Londonun məşhur Vestminster abbatlığında saxlanılan Roma dövrünə aid sarkofaqın içindəki insan qalıqları ilə bağlı çoxillik sirrin açıldığı bildirilir.
Kulis.az xəbər verir ki, arxeoloq Uorvik Rodvell qalıqların XI əsrin əvvəllərində yaşamış abbat Alfviqə məxsus olduğunu düşünür.
Əhəngdaşından hazırlanmış sarkofaqın özü Roma dövrünün son mərhələsinə aiddir. Lakin içərisindəki skeletin radiokarbon analizi onun daha sonrakı — X əsrin sonu və ya XI əsrin əvvəlinə aid olduğunu göstərib.
Qapaqdakı xaç təsviri də dəfn edilən şəxsin yüksək dini rütbəli biri ola biləcəyinə işarə edir. Tədqiqatçıya görə, daha qədim Roma tabutu sonradan yenidən istifadə olunub. Alfviqin kimliyi hələ qəti şəkildə sübut edilməsə də, yeni araşdırma tarixi abidənin gizli qalmış səhifələrindən birini işıqlandırıb.