Çağdaşın klassikası - Furqan Əliyevin hekayəsi

Çağdaşın klassikası - Furqan Əliyevin hekayəsi
21 oktyabr 2025
# 13:40

Kulis.az Furqan Əliyevin "Çağdaşın klassikası" adlı hekayəsini təqdim edir.

“Gözlərini açanda özünü parkda, bir ağacın altındakı skamyada oturmuş gördü. Nə qədər cəhd etsə də, bura necə gəldiyini xatırlaya bilmədi. Birtəhər qalxıb addımladı. Qəribədir, yol həmin yol idi, ancaq ətraf tamam fərqli. Addımlarını azca yeyinlətdi. Evə getməyə qərar vermişdi. Qəribə duyğu, bir qorxu hissi onu tam əsarətinə almışdı. Nəhayət, üzbəüz dayandığı qapının zəngini basdı. Qapı açıldı, ancaq...”

(Sürüşdürdü)

“Əksər hekayətlər belə başlanır: Ya kimsə bir qəsəbəyə gəlir, ya da kimsə bir qəsəbədən gedir...”

(Sevimli videolar toplusuna atdı)

Bunu görcək, sanki öz ifadəsiymiş kimi ətrafındakı hər kəsə eyni “kəlamı” döşəyən Çağdaş eyni bir dildən çıxan: “Hay-küy salın! Çünki hay-küy hər dildə eyni mənaya gəlir” çağırışını həmişəkitək bir qırağa atdı. Yəni...

(Yenə sürüşdürdü)

Haqqında absurd “dastanlar” yazılası qəhrəmanımız hərbi çağırışda boyunun yüz əlli santimdən az-maz çox olub, çəkisinin üçrəqəmli ədədlə işarələnməsinə lap yaxın olduğunu görmüşdü.

Panda kimi... ən azı bir həyat amalı olan heyvana qarşı hörmətsizlik olar, bəlkə də, ancaq Çağdaş görünüşcə eynilə o heyvana bənzəyirdi. Qozbel gövdəsi özü də böyük səbəbkar idi buna, ancaq ən son nə zaman gördüyünü xatırlamadığı atasının cibindən tökülən pulla getdiyi bahalı kursun qapısından girməsi ilə bilindi ki, bu panda görünüşü hər şeydən əvvəl xasiyyətin təcəssümüdür.

Yeri gəlmişkən, Çağdaşın zənnincə, məktəbi yenicə bitirsə də, xarici, daha doğrusu, arzusunda olduğu Türkiyə siyasətinin içinə atılmağa biraz gecikməsi idi bu bahalı kursa getməsinin səbəbi. Bir ilini təsərrüfat ilə əlaqəli bir fakültədə, buralarda yola verib ilin sonunda Ankaraya getmək istəyirdi. Siyasəti, zibil yeşiyinin içinin çeşidliliyi kimi qarışıq sahələrdən birini seçibmiş kişinin oğlu. Bu Türkiyə arzusu da anasının işi ilə bağlı İstanbula köçməli olduğundan doğan altı illik bir “fürsət və xoşbəxtlik” dövrünün həsrəti idi.

Orada oxuduğu humanitar məktəbdə, ətrafında gördüyü “sağcı”, “solcu”, ateist filan partiyanın gizli, lap elə açıq-aşkar üzvü olan müəllimlərin və onlara heyran şagirdlərin arasında olmaq imiş onun üçün həqiqət. Bir dəfə kiməsə Türkiyədən iki il əvvəl buralara qayıdışını nəql edərkən, bir az əvvəl saydığım tipdən insanlardan filan nömrəli məktəbə keçməyini yerdən-yerə vuraraq, üstəgəl də sonrasında sanki bunun onun üçün bir önəmi varmışcasına məktəbin neçə nömrəli olduğunu yenidən vurğulayaraq gülmüşdü. Həmişə də son iki ildə, bura gəldikdən sonra olan və ya əslində heç olmayan şeylərin danışılmayacaq qədər uzun məsələlər olduğunu deyirdi. Səbəbini bilməsə də, anası ilə atasının evdə olmadığından əmindi. Ona görə də, nənəsigilə getməli oldu. Evə girən kimi nənəsi “var-dövlətim” adlandırdığı Çağdaşı öpdü, üstəlik, nataraz şəkildə sallanan qarnından, qollarından çimdiklədi də:

– Qurban olaram sənə, Çağdaşım! Nənən qurban! Qurban olaram balama!

Yemək masasına çatana qədər Çağdaş boyca hündür olduğu yeganə adam olan bu yazıq qarıya diksinti, hətta nifrət dolu baxışlarını bir an belə gizlətmədən baxa-baxa gözlərini bərəltdi. Onsuz da nənəsi onu qucaqlamaqdan başqa heç nə etmirdi deyə xoşbəxtlikdən “Pandanın” insanlara qarşı olan vəhşiliyi onun gözünə görünmürdü. Uzun müddət Çağdaşın adı belə həmişə min hoqqadan çıxan adlar siyahısında görünmüşdü ətrafındakılara. Lakin burada! Çünki orada nə imiş: hər şey lazım olan kimi! Olduğu yeri bəyənməmə sindromu idi onun ətrafa “baxışı”. Son iki ildə heç dost qazana bilmədiyindən, o boyda şəhərdə yaşıdlarından fərqli olaraq heç kimlə görüşməmişdi. Düzü, şəhərlə bağlı, demək olar, heç nə bilmirdi. Ancaq Çağdaşın dilinə şəhər sözü ilə bələdiyyə sözü hər zaman bir yerdə gəlirdi. Kimsə təzə Mərkəzi parkın çox gözəl olduğunu tövsiyə mahiyyətində ona dedikdə dərhal:

– Sonunda bələdiyyə də bir işə yaradı! – demişdi. Özü də bunu həmişəki qürurlu və özündənrazı gülüşü ilə demişdi. Belə cavablar vermək onun niyə bu qədər xoşuna gəlirdi axı?

Qavrayışı bir qutuya sığışdırılmamış olan kimsənin heyflərlə dolu suallarından əvvəl Çağdaşın özünün də necə olduğunu bilmədən onun “İsmayıl Şıxlını oxudum!” cəfəngiyyatından bəhs edim. Söhbət “Ölüləri qəbiristanda basdırın” hekayəsinin giriş hissəsindəki obyekt alışından başlayır. Çağdaş obyekti almaq istəyən kişini əlində məlum marka telefonu, dağ boyda maşınından düşən xəyal etmiş, sonda gördüyü “stolovaya” sözünü isə “McDonald’s” bilmişdi.

Gün keçir, Çağdaş Boliviya seçkilərindəki qalmaqallara gülür, əsas da, seçkilərin birinci mərhələsində qalib gələn və ölkənin yeni prezidentliyə namizədi kimi öz vədlərini əhaliyə car çəkən “Rodrigo Paz”ın telefonunun oğurlanmasını xatırladıqca az qala ürəyi keçirdi. Onun hekayəti metrostansiyalarda, ölkələrdə, görüşlərdə, istərsə də, seçkilərdə cərəyan etdikcə, ömür də keçirdi. Beli get-gedə daha da əyilir, boyu get-gedə bir az da qısalırdı. Çağdaş isə Fransa seçkilərində ənənə dəstəkçisi partiyanın paytaxtda daha az xal toplamasının ardından, gülməyinə davam edirdi.

Dəyişikliklərin toxunmadığı tək şey onun kursda, ingilis dili dərsində ancaq hər hansı bir dövlətdən və ya tarixi hadisədən söhbət düşdükdə müəllimənin sözünün arasına girməsi idi. Çağdaş, təəssüf ki, köləsi olduğu “sürüşdürməli videolarda” heç vaxt hansısa filosofun, müdrikin, lap elə qoca bir “dünyagörmüş”ün dilindən siyasətin gedişi barədə: “Ay bala, ekosistemdir! Bugünlə sabahın fərqidir, baş qoşmaq lazım deyil”- dediyini eşitməmişdi.

Universitetdə ilk dərs günü müəllim tələbələrdən qısaca özlərini tanıtmalarını istədi. Sıra Çağdaşa gəldikdə, o ayağa qalxdı və yüksək səslə dedi:

– Mən Çağdaş! İşiqfordakı sarı ışıq!

– Yəni nə o yanlıqsan, nə bu yanlıq?

Tələbələrin qəhqəhəsi dalğa kimi vurub Çağdaşı yerinə mıxladı.

Bir il sonra birtəhər, borc-xərc ilə qəbul aldığı Ankaradakı universitetdə tanışlıq dərsinin ardından tarix müəllimi Çağdaşa göz vurub Ahmet Kayadan bu sözləri pıçıldadı:

“Behey sanat hırsızı
Behey üretme kabızı
Birazcık efendi ol
Bırak elinden şu sazı”...

Olan və olmayanın üstündə itirilən canlardan, dağıdılan şəhərlərdən, müdafiə edilən inanclardan bixəbər fikir əsrinin hər kəsə tanıdığı “istədiyini səsləmək azadlığı”, daha doğrusu, xətrinə dəyilməsin deyə varlıq göstərə biləcək bütün fikirləri səsləmək məcburiyyəti yüzminlərlə, hətta sonsuz sayda Çağdaşlar gətirdi başımıza. Bu gün, gələnin-gedənin bəlli olmadığı, qəhrəmana “anti” sözünün artırılıb-artırılmamasını dəqiqləşdirə bilmədiyimiz bir “hekayəti” oxuyuruqsa, deməli “Ekosistem” dediyimiz şey öz axarında, layiqincə irəliləyir.

Nə başı çıxır bataqlıqdan,
Hardan anlasın ayırmağın
hər zaman yaxşıdan yaxşını yox,
pisdən də yaxşını fərqləndirə biləcəyini...

...Əgər indi bu yazılanların bitməməsinin, yəni bu şeirin tale ümidinə buraxılmamasının bir səbəbi varsa, deməli, kimsə bir acizi ortada buraxmamaq üçün gecə-gündüz yazır və yazacaq.



# 301 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər