"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?
8 oktyabr 2026
# 12:30

2010-cu ildə premyerası olan "Sosial şəbəkə" filminin davamı kimi çəkilən "Sosial hesablama" tamaşaçılara təqdim olunub.

Kulis.az xəbər verir ki, ssenarist və bu dəfə həm də rejissor kimi çıxış edən Aaron Sorkinin yeni layihəsi Mark Zukerberqin 2019-2021-ci illərdəki böhranını, "Feysbuk"la bağlı məlumat sızdırmalarını və Kapitoliyə hücum fonundakı qalmaqalları əhatə edir.

Lakin kino tənqidçilərinə görə, film bir çox baxımdan Devid Finçerin ekranlaşdırdığı əvvəlki filmdən xeyli geridə qalır.

2010-cu ildə "Sosial şəbəkə" filminin premyerasından əvvəl ən çox səslənən şübhə "Feysbuk" haqqında film çəkmək üçün hələ çox tez olması idi. Hamımızın bu platformada həvəslə dostlar əlavə etdiyimiz bir vaxtda hekayə hələ tamamlanmamış kimi görünürdü. Lakin Devid Finçerin qüsursuz işlənmiş, soyuqqanlı şəkildə uzaqgörən filmini bu qədər cəlbedici və aktual edən də məhz bu idi: inandırıcı yaranış hekayəsi olmaqla yanaşı, o həm də xəbərdarlıq edirdi ki, nə qədər zərərsiz məqsədlərlə istifadə etsək də, "Feysbuk" əslində heç də zərərsiz deyil, onun arxasındakı adam isə ondan da təhlükəlidir. 16 il sonra "Sosial hesablama" filmi ilə Aaron Sorkin bizə bütün bu müddət ərzində haqlı olduğunu deməyə çalışır. Bu dəfəki fərq isə ondadır ki, biz bunu onsuz da bilirik.

Zaman keçdikcə "Sosial şəbəkə"nin necə heyrətamiz dərəcədə uzaqgörən olduğu daha dərindən hiss olunurdusa, "Sosial hesablama"nın üzərində "çox az, çox gec" ab-havası dolaşır. "Feysbuk"un və onun rəhbəri Mark Zukerberqin necə nüfuzdan düşdüyünü kifayət qədər əyləncəli, ağıllı və real şəkildə araşdıran bu film 2019-2021-ci illər arasında baş verən hadisələri əhatə edir. Lakin o vaxtdan bəri keçən beş ildə texnologiya müharibələrinin miqyası o qədər kəskin şəkildə dəyişib ki, film indi əsl tarixi dramı kimi təsir bağışlayır.

Məlumat sızdıranlar və kəskinləşən radikallaşma

Sorkinin filmi "Wall Street Journal"ın müxbiri Ceff Horvitsin (Ceremi Allen Uayt canlandırır), məlumat sızdıran Frensis Hauqenin (Mayki Medison) köməyi ilə platformanın ekstremist siyasi qrupları alqoritmik olaraq necə dəstəklədiyini ifşa etməsini dəqiq ardıcıllıqla nəql edir. O, həmçinin "İnstaqram"ın gənc istifadəçilərə göstərdiyi zərərli təsirləri üzə çıxarır. Süjet Hauqenin ABŞ Senatının Ticarət Komitəsi qarşısındakı təsirli ifadəsinə qədər uzanır və hakimiyyətin üzünə deyilən nadir həqiqət nümunəsi, eyni zamanda köhnə məktəb araşdırmaçı jurnalistikasının dəyərinə bir alqış kimi orada yekunlaşır.

Lakin bir çox tamaşaçı "Sosial hesablama"da nələrin baş verdiyinə aludə olsa da, sonradan nələrin yaşandığından da yaxşı xəbərdardırlar. 2026-cı ildə "Feysbuk"un hələ də tənzimlənməyən dezinformasiya yuvası olduğu və süni intellektin bütün qaydaları dəyişdiyi bir vaxtda filmin müvəqqəti zəfər notu qətiyyən qane etmir. Yeni filmdə Sorkin rejissor kürsüsündə əyləşdiyi üçün onun əvvəlki layihələrindəki pafoslu idealizm yenə də üstünlük təşkil edir. Hətta Frank Kapranın da adı nəsillərarası istinad kimi çəkilir, ancaq tamaşaçı artıq bu utopik qələbə hissinə inanmır.

Ekran işi Pol Heggisin "Toqquşma" filmini xatırladan uydurma proloqla başlayır. Keyli (Porşiya Dabldey) adlı gənc ağdərili qadın yolda xarab olmuş avtomobilinin təmirini gözləyərkən qaradərili və latın amerikalı polis əməkdaşları ona kömək təklif edir. Lakin o, polislərə irqçi nifrət dolu sözlər yağdırır, onları videoya çəkir və "Feysbuk"dakı ağdərili irqçi qrupa yükləyir. Video "Feysbuk"un mülki bütövlük komandasının meneceri olan Hauqenin diqqətini çəkir. Əsas detal odur ki, Keyli onun keçmiş rəfiqəsidir. Bu proloq sosial medianın mötədil beyinləri necə radikallaşdırmaq gücünə malik olduğunu vurğulayan təsirli açılışdır. Həmin vaxt Z nəsli mübarizi kimi xarizmatik şəkildə canlandırılan Hauqen öyrənir ki, "Feysbuk"da ekstremist qruplara qoşulanların 64%-i məhz platformanın tövsiyə aləti tərəfindən oraya yönləndirilib. Zukerberqlə (Ceremi Stronq) görüşündə izləyici aktivliyinin cəmi 1% azalmasına səbəb ola biləcək sadə təhlükəsizlik tədbirləri təklif etdikdə rəhbərin verəcəyi cavabı təxmin etmək çətin deyil.

Zukerberqin yeni "yadplanetli" versiyası

Filmin əsas hissəsi kəskin, ehtiraslı gənc qadınla (Hauqen) yaşından əvvəl qocalmış müxbir (Horvits) arasındakı dinamikaya əsaslanır. Betti Qilpin tərəfindən canlandırılan sərt redaktor obrazı isə proseslərə fərqli rəng qatır. Medison və Uayt ikilisi ssenaridəki bu aseksual dinamikanı cəlbedici şəkildə oynayırlar. Lakin bütün bunlar düşdükləri rəqəmsal mühitə nisbətən ümidsiz dərəcədə köhnə moda hiss olunur.

Sorkinin ssenarisi onların birgə araşdırması ilə Zukerberqin Konqresdəki ifadəsinə müdafiə hazırlığı arasında ziqzaqlar cızır. Lakin hazırlıq prosesi Kapitoliyə hücumla kəsilir. Bu dəfə Zukerberqin qarşısındakı rəqiblər qismində Bill Börrün canlandırdığı şübhəçi məsləhətçi Çarli və Vunmi Mosakunun oynadığı daim əsəbi böhran meneceri Raya çıxış edir. Ən böyük problem isə Ceremi Stronqun təsisçiyə verdiyi qəribə, "yadplanetli" təfsiri anlamağın çətinliyidir. "Sosial şəbəkə"də Cessi Ayzenberq Zukerberqi parlaq şəkildə zirehini quran gənc sosiopat kimi təsvir etmişdi; burada isə Stronqun ifasında o, absurd dərəcədə emosional baxımdan qapanmış son formasına çatıb.

Sorkin qəlbində televiziya stilisti olaraq qalsa da, film bacarıqla montaj edilib. Orijinal filmin görüntü rejissoru Ceff Kronenvet ilə işləməsinə baxmayaraq, burada Devid Finçerin vizual ixtiraçılığından, ovsunlayıcı atmosfer yaratmaq bacarığından əsər-əlamət yoxdur. Aleksandr Deplanın bəstələdiyi musiqi isə Trent Reznor və Attikus Rossun əvvəlki filmdəki unudulmaz melanxolik elektronik musiqisinin solğun təqlidi kimi səslənir. Sorkin yeni filmində vaxtilə dostları bir araya gətirən qüsurlu platforma olan "Feysbuk"un necə bu hala düşməsinə yas tutur. Lakin onun filmi əvvəlkindən daha zəif təsir bağışlayır: daha az insani, daha az səmimi və daha az bağlılıq yaradan bir hekayə.

Ülvi Bahadır

# 98 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər