Böyük Britaniya Kral ailəsindən ayrılaraq həyat yoldaşı Meqan Markl ilə Şimali Amerikaya köçən Şahzadə Harri onlayn təhsil platforması "MasterClass" üçün Arizona Universitetinin neyrobioloqu professor Meri-Frensis O'Konnor ilə xüsusi müsahibə edib.
Kulis.az xəbər verir ki, şahzadə söhbət zamanı keçmişdə yaşadığı psixoloji çətinliklərdən, o cümlədən anası Şahzadə Diananı itirməyin onun həyatına göstərdiyi dərin təsirlərdən bəhs edib.
"Adrenalinsiz heç nəyə yaramırdım"
Müsahibədə o, həyat yoldaşı Meqan Markl və oğulları Arçi ilə birlikdə 2019-cu ildə Kanadanın Vankuver adasına köçdükləri dövrdə yaşadıqlarını bölüşüb. 2020-ci ilin əvvəllərində kral ailəsindəki vəzifələrindən imtina edən cütlük daha sonra ABŞ-a yerləşmişdi. Harri İngiltərədəki gərgin mühitdən uzaqlaşdıqdan sonra gözlənilməz psixoloji böhran yaşadığını bildirib:
"Kanadaya köçəndə, yəqin ki, bədənimin davamlı adrenalinlə dolu olduğu o stresli mühitdən uzaqlaşmışdım. İki-üç gün içində əvvəllər heç yaşamadığım bir adrenalin enişi yaşadım. Sanki beynimin işləməsi üçün adrenalin ifraz etməyimə səbəb olacaq stresə ehtiyacım var idi. Çünki evdə heç nəyə yaramayan birinə çevrilmişdim. Təxminən iki həftə depressiyaya düşdüm və anladım ki, adrenalin olmadan fəaliyyət göstərə bilmirəm".
"Xoşbəxtlik mənə günahkarlıq hissi verirdi"
Harri müsahibədə 1997-ci ildə Parisdəki avtomobil qəzasında həyatını itirən anası Şahzadə Diananın ölümündən sonrakı yas prosesinə də toxunub. Anasını itirəndə cəmi 12 yaşı olan şahzadə illərlə duyğularını basdırdığını və xoşbəxt olmağı anasına qarşı xəyanət kimi gördüyünü etiraf edib:
"Özümü yasın tələbəsi kimi görürəm. Onsuz xoşbəxt olmaq və ya sevinc hissi keçirmək ehtimalı belə məni günahkar hiss etdirir, ona sadiq olmadığıma inandırırdı. Onun üçün darıxdığımı sübut etmək üçün mütləq kədərli olmalı və emosional olaraq heç nə hiss etməməli olduğumu düşünürdüm".
Anasının ölümündən sonra təxminən 20 il ağlamadığını deyən Harri, 20-li yaşlarında Britaniya ordusunun hərbçisi kimi Əfqanıstanda iki dəfə xidmət etməsinin də məhz bu duyğulardan qaçmaq cəhdi olduğunu bildirib.
Bir ətir şüşəsində gizlənən xatirələr
İllər keçdikcə anasının gülüşünü belə xatırlamaqda çətinlik çəkdiyini deyən Harri terapiya prosesində bir mütəxəssisin ona anasının istifadə etdiyi ətri sıxmağı məsləhət gördüyünü söyləyib. Onun sözlərinə görə, bu təcrübə uzun müddət basdırdığı duyğuları və zehnində kilidlənmiş bir çox xatirəni yenidən üzə çıxarıb:
"Əslində fərqinə vardığım tək şey, onun sadəcə mənim xoşbəxt olmağımı istəməsi idi".
Şahzadə anasının başladığı xeyriyyəçilik işlərini davam etdirməyin bu itkiyə məna qazandırdığını bildirib:
"Etdiyim hər işdə, enerjimi sərf etdiyim hər mövzuda anamın mənimlə qürur duymasını ümid edirəm".
Xatırladaq ki, "MasterClass" Harrinin itki, yas və həyatda məqsəd tapmaq prosesindən bəhs edən bu müsahibəsini 10 Oktyabr - Ümumdünya Psixi Sağlamlıq Günündən əvvəl yayımlayıb. Çəkilişlər bu ilin yay aylarının əvvəlində Kaliforniyada baş tutub.