Hazırda Təbriz şəhərində olan tanınmış şair Həmid Herisçi həyat yoldaşı İlhamiyyə Rzaya şeir həsr edib.
Kulis.az həmin şeiri təqdim edir.
Həyatın bir aşılmaz sərhəddi,
Ekvator xətti, Çin səddi, son həddi,
bir son hüdudu da var.
Ancaq bu hüdudu pozan
Mən kimi bir ala buludu da var!!!
Uçar,
sənə tərəf həmişə, uçar, uçar...
Ucalar.
Televizor pultunun proqramını,
Bu uşaq həmışə qatıb - qarışdırar.
Bu Təbrizdə ağcaqanadlara qarşı bir dərman var
Adı " Taro mar!" -
Qorxur ondan amerikanlılar!
Təyyarələrdə son həqiqəti deyəcək
Bir qara qutu var...
Bilirəm, irəlidə Donald Trampın sevdiyi
Cümə günü, ayın 13-ü var,
ABŞ təyyarələrinin Təbriz üzərinə hələ kütləvi hücumu var,
Bunun ermənisi var, kürdü var...
Tehran beş gündü yanır,
Üfüqlərin qapqara tüstüsu var,
Qonşu Qulamhüseyn kişinin gözləri qızarıb...
ölüsü var...
Hə... divarlar aşılmazdı Təbrizdə guya....
Ancaq bu divarlara dırmanan Dərbəndi üzümü də var!!!
Oturmuşuq Təbrizin " Şairlər qəhvəsi"ndə çaysız,
qara qazanlarda baxırıq qalaysız....
Qəlyansız.
Şair əvəzi bir baqqal danışır:
- Bunun hələ Səudisi var...
Bu kafenin hələ qara bir küncü var...
Ordan, növbəti qafiyə səslənir:
- Hələ bu işin YƏHUDİSİ var...
Neynək...
Nuşirəvanın hələ bayquşu da var...
O biri küncdə satdıq 100 min dollarlıq uyuşdurucu tozu var!
Hələ bir az da ucuzu var!
Ancaq bütün bu iyrənc mənzərələrdən bir gözələ tərəf gedən
Həyat izi var...
Bu zülmətin öz musiqisi,
uzaq it zingiltisi var...
Burda peşmançılıq hissi var,
bir nəfərin soyumaz hirsi var,
Nə yaxşi ki, bir bədbəxt Həmidin dizi var -
Ovcunu çırpmağa...
İlhamiyyə, mənə bir yuxu ver,
iyləməyə bir qoxu ver,
Mən Puşkinin seçdiyi bu dəfəki duel,
Qalibindi...
Əsl şairindi.
Həyat bizim televizion duetinindi...
Sənin ancaq bir telesüjetindi!