Vəsiyyət - Şarl-Lui Filippin hekayəsi

Vəsiyyət - Şarl-Lui Filippin  hekayəsi
4 avqust 2026
# 13:50

Bu gün fransız yazıçı Şarl-Lui Filippin doğum günüdür.

Kulis.az onun "Vəsiyyət" hekayəsini İbrahim Hüseynovun tərcüməsində təqdim edir.

Fayton notarius idarəsinin qarşısında dayandı. Notarius müsyö Rondo, faytondan düşən adamı tanımırdı. Bu, yerli torpaq sahibləri kimi geyinmiş enlikürək, qısaboy, sağlam, ağbəniz kişi idi. Belə adamlar notarius idarəsinə adətən vacib və həm də dolaşıq iş üçün gəlir, sərmayə sahibi olduqlarından, qazanclarına görə çəkinmədən pullarından keçir və hər vasitəyə əl atırlar. Müsyö Rondo gələn adama diqqət yetirdi. Əmin oldu ki, doğrudan da, fikrində yanılmamışdır. Həmin adam dedi:
– Mən vəsiyyət məsələsinə görə gəlmişəm. Arvadımın əmisi oğlu sen-vensanlı müsyö Rusel xəstədir və ölümündən əvvəl vəsiyyət etmək istəyir. Yerli notarius ilə savaşdığına görə onu çağırtdırmaq istəmədi və məndən xahiş etdi ki, bu iş üçün sizi çağırım.

Müsyö Rondo şübhələnmədən getməyi vacib bildi. Bəli, o, müsyö Rusel barəsində çox eşitmişdi, ancaq onu şəxsən tanımırdı. Sen-vensanlı notarius çox təmiz, pak vicdanlı, saf əqidəli, bir sözlə, xalqına sadiq adam idi. Lakin pul, çox vaxt dava-dalaşa və hətta bəzən adamın məhkəmə qarşısında cavab verməsinə səbəb olur. Belə hallarda hər kəs və həmçinin notariuslar da ehtiyatlı tərpənməyi unutmamalıdırlar. Gələn adam vaxt itirmədən müsyö Rondonu aparıb faytona əyləşdirdi. At çox yüyrək olduğundan onları 25 kilometrlik məsafəyə bir saat on beş dəqiqəyə çatdırdı.

* * *

Müsyö Ruselin yaşadığı ev çölün düzündə idi. Adi evlərdən şiferli və ikimərtəbəli olduğuna görə seçilirdi. Evin qarşısındakı bağın girəcəyində iki küknar ağacı əkilmişdi. Onun yanında isə böyük bir bostan vardı. Bu ağ, geniş eyvanlı bina idi. Buranı eyni zamanda yüngül düşüncəli, yelbəyin varlıların yaşadığı evlərə bənzətmək olardı. Notariusu, tez yataq otağına ötürdülər. Çarpayıda yatan müsyö Rusel idi. O danışmırdı, axı xəstələr dinmirlər, onlar ancaq dindirəndə və yaxud özləri zəruriyyət qarşısında qalanda danışırlar. O, ağ topsaqqallı kişi idi. Kreslo, divan, stol, şkaf, güzgü qoyulmuş otaq kifayət qədər böyük idi. Notariusu gətirən adam stolun üstünə mürəkkəb və kağız qoymağı unutmuşdu. O, səbirsiz hərəkət etdi, sanki xəstənin yanında belə hərəkətin yersiz olduğunu anlamırdı. Sonradan, gec də olsa, hərəkətindəki qəbahəti başa düşərək:
– Deyəsən, təkcə mürəkkəb və kağız çatışmır, – dedi.

O, notariusu otaqda qoyub çıxdı. Xəstə, notariusa fikir vermədiyi üçün, o da yatana heç bir diqqət yetirmirdi. Müsyö Rondo otağı nəzərdən keçirdi. Buxarının üstündən fotoşəkillər, divardan isə mənzərə lövhələri asılmışdı. Şkaf güzgülü deyildi. Divanın üstünə ilk baxışda nə olduğu bilinməyən, ədyal və örtüklərlə sarınmış böyük bir bağlama qoyulmuşdu. Onun açıq yerindən nə isə ağ bir şey görünürdü. Müsyö Rondo ona yaxınlaşdı. Ah! O, yaxşı baxa bilmədi, elə şeydi ki, daha baxıb nə olduğunu müəyyənləşdirmək çətindi. Bu, ayaq barmağı idi. Heç şübhə ola bilməzdi. Meyitin başı divanın o birisi küncünə düşmüşdü. Həm də başqalarının nəzərini cəlb etməmək üçün çox səliqə ilə ört-basdır edilmişdi. Bəli, divanın üstündəki bu əşyaları, yastıqları, ədyal və örtüklərlə sarınmış bağlamanı qəzəllərdə təsvir etmək üçün güclü təsəvvürə malik olmaq lazım deyildi.

* * *

Müsyö Rondo özünü elə tutdu ki, guya işdən xəbəri yoxdur. Lakin bununla belə o, öz-özünə dedi: “Əlli yaşım var. İyirmi ildən artıqdır ki, notarius vəzifəsində çalışıram. Nəhayət, əmin oldum ki, pula hərislik adamı hər cinayətə sövq edir. Şübhə yox ki, belə əla üsullu cinayətkarlara birinci dəfə rast gəlirəm. Lakin fikrimə gətirə bilməzdim ki, bu cür iyrənc hərəkəti icra etməyi bacaran adamlar tapılsın”.

O, məsələnin artıq nə yerdə olduğunu başa düşmüşdü. Demək, onun dalınca notarius idarəsinə gələndə, müsyö Rusel ölübmüş. Bu faciəli komediyanı təsəvvürünüzə gətirin! Ölüm vaxtı mərhumun başının üstündə dayanalar onun varisləri deyilmiş. Xudaya! Bəzi adamların başına gör bir nə cür fikirlər gəlirmiş. Hətta onlardan biri mərhumun çarpayısında uzanmağı belə unutmamışdır. Özlərini tanıtmamaq üçün notariusu çağırtdırıb və ona vəsiyyəti yazdırmağı da qət etmişlər. "Lakin bunun mənə dəxli yoxdur, – deyə notarius fikirləşdi. – Mən vəzifəmi yerinə yetirirəm. Birdən əgər bunun üstü açılsa, deyərəm ki, mən notariusam, bu haqda nə eşitmişəm, nə də görmüşəm”. O, bir neçə dəfə bu sözləri təkrar etdi. Elə bil ki, onları beyninə yeritmək istəyirdi. Hətta bu sözlərə inanmağa çalışdı. Çox səy göstərdi, lakin bunların hamısı faydasız idi. Müsyö Rondonu saxta işlərinə görə ömürlük katorqaya sürgün ediləsi bu adamların qanuniləşdirilmiş cinayəti heç də düşündürmürdü! Xeyr! Notariusu təəccübləndirən ölünün çarpayıdan götürülüb divanın üstünə qoyulması idi. Meyitin üzərinə tələsik atılan örtüklərdən belə fərz etmək olardı ki, sanki onu boğmuşlar. O heyrətləndi:
– Demək, bu adamlar ölünün xatirəsini də yad etmirlər. Beləliklə, onlar öləcəkləri günü yaddan çıxarmış və unutmuşlar ki, bir gün gələcək, onlar da göz yaşlarına möhtac olacaqlar”.

* * *

Nəhayət, faciəli səhnə başlandı. Kişi kağızı, qələmi, mürəkkəbi ilə içəri daxil oldu. Müsyö Rondo onu bir daha nəzərdən keçirdi. Lakin o, adi adamlar kimi idi. Onun da bir burnu, iki gözü, bir ağzı və sarışın bığı vardı. Otuz beş yaşı olardı. O da başqaları kimi iki ayağı üstə gəzirdi. “Axı, bu dəhşətdir! Kömək lazımdır! Kaş indi bir adam gələydi”, – Müsyö Rondo düşünürdü.

Müsyö Rondo otaqda tək qalmışdı. Çarpayıda olan adam elə bil birdən cana gəldi, ağır-ağır nəfəs almağa başladı. Notarius xəstəyə dedi:
– Sizə yalvarıram, məni daha qorxutmayın.

Çarpayıda yatan “mən indicə öləcəyəm, tez yazın, siz axı, notariussunuz” sözlərini belə ağzına almadı. Xəstə deyəsən, hər şeyi başa düşmüşdü, arifdi. O, müsyö Rondonu bir neçə dəfə diqqətlə süzdü. Xəstənin gözündə az da olsa qan, əzab və alov nişanələri görünmürdü. Onun gözləri də başqalarının gözlərinə bənzəyirdi. Ancaq müsyö Rondo buna inana bilmədi. Nəhayət, o dilləndi. Səsi aydın idi. Nədənsə o, ağzından zəhərli ilan dilini çıxarmadı. O, vəsiyyətini etdi. Beləliklə o, bütün əmlakını əmisi qızı madam X-ə həvalə edirdi.

Müsyö Rondo necə də bu sözləri yazmaq istəmirdi. Ancaq o özündə bu hünəri görmədi. O öz-özünə: “Mən qorxağam. İyrənc bir hərəkət edirəm. Arvadım və iki uşağım var. Əgər onlara bədbəxtlik üz versə, şikayətlənməyə haqqım yoxdur. Çünki mən hər cür əzab çəkməyə layiqəm”. Bəli, o həyatında birinci dəfə idi ki, fırıldaqçıların toruna düşürdü. Onun başında ancaq bu fikir dolaşırdı: “Qorxuram!” Davam gətirə bilmirdi, ona elə gəlirdi ki, fəqərələri qırılacaq və bir yığın sümük və ət kimi əyildiyi stolun üstünə töküləcək. Ancaq o, təsəlli tapmaq üçün belə bir fikirdən ayrıla bilmirdi: “Mən başqa cür hərəkət edə bilməzdim. Onlar canidirlər. Əgər bir söz desəm, məni güllələyər, başımı kəsərlər”.

Onun yeganə cəsarəti bundan ibarət oldu ki, işini qurtarandan sonra faytona minməyib, iyirmi beş kilometrlik yolu qaçmalı oldu. Yorulanda öz-özünə deyirdi: “Qaç, məlun!”. Evə çatıb tez çarpayısına uzandı. Ac olmasına baxmayaraq, heç nə yemədi, yuxuya getdi. Nəhayət, o, cinayətin, alçaqlığın, ikiüzlülüyün hökm sürdüyü dünyadan ayrıldı.

# 118 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər