Geniş tamaşaçı kütləsinə "Zərif yaş" və "Pilləkən" filmlərindən tanış olan aktyor Yevgeni Kalintsev 59 yaşında dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, bu barədə Moskvanın "Pyotr Fomenko Emalatxanası" teatrı məlumat yayıb.
Teatrın yaydığı rəsmi bəyanatda qeyd olunub:
"İyunun 17-də aktyor Yevgeni Kalintsev vəfat edib. Bir neçə həftə sonra, iyulun 7-də onun 60 yaşı tamam olacaqdı. Yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk."
Qeyd edək ki, o, Rusiya Teatr Sənəti İnstitutunda (GİTİS) Pyotr Fomenkonun aktyor-rejissor emalatxanasının məzunu olub. Fərqli illərdə "Çelovek" (İnsan) teatr-studiyasında və "Teatr.doc"da çıxış edib. 1991-1998-ci illərdə Sergey Jenovaçın rəhbərliyi altında Malaya Bronnaya Teatrında çalışıb. Burada o, "Kral Lir", "İdiot" və "Kiçik komediyalar" kimi məşhur tamaşalarda uğurlu obrazlar yaradıb.
Daha sonra aktyor "Müharibə və sülh. Romanın başlanğıcı" və "Ailə xoşbəxtliyi" tamaşalarının səhnələşdirilməsi zamanı Pyotr Fomenkonun assistenti kimi fəaliyyət göstərib. Fransız dilini mükəmməl bildiyi üçün o, tamaşalarda aktyorlara xarici dildəki replikaların düzgün tələffüzündə yaxından kömək edirdi.
Mərhum sənətkarla vida mərasimi iyunun 24-də Moskvanın Kolımajnı döngəsində yerləşən Müqəddəs Antipa məbədində baş tutub.