"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..." - Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə

"Elşadın baxışları naməlum bir günahın astanasına aparır..."  -  Hüseynbala Mirələmovun "Əsmər" romanından bir hissə
7 aprel 2026
# 14:10

Kulis.az yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Əsmər” romanından bir hissəni təqdim edir.

“Cəmilə öz qəlbində qəribə bir istilik hiss etdi; əvvəlcə qorxu ilə qarışıq, sonra isə tədricən şirin bir həyəcan… Bu həyəcan onu özündən alır, hər baxışını, hər sözünü dəyişdirirdi. Sevgi, sanki içində səmaya açılan bir pəncərə idi, hər şeyi yenidən göstərirdi”.

Çingiz Aytmatov, “Cəmilə”

MÜƏLLİF

Moskva özünün nəhəng, soyuq ağuşunda minlərlə taleyi necə üyüdürsə, bizim qəhrəmanlarımızı da eləcə naməlum axarına salıb sürükləyirdi.

Şəhərin gur işıqları altında gizlənən o zülmət tənhalıqda əzab çəkənlər vardı. İnsan ruhu elə bir mürəkkəb labirintdir ki, bəzən ən yaxın bildiyin adamın qəlbindəki uçurumu görmürsən, ya da görmək istəmirsən.

Mahmud üçün həyat artıq bir-birinə qarışmış rənglərin, səslərin mübarizəsinə çevrilmişdi. Bir yanda Əsmər, digər tərəfdə İra. Onun daxilindəki qorxaq laqeydliklə dəlisov ehtiras vuruşurdu. O, Əsməri bu şəhərə gətirməklə öz keçmişini, kəndinin təmizliyini və valideynlərinin xeyir-duasını bir qəfəsə salıb kilidləmişdi. Lakin o bilmirdi ki, kilidli qapılar arxasında qalan təkcə Əsmər deyil, həm də onun öz vicdanıdır. Mahmud məsuliyyət qorxusundan qaçıb İranın qollarına, onun vəhşi ehtirasına sığınmışdı.

İra isə bu dramın həm cəlladı, həm də qurbanı idi. Onun sevgisi xalis bir duyğudan çox, bir varlıq mübarizəsinə bənzəyir. Bu soyuq meqapolisdə tək qalmaq qorxusu onu elə azğınlaşdırıb ki, o, Mahmudu bir insan kimi deyil, əlində bərk-bərk sıxdığı sonuncu xilas kəməndi kimi görür. İranın çılğınlığı onun daxili boşluğunun əks-sədası idi. O, Əsmərin məsumiyyətini özü üçün bir təhdid saydıqca, əslində öz itirilmiş saflığına nifrət edirdi. Onun hər hücumu, hər manipulyasiyası əslində "məni tək qoyma" deyə qışqıran yaralı bir ruhun fəryadı idi. Qadın olaraq bəlkə də onu başa düşmək olardı, amma insani baxımdan İra bütün sərhədləri aşmağa hazır idi...

Əsmər bu yad mühitdə kökündən qopardılıb asfaltın üzərinə atılmış bir dağ çiçəyi kimi solmaqda idi. Bu gənc qadın evin divarları arasında təkcə Mahmudun yadlığını deyil, həm də öz qadınlıq qürurunun tapdalanmasını hələ ki, sükutla izləyirdi. Əsmər üçün Moskva artıq xəyallardakı o parıltılı şəhər deyil, ruhunun hər gün bir az da sıxıldığı dar hücrə idi. Lakin o hücrənin içində belə, öz arzularından imtina etmək istəmirdi. Hələ də gələcəkdə nələrəsə ümid edirdi. Onun daxilindəki o gizli üsyan hələ dilə gəlməsə də, baxışlarındakı o kədərli duman hər şeyi anladığını və bir gün bütün yaşadıqlarına üsyan edəcəyini pıçıldayırdı.

Elşad isə bu qarğaşanın ortasında qalan ən çarəsiz tərəfdir. O, Əsməri sevməklə əslində öz itirilmiş cənnətini axtarır. Elşadın daxili dünyası qadağan olunmuş bir eşqin və dostluğa xəyanət qorxusunun arasında çarmıxa çəkilmişdi. O, işin-gücün, var dövlətin arxasında gizlətdiyi o tənha uşağı Əsmərin gözlərində tapmışdı. Və qətiyyən o gözləri unuda, imtina edə bilmirdi.

Bu insanlar istər-istəməz bir-birinə bağlanmış talelərlə yanaşı addımlamalı olmuşdular. Hər kəsin ürəyində bir sirr, hər kəsin dilində bir yalan və hər kəsin ruhunda sönməkdə olan bir ümid çırağı vardı. Moskva isə bütün bunları udmağa hazır olan amansız bir div kimi sükutla gözləyirdi.

İRA

İki ay... Düz altmış gündür ki, bu lənətə gəlmiş "ikili oyun"un içindəyəm. Altmış gündür ki, mən Moskva küçələrində hər kəsə meydan oxuyan, dikbaş İra, bir kəndli qızının kölgəsiylə eyni adamı bölüşürəm. Mahmud mənim yanıma gələndə, mənə toxunanda, ruhumun hər zərrəsində o qızın — Əsmərin qoxusunu, sükutunun ağırlığını hiss edirəm. Bu mənə təhqir kimi gəlir, məni içimdən yeyib bitirir.

Günorta Mahmud gələndə üzünə baxdım. Yorğun idi, gözlərinin altı qaralmışdı. Amma məni bu yorğunluq maraqlandırmırdı, onun qətiyyəti lazım idi.

— Nə vaxta qədər, Mahmud? - deyə soruşdum. Səsimdəki o iti kəsər özümü də üşütdü. - Nə vaxta qədər bu "evcik-evcik" oyununu oynayacaqsan? İki aydır ki, dözürəm, o qızın səninlə eyni evdə nəfəs almasına dözürəm. Nə vaxt onu boşayacaqsan! Bu gün, sabah... - mənə konkret vaxt de!

Mahmud hər zamankı kimi qaçmağa çalışdı. Gözlərini yayındırdı, nəsə mızıldandı: "İra, vaxt lazımdır... Anamgil... kənd yeridir...". Bu sözləri eşidəndə içimdə bir şeylər qopdu, özümdən çıxıb ağlıma gələni dedim. Mən onun üçün sadəcə bir ehtiras dayanacağı idim? Yox, mən buna yol vermərəm! Onun taleyinin tək sahibi olmalıyam.

Saatlar keçdi, hava qaralmağa başladı. Mahmud saatına baxıb qalxmaq istəyəndə, o lənətə gəlmiş "evimə getməliyəm" ifadəsi üzünə çökəndə mən qərarımı verdim. Bu gecə o, evindəki kənd suvenirinin yanına getməyəcək, mənimlə qalacaq.

Birdən divana sərildim. Əlimi gicgahıma atıb gözlərimi yumdum. İçimdəki o aktrisalıq məharəti yox, əslində aylardır yığılıb qalan o ağır psixoloji gərginlik qəfildən bədənimə bir ağırlıq kimi çökdü. Sanki bir anlıq hiss etdim ki, onu itirmək qorxusundan həqiqətən də xəstə düşmüşəm.

— Mahmud... — səsim elə zəif çıxdı ki, özüm də təəccübləndim. — Başım... dünya fırlanır... Nəfəs ala bilmirəm.

Mahmud təşvişlə yanıma qaçdı. Əllərimi ovcuna aldı. Buz kimi idi barmaqlarım.

— İra, nə oldu sənə? Təcili yardım çağırım?

— Yox... — deyə pıçıldadım, barmaqlarımı onun qoluna kəlbətin kimi keçirdim. — Sadəcə qal... Yanımda qal. Getmə. Məni bu qaranlıqda tək qoyma. Sən o qapıdan çıxsan, mən nəfəs ala bilməyəcəyəm.

Gözlərimdən axan o bir neçə damla yaşın saxta olduğuna indi mən özüm də inanmırdım. Bu, mənim varlıq mübarizəm idi. Onu hər gecə o qızın yanına göndərmək - öz məğlubiyyətimi imzalamaq idi. Mahmudun üzündəki o çarəsizliyi, o daxili parçalanmanı görürdüm. Bir tərəfdə "vəzifə" dediyi Əsmər, digər tərəfdə isə "ölürəm, qal..." deyən sevgilisi.

— Yaxşı, yaxşı... Sakit ol, - deyib məni bağrına basdı. - Getmirəm. Burdayam.

Qələbə! Amma bu qələbənin dadı elə acı idi ki... Başımı onun sinəsinə qoyanda, ürək döyüntüsünü dinləyəndə düşündüm: bu sevgi getdikcə zəhərə çevrilir, amma mən buna baxmayaraq yenə də xoşbəxtəm. Çünki o, bu gecə mənimdir. O qız isə qoy o soyuq mənzildə təkbaşına darıxsın. Mən İrayam, mənə aid olanı heç vaxt geri vermirəm. Hətta bu, hər ikimizin sonu olsa belə...

MAHMUD

İranın mənzilindən çıxıb maşına əyləşəndə daxilimdəki o səs yenə sızıldamağa başladı. İki ay... İki aydır ki, mən iki fərqli dünya, iki fərqli həqiqət arasında çarmıxa çəkilmişəm. Sükanı elə sıxırdım ki, barmaqlarımın sızıltısı beynimə vururdu. Amma bu sızıltı ruhumdakı o qanlı yaranın yanında heç nə idi.

İra artıq məni küncə sıxışdırıb. Onun hər baxışı, hər "nə vaxt boşanacaqsan?" sualı qəlbimə sancılan bir ox kimidir. Bu gün isə o "xəstəlik" tamaşası... Bilirdim, bəlkə də yarısı uydurma idi, məni yanında saxlamaq üçün sonuncu hiyləsi idi. Amma o qədər çarəsiz görünürdü ki, o vəhşi, o dikbaş qadın mənim qollarımda bir uşaq kimi titrəyəndə, ona yox deyə bilmədim. İranın ehtirası mənim üçün hava və su kimidir, onsuz nəfəs ala bilmirəm, onunla isə hər gün bir az da məhv oluram. O, məni bu şəhərin azğın küçələrinə, onun parıltılı günahlarına bağlayan tək zəncirdir.

Amma evə - o soyuq sükutun hökm sürdüyü mənzilə tərəf döndükcə içimi qara bir qorxu bürüyürdü. Əsmər... O yazıq, o günahsız qadın. Mən onu Moskvaya gətirməklə sanki bir dağ bənövşəsini gətirib bu asfalta əkmişdim. İndi o bənövşə mənim gözlərimin önündə solur, mən isə ona bircə qurtum su, bircə səmimi baxış, bir isti tumar belə verə bilmirəm.

Nə vaxt Əsmərin gözlərinə baxsam, orda öz laqeydliyimin yaratdığı yaraları görürəm. Onun məsumluğu mənim ən böyük cəlladımdır. Səsini çıxarmır, şikayət etmir, sadəcə o məhzun baxışları ilə məni daxildən söküb dağıdır. Mən o qızı aldatmışam, onun gəncliyini, xəyallarını, o təmiz dünyasını əlindən alıb bu dörd divarın arasına atmışam. Vicdanım bir qara ilan kimi hər gecə yatağımda boğazıma dolanır. Mən necə deyim ona: "Get, mən başqasını sevirəm"? O, hara gedər, kimə sığınar? Atası acizin biri, analığı da ifritə...

İki odun arasındayam... Biri yandırır, kül edir, amma o oddan qopa bilmirəm — bu İradır. Digəri isə səssizcə qovurur, məni öz mərhəmətində boğur — bu da Əsmərdir. Bir tərəfdə qanımı qaynadan ehtiras, digər tərəfdə isə atamın, anamın namusu, kəndimizin abrı və o məsum qızın ahı...

Maşının aynasından özümə baxdım. Gördüyüm mən deyildim. Bu, öz yalanlarında boğulan, qərar verməkdən qorxan, iradəsiz bir adamın kölgəsi idi. İra boşanmağımı tələb edir, Əsmər isə hər gecə evdə mənim yolumu gözləyir. Mən isə bu iki qadının arasında öz insanlığımı itirirəm. Ən pisi də odur ki, mən hər ikisinə də bədbəxtlikdən, kədərdən başqa heç nə verə bilmirəm.

Görəsən, bu oyunun sonu harada bitəcək? Hansı tərəfə addım atsam, o birinin canı yanacaq. Amma mən artıq bu ağır yükü daşıya bilmirəm. Ruhum parçalanıb, hər parçası bir tərəfə çəkir. Və mən bu gecə yenə o mənzilə — Əsmərin yanına yalan dolu bir üzlə qayıtmalıyam. Çünki qaçmaq mənim tək sığınacağım olub, amma görünür, artıq qaçmağa yer qalmayıb. Bu şəhər məni də, bu iki qadını da öz qaranlıq girdabına çəkir... Sonumuz necə olacaq, kim bilir?

ELŞAD

Telefonun ekranında Mahmudun adını görəndə ürəyim qəfildən elə bir təlatümlə döyünməyə başladı ki, sanki yeniyetmə bir oğlan uşağı ilk görüşünə çağırılırdı. Mahmudun o adi, bəlkə də heç bir məna yükləmədiyi "Axşama gəlin bizə, Əsmər xəngəl bişirəcək" kəlməsi mənim üçün sanki göydən enən bir nicat müjdəsi idi. O an daxilimdəki işgüzar, rəsmi Elşad bir kənara çəkildi; yerini bu nəhəng Moskvada illərdir aclığını çəkdiyim o saflığa, o kənd ətrinə can atan sevgiyə ac bir ruha verdi.

Bu xəbərin sevincindən göyə uçurdum... Bəli, bu, sadəcə bir qonaqlığa getmək deyildi. Bu, mənim üçün dünyanın ən qadağan olunmuş, amma ən müqəddəs məbədinə daxil olmaq imkanı idi. Mahmud bilmirdi, bilsəydi bəlkə də məni o qapıdan içəri qoymazdı, amma mən o evə gedəndə dostuma xəyanət etməyə yox, sadəcə Əsmərin o dupduru varlığında kənardan özümü tapmağa, ruhumun tozunu-torpağını o gözlərin işığında yumağa gedirdim.

Almazı tələsdirdikcə daxilən özümdən utanırdım. "Tez ol, Almaz, gecikməyək, ayıb olar" - deyirdim. Amma içimdəki səs başqa şey qışqırırdı: "Tez ol, Elşad, o kədərli, məsum gözlərin sənə ehtiyacı var, o kimsəsiz gəlinin sənin baxışlarındakı o “səni duyuram, sevirəm” pıçıltısına ehtiyacı var!"

Hər dəfə o qapının zəngini basanda əllərim yüngülcə əsir. Qapını Əsmər açanda, o zərif, incə əlləri ilə bizi içəri dəvət edəndə mənə elə gəlir ki, bu boz və qəddar şəhərin ortasında bir cənnət qapısı açılıb. Onun hər "Xoş gəlmisiniz" deməsi ruhumun ən dərin qatlarında bir simi tərpədir. Mahmudun laqeyd-laqeyd oturub televizora baxdığı, yaxud telefonuyla oynadığı o otaqda, mən Əsmərin hər hərəkətini — süfrəyə qab qoymasını, çay süzməsini, hətta otağın küncündəki sükutunu belə bir ibadət kimi izləyirəm.

Bu, aşiqlikdən daha böyük, daha ağrılı bir sitayişdir. Bu, bir insanın öz itirilmiş cənnətinə duyduğu həsrətdir. Mən Əsmərə baxanda, Mahmudun bu cəvahiratı necə belə asanlıqla ayaq altına atdığını gördükcə daxilimdə bir yanğın başlayır. O, bu qızı görmür! O, Əsmərin hər nəzakətli sözünün arxasında gizlənən o hıçqırığı eşitmir! Mən isə eşidirəm. Mən o sükutun hər notunu duyuram.

Süfrə arxasında oturanda gözlərim qeyri-ixtiyari ona tərəf qaçır. O, Almazla nəsə danışanda, mən onun səsindəki o titrəyişi tuturam. Bəzən baxışlarımız toqquşur. Cəmi bircə saniyəlik... Amma o bircə saniyədə mən ona dünyaları danışıram. Ona demək istəyirəm ki, "Əsmər, sən tək deyilsən. Bu şəhərdə sənin qədrini bilən, sənin o təmizliyin qarşısında diz çökməyə hazır olan birisi var".

Amma sonra qəfildən Almazın səsi, yaxud Mahmudun bir zarafatı məni bu şirin yuxudan ayıldır. Özümü çox günahkar hiss edirəm – həm Mahmudun, həm də Almazın qarşısında... Dostumun süfrəsində əyləşib onun halalca arvadı haqqında belə düşünmək... Bu, məni daxildən gəmirən bir əzabdır. Amma bu əzab həm də mənim tək sevincimdir. Mən bu əzabı sevirəm. Çünki bu əzab mənə hələ də insan olduğumu, hələ də hiss edə bildiyimi, sevmək bacarığımı xatırladır.

O evdən çıxanda, hər dəfə bir az daha tənha, bir az daha sınıq oluram. Maşını sürəndə Almazın səsi uzaqdan bir küy kimi gəlir. Mən isə hələ də o otaqdayam. Əsmərin mənə uzatdığı o bir stəkan çayın istisini hələ də ovcumda hiss edirəm. Mənim arzularımın sırasına indi həm də belə bir dilək əlavə olunub: "Allahım, nə olar, Mahmud bir də zəng eləsin. Bir də çağırsın. Qoy mən yenə o qapı ağzında o məsumluğun qarşısında aciz qalım". Mən bu ümidsiz eşqin kölgəsində yaşamağa razıyam, təki o işığı bircə anlıq da olsa görə bilim...

ƏSMƏR

Elə bil günəş bu şəhəri birdəfəlik unudub, hər günüm bozluğa açılır. Belə soyuq, bozumtul günlərdə kəndimizin günəşli səhərlərini, ulduzlu gecələrini qüssəylə xatırlayıram. Mahmud da məni bu dörd divarın arasında, yad mühitdə çoxdan unudub. İki ay keçib, amma mənə elə gəlir ki, iki əsrdir bu soyuqluğun içində üşüyürəm. O, gecələr evə gələndə baxışları bir saniyədən artıq mənim üzümdə dayanmır, elə bil bu evin qadını deyil, küncə atılmış köhnə bir əşyayam. Onun bu biganəliyi, sükutu məni hər gün bir az da mənən yox edir. Universitetdə oxumaqla bağlı yarımçıq qalmış arzularımı hər gün məyusluqla düşünürəm, hərdən ağlayıram. Axı mən belə tale istəməmişdim, niyə bu cür həyata məhkum olmuşdum?

Bu şəhərdə yeganə təsəllim Almazdır. Onunla telefonda danışanda elə bil bir az da olsa, təkliyin caynaqlarından qurtuluram. Almaz olmasa, bəlkə də bu sükutun, tənhalığın içində havalanardım. Amma son vaxtlar Almazın da səsi birtəhər gəlir. Dünən telefonda gileylənirdi, deyirdi: "Elşad nəsə tamamilə dəyişib. Axır vaxtlar özünə qapanıb, fikri-zikri haralardadır, bilmirəm. Elə bil bədəni evdədir, ruhu haradasa başqa yerlərdə”.

Almaz belə dedikcə ürəyim qəfildən çırpınmağa başladı ki, elə bildim sinəmdən çıxıb o uzaq, dumanlı küçələrə qaçacaq. Özümdən qorxdum, daxilimdəki o qəribə sızıltıdan qorxdum. Çünki mən də hiss edirəm. İki ay ərzində hər dəfə Mahmudun dəvəti ilə bizə gələndə Elşadın baxışlarındakı o qəribə odu, o gizli yanğını görməmək üçün kor olmaq lazımdır. Hətta hərdən təəccüblənirəm ki, Mahmud nə yaxşı bunu hiss etmir. Əlbəttə ki, bütün diqqəti o qadında olduğu üçün bəlkə də heç ağlının ucundan belə keçməz ki...

Elşad mənə baxanda elə bil dilsiz-ağızsız yalvarır. Onun baxışlarında həm bir heyranlıq var, həm də böyük bir kədər. Mahmudun mənə qarşı saymazlığının yanında Elşadın bu gizli vurğunluğu məni həm ürküdür, həm də qəribə bir şəkildə daxilən isidir. Günah işlədirmişəm kimi diksinirəm bu fikirdən. Axı o, ərimin dostudur! Axı Almaz mənim bu şəhərdəki yeganə həmsöhbətim, özümə doğma bildiyim qadındır. Amma qadın ürəyi elə bir aynadır ki, özünə dikilən sevgi dolu baxışı dərhal tanıyır.

Hər dəfə Elşad bizə gələndə, mən süfrəyə çay qoyanda onun barmaqlarının əsdiyini, gözlərini məndən qaçırmaq istəyərkən necə çətinlik çəkdiyini görürəm. O, məni sadəcə bir qadın kimi sevmir, elə bil mən onun üçün müqəddəs bir mələyəm. Mahmudun mənə vermədiyi o qiyməti, o dəyəri mən yad bir adamın - Elşadın baxışlarında tapıram. Bu, əslində nə qədər acı, nə qədər qorxulu və təhlükəlidir!

Gecələr yata bilmirəm. Bir tərəfdə Mahmudun mənə arxasını çevirib yatması, o biri tərəfdə isə Elşadın o susqun, lakin fəryad qoparan sevgisi... Mən bu iki alovun ortasında necə sağ qalıram, bilmirəm. Bu sirri ürəyimdə daşımaq məni yavaş-yavaş məhv edir.

Analığım Kübra da tez-tez zəng edir, gah görüntülü yığır ki, evini göstər, neynirsən, Mahmuddan pul istə göndər bizə, bacıların üçün paltar alım və sair. Dünən də görüntülü danışanda bicliklə göz vurub soruşur ki, hələ bir şey yoxdur? Onun bu sözü qarşısında elə utandım ki... Deyə də bilmədim ki, Mahmudla ilk və son yaxınlığımız elə toy gecəsi olandır. Ondan sonra hələ də mənə yaxın durmayıb, gecədən xeyli keçmiş evə gəlir, yatağa uzanan kimi arxasını mənə çevirib xoruldayır, səhər ertədən də durub işə gedir.

Bir də yaxşı ki, mənim gözəl sirdaşım Lamiyə var. Təkcə onunla Mahmudun mən sevmədiyini, mənə yaxın durmadığını danışa bilirəm. Ərimin başqa bir qadını sevdiyini, gecə-gündüz onun yanında olduğunu bircə onunla bölüşürəm, bilirəm ki, sirrimi çölə salmaz. Mahmud o gün gecə ev gəlməmişdi, mesaj yazmışdı ki, işlə bağlı gələ bilməyəcək. O gecə Lamiyə ilə görüntülü danışıb xeyli dərdləşdik, ağlaşdıq, taleyin yaşatdıqlarına etiraz elədik. Lamiyə də deyir ki, ruhdan düşmə, bir gün Mahmud sənin qiymətini anlayacaq. Amma vaxtında verilməyən dəyər nəyimə lazımdr?

Mahmudun soyuqluğu məni qaçmağa məcbur edir, Elşadın baxışları isə məni naməlum bir günahın astanasına aparır. Allahım, mən haraya gedim? Kimə sığınım? Bu yolun sonu haraya çıxacaq? Ürəyimdəki bu çırpıntı qorxudurmu, yoxsa unudulmuş bir qadının oyanmaq istəyən ruhunun harayıdır? Bilmirəm... Bildiyim tək şey odur ki, bu şəhər məni də yavaş-yavaş özünə bənzətməyə başlayıb...

# 139 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər