Bu gün Xalq şairi Cabir Novruzun doğum günüdür.
Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.
Hamının üzü içindədir...
Sifətlərə inanmayın,
Hamının üzü içindədir.
Gözlərə çox aldanmayın,
Gözlərin gözü içdədir...
Deyəndə mənə toxunur,
Ki, hər şey gendən oxunur.
Dili çöldədir çoxunun,
Amma ki, sözü içdədir...
Qardaşsa da şərlə xeyir,
Bu onu, o bunu yeyir,
İblis düşmən qorxunc deyil,
Əsil iblisim içdədir...
Daim tənha, təkdir insan,
Şeytandır, fələkdir insan,
Zahirdən mələkdir insan,
Yırtıcı nəfsi içdədir...
İkidir hər şəxsin özü,
Qoy özünə baxsın özü,
Daxildədir əslin üzü,
Yalanı, düzü içdədir...
Nəşəni meydə gəzməyin,
Əlifi beydə gəzməyin,
Allahı göydə gəzməyin,
Allahın özü içdədir...
Görəcəklər ki, zühur eyləmişəm...
Şeir üçün öz-özümü çoxdan əsir eyləmişəm...
Balaca iş masamı qala-qəsr eyləmişəm...
Çəkmişəm duyğuların dağdan ağır dağ yükünü,
Düşmüşəm misralar ardınca qərib ahu kimi,
Doğulub qafiyəmin hər biri bir ağı kimi,
Bu ilahi işə mən ömrümü həsr eyləmişəm...
Kef-damaq, ya da ki, əyləncə nədir bilməmişəm,
Dincliyin heç dadı, rəngi necədir bilməmişəm,
Bəzən heç çöldə ya gündüz, gecədir, bilməmişəm,
Beytimin abu-havasını fəsil eyləmişəm...
Könlüm öz yurdumu cövlan edib seyrə çıxıb,
Xeyri niyyət eyləyəndə niyyətim xeyrə çıxıb,
Nə zaman ki, yolumun üstünə bir Leyli çıxıb,
O günü Allaha yüz dəfə nəzir eyləmişəm...
Yoğrulub ilham ilə ruhum, hüceyrəm, əzələm,
Şeir Leylim, yeridir adıma Məcnun desələr,
Toxunanda əlimə cansız, ölü ya soyuq el,
Cumub evdə o günü xeyli qüsl eyləmişəm...
İlhamım lal olan vaxtı halım olmayıb heç,
Bircə an, bircə dəqiqə qərarım olmayıb heç,
Qələmimdən savayı özgə varım olmayıb heç,
Bax onun tişəsin almas, qızıl eyləmişəm...
Dənilər var yığıblar özünə mən isə söz.
Qaş-daşım, ləli-briliyantım olub tər-təzə söz,
Gəlməz heç qiymətə, heç ölçüyə hər bir təzə söz,
Bax, o sərvət ilə el qəlbinə yol eyləmişəm...
Beləcə çoxlu on illər və yüz illər ötəcək,
Qalacaqdır əməlim daima, canlı, diri tək,
Görəcəklər bu elin şairi, peyğəmbəri tək,
Təzədən bir də bu dünyaya zühur eyləmişəm...
Мəhəbbət
O, bu boyda bir cahanı yaradıb,
Yeri, göyü, asimanı yaradıb,
İnsan onu, o insanı yaradıb,
Bu həyatın əlifbası - məhəbbət,
Ən ilk nəğmə, ən ilk yazı - məhəbbət.
Hər ömürdə bir ulduza dönər o,
Gah şimşəktək birdən çaxar, sönər o,
Gizli gələr, fəqət aşkar dinər o,
Canda nəfəs, damarda qan - məhəbbət,
Həm var olan, həm yox olan - məhəbbət!
O dəryadır kükrəyəndə, daşanda,
O almazdır üzüklərin qaşında,
O sevdadır, hey dolanır başımda,
Həm həqiqət, həm əfsanə - məhəbbət,
Gah ağıllı, gah divanə - məhəbbət.
Cavanlığım
Həyatımın tacı idi
Qara gözlü cavanlığım.
Eşq, məhəbbət acı idi
Qara gözlü cavanlığım.
Ürək kimi döyünərdi,
Nə bir qəmi, nə bir dərdi.
Çox illərə sinə gərdi,
Durdu, dözdü cavanlığım.
Dava idi, dərman idi,
Təbib idi, loğman idi,
Bir çağlayan ümman idi,
Gur dənizdi cavanlığım.
Arzulara adlayardı,
Qönçə kimi çatlayardı,
Gözəlləri odlayardı,
Qaynar, isti cavanlığım.
Çöldə bitən bir laləydi,
Meylə dolu piyaləydi,
Dağ uçuran şəlaləydi,
Oddu, közdü cavanlığım.
Şimşəkləri üzdü, yordu,
Nə dayandı, nə yoruldu.
Ah, nə şəffaf, nə büllurdu,
Nə təmizdi cavanlığım.
Təbiətin nemətiydi,
Sevgilərin məbədiydi,
Sanardım ki, əbədiydi,
Tükənməzdi cavanlığım.
Ömrü çiçək qədər oldu,
Sevinc oldu, kədər oldu,
Neçin gəldi-gedər oldu,
Kimdən küsdü cavanlığım?
Sən elə bir vaxtda rast gəldin mənə...
Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam, bulanmış suyam...
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam.
Nə gücüm çatdı ki, səndən yapışım,
Nə gücüm çatdı ki, səndən qaçam mən...
Nə odum oldu ki, yanam, alışam,
Nə sehrim oldu ki, cavanlaşam mən...
Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün payız fəsli, xəzəl çağıydı...
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı...
Nə deyə bildim ki, tutmaz sevdamız,
Nə deyə bildim ki, tutar bizimki...
Bizimdir səmada axan o ulduz,
O uzaqda itən qatar bizimdi...
Sən elə bir vaxtda rast gəldin mənə,
Dayanıb durmuşdum yol ayrıcında...
Sən elə bir vaxtda rast gəldin mənə,
Bir üzüm cavandı, bir üzüm qoсa...
Nə deyə bildim ki, sevən çağımdı,
Nə dedim sevirəm mənə dayaq ol...
Nə deyə bildim ki, mənə yaxın dur,
Nə deyə bildim ki, məndən uzaq ol...
Sənə elə bir vaxtda rast gəldin mənə,
Ömrüm eşq badəsi içilmiş idi...
Sən elə bir vaxtda rast gəldin mənə,
Mənzilimin çoxu keçilmiş idi...
Nə deyə bildim ki, ürəksən mənə,
Nə deyə bildim ki, ürək deyilsən...
Nə deyə bildim ki, gərəksən məne,
Nə deyə bildim ki, gərək deyilsən...
Sənə elə bir vaxtda rast gəldin mənə,
Bu necə fəsildi, necə vaxt idi...
Sənə elə bir vaxtda rast gəldin mənə,
Bu necə taleydi, necə bəxt idi...
Nə deyə bildim ki, pənahsızam mən,
Nə deyə bildim ki, pənah məndədir...
Necə deyəydim ki, günahsızam mən,
Nə deyə bildim ki, günah məndədir...
Sən elə bir vaxtda rast gəldin mənə,
Özüm öz halıma gülmək istədim...
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim...
Sağlığında qiymət verin insanlara...
Bir arzum var, ay adamlar,
qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsil qiymətini bilər onda;
Bu sözlərim düz olmasa
töhmət edin.
Sizdən rica eləyirəm milyon kərə,
Şairlərə sağlığında hörmət edin,
Sağlığında heykəl qoyun ölməzlərə...
Gələcəyə çox da ümid bağlamayın,
Sözünüzü sonralara saxlamayın.
Zəhləm gedir sonralardan,
Vaxtsız dinən zurnalardan,
Boşboğazdan, avaradan,
Toydan sonra nağaradan.
Sağlığında sevindirin təmizləri,
Siz həyatda bu amalla addımlayın.
Sağlığında ifşa edin xəbisləri,
Satqınlara sağlığında satqın deyin,
Tülkü deyin tülkülərə,
aslan deyin aslanlara;
Sağlığında qiymət verin insanlara...
Hər kəs bilsin öz yerini
necə sağdır,
Bu, pislərin həyatını qısaltmaqdır,
Yaxşıların həyatını uzatmaqdır...
Bu nədəndir ölən kimi, qəlbimizdə
Adamlara sevgi, hörmət aşıb-daşır.
Ölən kimi yaxşılar da yaxşılaşır,
Yamanlar da yaxşılaşır...
Çirkinlər də təmiz olur ölən kimi...
Yadlar belə əziz olur ölən kimi...
Xatirələr söyləyirik,
nekroloqlar qollayırıq,
Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
Bu gecikmiş xeyir-dua kimə gərək?
Bundan məzar böyüyəcək,
ya ölənmi diriləcək?
Xoşum gəlmir
bu köhnəlmiş adətlərdən,
xoşum gəlmir...
Bu sərdaba sevgilərdən,
hörmətlərdən xoşum gəlmir.
İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
Bir an ömrü milyon qızıl ölüm gələ,
dəyişmərəm...
Diri üçün iynə boyda hörməti mən
Ölü üçün min heykələ dəyişmərəm...
Düz deməsəm, onda məni bağışlayın,
Üz tutaram uşaqlara,
qocalara, cavanlara,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağ olanda yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara...
Yuxumda o taya keçdim bu gecə
Yuxumda o taya keçdim bu gecə,
Sandım ki, sevincim göylərlə təndir.
Yuxumda o taya keçdim bu gecə,
Gördüm ki, sərhədlər pərən-pərəndir.
Cızıqlar üstündə açmış çiçəklər,
Məftillər ayrılıb küsüşmüşdülər.
Bir vaxt lovğalanan dəmir dirəklər,
İndi yetim kimi büzüşmüşdülər.
Azad dolaşırdı çiçək də, gül də,
Yas tutub ağlayan göz qalmamışdı.
Kədərdən, möhnətdən bu doğma yerdə,
Əsər qalmamışdı, iz qalmamışdı.
Sevinc dolaşırdı torpağı, daşı,
Qüssə uzaq qaçır, kənardan gedir.
Lövhələr deyirdi hər addımbaşı:
Təbrizə, Mərəndə yol hardan gedir.
Bu yuxu nə yaxşı mənə tuş oldu,
O min həqiqətdən dadlı deyilmi?
Yarım insan oldu, yarım quş oldu,
Uçdum düz Bakıdan Təbrizə kimi.
Ürək ayrılmadı öz istəyindən,
Sevincim hicranın bağrın dəlirdi.
Təbriz, hər daşından, hər kəsəyindən,
Doğma Azərbaycan ətri gəlirdi!
Sözlər Azərbaycan sözləri idi,
Gözlər Azərbaycan gözləri idi.
Könlümü oxşadı hər ev, hər dalan,
Uşaq da, böyük də, gənc də, qarı da.
Sandım ki, Təbrizin bu saat, bu an,
Bakı səmasıdır səmaları da.
Hər şey öz ruhumuz, öz dəbimizcə,
Şeirlər dinirdi öz təbimizcə.
Körpələr bizimcə ana deyirdi,
Qızlar azəricə gülümsəyirdi.
Qərib saymadılar Təbrizdə məni,
Deyin, qərib idim Təbrizdə yəni?!
Təbriz... alçaq evlər, enli küçələr,
Bir-bir gözlərimdən gəlib sovuşdu.
Hələ yaxınlaşıb mənə bir nəfər:
- Filan yer hardadır?- ünvan soruşdu.
Qoy deyim yuxumda sonra nə gördüm,
Şirin, unudulmaz bir səhnə gördüm.
Gördüm ki, bu taydan o taya düşdüm,
Aşıqlı, nəğməli bir toya düşdüm.
Burda saymadılar özgəsi məni,
Doyunca oynatdı toy yiyəsi məni.
Sonra aşıq qardaş dastan başladı,
Sözü üç vəfalı dostdan başladı.
Astaca-astaca dedi hərdən ,
Qanımdan yaranan nəğmələrdən o.
Gah bahar dil açdı, gah yay dil açdı.
O tayın diliylə bu tay dil açdı.
Sonra bir-birinə qarışdı taylar,
Görüşdü, öpüşdü, barışdı taylar.
Günün şəfəqləri yayılan zaman,
Bu şirin yuxudan ayılan zaman,
Gördüm nə toydayam, nə Təbrizdəyəm,
Gördüm bu taydakı evimizdəyəm.
Yox idi o məclis, yox idi aşıq,
Sən demə, xəyalıydı, yuxuydu aşıq.
Dərin fikirlərə cumdum, olmadı,
Min yol gözlərimi yumdum, olmadı.
Yuxumda o taya keçdim bu gecә,
Kaş ondan, kaş ondan ayrılmayaydım.
Yuxumda o taya keçdim bu gecә,
Kaş ondan heç zaman ayrılmayaydım.
Siyahı qısa çıxıb
Vicdanlar cibə çöküb,
Yeni möcüzə çıxıb...
Təmizlər dibə çöküb,
Murdarlar üzə çıxıb...
Yamanlar öz keyfində,
Yaxşılar pisə çıxıb...
Kimin ki, ürəyində
Nə qurd var üzə çıxıb...
Bir vaxt yalan deyənlər,
Neçə-neçə ağ saqqal,
Sifətdən kosa çıxıb...
Qaçqınlarla qurd, çaqqal,
Bir qış da yaza çıxıb...
Xalq daha doyub cana,
Astarlar üzə çıxıb...
Əvəzində ekrana
Hər cür gəvəzə çıxır...
Dollar yığır karlılar,
Bu dəb də təzə çıxıb,
Atamızın malına,
Yadlar vərəsə çıxır...
Harda qaldı o tayım,
Burda qan dizə çıxıb?..
İndi-indi harayım,
Gedib Təbrizə çıxır...
Hürriyyət üzüqara,
Nəqd ikən nisyə çıxıb...
Çoxları meydanlara
Sən demə səsə çıxıb...
Haqqı basdalayıblar,
Altından gürzə çıxıb...
Halalları sayıblar,
Siyahı qısa çıxıb...