“On ildir xəstəliklə mübarizə aparırdı, çox təəssüf, biz onu itirdik”.
Kulis.az APA-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Hacı Murad Yagizarovun qardaşı Rəsul Yagizarov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu müddət ərzində qardaşı kifayət qədər dəstək və qayğı görüb: “Bu mənada, ona diqqət və qayğı göstərən hər kəsə təşəkkür edirəm”.
Rəsul Yagizarov Azərbaycan mədəni ictimaiyyətinə bu ağır itki ilə bağlı başsağlığı verib.
Xalq artisti, Dövlət Mükafatı laureatı Hacı Murad Yagizarov uzun sürən xəstəlikdən sonra Almaniyanın Münhen şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, onun nəşi bu gün Azərbaycan dövlətinin dəstəyi ilə Vətənə gətiriləcək. Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.