Britaniyalı əfsanəvi ifaçı Devid Bouinin əvvəllər yayımlanmamış sinqllarının yer aldığı xüsusi albom striminq platformalarında işıq üzü görüb.
Kulis.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Kolleksiyaya ümumilikdə 22 mahnı daxil edilib ki, onlardan da onu indiyədək heç yerdə yayımlanmayıb. Albom o illərdə musiqiçi ilə yaxından əməkdaşlıq etmiş prodüser Şel Talminin şərəfinə "David Bowie: The Shel Talmy Recordings" adlandırılıb.
Söhbət sənətçinin karyerasının tam əvvəlində, hələ öz əsl adı – Deyvi Cons altında çıxış etdiyi 1960-cı illərin ortalarında yazılmış mahnılardan gedir. O zamanlar musiqiçi tamamilə fərqli bir janrda – Londonda populyar olan psixodelik pop-rok elementli blüz janrında ifa edirdi.
Nəşr xatırladır ki, səs yazılarından bir il sonra, 1966-cı ildə Deyvi Cons məşhur "The Monkees" qrupunun eyniadlı solisti ilə səhv salınmamaq üçün adını dəyişərək Devid Boui edib.
Böyük Britaniyanın "The Guardian" nəşri isə dəqiqləşdirir ki, unikal topluya rok tarixinin mühüm simalarının iştirakı ilə yaranan treklər də daxil edilib. Belə ki, bu mahnıların ərsəyə gəlməsində "Led Zeppelin" qrupunun gələcək gitaraçısı Cimmi Peyc (Jimmy Page) və "The Beatles", həmçinin "The Rolling Stones" qrupları ilə əməkdaşlıq etmiş məşhur pianoçu Niki Hopkins (Nicky Hopkins) də yer alıb. Xəbər musiqi və dünya rubrikasında yer alır.
Devid Boui kimdir?
Devid Boui (David Bowie, əsl adı: David Robert Jones; 8 yanvar 1947 – 10 yanvar 2016) — britaniyalı müğənni, bəstəkar, aktyor və musiqi prodüseri olub. O, yarım əsrdən çox davam edən karyerası ərzində pop və rok musiqisində inqilabi dəyişikliklərə imza atıb, xüsusilə 1970-ci illərdəki vizual və musiqi innovasiyaları ilə qlobal mədəniyyətə dərindən təsir göstərib. Sənətkarın tez-tez dəyişən və fərqli konseptləri özündə birləşdirən səhnə obrazları (ən məşhuru yadplanetli rok ulduzu "Ziggy Stardust") onu "musiqinin buqələmunu" adlandırmalarına səbəb olmuşdu. "Space Oddity", "Starman", "Heroes", "Let's Dance" və "Under Pressure" kimi unudulmaz hitlərin müəllifi olan Boui, həmçinin unikal vokal tərzi və avanqard yanaşması ilə bütün zamanların ən böyük musiqiçilərindən biri hesab olunur.