Azərbaycan jurnalistlərinin etik davranış qaydalarına süni intellektlə bağlı yeni prinsip əlavə olundu

Azərbaycan jurnalistlərinin  etik davranış qaydalarına süni intellektlə bağlı yeni prinsip əlavə olundu
16 oktyabr 2026
# 11:01

Azərbaycan jurnalistlərinin etik davranış qaydalarına süni intellektlə bağlı yeni prinsip əlavə olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Azərbaycan jurnalistlərinin IX qurultayında çıxışı zamanı deyib.

O bildirib ki, hazırda etik davranış qaydaları 5 prinsipdən ibarətdir və süni intellektlə bağlı 6-cı prinsipin hazırlanması istiqamətində iş aparılır. Yeni prinsip media subyektlərinin fəaliyyətində süni intellektdən istifadə qaydalarını müəyyənləşdirəcək.

Prinsipə əsasən, media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir. Həmin sənədlərdə süni intellektdən istifadənin məqsədləri, sərhədləri, yoxlama prosedurları və redaksiyanın məsuliyyəti aydın şəkildə göstərilməlidir. Redaksiyalar əməkdaşlarının süni intellektdən istifadə bacarıqlarının artırılması üçün də müvafiq şərait yaratmalıdır.

Qeyd olunub ki, süni intellekt sistemlərindən istifadə jurnalistin təşəbbüsünü və mühakiməsini, redaksiya müstəqilliyini, eləcə də insan nəzarətini əvəz etməməlidir. Süni intellektin köməyi ilə hazırlanan materiallar dərc olunmazdan əvvəl jurnalist tərəfindən yoxlanılmalı, onların məzmununun və faktlarının dəqiqliyi, həmçinin istifadə edilən mənbələrin etibarlılığı təsdiqlənməlidir. Dərc olunan materiallara görə məsuliyyət jurnalistin və redaksiyanın üzərində qalmalıdır.

Yeni prinsipdə şəffaflıq məsələsinə də xüsusi diqqət yetirilir. Belə ki, süni intellekt vasitəsilə yaradılan, dəyişdirilən və ya əhəmiyyətli dərəcədə formalaşdırılan məzmunun auditoriya tərəfindən düzgün anlaşılması təmin edilməlidir. Auditoriyanı çaşdıra biləcək süni intellekt mənşəli foto, audio, video və digər materiallar müvafiq qaydada işarələnməli, onların mənşəyi barədə məlumat verilməlidir.

Bundan başqa, süni intellekt sistemlərindən istifadə zamanı müəlliflik hüquqlarına, şəxsi məlumatların və mənbələrin məxfiliyinə, insan ləyaqətinə hörmət və ayrı-seçkiliyə yol verilməməsi prinsiplərinə riayət olunması nəzərdə tutulur.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər