"Ölümlər önündən mərdanə və qorxmadan keçənləri sevirəm..." - "Dumanlı Təbriz"dən bir hissə

"Ölümlər önündən mərdanə və qorxmadan keçənləri sevirəm..." - "Dumanlı Təbriz"dən bir hissə
24 mart 2026
# 15:00

Bu gün tanınmış yazıçı, məşhur tarixi romanların müəllifi Məmməd Səid Ordubadinin doğum günüdür.

Kulis.az onun "Dumanlı Təbriz" əsərindən bir hissəni təqdim edir.

Faytonçumuz Novruz adlı qoca bir seyid idi. Qızlar onun qoca olmasına sevinirdilər. Faytonçu Yekan seyidlərindən idi. Bunlar Təbrizlə Mərənd şəhəri arasındakı yolun qərb tərəfində yerləşirlər. Bunların hamısı seyid, hamısı da yolvurandır. Yekan seyidləri çox ucaboylu, çox da güvvətli bir tayfadır. Bunlar İran ordusunda yalnız topçuluq vəzifəsində məşhur olurlar. Faytonçumuz yekanlı olduğundan, bizi Yekan quldurlarının hücumundan müdafiə edə bilərdi. Bu məni bir qədər sevindirmişdi.

Odur ki, yekanlı seyidlərin faytonu ilə başqa faytonların qiymətində çox fərq var idi. Hamı yekanlı faytonu ilə getməyə çalışırdı. Biz Culfadan bir az ayrıldıqdan sonra faytonçunun özü də bunu təkrar etdi. Qızlar da çox sevindilər. Doğrudan da, faytonlar 40 tümənə getdiyi halda mən faytona əlli tümən pəşin vermişdim. Çünki Təbriz bahalıq olduğundan Novruz öz atları və özü üçün Culfadan hazırlıq götürəcəkdi.

Qarşımızdan keçən dəvə karvanlarını müsəlləh qüvvələr yola salırdı. Bütün bu kimi təşəbbüslər yolların qorxulu olduğunu göstərirdi. Hava hələ işıqlanmamışdı. Dərədiz daşları sanki bir qaplan kimi ağzını açıb şimaldan cənuba axan bu karvanları udmaq istəyirdi. Burada həm fayton atlarının, həm də dəvələrin boynundakı zənglərin səsi eşidilmirdi. Yol vuranlar karvan səsini eşitməsin deyə vaxt ikən atların, dəvələrin zəngini çıxarmışdılar. Yol uzundur. Danışmağa əsaslı və uzun söhbətlər lazımdır. Qızlar nə ilə maraqlanır? Tarixləmi? Qəzet xəbərləriləmi? Siyasətləmi? Eşqləmi? Burası məlum deyil. Öz-özümə tarix zərərsiz bir söhbətdir deyə söhbəti İran tarixinə keçirdim. İraida bu söhbəti diqqətlə dinləyir, Nina isə mürgüləyir, uzun kirpiklərini bir-biri üzərinə töküb otururdu. O, yalnız fayton daşlara toxunduğu zaman ayılırdı. Düz yerlərdə isə yenə mürgüləməkdə davam edirdi. Nina mürgüləməklə sanki söhbətimizə etiraz edirdi. Söhbəti gündəlik hadisələrə keçirməyə məcbur oldum. Hava işıqlanmışdı. Qəzetlərdən oxumağa başladım. Nina yenə də mürgüləyirdi. Nəhayət, İraida kiçik qızın bu vəziyyətindən pozulduğumu hiss edərək:

— Bizim bu Nina çox qəribə bir qızdır, — dedi. — Bu heç bir şeylə maraqlanmır. Nə tarix, nə siyasət, nə qəzet, nə incə ədəbiyyat onun qulağına girmir. Buna yalnız romanlar ver, o da nə cür roman? Qəhrəmanlardan, çalıb-çapmaqdan, gizli təşkilatdan, vurub-yıxanlardan danışan romanlar.

Nina yuxudan ayıldı. Gözlərini açdı. Əllərini bir-birinə sürtərək dedi:

— Qəhrəmanlar hər kəs olursa-olsun, gizli təşkilat nədən ibarət olursa-olsun, az qüvvəti böyük qüvvətə qarşı qoyanlar nə məqsəd daşıyırsa-daşısın, mən bunları sevirəm və onların hərəkətilə maraqlanıram, hətta bəzən romanlarda oxuduğum məharətli casusları da sevirəm. Onlarda sənət və məharət vardır. Mən ölümlər önündən mərdanə və qorxmadan keçənləri də sevirəm. Saydıqlarım cəmiyyətin içərisində nadir və az tapılan simalardır. Bunları yalnız mən deyil, hər kəs və hər qız sevə bilər.

Nina bu sözlərdən sonra əlini balaca çantasına atıb bir neçə kitab çıxardı.

— Bax, əsər belə olmalıdır. Baxınız, mən bu cür ədəbiyyatı sevirəm. “Şerlok Xolms”, “Yol kəsənlər kralı”, “Üç tüfəngçi” Bunları hər bir gənc qız oxuyar və onun qəhrəmanlarına hörmət bəslər. Əsərdəki canlı faktları görmək tarixin ölmüş simalarını xatırlamaqdan daha nəşəlidir. Bu kimi əsərlər qəhrəman yetişdirir. Nə sənət sahibi olursan ol, bunlar sənə təcrübə verər.

Nina bu sözləri danışanda dişlərini bir-biri üzərinə basıb iki yumruğunu düydü və bütün vücuduna hərəkət verdi. Bu sözlərdən sonra onun dili qarnında bir qız olduğuna dair şübhəm daha da artmağa başladı. Nina şadlığından titrəyir, İraida ona gülür, mən isə bu müsafirətin nə kimi bir nəticə verəcəyi haqqında dərin-dərin düşünürdüm. Nə qədər böyük səhv etdiyimi xatırlayıb öz-özümə nifrət edirdim. Öz rəğbətimlə casuslar arasına girdiyimə acı-acı gülürdüm. “Nə edəcəksən? İş işdən keçmişdir. Yola çıxmışıq. Mənim başıma özgə fikirlər də girmişdi. Düşünərək öz-özümə deyirdim:

— Doğrudan da, bu cür düşüncədə olan bir qız inqilabi təşkilatın əlində olursa nələr edə bilməz? Nə məharətlər göstərə bilməz?

Gün çıxdı. Dərədizdəki çayçı dükanının qarşısında durduq. Faytonun səsinə çayçı dükanından bir çox silahlı adam dışarı çıxdı. Bunlar Şüca kəndinin inqilabçıları, gəncəli Məhəmmədovlara qarşı üsyan edən kəndlilər idi. Başçıları Ələkbər idi. Mən Ələkbəri görən kimi yaxın gəlməməsi və tanışlıq verməməsi üçün işarə etdim. O anladı. Yaxına gəlmədi. Faytondan düşdük. Qızlar çay içmək üçün dükana girməkdən qorxdular. Bayırda xalça açdılar, səhər yeməyini dışarıda yedik. Ələkbərlə tanış olduq. Sanki bunları heç tanımırdım. Bunlar yolların qarauludur, deyə qızları sakit etdim. Ələkbərdən lazımi sözləri soruşdum və lazımi sifarişləri də aldım. İraida mənim özümdən də şübhə etməyə başlamışdı. Onlar gördükləri müsəlləh qüvvələr haqqında məlumat toplamaq üçün süni adımı tez-tez təkrar edirdilər. Nina mənə çox maraqla baxır, mənim bu müsəlləh qüvvə ilə tanış olduğuma sanki böyük əhəmiyyət verirdi.

Səhər yeməyi bitdi. Yola düşdük. Ələkbər atlanıb bir neçə yoldaşı ilə bizi dar keçidlərdən yola salmağa gəldi. Qızlar onların nə üçün gəldiyini soruşdular. Bununla Nina daha artıq maraqlanırdı.
— Bu atlılar bizi nə üçün yola salır? — dedi.
— Bunların vəzifəsidir. Müsafirləri qorxulu yerlərdə müşayiət üçün hökumət bunlara maaş verir, — dedikdə qızlar çox təəccüblə bir-birinə baxdı, Nina isə: — Hökumət əcəb qeydəqalıcı hökumət imiş. Elə isə bu yollardan getmək çox da qorxulu deyil, — dedi.
— Elədir. Fəqət bəzən bədbəxt hadisələr də baş verə bilər.
Faytonçumuz Novruz Səttar xana qoşulan sözlərdən oxuyurdu. Qızlar bu sözlərə yox, Şərq mahnısına əhəmiyyət verirdilər. Novruz isə özünəməxsum bir ahənglə mahnısını oxumaqda idi:

Səttar xanam, İsmayıl xan oğluyam,
Böyük inqilabın cavan oğluyam!
Sarıldım silaha, canımdan keçdim,
İnqilab camının şərbətin içdim.
Yeddi-səkkiz iyid yoldaş da tapdım,
Kəhər atı minib səngərə çapdım,
Ordular dağıdıb fevclər yıxdım,
Təbrizi o başdan bu başa çıxdım.
Əmrəxiz, Xəyaban, Leylava, Surxab,
Şəşgilan, Maralan, Dəvəçi, Əhrab,
İsmayıl xan oğlu Səttar xan deyir,

Zərbimi, şəstimi tərif eləyir!

Faytonçu Səttar xanın nailiyyətlərindən oxuduqca mən qızlara tərcümə edirdim. Nina bununla çox maraqlanırdı. Nəhayət, məndən soruşdu:

— Doğrudanmı Səttar xan hökumətə qarşı fəaliyyət göstərən təşkilatı səkkiz-doqquz adamla düzəltmişdir?

Nina bunu söylədikdə onun gözünün bəbəklərində gəncliyin incə xüsusiyyətləri oynayırdı. Mən Səttar xandan ona daha bir neçə söz söyləyib dedim:

— O, çox cəsarətlə aralığa atıldı. Az qüvvətlə meydana çıxdı, fəqət sonra bir çoxları onun ətrafına toplandı. Hökumətdən bütün narazı qalan ünsürlər də ona qoşulub hökumətə qarşı mübarizəyə başladı.

— Mən Səttar xan kimi adamları kitablardan aramaqdayam. İndi isə onu mənə həyatda göstərə biləcək bu şəhərə gedirəm.

Söhbətimiz uzun çəkmişdi. Mərənd şəhəri ilə Culfa məbri arasında vaqe olan — Circir kəndinə yetişmişdik. Burada çayçı dükanı vardı. Faytonçular atlarına yem verirdilər. Mən Hafiz əfəndini görəcək idim. Gözləmək lazım idi. Yemək şeyləri yox idi. Yalnız pendir və qatıq vardı. Qızlar da, mən də heç bir şey yemək istəmədik. Yalnız çay içdik. Dükanda mərsiyə oxuyub ağlayırdılar. Ağlayanların bir çoxu mollalar idi. Qızlar bu kütləvi ağlayışdan heyrətə düşdülər. Mən onlara şiəliyin bu adətini anlatdım və oturanların əksəriyyətlə ruhani olduğunu söylədim. Circir Zunuz şəhərinin qoludur. Bu balaca şəhər mərsiyəxanla doludur. Məhərrəmlik ayında bunlar Qafqazın hər tərəfinə dağılıb xalqı ağladır, pul toplayırlar. Burada hamballar, hətta çobanlar belə mərsiyə oxuyurlar. Əlbəttə, qızların buna heyrət etməməsi mümkün deyil idi. Bir azdan sonra Hafiz əfəndini gördüm. O, mənə inqilabçılardan şikayət edirdi:

— Mən bir inqilabçıyam, — deyirdi. — Fəqət insan qanının tökülməsinə razı deyiləm. Bu iş kütlələri inqilab əleyhinə qaldıra bilər. Xüsusən Rəhim xan oğlu Böyük xanın Culfa-Təbriz yolunu kəsib inqilabı boğmaq istədiyi xəbəri əks-inqilab qüvvələrini daha da canlandırır. Mən Hafiz əfəndinin bu sözlərindən onun dinçi olduğunu anladım və bir neçə söz deməyi lazım bildim:
— İnqilabı müdafiə üçün hər nə tələb olunursa, icra edilməlidir, — dedim.

Daha artıq söz söyləməyə imkan yox idi. Quranı hifz etmiş, buna görə də Hafiz əfəndi ləqəbini almış bir adamdan, bundan artıq heç bir şey tələb etmək olmazdı. Onunla vidalaşıb keçdik. Gün batırdı. Mərənd şəhərinə yaxınlaşırdıq. Qarşımızda bir dəstə atlı göründü. Qızlar qorxdular. İnqilabçılar idi. Dəstənin başında duran Aydın paşa adında bir nəfər karslı idi. Aydın paşa qardaşı İbrahimbəy Cahangirovla bərabər İran inqilabında ciddi iştirak edirdilər. Aydın paşadan Heydər Əmioğlunu (Heydər xan) soruşdum. Onun Xoyda olduğunu və Maku qüvvəsi qarşısına qüvvə hazırladığını söylədi. Aydın paşa məni kənara çəkdi. O, Səttar xanın sosial-demokrat rəhbərliyindən razı qalmaması və özbaşına işləməsini, bununla da başıpozuqluq törənməsini xəbər verdi. Mən buna inanmadım, çünki bunların qatı millətçi və dinçi olduqlarını bilirdim. Aydın paşa türklərin də bu inqilaba məhəbbət bəslədiyini və lazım olursa, canlı qüvvə ilə kömək edəcəklərini xəbər verib şadlandı. Səlmaslı Səidini Van şəhərinə getdiyini və bu dostluğun yaxşı nəticə verəcəyini deyərək ayrıldı. Yolumuza davam etdik. Nina yenə də soruşdu:

— Siz hamını tanıyırsınız. Sizi də hər kəs tanıyır. Təəssüf olsun ki, buraya qədər yoldaşlıq etdik, lakin sizin kim olduğunuzu bilmədik. Bu isə bizim üçün təəssüf ediləcək bir haldır. Bizə bu qədər əhəmiyyət verən, bizi çətinlikdən qurtaran bir adamı tanımamaq bizim üçün, doğrudan da, bir nöqsandır.

Mən bu sözləri cavabsız buraxa bilməzdim, çünki məni öyrənmək istəyən qızın haqqımdakı şübhələri daha artmış olurdu. Cavabını verdim:

— Çox az sərmayə ilə ticarət edirdim. Çox yaxşı qazanırdım. Son zamanlarda işim tamamilə düzəlmişdi. Lakin Təbriz-Culfa yolları şuluq olduğundan ticarət karvanlarını tez-tez talayırlar. Bütün var- yoxumu apardılar. Siz gördünüz ki, karvanlar ancaq müsəlləh qüvvə ilə hərəkət edə bilir. Bu isə hər bir xırda tacirə mümkün deyildir. Nə isə, indi əlimdə bir şey qalmamışdır. Gedən mallarımın haqqında çalışmaq üçün Təbrizə gedirəm. Qızların hər ikisi düşündü. Təəssüf etdilər. Nina çox mütəəssir bir halda:
— Bəlkə də, rus general-konsulu sizə yardım göstərə bilər, — dedi. — Mümkün olduqca mən çalışaram. Bəlkə, sizi konsulun yanına da apara bilərəm.
— Çox təşəkkür edirəm.
— Bu atlılar kimdir?
— Bunlar mülkədarlar və xanların atlılarıdır. Bunlar mülkədarların əmri ilə silah altına yığılan kəndlilərdir. Hər kəsin atı özünündür. Silahlar isə ağanındır. Atların və atlıların gündəlik məsarifinə gəldikdə, olduqları və getdikləri yerlərdə rəiyyətlərin öhdəsindədir.
— Mülkədar və xanlar bunları nə üçün saxlamışlar?
— Bunlar ağaların kənd üzərindəki hüququnu müdafiə edir. Məcburi vergiləri və fövqəladə qanunları həyata keçirir, kəndli üsyanlarını boğur, eyni zamanda qonşu mülkədarla ixtilaf çıxdığı zamanda müsəlləh vuruşmaya da çıxırlar.
— Bəs hökumət buna nə deyir?
— Hökumət bunların özüdür, çünki torpaq da, rəiyyət də bunların ixtiyarındadır.
— Hazırkı inqilab bunun üstündəmi gedir?
— İnqilabın səbəbləri ilə çox tanış deyiləm. Ehtimal ki, başlıca səbəblərdən birisi də budur.
— Elə isə inqilab hərəkatı çox güclü və mütəşəkkil bir surətdə getməlidir, çünki kütlə çox böyükdür. Böyük qız Ninanın sözünü kəsib qəti bir baxışla sözə başladı:
— Hərgah vuruşmalar torpaq üstündə isə çox uzun çəkəcəkdir. Bu ixtilaf Avropada çox uzun bir zaman hökm sürmüşdür. Lakin bu yerin şəraitini bilmədiyim üçün bu xüsusda yenə də qəti bir söz deyə bilmərəm.
— Torpaq məsələsi burada bambaşqadır. Torpaq üstündə başlanan bu hərəkatın boğulmasına yalnız mülkədar, hökumət deyil, eyni zamanda ruhanilər də kömək edirlər.
— Bu nə üçündür? Ruhaninin torpaqla nə kimi əlaqəsi vardır?
— İranda ruhaninin özü də mülkədardır. Bunun üçün də mülkədar və müctəhidlər hər bir torpaq hərəkatının boğulması işində birinci rolu oynayırlar. Belə bir şərait ortalıqda ikən torpaq üstündə heç bir inqilab ola bilməz, çünki kəndlilər də avamdır. Kəndlilərin bir çoxu yalnız torpaqla deyil, din və əqidə cəhətincə də mülkədar müctəhidlərə bağlanmışlar. Dinin pərdəsi gözlərini elə qapamışdır ki, onlar torpaq məsələsini aralığa belə atmaq istəməz, çünki belə bir halda onlar təqlid etdikləri müctəhidin əleyhinə qalxmış olacaqdır. İranda başqa bir hal vardır ki, o da bütün torpaqların hakimi olan padşahın kənd alması və özünü bir mülkədar şəklinə salmasıdır. Bu vəziyyətin özü də torpaq məsələsinin həll olunması işində əngəl törədir. Heç bir kəs bu məsələni aralığa atmağa cürət etmir, çünki hərəkatın heç bir yerdən kömək ala bilməyəcəyini anlayır. Məsələn, bugünkü Məhəmmədəli şahı götürmüş olursaq, yalnız Azərbaycanda əlliyə qədər kənd almışdır. O, bir tərəfdən padşah, o biri tərəfdən də böyük mülkədardır. Bunun üçün də İranda başlanacaq üsyanlara və torpaq üstündə çıxacaq hər bir hərəkata qarşı güclü bir qüvvə qoyulur: padşah, ruhani və mülkədar. Bu səbəbdən də İrandakı torpaq məsələsini Avropada başlanmış torpaq ixtilafı ilə müqayisə etmək çətindir.
Nina əllərini bir-birinə vurub:

— İran xalqı nə qədər avam və məzlum xalq imiş? — dedi. — Sonra yenə də mənə müraciətlə sözünə davam etdi:
— Əbəs yerə siz deyirsiniz ki, mən inqilabın səbəblərini bilmirəm. Siz İranı çox yaxşı tanıyırmışsınız. Sizin məlumatınız heç də tacir biliyinə bənzəmir. Məncə, tacir heç vaxt bu kimi incə nöqtələrlə maraqlanmaz. Tacir ancaq iki şey bilər: o da zərər, bir də mənfəət. Siz isə siyasi məsələlərdən danışırsınız.
— Mən kim və nəçi olduğumu isbat etmək üçün sizi rahatsız etməyəcəyəm. Mən İran tacirləri ilə çox görüşmüşəm, onların çoxu da məşrutəçi sosial-demokratlardır. Bunu başqaları da mənə söyləmişdir. Mən eşitdim ki, hətta inqilabın rəhbərliyi də proletar əlində deyildir. Mən bu cür alış-verişçi inqilabçıların sosial-demokratlığı öz mənafelərinə uyğun bir şəklə salmaq istədiklərini də eşitmişəm. Əlbəttə, bu kimiləri torpaq inqilabı baş verdiyi vaxt İran kəndlisini də atar və sata da bilər.

— Əcəba, həqiqi inqilabçılar nə işlə məşğuldur? Deyə bilmərəm. Onların içərisində olmamışam. Mən ancaq bunu deməliyəm ki, bu inqilaba yalnız sosial-demokratlar deyil, onlarla heç bir əlaqəsi olmayan ünsürlər də qoşulmuşdur.

— Nə üçün? Əcəba, bunları həqiqi sosial-demokratlar nə üçün öz sıralarına buraxır?
— İnqilabçıların, məncə, bu cür işləri araşdırmağa vaxtı ola bilməz. İnqilabçı sosial-demokratlarla əlaqəsi olmayan xırda burjuaziya belə, bu inqilaba qoşulmuş və hərəkatın güclənməsinə yardım etmişdir. Hətta şahdan, yerli hökumətdən, əks-inqilab sırasında gedən nüfuzlu adamlardan da narazı qalanlar Səttar xan hərəkatına yardım etmişdir.

— Ola bilməz! — Hər yerdə olduğu kimi, burada da olurmuş. Məsələn, mən belə bir şey eşitdim. İndi icazə varsa, eşitdiklərimdən birini deyim. İndiki padşah bir az əvvəl Təbrizdə vəliəhd olduğu vaxt Mir Manaf adlı məşhur bir sərrafın kiçik oğlunu apartdırıb namusuna toxunmuşdu. Mir Manaf böyük tayfalı bir adamdır. Tayfası da xırda bankirlərdən ibarətdir. Bunlar Məhəmmədəlidən intiqam almaq üçün əlverişli bir vaxtı gözləyirdilər. Nəhayət, o vaxt yetişdi. Kütlələr Məhəmmədəliyə qarşı üsyan qaldırdılar. Mir Manaf da öz tayfası ilə bərabər bu hərəkata qoşuldu. Doğrusu, mən bu məsələ ilə çox maraqlanıram. Təbrizə getsəm, bunu lazımi qədər öyrənməyə çalışacağam. Amma, deyilənlərə görə, hazırda inqilab genişləndiyi və ümumi mənafeyi yerindən sarsıtdığı üçün Mir Manafla bərabər bir çox xırda burjuaziya və ruhanilər də əks-inqilab qərargahına keçmişlər. Burasını da Təbrizdə öyrənməliyik. Hər halda mən indi bilirəm ki, bu inqilab çox maraqlı bir şeydir.

Söhbət çox dərin getmişdi. Mən hiss edirdim ki, qızların düşüncəsi bu sözləri əhatə edə bilmir və mənimsəməkdə aciz qalır, çünki Nina çox dərin düşüncəyə dalmışdı. Mərənd şəhəri görünürdü. Hər birimiz şəhərin ətrafını, bağları və şəhərdənkənar xırda məhəllələri gözdən keçirirdik. Söhbətin arası kəsilmişdi. Küçələrə girdikdə böyük-kiçik faytonumuzun ətrafına toplaşmışdı. Yorğun atlar çox yavaş gedirdi. Bizi müşayiət edən küçə adamları faytonla ayaqlaşıb bərabər gedə bilərdilər. Çox qəribə səslər eşidirdik.

— Məhəmmədağa, matuşkalara baxl
— Ağabala, qoyma gəldi.
— Böyükağa, maldı ha! - Ağabala, oyandakına bax!
— Məhəmmədağa, əsl mən deyəndir...

Bu cür səslərdən çox eşidirdik. Eşidilən səslər göstərirdi ki, Mərənd şəhərində Ağabala, Məhəmmədağa, Böyükağa adını daşımaq çox böyük adətdir. Bizi Şüca Nizamın mehmanxanasına qədər yola saldılar. Şeylərimizi götürüb pillədən yuxarı çıxıncaya qədər “matuşkaya bax” səsini eşidirdik.

Mehmanxana çox təmiz deyildi. Lakin yenə də rahat olmaq üçün əlverişli idi. İki otaq götürdük. Şam etmək və çay içmək üçün qızlar da mənim otağımda idilər. Samovar qaynaya-qaynaya gətirildi. Çaya lazım olacaq şeylərin hər birini bir adam gətirirdi. Şeyləri gətirənlərin hər birisi müəyyən bir söz soruşmamış geri qayıtmırdı. Örtülü istintaq bitəndən sonra biz çay içməyə başladıq. Fəqət yenə də qapını açıb örtənlər vardı. Bunlardan hamısı Şüca Nizamın (Mərənd general-qubernatoru) xəfiyyələri idi. Təbrizə nə kimi adamlar getdiyini öyrənməyə çalışırdılar. Çaydan və yeməkdən sonra vəsiqələri də yoxlamağa gəldilər. Qabaqca qızlar öz vəsiqələrini verdilər. Vəsiqə yığanlar oxuya bilmirdi. Oxumaq üçün mənə təklif etdilər. Oxudum, rus konsulxanasına getdiklərini söylədim. Ehtiram etdilər. Başlarını əyib “əfv edin” deyə bayıra çıxdılar.

Mənim vəsiqəmi soruşmadıqları kimi, daha qapını da tez-tez açıb baxmaqdan vaz keçdilər. Səhər tezdən qalxıb yola düşmək lazım idi. Axşam yeməyini saat 10-da bitirib yatmağa hazırlaşdıq. Qızların otağı möhkəmdi. Mənim otağımla yan-yana idi. Qorxmurdular. Qapını içəridən bağlayıb yatdılar. Otaqların kirayəsini və yemək xərcini axşamdan verib otağımıza qapandıq.

# 185 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər