Bu gün Qazaxıstanın tanınmış şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayevin doğum günüdür.
Kulis.az onun şeirini Fikrət Sadıqın tərcüməsində təqdim edir.
Gələcək bürünüb dumana, çənə,
Gözlərin zillənib uzağa yenə.
Ümid çırağından nur alsalar da,
Ümid vəd eləmir o gözlər sənə.
Düşür yarpaq kimi ömürdən günlər,
Bu günü, sabahı dünənə bənzər.
Bunların birilə sən də gedərsən
O sirli nöqtəni bir Allah bilər.
İdrak «mən» deyəndə, can «mənim» deyir,
Ruh ilə bədənin əsli bir deyil.
«Mən» əbədiyyətdir, kamaldır, nurdur
«Mənim» dünya malı, əl çirkidir, bil!
«Mənim»i nə bərk-bərk tutmusan belə?
Nə şirin xəyalla yatmısan belə?
Yaxşılıq-doğruluq olsa həmdəmin
Rahat yollanarsan axır mənzilə.
Sən qızıl almaqçın idrak sağırsan;
Günaha batırsan, kama çatırsan.
Amma ömür bitər, sevincin sönər
Ölümdən ki, rəzil olammaz insan.
Bu qoca dünyanı özünkü bilmə;
Sısqadır o «mənim» dediyin kəlmə,
Dünyada qalacaq dünyanın malı
Ruhun uçacaqsa «qalaram» demə.
Kasıblara əl tut, yetimlərə yan,
Allah da hifz edir insanı hər an.
Görsə ki, sevirsən doğma xalqını
Sənə kömək olar o da bir yandan.
Hər gördüyün dəstə xalq deyil hələ,
Səni aldatmasın qurd tinətlilər.
Sən mərd ol, pisləri pislə utandır,
Yaxşı insanlara yaxşılıq dilə.
Yaşayan hər kəsə güzəran gərək,
Fəqət xeyri şərdən ayıran gərək.
Haqq işin günəşi – nur saçsın daim,
Xəbislik – avara, sərgərdan gərək.
1897