Dizayner Qalib Qasımovun təsis etdiyi “Institution” brendi növbəti dəfə beynəlxalq moda arenasında diqqət mərkəzində olub.
Kulis.az xəbər verir ki, dizaynerin “Collection 04 – Su” adlı yeni kolleksiyası suyun mənəvi və mədəni simvolikasından ilhamlanaraq təqdim olunub.
“Su” sözü qədim Proto-türk dilindən qaynaqlanır və “su həyat və ruhun güzgüsü” mənasını daşıyır.
Kolleksiyanın əsas ideyası da məhz insan və təbiət arasında əlaqənin, həmçinin ənənə ilə müasirliyin harmoniyasının modada əks olunmasıdır.
Yeni kolleksiyada ənənəvi çəpkən geyimindən ilhamlanan qadın jiletləri, əl ilə toxunmuş parçalar və unikal dizayn həlləri yer alır. Kolleksiyanın hazırlanmasında Azərbaycanın Masallı və Lənkəran bölgələrində qadın icmaları fəal iştirak edib
Bundan başqa, kolleksiyaya daxil edilən bəzi əl işləri Gürcüstandakı azərbaycanlı icmalar tərəfindən toxunub.
Qeyd edək ki, Milan şəhərində baş tutan kolleksiya İtaliyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə təqdim olunub.