Dilənçi - Bəhruz Tağızadənin yeni hekayəsi

Dilənçi -  Bəhruz Tağızadənin yeni hekayəsi
7 may 2026
# 10:45

Kulis.az Bəhruz Tağızadənin "Dilənçi" hekayəsini təqdim edir.

"ŞƏXSİYYƏTSİZ"

Bu hekayə uydurmadır.

Burda yazılanların heç biri guya baş verməyib.

Amma küçədə böyüyənlər bilir —

bəzən uydurma ilə gerçəyin arasında elə də böyük fərq olmur.

Mən dilənçiyəm. Dilənçilərin haradan gəldiyini, harada yatdığını, harada böyüyüb dilənməyə başladığını heç kim bilmir. Onların qohumlarını da heç kim tanımır. Sanki onlar bir gün qəfil peyda olur və insanların arasında yaşamağa başlayırlar.

Gözümü açandan özümü rəqəmlərlə başlayan yer adlarında gördüm — 20 Yanvar, 28 May... Bu yerlərdə daimi yaşayıb işləyənlər məni üzdən tanıyır. Universitetlərin, xəstəxanaların, idarə binalarının qarşısında dayanıb insanlara baxa-baxa dilənirəm.

Yeganə peşədir ki, insan bu işə dünyaya gəlməmişdən əvvəl başlaya bilir. Əgər anan dilənçidirsə və sən onun bətnindəsənsə, insanlar sənin hələ doğulmamış varlığına görə ona pul verirsə, deməli sən bu peşəyə doğulmamış qoşulmusan.

Mən bir az gec başlamışam — doğulandan bir həftə sonra. Anam məni necəsə dünyaya gətirib, altı gün gizlədib. Yeddinci gün ya öldürməyə ürəyi gəlməyib, ya da qanundan qorxub bunu etməyib. Məni bir dilənçi ailəsinə verib.

Və o gündən sonra məni heç vaxt axtarmayıb.

Gözümü açıb özümü çirkdən bozarmış, pis qoxulu, cır-cındır paltarlarla dolu bir evdə görmüşəm.

Məni Baro adlı bir kişi, Lala adlı bir qadın böyüdürdü. Baro adını adamlara Zakir, Lala Laləzar deyirdi. Məndən başqa evdə 3 uşaq var idi. Mən ögey onlar doğma iki bacı, bir qardaş idilər.

Biz evdə yalnız səhər yeməyi yeyirdik və gecə yatmağa gəlirdik. Naharı və şamı diləndiyimiz yerlərdə edirdik . Bizim evdə hamı dilənçi idi. Lap kiçik olanda evin qadını, bəzən kişisi məni yanına salıb diləndirirdi. Sonradan tək dilənməyə başladım. Diləndiyim pulları axşam yaşadığım evin kişisinə verirdim. Baro məni öyrətmişdi, valideyinlərimi soruşan olanda Xocalıda itirdiyimi deyirdim.

Bu evə hamı hər axşam pul gətirirdi. Evə girən pul on müəllimin maaşından çox olsa da, yaşayış tərzi ən kasıb ailələrin səviyyəsindən fərqlənmirdi. Bu evdə heç vaxt ad günü keçirilməmişdi.

Mən uzun müddət ad gününün nə olduğunu bilmədim. Küçədə uşaqların tort kəsdiyini, şam üfürdüyünü görəndə elə bilirdim ki, bu da varlıların növbəti oyunudur. Bizim evdə isə hər gün eyni idi — səhər dilənmək, axşam pulu saymaq.

Pul çox idi, amma o pulun içində həyat yox idi.Biz pulun evə gəldiyini görürdük hara getdiyini isə bilmirdik.

Bu peşədə təmiz geyimə ehtiyac yoxdur. Əksinə, geyimin nə qədər çirkli, nə qədər cındır olsa, insanlar sənə bir o qədər tez inanır, bir o qədər tez yazığı gəlir. Bu işdə nə diplom lazımdır, nə də hərbi bilet.

Başqa insanlar üçün şikəst olmaq bədbəxtlikdirsə, bizim peşədə bu, “üstünlük” sayılır. Çünki insanların ən çox acizliyə yazığı gəlir.

3-4 yaşım olanda Baro ayağımın bir tayını qəlibə salıb məni şikəst etmək istəmişdi ki, daha çox insanın mənə yazığı gəlsin. Amma bunu Allah qorxusundan yox, qanun qorxusundan etməmişdi. Baxmayaraq ki, heç bir sənədim yoxdur Lala necəsə uşaqlara vurulan peyvəndlərdən mənə də vurdurmuşdu. Qripdən, qızılcadan başqa bir xəstəlik tanımıram. Cəmi iki dəfə dişim ağrayıb.

Sırtıq olmayan adam dilənçi ola bilməz. Kimsə sənin üzünə tüpürəndə, ya başına qapaz vuranda sən ona gülümsəyib təşəkkür etməlisən.İnsanlar üzünə tüpürdükləri adamlar sakit davrananda rahatlaşırlar. Bunun yüz dəfələrlə şahidi olmuşam. Və insanlar dilənçilərdən heç vaxt heç nə istəmirlər.

Rəsmi adım heç yerdə olmadığına görə əsgərliyə də çağırmamışam. Vətən də məndən heç nə istəməmişdi. Vətənin də mənə yazığı gəlirdi.

Amma bir şeyi hələ də başa düşə bilmirəm: biz həqiqətən yazıqıq, yoxsa sadəcə yazıq görünməyi öyrənmişik?

Baro mənə metronun giriş-çıxış hissəsinə düşməyi qadağan etmişdi. Bir dəfə — hələ 10-11 yaşım olardı — qadağanı pozub ora düşdüm. 20 Yanvar metrosunun "Azərsu" tərəfdən girişindən girib "Velotrek" tərəfə gedən keçidin dönüşünü döndüm.

Azca irəlidə, 60-65 yaşlarında, yazıq sima almış bir qadın kartonun üzərində uzanıb, əlində xəstə uşaq şəkli — "yalvarıram sizə, bu uşağı ölməyə qoymayın" — deyə-deyə əl açıb dilənirdi. O bunu elə məsum simada edirdi ki, az qalırdım bütün pullarımı ona verim.

Onun 20-30 metr irəlisinə keçib mən də dilənməyə başladım. Qadın məni görürdü. Günortaya qədər xeyli pul yığdım. Heç kim heç nə demədi.

Günorta yaxınlaşdıqca acdım. Nahar etmək üçün yerin altından çıxırdım. Sonuncu pilləkənə ayağımı basanda, məsum üzlü dilənçi qadın biləyimdən tutub üzümə gülümsədi.

Məni dartıb özü getdiyi istiqamətə apardı. Hərdən çevrilib üzümə baxırdı. Baxışları elə idi ki, az qala indicə deyəcəkdi: "yalvarıram sizə, bu uşağı ölməyə qoymayın".

Binaların arasına girdik. Biləyimi bir az da sıxdı. Növbəti dəfə onun üzünə baxanda artıq ciddi bir sima gördüm. Xəstə uşağın şəklini və diləndiyi pulları qara çantasına qoymuşdu. Mənim baxdığımı görən kimi yenidən məsum bir sifət aldı.

Blokların birinin önündə gülümsəyərək, düz gözlərimin içinə baxa-baxa yeriməyə davam etdi.Bu "məsum" baxış tüklərimi biz-biz etdi.

Nəhayət, bir bloka girdik. Məni yarıqaranlıq blokda, liftin yanındakı pilləkənlərin altındakı boşluğa fırladıb divara qısnadı.

Dik gözlərimin içinə baxa-baxa məsumiyyəti zəhmli bir simaya çevrildi. Belə şeylər ancaq cizgi filmlərində olur. Amma bu, gerçək idi.

Kök, qara qadın bir saniyədə dəyişdi.

Vahiməyə büründüm.

Qadın dilənçi çevrilib mənfi kino qəhrəmanına oxşadı.

Biləyimi buraxıb yaxamdan yapışdı. Başıma qapaz vura-vura dedi:

— Küçük, səni bir də orada görsəm, bax bu biləyindən tutub sürüyə-sürüyə aparıb qatarın altına atacam.

Mən dəhşət içində susdum.

Qapazları dayandırıb çimdikləməyə keçdi:

— Bicbəzzad, nə qədər dilənmisən?

Mən diləndiyim pulların hamısını çıxarıb ona göstərdim. 37 manat pul idi.

Pulları əlimdən alıb qara çantasına soxdu. Qolumdan tutub məni pilləkənə tərəf tolazladı.

Söyə-söyə blokdan çıxdı. Sonra heç nə olmamış kimi gəldiyimiz istiqamətə doğru yol aldı.

Mən o hadisənin təsirindən pilləkəndə iflic xəstələri kimi oturub gözlədim. O gündən sonra həmin yer, ümumiyyətlə, metro mənim üçün kabusa çevrildi.

Heç vaxt metroda dilənmədim. Elə bilirdim, metroda dilənsəm, o qadın biləyimdən tutub aparıb qatarın altına atacaq.Sərnişin kimi də metrodan az istifadə etməyə başladım. Platformaya düşən kimi elə bilirdim qadın indicə biləyimdən tutub məni metro qatarının alına atacaq. Və insanlar bunu adi bir şey kimi qarşılayıb əhəmiyyət verməyəcək. Çünki qadın mənim biləyimdən tutub bloka aparanda hamı öz işi ilə məşğul idi. Heç kim bizə baxmır, bunun fərqinə varmırdı.

Elə bilirdim, məni qatarın altına atmağa aparanda da hər şey eyni cür olacaq.

Həmin gün həyəcandan heç yerdə dilənə bilməmişdim. Yeməyə də iştaham olmadı. Oradan çıxıb yaşadığım Baronun evinə tərəf yön almışdım.

Evdə təkcə Baro idi. Qalanları hələ dilənməkdə idi. Pul az olanda onun verdiyi suallardan, başıma vurduğu qapazlardan zəhləm gedirdi.

Həyəcanlı olduğumu hiss etdi.

— Niyə tez gəldin? İşlədiyin hanı?

— Heç nə yoxdur.

Səsini sərtləşdirdi:

— Niyə?

Ona yarıyalan danışdım:

— Metroya düşdüm. Orada işləyəndə iki oğlan məni tutub bir binanın blokuna apardılar, döydülər. Pulu da əlimdən aldılar. Otuz yeddi manat işləmişdim.

— Sənə deməmişəm ora girmə?!

Başımı aşağı saldım.

— Ayaqqabım cırılıb. Fikirləşdim ki, çox işləyim, sənə deyim, mənə ayaqqabı alasan.

Bu dəfə üstümə çox gəlmədi.

-Çox döymədilər səni?

-Bir-iki qapaz vurdular.

-Qapazın eybi yox. Bir də ora girmə. Ayaqqabını oktyabrda alarıq. Birdivli isti, qış ayaqqabısı.

Oktyabra hələ üç ay var idi.

— Ayağıma daş girir. Yaxşı işləyə bilmirəm.

Bir az susdu. Sonra laqeyd şəkildə dedi:

— Yaxşı, sabahkı işindən alarıq.

Onun “sabahkı işindən alarıq” deməyi mənə qəribə gəldi. Bilirdim ki, sabahkı pul da onun cibinə gedəcək. Amma yenə də heç nə demədim. Bu evdə sual vermək, öz haqqını istəmək ən təhlükəli şey idi.

Otağın bir küncündə oturub ayaqqabımın cırılmış yerinə baxırdım. Barmağım çöldən görünürdü. Soyuq daşın üstündə gəzdikcə elə bil ayağım yox, içim üşüyürdü.

Baro siqaretini yandırıb tüstünü tavana doğru üfürdü. Sonra mənə baxmadan dedi:

— Sabah səni başqa yerə qoyacam.

Başımı qaldırdım:

— Hara?

— Xəstəxananın qabağına. Orada yaxşı pul olur. Özünü bir az da yazıq göstər. Ayağındakı əsl işə uyğun ayaqqabıdır.

-Ayağıma daş girir. İşləyə bilmirəm-təkrar dedim.

-Yaxşı.

Heç nə demədi. Mən artıq başa düşürdüm ki, bu işdə ən vacib şey ac qalmaq yox, inandırıcı görünməkdir.

O gecə hamı evə qayıdanda mən yatmış kimi uzandım. Heç kimlə danışmaq istəmirdim. Gözümü yumdum, amma yuxu gəlmədi.

Fikrim hələ də metroda qalmışdı-o qadının gözləri, birdən dəyişən sifəti, biləyimdə hiss etdiyim o sərt barmaqlar.

Ən çox qorxduğum isə o deyildi.

Məni ən çox qorxudan o idi ki, heç kim heç nə görmədi.

Elə bil mən ümumiyyətlə yox idim.

Məndən başqa 20 Yanvarda çox dilənçi var idi. Əsasən “Velotrek” ticarət mərkəzinin dükan sahibləri onlara pul verirdi. İçlərində biri saz çala bilməsə də, barmaqlarını eyni pərdədə saxlayıb dınqıldadırdı. Ondan soruşurdular ki, başqa aşıqlar barmaqlarını pərdələrdə gəzdirir, sən niyə eyni yerdən tutursan? O isə deyirdi ki, onlar mənim tutduğumu axtarırlar. Hər dəfə hamı buna gülürdü — haha, hihi.

Kişilər onu telefonun kamerasına çəkə-çəkə ələ salır, söydürürdülər. Adı Vəlixan idi. Vəlixan pul müqabilində adamları söyürdü. Ətrafdakılar da buna gülürdü. Deyirdi: “Filankəs, səni aparıb dəli gilasın altında başına oyun açacam. Lap ilan məni çalsa da, sənin ağzını, üzünü murdarlayacam.” Adamlar yığışıb buna gülürdülər.

Vəlixan məni görən kimi ətrafdakıları güldürmək üçün heç kimin tanımadığı anamı söyərdi. Onunla bağlı uydurma eşq hekayələri danışardı. Guya haradasa anamla onu qamışlıqda güdmüşəm. Bu sözlər insanların sanki ən çox sevdiyi şeylər idi. Vəlixan anamı nə qədər çox söyürdüsə, onlar da bir o qədər çox gülürdülər.

Mənə isə Vəlixanın söyməsi yox, insanların gülüşü daha dəhşətli gəlirdi.

Vəlixan arağa və “zakuska”ya görə dilənirdi. Arağı, zakuskası tamam olan kimi dilənməyi dayandırırdı. Çox içəndə gedib bazarın arxasındakı trasfarmatorla söhbət edirdi. Hətta bir dəfə nəvəsinə velosiped almaq üçün də dilənmişdi. Nəvələri ona “baba” deyirdi.Vəlixanın da başına qapaz vururdular.

Başqa bir dilənçi də Baxış idi. O, dükan sahiblərinə seçmə şeirlər deyirdi, əvəzində pul alırdı. Kostyumda, qalstukda gəzirdi. Dilənçidən çox universitet müəlliminə oxşayırdı. Fəxrlə deyirdi ki, bir neçə toyda tamada olmuşam. Baxış şair görəndə gözləri işıqlanırdı — sanki peyğəmbər görmüş adam kimi həyəcanlanırdı.Və mütləq yaxınlaşıb gördüyü şairin vaxtını alır, onu adamlara fəxrlə təqdim edirdi.Heç kim Baxışın başına qapaz vurmurdu.

Onun dilindən “Qala adam"şeirini o qədər eşitmişdim ki, artıq əzbər bilirdim.Baxış bu şeiri deyəndə diqqətlə qulaq asır, düşünürdüm. Bir dəfə bu şeirdən sonra gedib Vəlixanın söhbət etdiyi trasvarmatorun yanında doyunca ağlamışdım.Şeiri elə bil mənim üçün yazmışdı.

Hər adamın sığınmağa

Bir qalası olsun gərək.

Bu qaynaşan pis gözlərdən

Bir xilası olsun gərək.

Nicat yoxdu bolca vardan –

Hündür divar, dik hasardan!

Adamı daş adamlardan

Qala - Adam alsın gərək!

Şeirin müəllifinin adı şair Rəşad Məcid idi.

Bir dəfə Baxış bir kişiylə söhbət edirdi. Məni yanına çağırıb dedi: — A bala, tanı bu kişini, şairdir-Rəşad Məcid.

Şairin üzündə qəribə bir arxayınlıq vardı. Dodaqlarının kənarında yarımçıq bir təbəssüm gəzirdi. Gözləri adama tələsmədən baxırdı. Qarşısındakı danışanda elə bil sözlərə yox, onun iç səsinə qulaq asırdı. Heç nəyə təəccüblənməyən adam təsiri bağışlayırdı. Saçlarına düşən dən isə ona ayrıca bir ağırlıq verirdi.

O elə gülümsüyürdü ki, sanki ona heç vaxt yalan danışmaq olmazdı.

Dilənçi olduğumu bildi mənə pul uzatdı. Şair mənə elə əzəmətli göründü ki, onun uzatdığı pulu almadım.

Mən böyüdükcə adamların mənə yazığı gəlmirdi. “Get işlə, pul qazan” sözünü tez-tez eşidirdim. Uşaq olanda bu sözü heç kim mənə deməmişdi. İndi isə diləndiyim iki adamdan biri mütləq bunu deyirdi. Bu, mənim ən zəhləmi tökən söz idi.Baro deyirdi ki, yanıma bir uşaq verəcək bundan sonra insanların ona yazığı gələcək. Hər şey düzələcək.

Həmin ərazidə başıma qapaz vuran qadın da oldu. Mən 17 yaşında idim, onun isə təxminən 35 yaşı olardı. Binanın altındakı evi obyektə çevirib gözəllik salonu açmışdı. Salon onun olsa da, içəridə altı qadın işləyirdi.

Bir gün səhər tezdən işə çıxmışdım. Baro deyirdi ki, səhər vaxtı işə gedənləri tutmaq daha sərfəlidir.

Gözəllik salonunun yanından keçəndə onu gördüm — bir kişi həmin qadını maşından düşürüb getdi. Qadın açarı çıxara-çıxara içəri tərəf gedirdi. Sərxoş idi. Mən onu izləyirdim.Ona arxadan baxmaq xoşuma gəlirdi.

Qapını açıb içəri girən kimi dayandı,bir anlıq sanki dünya fırlandı və o, yerə əyilib qusmağa başladı.

İçəri keçdim.

Məni tanıyırdı. Bilirdi ki, dilənçiyəm.

— Həkim çağırım? — dedim.

O, başını tərpədib “yox” dedi. Sonra barmağı ilə qusduğu yeri göstərdi:

— Onu təmizlə.

O bu halındada mənə hökmlə əmr verə bilərdi. Çünki mən dilənçiydim.

Divana yarı uzandı. Gözlərini yumurdu, açırdı… özünü saxlaya bilmirdi.

Tualeti göstərdi:

— Orda əski var.

Mən əski götürüb təmizləməyə başladım. On dəqiqə vaxt getdi.

Əl-üzümü yuyub qayıdanda jurnal masasının üstündə 10 manat qoymuşdu.

— Götür.

Pulu götürmədim.

Bir anlıq otaqda qəribə bir sükut yarandı. O sərxoş idi, mən isə ac. İçimdə nəsə dəyişirdi.

Sonra mən yaxınlaşdım.

Bunu nə istək adlandırmaq olurdu, nə də plan. Daha çox "aclıq" ilə maraq arasında qəribə bir instinkt idi. Əlimi onun yaxınlığına apardığım an o, birdən gözlərini açdı.

Bir saniyədə hər şey dəyişdi.

Sanki sərxoşluq yox oldu.

Məni sərt şəkildə itələdi.

Sonra üzümə qapaz vurdu. Ardınca təpik və söyüşlər.

— Rədd ol!

Məni qapıya doğru qovdu.

Çıxanda başımda tək bir şey qalmışdı: o 10 manat və o baxış.

Qadına görünməmək üçün istiqaməti dəyişdim. Bir həftə onun acığının soyumasını gözlədim.

Bir həftə sonra səhər tezdən yenə həmin yerdən keçəndə məni gördü. Bir anlıq dayandı, öz-özünə nəsə dedi. Dəqiq bilirdim — məni söyürdü.

Birdən əli ilə məni çağırdı.

İçəri keçdim. Qapını arxadan örtdü.

Elə həmin anda o günkü kimi sərt şəkildə başıma qapaz vurdu.

— A cındır! Sən məni pozğun hesab elədin? Ananla səhv saldın məni! Dəyyus səni polisə verib ağaca soxduracam!

Mən susdum.

— Kameraya düşüb hər şey, cındır! Nə tüpürüləsi üzün var!

Bir anlıq sakitcə dedim:

— Üzümə tüpürsəniz, hirsiniz soyuyar?

Siması dəyişdi. Gözləmədiyi sual idi. Duruxdu.

— Hə — dedi.

— Onda tüpürün üzümə.

— Xəstəsən sən? Manyaksan sən?

— Xahiş edirəm… tüpürün üzümə.

O, ehtiyatla yaxınlaşıb üzümə tüpürdü.

— Bir də… daha sərt, lombasıyla.

Dayandı.

Sonra ağız suyunu dilinin ucuna yığdı və daha kobud şəkildə üzümə tüpürdü.

— Bundan həzz alırsansa, ala — dedi və yenə tüpürdü.

Üzüm onun tüpürcəyi ilə dolmuşdu.

Mən isə o vəziyyətdə tək bir şey istəyirdim — o anı saxlayacaq bir şəkil. Elə bil heç kimdə olmayan bir yadigar.

Başa düşməyə başladım ki, istifadə olunmuşam, diləndiyim pulların mənə heç bir faydası olmayacaq. Bu ailədən qurtulmaq qərarına gəldim. Hərfləri tanımadığım üçün ondan-bundan “ora nə yazılıb?”, “bura nə yazılıb?” deyə soruşmaqdan da bezmişdim.

Yaşımı dəqiq bilmirdim, məncə, 16 yaşım olanda yazıb-oxumağı öyrənməyə qərar verdim. O vaxta qədər təkcə “A” hərfini tanıyırdım. Onu necə və hardan öyrəndiyimi xatırlamıram.

Yadımdadır, siqaretə başladığım gün idi. Elə həmin gün məktəbə gedib özümə müəllim tapdım. Düşünürdüm ki, siqaret məni böyüdəcək, kişiləşdirəcək.

Müəllimin yanında ilk yazdığım söz “ana” oldu. Onu heç vaxt görməmişdim. Dilənçi olmağımın günahını da məhz bu üç hərfdə axtarırdım. Atamda yox, məhz anamda.Anamı axtarmağa da qorxurdum. Məncə o hardasa yüngül həyat keçirirdi,ya da ölmüşdü.

Anamı heç vaxt görməmişəm.

Amma “ana” sözünü ilk dəfə yazanda əlim titrəmişdi. Müəllim dedi ki, düz yazmısan. Mən isə inana bilmirdim — bu qədər asan söz necə bu qədər ağır ola bilər?

Sonra anladım.

Bizim kimi adamların taleyi insanlarda yox, baxışlarda yazılır.

Kim necə baxdısa, biz o olduq.

Biri yazıq kimi baxdı — yazıq olduq.

Biri iyrənərək baxdı — iyrənc olduq.

Biri heç baxmadı — yox olduq.

Mən ən çox bundan qorxdum.

Yox olmaqdan.

Bir gün güzgüyə baxdım. Üzümə tüpürülmüşdü, quruyub qalmışdı. Silmədim.

Baxdım.

Özümü tanıdım.

O an başa düşdüm — mənim anam məni atmamışdı.

Məni hər gün, hər baxış, hər qapaz, hər tüpürcək yavaş-yavaş doğurdu.

Və mən hələ də doğulmaqdayam.

Barogildən ayrılmaq qərarım qəti idi. Nə biləydim ki, bu ayrılıqdan sonra tale məni mafiyanın içinə atacaq. Nə biləydim ki, bu dünyanın tanımadığı gizli bir dünyanın sakini olacağam. Nə biləydim ki, həyat məni burulğanda boğub-boğub, son nəfəsimdə yenidən hava verib ayıldacaq. Mən Barodan qurtulanda azadlığın həyəcanını yaşayırdım, xoşbəxt xəyallar qururdum. Sən demə, həmin vaxt Allah kənardan mənə baxıb xəyallarıma gülürmüş...

(Ardı olacaq).

# 158 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər