Sənsiz qaldı bu gün bu dünya… - Turan Etibaroğlu

Sənsiz qaldı bu gün bu dünya… - Turan Etibaroğlu
18 dekabr 2025
# 17:00

Kulis.az Turan Etibaroğlunun “Nadirimiz” yazısını təqdim edir.

Dünəndən bəri “Necəsən?” sualı mənim üçün ən ağır sualdır. Cavab vermək olmur. Dodaqlarım yalnız bir söz pıçıldayır: “Havalı kimi…”
Amma bu havalı olmaq deyil. Bu, içində tufan qopub, üzündə sükut gəzdirən adam halıdır. Dünən tanınmış pedaqoq, böyük sənətkar Nadir Hüseynovun ölüm xəbərini eşidəndən sonra içimdə bir ağrı başladı. Elə bir ağrı ki, ağlamaq onu azaltmır. Elə bir ağrı ki, insanı səssizcə içindən yeyir. Bu, insanın ömründə bir dəfə hiss etdiyi ağrıdır. Sanki içindən bir parça qopur və yerində boşluq qalır.

Nadir Hüseynovu ilk dəfə 2012-ci ildə atam Etibar Cəbrayıloğlunun yazdığı “Ustad Nadir, nadir ustad” məqaləsindən tanımışdım. O gündən sonra bu ad mənim üçün sadəcə bir müəllim adı olmadı. Bu ad arxayınlıq idi. Bu ad “narahat olma, o var” hissi idi. Bilirdin ki, bu sənətin içində bir kişi dayanıb.

Dəhlizləri, otaqları doğma Mədəniyyət və İncəsənət Universitetinə hər gəlişimdə gözlərim onu axtarırdı. Tapmayanda içim sıxılır, ürəyim daralırdı. Zəng edib harda olduğunu ərklə , doğma bir hisslə soruşurdum.

Çünki Nadir müəllim görünməyəndə darıxırdım. Ağır xəbəri eşidən kimi ora üz tutdum. Binaya daxil olan kimi hiss etdim — hava ağırdır. Divarlar danışmır, amma hər şeyi deyirdi.Onu tanıyan hər kəsin boynu bükülmüşdü. Bəli, onu tanımayanlar gülürdü, zarafat edirdi. Amma Nadir Hüseynovu tanıyanlar üçün o gün gülmək vicdansızlıq idi. Çünki onların içindən bir dağ uçmuşdu.

Əməkdar artist Nofəl Vəliyevin dediyi söz hər şeyi deyirdi:

“Qızlar bir yana, oğlanları sakitləşdirmək olmur.”

Bu, göz yaşı deyildi. Bu, dağsız, arxasız qalmağın fəryadı idi sanki.

Bu gün isə daha ağır idi. Dəfn mərasimi…

Həyatımda bu qədər ağır gün olmamışdı. İnsanlar yana-yana ağlayırdı. Elə kişilər ağlayırdı ki, illərlə hissini içində basdırmışdı. Elə gənclər ağlayırdı ki, bu sənətə onun duası ilə gəlmişdi. Elə xanımlar ağlayırdı ki, səsi çıxmasa da ürəyi qışqırırdı.

Bu gün Əməkdar müəllim Nadir Hüseynov bizə son dərsini keçdi. Auditoriyada yox. Səhnədə yox.

Soyuq torpağın üstündə.

Sözsüz.

Ağrılı.

O dərsin nəticəsi ağır idi:

“İnsan elə yaşamalıdır ki, gedəndə bu qədər adamın ürəyi yansın.”

“Sənsiz qaldı bu gün bu dünya…”

Bu söz sadə deyil. Bu gün dünya sənsiz qaldı bir səsini, bir ədalətini, bir dayaq nöqtəsini itirdi. Sənsiz qaldı bu universitet. Sənsiz qaldı bu sənət. Sənsiz qaldı sənin “narahat olma” dediyin adamlar.

Bədii qiraətdə Nadir Hüseynov son mogikan idi. Bu sənətdə sözü çəkən, baxışı ilə sakitləşdirən, varlığı ilə arxayınlıq verən nadir insanlardan idi.

“Əvəzolunmaz yoxdur” deyirlər. Amma Nadir Hüseynov kimi ustad pedaqoqlardan sora böyük boşluq qalır.

O, təkcə böyük sənətkar deyildi. O, müəllim sözünün yükünü çiyinlərində daşıyan adam idi. Uzun illər Azərbaycan teatr və kino sənətinə, mədəniyyətimizin və təhsilimizin inkişafına səssizcə, iddiasızca, kişi kimi xidmət etdi. Çox adamın yolunu açdı. Çox adama çörək verdi. Çoxunun həyatında işıq oldu.

Nadir Hüseynov böyük kişi idi. Sözü üzə deyən, haqsızlığa susmayan, qeybətə qarışmayan insan idi. Onun dərsi toxunulmaz idi.

“Mən dərsimin ağasıyam” — bu söz onun xarakteri idi.

Əməkdar artist Gülşad Baxşıyevanın dediyi söz bu gün hamının ürəyindən keçirdi:

“Sən əsl kişi idin. Əsl müəllimliyin simvolu idin.”

Son iki gündür hamının dilində eyni söz var: “Başımız sağ olsun.”

Amma bu söz bu dəfə daha ağırdır. Bu, bir adamın yox, bir dayağın getdiyini deyir.

El arasında deyirlər: “Adam var evdən gedir, adam var eldən.”

Nadir Hüseynov eldən gedən insan idi.

Vida mərasimində xanımının uca səslə dediyi “Nadir, getmə…” sanki hamımızın içindən qopdu. O an hamımız eyni şeyi düşündük:

Getmə… Bizə lazımsan GETMƏ, GETMƏ.... Biz sənsiz necə edəcəyik…

Bəzən yanında ucadan danışmağa çəkindiyimiz ustadın tabutu qarşısında indi səsimiz boğazımızda qırılırdı. Yanında susduğumuz insan üçün indi susmaq mümkün deyildi.

Sadəcə bir şey mümkün idi
AĞLAMAQ
AĞLAMAQ
AĞLAMAQ....

Tabutun yanında bir xanım tələbənin fəryadı qulaqlarımdan getmir:

“Nadir müəllim, biz indi sizsiz nə edəcəyik?”

Bu sualın cavabı yoxdur əzizlərim.

Bu gün bu Nadir Hüseynovu sevənlər, onu tanıyanlar “yetim” qaldı. Bu gün bir çox gənclər arxasız qaldı. Çünki onların arxasında Nadir Hüseynov adlı dağ var idi.

İndi o dağ yoxdur…

Və bu boşluq insanın içini üşüdür.

Sənsiz qaldı bu gün bu dünya, Ustad…

Və bu dünya bir az da kasıblaşdı.

Və bu SƏSİMİZ getdi..

Və bu gün hamının içində dərin iz buraxdın.

Və bu gün sən “Bir idin, min olub qəlbimizdə qaldın...”

# 549 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər