toxuyur.

Onun əsərində fərdi qırılmalar, Prustun “zamanın qıvrımları” qədər dərin, Coysun “zehin xəritələri” qədər təfərrüatlı, Vulfun “dalğa-dalğa yüksələn iç səsi” qədər titrəkdir. Bu baxımdan “Keyfiyyətsiz adam” yalnız imperiyanın süqutunu sənədləşdirən nəhəng bir tarix manifesti deyil, həm də Coysun dildəki inqilabi dönüşləri, Prustun yaddaş atlası və Vulfun şüur labirintləri ilə çiyin-çiyinə addımlayan müasir bir dastandır. Və Lukaçın Marksist analizinin göstərdiyi kimi bu dastan eyni zamanda istehsal münasibətlərinin yaratdığı yadlaşmanın ədəbi əksidir.

Musilin yazdığı dünyada insan təkcə fərdi yadlaşma ilə deyil, tarixi və ictimai kontekstdə də azır. Bu dünyada hərəkətlər mənasını itirmiş, istəklər formasızlaşmış, əxlaqi dəyərlər bulanıqlaşmışdır. Bütün siyasi quruluşlar qabıq halına gəlmişdir və yalnız keçmişin çöküntüləri ilə varlığını davam etdirməyə çalışırlar.

Burada mənəvi və ictimai süqut, şəxsi dağılma ilə iç-içə keçmişdir.

Hegelin yadlaşma fikri Musilin Ulrix obrazında özünü tam şəkildə tapır. Ulrix yalnız fərd kimi deyil, keyfiyyətlərin mənasını itirdiyi bir cəmiyyətdə mövcud olmağa çalışan insan kimi təsvir olunur. Onun itkinliyi həm fərdi, həm də tarixi və ictimai itkinlikdir.



Romanın hər səhifəsində Musilin personajları yalnız öz daxili boşluqları ilə deyil, zamanın ruhunun təsiri ilə formalaşır.

Musilin dili ənənəvi təhkiyə formalarından fərqlidir. Dil mənanın dərinliklərinə enmək üçün daim oyun oynayır. Cümlələr bəzən dolaşıqdır, mənalar bir müddət itir, sonra qəfil aydınlaşır. Bu yazı tərzi oxucunu yalnız səthi şəkildə deyil, həm də zehni səviyyədə dərin bir səyahətə çıxarır.

Musilin yaratdığı reallıq fərdin şüurundakı qırılmalarla formalaşır. Bu “zehni realizm” sosial süqutun görünməyən üzünü göstərir.

Musil fərdi psixologiyanı sosial quruluşlarla iç-içə keçirir və hər bir personajı bu böyük dağılmanın bir əksi kimi təqdim edir.

Ulrix itmiş cəmiyyətin ən iti fiqurudur. O, boşluqları olan fərd deyil, zamanın ruhunun doğurduğu boşluqların içində olan fərddir. Bu itkinlik cəmiyyətin itkinliyinin əksidir. Ulrixin içindəki boşluq mənəvi bir eroziyadan çox, tarixi bir eroziyadır. Zamanın ruhu onu bir varlıq kimi deyil, yoxluğun, mənanın, dəyərlərin və kimliklərin itdiyi bir nöqtədə mövcud olmağa məcbur edir.

Digər obrazlar Aqat və Arnaym da Ulrixin itkinliyinə bənzər şəkildə zehni bir dağılmanın təcəssümüdür.

Aqat mistik bir axtarışdadır.


O, rasional düşüncənin hüdudlarından kənara çıxmağa, şüuraltı aləmlərin dərinliklərinə enməyə çalışır. Bu axtarış ağıl və məntiqin məhdudlaşdırmaq istədiyi dünyanı aşan azadlıq arzusunu simvolizə edir. Aqat bir tərəfdən Ulrixin daxili boşluğunu işıqlandırmağa çalışsa da, digər tərəfdən bu boşluğun böyüməsinə və dərinləşməsinə səbəb olur.

Arnaym isə gücü və ağlı birləşdirərək, sosial quruluşdakı hakimiyyət münasibətlərini və rasional düşüncənin necə bir hakimiyyət alətinə çevrildiyini təmsil edir.

Bu trionun hər biri bir fikrin daşıyıcısıdır, amma bu fikirlər nə yeni bir gələcək qura bilir, nə də özündə ümid daşıyır. Sadəcə keçmişin süqutuna şahidlik edirlər. Musilin romanı keçmişin çürüməsini təsvir edir, gələcəyin qeyri-müəyyənliyini hiss etdirir, amma çıxış yolu göstərmir.

Bununla belə, Musil yalnız modernist bir hekayəçi kimi deyil, həm də etik bir fiqur kimi çıxış edir. Onun romanı düşüncənin əməl ilə bağının qopduğu, etik dəyərlərin və istiqamətlərin itdiyi bir dövrdə fərdi yenidən intellektual müstəviyə gətirməyin yollarını axtarır.


Bugünün rəqəmsal dövründə Musilin qəhrəmanları müasir fərdin yadlaşmasını əks etdirir. Texnologiyanın, sosial medianın və rəqəmsal təsvirlərin insan kimliyini dəyişdirdiyi, fərdin öz kimliyindən uzaqlaşdığı bir zamanda "Keyfiyyətsiz adam" yenidən məna qazanır.

Ulrixin daxili səsi bu gün də fərdin içindəki boşluğu, mənanın axtarışını, kimlik itkisini simvolizə edir Robert Musilin “Keyfiyyətsiz adam” əsəri bir dövrün hüdudlarını aşaraq, insanın daxili aləmində və ictimai quruluşunda yaşadığı dağılmanı, yadlaşmanı və boşluğu dərinliklə işləyir. Musil yalnız zamanın ruhuna şahidlik etmir, onu çürüyən bir quruluşun içində yenidən var etməyə çalışır.

Bu mətn zamanın ruhunu anlamaq istəyənlər üçün hələ də aktualdır.

# 134 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər