"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA

"Şərif Ağayar Nobel mükafatı alanda birinci özüm..." - POLEMİKA
3 noyabr 2025
# 18:10

"Bazar şairi, rəssamı, yazıçını da bu iqtisadi önəmi olan sağlamlığa məcbur edir. Çünki artıq yaradıcı şəxslər də bazar üçün gəlir gətirən kölələrdir".

Kulis.az xəbər verir ki, şair Aqşin Yenisey bu sözləri öz sosial şəbəkə hesabında yazıb.

O, yazıçı Rəşad Səfərin "Romantizm bəlası" yazısını tənqid edib:

"Yazıçı, tərcüməçi dostumuz Rəşad Səfərin mənim "canının qədrini biləndən şair olmaz" ifadəmi də tənqid etdiyi bir yazısını oxudum. Pozitiv cəmiyyət mövqeyindən yazılmış bir yazıdır. O cəmiyyət ki, onu yaradan dəyərlər artıq çürümüş hesab olunur və müasir Qərb fəlsəfəsi artıq bu cəmiyyətdən xilas yolları axtarır.

Məsələn, müasir alman filofosu Bön Çul Xanın bütün kitabları pozitiv cəmiyyətdən xilas yollarının axtarışına həsr olunub.

Pozitiv cəmiyyət fəlsəfəsi hansı dəyərin üzərində qurulmuşdu? Neqativ olandan qaçışın. Yəni insan həm mənəvi, həm fiziki zədə hiss etdiyi yerlərə can atmamalı, bacardıqca çətinliklərin, ağrıların, iztirabların kənarında yaşamağa çalışmalıdır. Harada çətinlik, ağrı, iztirab gözləntisi varsa, insan dərhal oradan baş götürüb qaçmalıdır.

Bədən fit, gözəllik hamar olmalıdır. Bundan ötrü, ilk növbədə, ruhda, mənəviyyatda neqativdən təmizləmə işləri aparılmalıdır. Yəni bədəni fit, gözəlliyi hamar olmağa qoymayan mənəvi dəyərlər rədd edilməlidir. İnsan həyatının deyil, ömrünün qeydinə qalmalıdır.

Bu düşüncə hardan gəlir? Modern köləlik fəlsəfəsindən. Neoliberal dediyimiz rejim çox işlədib çox pul qazanmaq üçün insanı bir əmək aləti olaraq vaxtsız itirmək istəmir. Yəni bu sağlamlıq fəlsəfəsinin altında yatan dəyərlər ədəbi, fəlsəfi deyil, iqtisadi dəyərlərdir.

Bazar şairi, rəssamı, yazıçını da bu iqtisadi önəmi olan sağlamlığa məcbur edir. Çünki artıq yaradıcı şəxslər də bazar üçün gəlir gətirən kölələrdir.

Yəni biz hamımız bazarın tələbatına görə canımızın qədrini bilməyə məcburuq. Bu, bir dəbdir. Biz özünü süni motivasiyalarla qamçılayıb sağlam saxlayan kölələrik. Sənin sağlamlığın başqasının karına gələn bir öhdəlikdir.

Sağlamlıq öhdəlik olduğu üçün də dünya fizioloji cəhətdən sağlam, psixoloji cəhətdən xəstə insanlarla doludur.

Mən "canının qərdini biləndən şair olmaz" deməklə milləti kütləvi xəstəliklərə yoluxmağa səsləmirəm. Sadəcə, dəb xatirinə, öhdəlik götürülmüş sağlamlığın heç bir yaradıcı önəminin olmadığını diqqətə çatdırmaq istəyirəm.
Avropa fəlsəfəsi artıq pozitiv dəblərdən qaçmağın yollarını düşünür, bəzi filosoflar modern çağın ilkin dəyərlərinə, bəziləri isə hətta Orta əsr dəyərlərinə qayıtmağı təklif edirlər.

Artıq Qərbdə əzab verən sevgilərin həsrətini çəkən və bunun kitablarını yazan intellektuallar var. Bizik pozitiv dəblərin görməmişi. Çünki əzabsız günümüz yoxdur, çünki bazarda satılan maniken tipli yazıçımız, şairimiz yoxdur və s.

Əlbəttə, bazarın şərtlərinə uyğun mövsümi, il başa çatmamış unudulan kitablar yazan yazıçıların ağzı nədir canının qədrini bilməsin. Müqavilə imzalayıb. Tədbirlər, təqdimatlar var. Onun səhər idmanının arxasında şəxsi fərəh yox, naşir qorxusu var. Bu can qədri bilənlik məcburidir, azad seçim deyil.

İdmanı belə öz seçimi olmayan şair nə yaza bilər axı?

Sonda sizi Jak Derridanın şeir haqqında dediyi bir neçə kəlmə ilə baş-başa buraxıram. Derrida yazır: " “Magistral yolu keçmək istəyən kirpi özünü kor edir. Yolda təhlükə hiss etdikdə özünü qəzanın ixtiyarına buraxır. Qəzasız heç bir şeir yoxdur..."


"Yaradıcılıq axıracan izah olunmayan, bir az sirli, bir az da təxminidir. Düşüncəli tərəfi çox ağır basır qardaşımızın və yaradıcılıq işlərini bilmədiyi halda hökmlər çıxarır".

Yazıçı Şərif Ağayar şair Aqşin Yeniseyin paylaşımına şərh bildirib:

"Rəşad Səfər bədii dili və obrazlı düşüncə tərzini tuta bilmir. Ədəbi dil hissiyyatı da çox zəifdir. Yazdığı yazılardan və "Keçilərin nəğmələri" kitabının heç nəyindən yox, adından hiss olunur. Belə adamlar olur. Hər şeyə xətkeşlə yanaşır, hər şeyi ölçmək istəyir, hər şeyi izah etməyə çalışır. Yaradıcılıq isə axıracan izah olunmayan, bir az sirli, bir az da təxminidir. Düşüncəli tərəfi çox ağır basır qardaşımızın və yaradıcılıq işlərini bilmədiyi halda hökmlər çıxarır. Bütün bilməyənlər kimi... Məndən də yazmışdı, gördüm çox uzaqdı".


"Şərif bəy Nobel mükafatı alanda birinci özüm zəng vurub, təbrik edəcəm".

Yazıçı Rəşad Səfər öz sosial şəbəkə hesabında həmkarı Şərif Ağayara cavab verib:

"Sonuncu yazımda istəmədiyim halda uzun-uzadı izah da vermişdim ki, bəzi oxucular yanlış anlamasın dediklərimi.

Nəticədə, oxucular yox, yazıçılar yanlış anladı. Aqşin Yenisey, fikirləri ilə razılaşmasam da, mədəni, normal müzakirə etdi, cavab yazdı.

Burda problem yoxdur".

O, "Rəng mühəndisi" romanı haqqında bir neçə ay öncə yazdığı məqalənin romanın müəllifi Şərif Ağayar tərəfindən şəxsi qəbul olunduğunu iddia edib:

"Amma Aşıq Ələsgərin çağdaşı, ustad Şərif Ağayar qəfil "ürəyini boşaldıb", "Söz analizi"nin növbəti sayını hazırlamağa getdi.

Halbuki, o yazıda ondan nəinki birbaşa, heç dolayı da söhbət getmirdi. Yəqin ki, bir neçə ay öncə romanı haqqında tənqidimi şəxsi qəbul edib. Amma ədəbi mühitimizi az-çox tanıdığıma görə məyus olunacaq, təəssüf ediləcək bir şey yoxdur. Şərif bəy Nobel mükafatı alanda birinci özüm zəng vurub, təbrik edəcəm.

Ümid edirəm, Nobel komitəsi prosesi çox gecikdirməz".

# 1064 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər