Üzvlük, yoxsa "komandaya adam yığımı"... - Meyxanaçılar Yazıçılar Birliyinə necə üzv olur?

Üzvlük, yoxsa "komandaya adam yığımı"... - Meyxanaçılar Yazıçılar Birliyinə necə üzv olur?
9 iyul 2025
# 12:00

Kulis.az İlkin Naibin yeni yazısını təqdim edir.

Mənim bunu yazmaqda məqsədim Yazıçılar Birliyindən ev almaq, kiminsə "komandasına" qoşulmaq deyil. Bunu yazmaqda məqsədim, sözügedən birliyin nizamnaməsinin 1.1-ci bəndində qeyd olunan bu cümlədir:

"Azərbaycan Yazıçılar Birliyi – Azərbaycan Respublikasında və ondan kənarda yaşayan, Azərbaycan dilində və digər dillərdə yazan peşəkar Azərbaycan yazıçılarının könüllü, müstəqil ictimai təşkilatıdır".

Diqqət edin: "Azərbaycan dilində yazan peşəkar yazıçılar".

Son dövrlər Azərbaycan Yazıçılar Birliyinə üzvlüklə bağlı səslənən narazılıqlar və ittihamlar bir şeyi açıq şəkildə ortaya qoyur: təşkilatda əsas çatışmazlıq həmrəylik və ədalətli qiymətləndirmə mexanizminin olmamasıdır. Söhbət yalnız şəxsi münasibətlərin və qeyri-peşəkar dostluqların hesabına təşkilata üzv olmaqdan, hansısa “komandaların” tərkibində yer almaqdan getmir. Söhbət birliyin məhz nizamnaməsinə zidd olaraq fəaliyyət göstərməsindən gedir.

Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinin 1.1-ci bəndində qeyd olunur:

"Azərbaycan Yazıçılar Birliyi – Azərbaycan Respublikasında və ondan kənarda yaşayan, Azərbaycan dilində və digər dillərdə yazan peşəkar Azərbaycan yazıçılarının könüllü, müstəqil ictimai təşkilatıdır".

Buradakı açar ifadə — “peşəkar yazıçı” anlayışıdır. İndi gəlin soruşaq: bu gün birliyə üzv olan hər kəs, xüsusən də meyxanaçılar hansı peşəkarlıq göstəricisinə əsasən bu təşkilata üzv qəbul ediliblər?

Meyxana bir əyləncə və xalq şifahi yaradıcılığı janrı ola bilər. Lakin bu, onu peşəkar yazıçılıq səviyyəsinə yüksəltməyə yetərli əsas vermir. Bir çox hallarda “şeir” adlandırılan mətnlər adi məclis dili və ya küçə ifadələri səviyyəsini keçmir. Ədəbiyyat deyil, sadəcə publikanı əyləndirmək funksiyası daşıyır. Əgər bu meyarlara görə üzvlük verilirsə, o zaman “peşəkarlıq” kriteriyası hansı əsasla müəyyənləşir və kim tərəfindən yoxlanılır?

Məsələ təkcə üzv olanlarla da bitmir. Üzv olmaq üçün müraciət edən şəxslərə zamin dayanan üzvlərin öz yaradıcılıqları hansı səviyyədədir? Onlara nəzarət varmı? Onların təklif etdiyi namizədlər necə yoxlanılır?

Bu gün AYB-yə üzv olmaq istəyən şəxslər üç nəfər üzv tərəfindən zamin göstərilməklə qəbul edilir. Ancaq bu üç nəfərin təqdim etdiyi namizədlərin əksəriyyətinin yaradıcılığı ciddi şəkildə şübhə altındadır. Daha pisi budur ki, zamin dayanan şəxslərin öz yaradıcılığı da illərdir durğun, tərtibsiz, bəzən isə, ümumiyyətlə, unudulmuş haldadır. Onlar bu prosesdə yalnız formal fiqur kimi iştirak edir, nə komissiya, nə də ictimaiyyət qarşısında məsuliyyət daşıyırlar.

Beləliklə, AYB-yə “komandaya adam yığımı” prosesi başlanır.

Bu gün AYB-nin, əslində, yaradıcı birlikdən çox, dost-tanış “komandaları”nın mövcud olduğu bir məkana çevrilməsi narahatedici faktdır. Ədəbiyyatla deyil, şəxsi əlaqələrlə, loyallıqla və məclis təəssübkeşliyi ilə qəbul olunan üzvlər bu qurumun nüfuzunu tədricən zədələməkdədir. Üstəlik, bu vəziyyət gənc və istedadlı yazarlar arasında AYB-yə üzv olmağa marağı öldürür. Onlar bilir ki, orada dəyər yox, dairə var. Dairəyə düşmək üçünsə sənətin yox, əlaqən olmalıdır.

Əgər bu meyllər davam edərsə, yaxın gələcəkdə Yazıçılar Birliyi üzvlüyü ciddi və nüfuzlu bir statusdan çıxaraq sıradan bir “klub üzvlüyü”nə çevriləcək. Heç kimə izah etmək mümkün olmayacaq ki, meyxana əyləndirici şifahi janrdır, poeziya deyil. Gənc oxucular və yaradıcı gənclər belə bir təşkilatdan üz döndərəcək, bu da ədəbi irs və ənənənin zəifləməsinə yol açacaq.

Yazıçılar Birliyi bu gün ictimai nəzarətdən, elmi-ədəbi ekspertizadan, şəffaflıqdan və peşəkarlıqdan uzaq bir sistemə çevrilib. Təşkilat öz adına uyğun fəaliyyət göstərmək istəyirsə, üzv qəbul qaydalarını yenidən nəzərdən keçirməli, zaminlik institutunu şəffaflaşdırmalı, həmçinin üzvlərin yaradıcılığına nəzarət mexanizmləri qurmalıdır. Əks halda, “birlik” adına layiq olmayan bu qurumun cəmiyyətdəki etibarını itirməsi qaçılmazdır.

# 508 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #