Saz və tapançanı birgə gəzdirən aşıq - Səməd Vurğun onu necə adlandırırdı?

Saz və tapançanı birgə gəzdirən aşıq  - Səməd Vurğun onu necə adlandırırdı?
13 noyabr 2025
# 13:20

13 noyabr Azərbaycanın əməkdar incəsənət xadimi Aşıq Hüseyn Bozalqanlının anım günüdür.

Kulis.az bu münasibətlə aşığın həyat və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir.

Qırxlar piri özü verib dərsimi,

Şair cərgəsində sana düşmüşəm.

Arif məclisində, alim yanında,

Neçə dəfə imtahana düşmüşəm.

(Aşıq Hüseyn Bozalqanlı)

Aşıq Hüseyn Bozalqanlı 1863-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub.

Kənddə yeni açılan dini məktəbdə, molla Səməd Axundun məktəbində üç il təhsil alıb, ərəb və fars dillərini mükəmməl öyrənib.

Çox kiçik yaşlarından şeirə, sənətə bağlanıb, hələ on iki yaşında olarkən şeir yazmağa başlayıb.

Toylarda, məclislərdə aşıqlara qulaq asıb, aşıq sənətinə də uşaqlıqdan valeh olub. Cəmi üç ay aşıq Məmmədqulunun şagirdi olub.

Fitri istedada malik olan Hüseyn toylarda, ziyafətlərdə bacarıqlı aşıq kimi şöhrət qazanıb. Bu, təsadüfi olmayıb.

Onun barəsində deyirlər ki, Hüseyn haqq aşığı olub, bu istedadı da ona möcüzələr yaradan Allah verib.

Aşıq Hüseyn Bozalqanlı həmişə hazırcavab, özünəinamlı olub. Atası Məşədi Cəfərqulu kimi comərdliyi, qəhrəmanlığı ilə seçilən nadir şəxsiyyətlərdən biri hesab edilib.

O, həmişə üstündə sazla yanaşı, mauzer də (tapança növü) gəzdirərmiş...

O, digər aşıqlarla deyişmədə heç vaxt sözünü birinci deməzmiş, öz rəqibinə fürsət verər və nəticədə təmkini ilə qalib gələrmiş.

Görkəmli sənətkar Qurbani, Abbas Tufarqanlı, Vaqif kimi sənətkarların irsi ilə tərbiyələnən, aşıq poeziyasının bütün formalarında yaratdığı şeirlərlə - gözəlləmələr, qoşmalar, təcnislər, dodaqdəyməzlər, divanilər, gəraylılar, dastanlarla aşıq və şairlər içərisində həmişə seçilib.

Aşıq Hüseyn Tovuz rayonunun Bozalqanlı kəndində yaşamasına baxmayaraq, dövrün V.Xuluflu, S.Mümtaz, H.Əlizadə, S.Vurğun, C.Xəndan, M.Rahim, M.İbrahimov kimi görkəmli ziyalıları onunla sıx əlaqədə olublar.

Azərbaycan xalq yaradıcılığının inkişafında da Aşıq Hüseynin böyük xidməti olub. O, "Qara Tanrıverdi", "Nəriman", "Xanlar", "Hacı Tağı" dastanlarının yaradıcısıdır.

"Koroğlu" dastanının ən kamil bilicisi məhz Aşıq Hüseyn hesab edilib. Dastanın bir neçə qolu - "Koroğlunun Toqat səfəri", "Bağdad səfəri", "Həmzənin Qıratı qaçırması", "Koroğlunun vuruşması" və.s. qollar Aşıq Hüseynin dilindən yazılıb.

Bu böyük sənətkar dövrünün görkəmli tarixi şəxsiyyətləri ilə qarşılaşıb və həmişə də onların məhəbbətini qazanıb.

1917-1922-ci illərdə Həmid Sultanovun tapşırığı ilə tez-tez Aşıq Hüseyn, Aşıq Mirzə və Xəyyam Mirzədən ibarət aşıq məclisi təşkil olunarmış…

Metex qalasında həbsdə olarkən N. Nərimanovla yaxından tanış olub və sonradan "Qoca Şərqin Nərimanı gəlirmi?" şeirini və "Nəriman" dastanını yazıb.

Deyirlər ki, bədahətən söz deməkdə də Aşıq Hüseynin əvəzi olmayıb. Buna görə də sevimli xalq şairimiz Səməd Vurğun onu "əliqılınclı şair" adlandırıb və həmişə ona dərin məhəbbət bəsləyib.

Aşıq Ələsgərlə Hüseyn Bozalqanlının deyişmələrini toplayan və kitablarında dərc edən Hümmət Əlizadənin 1929-cu ildə nəşr etdirdiyi “Azərbaycan aşıqları I cild” kitabının 14 və 15-ci səhifələrində deyişmənin bir hissəsi verilib.

Aşıq Hüseyn Bozalqanlının adı kitabda "Aşıq Söyün" kimi verilir və 14-cü səhifənin aşağısında belə bir qeyd var:

“Aşıq Hüseyn Qazax mahalında ən məşhur şairlərdəndir. Fəqət tərcümeyi-halı “Koroğlu” kitabında çap olunduğu üçün təkrara lüzum görmədik. Bu şairin adı Aşıq Hüseyndir. Lakin xalq arasında Aşıq Söyün deyə tanındığından bizdə elə yazdıq. H. Əlizadə”.

Maraqlıdır ki, kitab çap olunarkən Aşıq Hüseyn Bozalqanlı həyatda olub, Aşıq Ələsgər isə haqq dünyasına qovuşub.

Həmçinin Hümmət Əlizadə Aşıq Hüseynlə əlaqələr saxlayıb, Göyçə mahalına səfərlər edib və aşıq sənəti ilə bağlı ciddi materiallar toplayıb.

Həmçinin materiala əlavə edilib: "Aşıq Hüseyn çox usta və aşıqlarla qabaqlaşmış, çox mollalar məclisinə düşmüş, heç bir kəs onun qabağında dura bilməmişdir. O cümlədən, məşhur ustad Göyçəli Aşıq Ələsgər ilə də deyişmişdir, fəqət heç biri üstün gələ bilməmişdir"

"Geri dur" müxəmməsi və digər şeirlərindən aydın olur ki, Hüseyn Bozalqanlı Sədi, Firdovsi, Füzuli kimi klassiklərin əsərlərinə dərindən bələd olub. Satira isə onun yaradıcılığında xüsusi yer tutub.

Onun müxəmməslərində satirik poeziyamızın novatoru Sabirin nəfəsi duyulur. 1940-cı ildə yazdığı "Bilin" müxəmməsi buna gözəl misaldır.

Ölməz sənətkar yaşadığı mühitdə baş verən hadisələrə çox həssaslıqla yanaşar, ona açıq münasibətini bildirərmiş.

O, 1906-cı ildə törədilən erməni-müsəlman davasını, millət qırğınını çox uzaqgörənliklə qabaqcadan duyub və öz şerində əks etdirib. "Lənət" şeri də məhz bu münasibətlə yazıb.

1937-ci il noyabrın 13-də aşıq Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar İttifaqının üzvü və ittifaq nəzdində olan aşıqlar bölməsinin rəhbəri seçilib.

Ustad sənətkar I və II Aşıqlar qurultaylarının, eləcə də, Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüklərinin iştirakçısı olub.

Aşıq Ələsgərin nəvəsi, ələsgərşünas alim İslam Ələsgər 1999-cu ildə “Maarif” nəşriyyatında çap etdirdiyi “Haqq aşığı Ələsgər” kitabında yazıb:

“Hamıya məlumdur ki, Bozalqanlı Aşıq Hüseyn Aşıq Ələsgərlə deyişməmişdir. Ələsgər kimi bir ustadın özündən 50 yaş kiçik olan bir cavanla deyişməsinə inanmaq çətindir. Bundan əlavə, Bozalqanlı Aşıq Hüseyn Aşıq Ələsgərin qardaşı oğlu Aşıq Qurbanla siğə qardaşı imişlər. Ələsgəri öz atası kimi əziz tutan Hüseynin onunla qarşılaşması yenə də heç cür ağlabatan deyildi".

Burada yenə də mübahisələr yaransa da, Hümmət Əlizadənin fikirləri daha ağlabatan sayılır. Çünki o, həm kitabda bunu qeyd edib, həm aşığın özü ilə görüşüb, həm də Tovuz səfəri zamanı xalqın dilində olan, yaddaşında qalan xatirələrə də əsaslanıb.

Şairin əməyi dövlət tərəfindən çox yüksək qiymətləndirilib. O, "Şərəf nişanı" ordeni və fəxri fərmanla mükafatlandırılıb, 1941-ci il oktyabrın 16-da isə ən yüksək fəxri ada - Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülüb.

Ölməz sənətkarın on dörd şagirdi olub. O, müasirləri məşhur Aşıq Ələsgər, Növrəs İman, Aşıq Ağacan, Xəyyam Mirzə, Qazaxlı Mirzə Səməd, şair Vəli, şair Nəcəf və başqaları ilə deyişib.

Aşıq Ələsgər və Aşıq Hüseyn Bozalqanlı arasında olan görüşdə Hüseyn Bozalqanlının səsləndirdiyi şeir belədir:

Qırxlar piri özü verib dərsimi,

Şair cərgəsində sana düşmüşəm.

Arif məclisində, alim yanında,

Neçə dəfə imtahana düşmüşəm.


Bir zaman əlimdə zil bəm saz oldu,

Gözəllər mənimlə üzbəüz oldu.

Suyum artıq gəldi, tozhatoz oldu,

İndi də yumşalıb una dönmüşəm.


Özüm aşiq olub gəzirəm eldə,

Qaldı həsrət gözüm əbrişim teldə,

Ələsgər danışan təşbeh misalda,

Hüseyn deyər, həmən günə düşmüşəm.

Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib. Qəbri Bozalqanlı kəndinin el qəbiristanlığındadır.

# 72 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər