Nobel mükafatlı yazıçı Kazuo İşiquronun məşhur romanı əsasında çəkilən Klara and the Sun filmi Londonda keçirilən BFI London Film Festivalında təqdim olunub.
Kulis.az xəbər verir ki, rejissor Taika Vaytiti tərəfindən çəkilən ekran əsərində Cenna Orteqa Klara adlı süni intellektlə işləyən androidi canlandırır. Klara insanlara yoldaşlıq etmək və onların tənhalıq hissini azaltmaq məqsədilə hazırlanmış süni dost modellərindən biridir. Onun texnoloji baxımdan köhnəlmiş modeli artıq istismar müddətinin sonuna yaxınlaşsa da, yeniyetmə Cosi və anası tərəfindən ailəyə gətirilməsi ilə həyatında yeni mərhələ başlayır.
Hadisələr internetdən yanlış istifadənin nəticəsində Üçüncü Dünya müharibəsinin baş verdiyi, texnologiyanın həyatın bütün sahələrinə nüfuz etdiyi gələcəkdə cərəyan edir. Klara kədər və sirrlərlə əhatə olunmuş ailənin həyatına daxil olur. Günəşin sağaldıcı gücünə inanan, dünyaya özünəməxsus nikbinliklə baxan android ailə üzvlərinə insan olmağın nə demək olduğunu yenidən düşünməyə kömək edir.
Filmin rejissoru Vaytiti deyib ki, onu İşiquronun insan, süni intellekt və təbiət arasındakı əlaqələri alleqorik şəkildə təqdim etməsi cəlb edib. Rejissor əsərə özünəməxsus yumor elementləri əlavə etsə də, romanın emosional və dramatik dərinliyini qorumağa çalışıb. Onun sözlərinə görə, bu, indiyədək çəkdiyi ən dramatik filmdir.
Ekran əsərində Emi Adams, Nataşa Lyon, Stiv Buşemi, Aran Mörfi və Mia Taria da rol alıblar. Filmin dünya üzrə nümayişinə oktyabrın 21-də başlanması nəzərdə tutulur.