Rejissor Yavər Rzayev: "Gənc nəslin Qərb yolu ilə getməsi səhvdir" - Müsahibə

Rejissor Yavər Rzayev:  "Gənc nəslin Qərb yolu ilə getməsi  səhvdir" - Müsahibə
24 aprel 2026
# 11:08

Kulis.az rejissor Yavər Rzayevin APA-ya müsahibəsini təqdim edir.

Müsahibimlə görüş yerinə gecikirdim. Tələsik addımlarla Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına daxil oldum. Yavər müəllim demişdi ki, büstlə üz-üzə dayananda soldakı binada olacaq. Dediyi kimi, Cəfər Cabbarlının adını daşıyan büstün qarşısında dayanıb, sol tərəfdəki binaya baxdım. Uzaqlara zillənmiş baxışlarla Yavər Rzayev də mənə baxırdı. Ona tərəf addımlayıb salamlaşdıq.

Otağına qalxanda mənə elə gəldi ki, kinostudiya öz halından utanır, sanki dəhliz utandığından bir-birinə qısılıb, pilləkənlər isə uzanırdı. Uzanırdı ki, biz buranı bu vəziyyətdə görməyək.

- Necəsiniz Yavər müəllim?

- Yaxşıyam. Siz necəsiniz?

Gülümsəyirəm. Gözüm divardan asılan “İlahi məxluq” filminin müsabiqə üçün hazırlanmış posterinə sataşır.

- Sizin bu yaradıcı otağınızda pis olmaq olmaz. Bir neçə filminiz müxtəlif müsabiqələrdə nümayiş olunub, mükafatlar qazanıb. Amma məncə, müsabiqə filmləri sanki elə müsabiqədəcə doğulur və elə oradaca ölür.

- Dünyada əks-səda doğuran filmlər tez unudulur. Bunun səbəbkarı müəllifdir.

Çətin də olsa, indi Azərbaycan dilində oxuyuram

- Niyə məhz müəllif?

- Müəllif filmin dilini tapmalıdır. Doğrudan da bədii filmdə dil axtarışı mühüm məqamdır və bu, çox vacibdir. Ümumiyyətlə, rejissor nə ilə seçilir? Elə filmlər var ki, bəzən yatdığın yerdə oyadıb bir neçə saniyəlik kadrını göstərsələr belə yenə tanıyacaqsan. Bu da onun dilinə, yəni montaja görədir. Montaj, dil – rejissorun danışmaq qabiliyyətidir və bu, çox önəmlidir.

- Sizin kino dilinizi tapmağınızda ədəbiyyatın rolu olub? Mütaliənizin geniş olduğunu bilirəm.

- Mən daha çox rus ədəbiyyatını oxumuşam. Hansısa əsərdən kiçik bir parça göstər, mən deyim kimindir. Bunu necə biləcəyəm? Yazıçının dilindən, yazı üslubundan. Filmlərdə də belədir, rejissorun öz dili var.

Lakin azərbaycanlı yazıçılardan çox az oxumuşam. Onu da rus dilində, tərcümə ilə. Azərbaycan dilində pis bilirəm. Əlbəttə, mən bunun əskikliyini öz işlərimdə hiss etmişəm. Bu mənim üçün çox böyük problemdir. Çətin də olsa, indi Azərbaycan dilində oxuyuram.

İlkin Naib

- Azərbaycanlı rejissorlar öz kino dillərini tapıblar?

- Yaşasaydı Həsən Seyidbəyli tapacaqdı, hətta tapmışdı. Ondan sonra olmadı. Amma indiki vaxtda Elvin Adıgözəlovu misal çəkə bilərəm. Onun “Buqələmun”, “Dumanda” filmlərini çox bəyənmişdim. Qeyri-adi düşüncəli cavan oğlandır. Çox istedadlıdır. İstedadlı gənclər var. Amma yerlərində deyillər. Hesab edirəm ki, indi çox çətin də olsa, həm Mədəniyyət Nazirliyi, həm də “Kinostudiya” çox şey edir, etməyə başlayırlar.

- Sizcə də başlamaq üçün gec deyil?

- Yox.

- İran filmlərinə baxanda hesab etmək olar ki, biz gecikmişik.

- Ümumiyyətlə, İran kinosu bir partlayışdır. Nəyə görə?

- Senzuraya görə.

- Bəli, sovet vaxtında senzuraya görə çox gözəl rejissorlar, çox gözəl filmlər var idi. Qadağalar nə qədər çox olsa, bir o qədər gözəl filmlər ortaya çıxar. Necə ki, İslam təsviri incəsənəti haram buyururdu, ona görə incəsənətdə çox böyük partlayışlar oldu. Sıxılma olanda sən nəfəs almaq üçün boşluq axtarırsan. O boşluğu tapanda isə ortaya yaxşı iş çıxır. Erməni rejissor Sergey Paracanovun adını eşitmisən?

- Eşitmişəm.

- Bütün İran kinosu ondan çıxıb. “Aşıq Qərib”i də o çəkib. Çox gözəl filmdir. Mən şəxsən onu tanıyırdım. Axı o “Aşıq Qərib”i burada çəkib. Mən də materiallara baxırdım. O illərdə incəsənət sahəsini yenicə bitirmişdim.

- Əgər İran kinosu Paracanovdan təsirləndisə, bəs bu təsirlənmə bizdə niyə olmadı?

- Bizdə hazırda çəkənlər çoxdur. Misal üçün, Emil Quliyevin adını çox eşidirəm. Sadəcə bizdə yaxşı ssenari yoxdur. Fikir ver, hansı filmlər daha çox uğur qazanır? Yalnız romanlar əsasında çəkilən filmlər.

- Bəs ssenaristlər necə yetişməlidir?

- Belə baxanda bizim dramaturgiya məktəbimiz çox böyük və zəngindir. Hər şey ədəbiyyatın, şeirin üzərində qurulur.

- Ssenaristi də, rejissoru da yetişdirmək üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti var.

- İncəsənət Universitetini bitirən uşaqlar bu gün işlə təmin olunmurlar, olunmayacaqlar da. Çünki çoxu ora təsadüfən düşən adamlardır, ya əsgərlidən qalmaq üçün ora sənəd veriblər, ya da təsadüfən gəlib düşüblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində çox böyük dəyişikliklər getməlidir. Mən iki universitet bitirmişəm. Biri İncəsənət Universiteti - hansı ki, ora qəbul olanda artıq bilik cəhətdən hazır idim, digəri isə Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu idi. İndi bilmirəm, amma zamanında ora ən güclü məktəb idi.

- Bəs dəyişiklik üçün nə etmək lazımdır?

- Orada oxuyan tələbələr içərisində həqiqətən elə uşaqlar var ki, rejissor, ssenarist olmaq istəyirlər. Amma elələrinin sayı çox azdır. Məni ora dərs deməyə dəvət etmişdilər. Cəmi bir həftə dözdüm, sonra vəziyyəti görüb qaçdım.

- Belə çıxır ki, orada qabiliyyəti olmayan tələbələri qəbul edən müəllimlərin də günahı var?

- Yəqin. Görünür ki, Vaqif Mustafayev də bu vəziyyəti gördüyü üçün kurs açıb, sağ olsun.

Erməni haqqında, onların uduzması ilə bağlı bir film çəkmək, nə bilim…

- Bəs sizcə, Azərbaycan kinosundakı boşluqların səbəbi nədir?

- Bizim böyük problemimizdən biri Sovet mədəniyyətindən imtina edəndən sonra Qərb mədəniyyətinin ümidinə qalmağımız oldu. Ən böyük səhv gənc nəslin Qərbin yolu ilə getməsi, hansısa festivala düşməyə can atmasıdır.

İlkin Naib

- Siz müharibə janrında çəkilmiş “Yarımçıq xatirələr” filminin ssenaristisiniz. Həmin film böyük büdcəli müharibə filmlərindən biridir. 44 günlük müharibədən sonra isə bu janrda filmlərin olmamasından gileylənənlər var. Bu barədə nə düşünürsünüz?

- Allaha çox şükür ki, torpaqlarımızı aldıq. Hər şey çox gözəldir. 44 günlük müharibədən də filmlər çəkiləcək, hər şeyin öz zamanı var, bir də axı, biz çox uzaqgörən millətik, hazırda barışığa gedirik. Hansısa erməni haqqında, onların uduzması ilə bağlı bir film çəkmək, nə bilim…

- Yəni deyirsiniz ehtiyac yoxdur?

- Ehtiyac? Yox, başqa filmlər çəkiləcək.

- Bəs axı, bu yaddaşdır. Qələbəmiz gələcək nəsillərə aşılanmalıdır.

- Bəli, bəli. Olmalıdır. İnşallah, olacaq. Düzdür, o cür filmlərin çəkilməsinə böyük vəsait lazımdır, amma o da olacaq.

- Bəs siz necə düşünürsünüz, dövlət film sektoruna dəstək göstərməlidir?

- Əlbəttə, elə janrlar var ki, o janrda çəkilən filmlərə dövlət dəstəyi olmalıdır. Azərbaycanın dünyada tanınan dahi şəxsiyyətləri var, onlar haqqında çəkilən filmlərə təbii ki, dövlət dəstəyi olmalıdır. Həsən Seyidbəylinin filmləri var ki, onlar indi Kann Film Festivalında, başqa festivallarda da ola bilərdi.

Bir neçə saniyə susur. Hiss olunur ki, fikri uzaq keçmişdədir. Sanki qeyri-ixtiyari olaraq dilindən bu sözlər çıxır:

Mən dəfələrlə müraciət etmişdim, təklif etmişdim ki, “Kinostudiya”ya Həsən Seyidbəylinin adı verilsin. Belə daha düzgün olardı.

“Sarı gəlin”dən sonra film çəkməyə qoymadılar

- Siz həm də Azərbaycan Respublikasının Kino Agentliyində Bədii Şuranın üzvüsünüz. Maraqlıdır, ARKA-nın pitçinqdən keçən filmlərin sonradan Bədii Şuradan keçməsinə nə ehtiyac var?

- Razıyam, bu filtr məsələsi bir qədər azalmalıdır.

- “Sarı gəlin”i sizin alınmayan filminiz kimi təqdim edirlər. Bəs sizcə alınmayan filminiz hansıdır?

- “Alınmayan” deməyək, amma məncə, “Xeyirlə Şərin rəqsi” filmi daha çox rəndələnməli idi. Bir də “Dözümlü minarələr”, düşünürəm ki, alınmayıb. Axı mənim elə də çox filmim yoxdur. “Sarı gəlin”dən sonra film çəkməyə qoymadılar.

- Niyə qoymadılar?

- “Sarı gəlin”dəki bəzi detallara görə, onu birmənalı qəbul etmədilər.

Kitabı olan bütün dinlərə hörmətim var

- Bildiyimə görə, Azərbaycandan kənarda “Sarı gəlin” filmi haqqında yaxşı yazılar yazıblar.

- Hə, yazıblar. Hətta mənim özümə də məktublar gəlib.

Masanın üzərindəki xarici qəzetlərdəki yazıları mənə göstərir. Qəzetdən baxışlarımı çəkib müsahibimə baxıram:

- Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Dəqiq deyə bilmərəm. Bəzən eşidirəm ki, ssenaristlər arasında müsabiqələr təşkil edirlər. Bu, mənə o qədər də düzgün görünmür. İstərdim ki, daha obyektiv fəaliyyət göstərsinlər. Açığı, o qədər işim var ki, nə oxumağa, nə də izləməyə vaxt tapıram,.

- Bəs Mədəniyyət Nazirliyi sizə film çəkməkdə köməklik edib?

- Mənim proyektlərim keçməyib.

- Təklif vermisiniz qəbul olmayıb?

- Hə.

- Yeni nə çəkmək istəyirsiniz?

- “İlahi məxluq”un davamını.

- Dinə münasibətiniz necədir?

- Kitabı olan bütün dinlərə hörmətim var. Amma təbii ki, inancım İslam dinidir.

Söhbətləşdi: İlkin Naib

Foto: İlkin Nəbiyev ©️ APA GROUP

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər