Kulis.az Gülər Natiq İsaqın yeni şeirlərini təqdim edir.
Heç bir günah məsum deyil
Üç kəlmə sözün canı sıxılar
qələmin ucunda,
yazıb bitirə bilməyəndə onu.
Elə bilirsən, yazdığın şeir olacaq
həsrətin varlığına həsr kimi...
Könlün əsirdi
yaza bilmədiyin sözlərin əlində.
Misralar perik düşüb
naümid duyğular arasında.
Bu boyda şəhərdə bir gizli yer də yoxdur
ayağını qatlayıb torpağa səcdə edəsən,
şükür duası söyləyəsən.
Adamın ağlı azır Allahın yolunda da...
Heç bir günah məsum deyil
alatoran axşamın tər vaxtında...
Qucağını açıb baş verməyən
bir xatirəni xəyal edirsən.
Kiminsə fikri qarışır,
gec açılmasını istədiyi
səhərin danı can hayında...
Bir musiqi sözü yozursan
«əlvida» demək istədiyin şəhərin acığına.
Birdən Bethovenin etibarlı sevgilisini
xatırlayıb
yenidən həyata dönürsən, vəfalım...
***
Bir bulanıq sözdən də çatlayar
bəxtin aynası.
Gecənin gözləri dolar
günəşin görmədiyi aydınlığından.
Sabahı açan ürəyi qopar,
buludun saldığı torandan.
Üzündə bir cüt çeşmə donar
ayın baxışları islanar
yer üzünə toxunan çiskindən.
Bunları mələklər duyar, əzizim
Onların bəxti açılmaz yer üzündə...
Bilmir
Kim qurtulub dünyada naşı sözün köçündən,
Bəlkə də heç keçmədik onun söz süzgəcindən.
Dolandım qönçə fidan duyğuların içindən,
Gördüm, arılar da uyuqdur, gəlib darışa bilmir.
İçimdə kök salan bir ruziyə tapınmışam,
Tağı şaxa uzanan arzuya tapınmışam.
İllərdi, yol gəldiyim duyğuya tapınmışam,
Niyə o qəlbə çatmır, ona qarışa bilmir?
Nemətdir eşq yoluna düşən insanın izi.
Yıxılanda təkandır qaysaq bağlayan dizi.
Yanımda var olanı görür, bu həyat özü,
Qısqanır varlığını mənlə yarışa bilmir.
Ürək ürkək döyünür həsrətin ayazından,
Ruh titrəyir nəfəstək onun soyuq buzundan.
Yorulur, can daralır duyğuların azından,
Qolların da boynuna çatıb sarışa bilmir...
Köynəyinə qor düşən vücud od-alov alır,
Elə bil qollar ayrı, bədən yalın buğlanır.
Gülmür günəşin gözü, səma da buludlanır,
Baxır, yanan bu cismə baxır, barışa bilmir.
***
Ən bəxtli Tanrısan Sən,
yer üzündə bir mələyinə qovuşan.
Sən insan deyilsən ki,
Ey sonsuzluğum, külli ruhum...
Ey eşq kahinim,
ey kainatın Məni,
ya da Mütləqdəki həqiqət...
Ey həsrətimdə yaşayan,
zamandan qədim olan,
könlümün lal dərinliyindən
mənə baxan əzəmət...
Ey dərinlik kölgəsi,
söylə, sənin göyündən
necə görünürəm?
Gözlərim bağlıdır
səndən gələn işığa.
Ey eşq nağılım,
bax ki, həyat yenidən doğulur
kainatın bətnindən.
Keçmişim dərin yuxuya dalır
Şeyx Sənanın zühurunda...
Və ey Sən...
Uzun cümlələr qurub könlümü ovuduram,
Sərsəri bir küləyin nəfəsində əsirtək
Qollarımda gizilti, canımda ayaz ruhu
Şehləmiş bu axşamdan ümid yığıb kəsərtək...
Belə sevməkmi olar?
Nəsə dəyişib nədir, baharın həvəsi ilə
Ağaclar çiçəklərdən sərin kölgə umurlar.
Sağ əlimin altında ürkənin səsi ilə
Darıxan xatirələr gözlərini yumurlar...
Belə sevməkmi olar?
İki qol arasının nə coxmuş həsrət yükü
Axan çeşmə bulaqlar azaltmır çəkisindən.
Taqətsiz bir vücudda yorulmuş insan gücü
Usanmır acısının var olan ölçüsündən...
Belə sevməkmi olar?
Ruhundakı yorğunluq möhtac ləb piyaləyə,
Susuz səhra quyusu qazılıb can boyunca.
Yuxundakı lalələr dolanarkən haləyə
Gözlərində səhərlər açılar xəyalınca
Belə sevməkmi olar?
Nə loğman, nə təbibdir bilməzsən mürid adın,
Bir söz nəfəsi ilə canında can yaradar.
Nə qorxu, hürkü olar, dodağında muradın
Şah damarından axan bəmbəyaz qan yaradar
Belə sevməkmi olar?