29 mart məşhur Azərbaycan şairi Mirzə Əli Möcüzün doğum günüdür.
Kulis.az filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın "Mirzə Əli Möcüz satirasında sosial problemlərin proyeksiyası" yazısını təqdim edir.
Satiranın Mirzə Əli Möcüz poeziyasında xüsusi yeri vardır. Bu tərz dövrün tələbi olmaqla yanaşı, həm də şairin mübariz ruhu, barışmaz təbiəti ilə əlaqəlidir. Onun satiraları siyasi rejimin, cəmiyyətin müxtəlif təbəqələrinin yarıtmaz tipik cəhətlərinin, dinin mahiyyətinin və qayda- qanunlarının təhrifinin təsbitidir.
Mirzə Əli Möcüzün ictimai məzmunlu satirik şeirləri bir-biri ilə daxili vəhdət, ahəng içərisindədir. Şair bir poetik nümunə daxilində məharətlə bir neçə ictimai qüsurun təsvirini verməyi bacarır. Belə ki, onun “Yoxdur əlac, söylədi-dərdi cəhalətə” şeiri özündə dərin fəlsəfi, ictimai məzmun ifadə edir. Şeirdə dövrün hadisələrinə nəzər salan şair insanlar arasında olan kin-küdurəti, ədavəti mərhəmətə, məhəbbətə çevirmək niyyətindədir. O, dindən şəxsi mənafeləri naminə istifadə edən saxta ruhaniləri, xalqa zülm edən ağaları haqq və ədalətə əməl etməyə çağırır.
İslamın humanist ideyalarını dərindən anlayan və dəyərləndirən şair dinin əsl mahiyyətini dərk etməyən həmvətənlərinə, “möminlərə” müraciət edir:
Ey ümməti-Məhəmmədə rəhm etməyən kişi,
Nar əhlisən, güvənmə nəmazü təharətə!
Din qardaşın əyalı məhəlləndə ac yatır,
Vizrü vəbali boynuma, getmə ziyarətə [10, s. 27].
İslam mədəniyyətinə görə, şəxsə qarşı yönəlmiş həcv və satira məqbul sayılmamış, hətta belə şeirlərin müəllifləri cəzalandırılmışdır. Cəmiyyət eyiblərini və xüsusən dövrünün yalançı din xadimlərini satira obyektinə çevirən Mirzə Əli Möcüz, təbii ki, təqiblərə məruz qalır, zülm və zillətə düçar olurdu. Əlbəttə ki, şair ona əks mövqedə olan “müsəlmanlar”a qarşı haqlı idi.
Belə ki, mömin müsəlmanın, dürüst insanın həcv edilməsi doğru hesab edilməzkən, müşriklərə, saxtakarlara qarşı olan satirik yanaşma isə caiz hesab olunurdu. Şeir nümunəsindən göründüyü kimi, elə şairin tənqidinə məruz qalanlar da “ümməti-Məhəmmədə rəhm etməyən”, dini dəyərləri, Quran ayələrini şəxsi mənafeyinə uyğun təhrif edərək avam kütləni istismar edən “möminlər”dir. Mirzə Əli Möcüz müasiri olduğu cəmiyyətdə müxtəlif xarakterli insanları fərqli situasiyalarda təsvir edərək, sosial və əxlaqi problemlərin proyeksiyasını yarada bilir.
Şair səmtində, ətrafında yardıma ehtiyacı olan acizlərə rəhm etməyib imama zəvvar olan, ehsan təşkil edən “müsəlmanları” haqlı olaraq cahil hesab edir. Digər tərəfdən isə sosial problemlərin təsvirini verir. Mirzə Əli Möcüz “Ziyafət və fəlakət” şeirində maraqlı müqayisə aparır. İsti sobanın yanında qızınan, min bir nemətlə dolu “ehsan süfrəsinə” qonaq olanları şiddətli qar altında aclıq və soyuğun təsiri ilə pərişan halda dilənənlərlə qarşılaşdırır.
Mərsiyəxanın söylədiyi ağıya qoşulub göz yaşı axıtmadığına görə rəfiqini məzəmmət eyləyən şəxs ehsan məclisi bitdikdən sonra küçədə dayanmış yoxsulların pərişan, ürək dağlayan halını görür, lakin bu halətə gözlərini yumaraq onların yanından keçir:
Ciyər kəbab edici haldır bu hal, ey dust,
Necə gedib yatacaqsan evində rahətlə?
Rəfiq yumdu gözün, tərlədi xəcalətdən,
Başın aşağı salıb keçdi, getdi sürətlə [10, s.21].
Ədəbiyyatda ictimai satiranı şərtləndirən amillərin əsasını cəmiyyət qüsurları təşkil edir. Məhz buna görə də tarixi şəraitdən asılı olaraq ictimai həyatda baş verən mənfi halların, haqsızlıqların artması ilə təbii proses kimi həmin dövrdə satira rövnəqlənir, satirik sənətkarların fəaliyyəti gözəçarpacaq şəkildə genişlənir. Çünki müəllif satira vasitəsilə cəmiyyətin geriliyinə səbəb olan ünsürləri oxucuya çatdırdıqda o, böyük bir kütlənin nəzərini cəlb edir, həmçinin ifşaedici gülüşün təsiri ilə mənfi tipin timsalında digər şəxsləri ziyanlı əməllərdən çəkindirə bilir. “İfşaedicilik, sərt tənqid, öldürücü, inkaredici xarakterə malik olmaq gülüşün bu növünün səciyyəvi xüsusiyyəti kimi dəyərləndirilmişdir. İslahedici, yumşaq, tərbiyəedici gülüş sayılan yumordan fərqli olaraq, satirada ifşa, inkar, yandırıb-yaxmaq ön mövqedə dayanır” [3. s. 3-4].
Mirzə Əli Möcüz şeirlərində var qüvvəsi ilə xalqı qəflət yuxusundan oyatmaq istəyir, digər millətlərin tərəqqisindən, elmin inkişafı ilə faydalı icadların ərsəyə gəlməsindən bəhs edir. O, həmvətənlərinin hələ də cəhalət, zülm və zillət içərisində ömür sürmələrindən acı-acı şikayətlənir:
Haram etdi sizə təhsili-elmi alimi-cahil,
Binayi-elmi yıxdı, eylədi zirü zəbər, millət.
Cəhalət eylədi İranı viran, milləti fəhlə,
Neçün məzlumdur, ya rəbb, bizim bu dərbədər millət! [10, s.24].
Mirzə Əli Möcüz satirasının gücü, heç şübhəsiz ki, seçilən mövzuların aktuallığı ilə sıx bağlıdır. Bu satirik şeirlər yazıldığı zəmanənin güzgüsü olmağı bacarmışdır. Sənətkarın müasiri olduğu dövrdə İranın yarımmüstəmləkə vəziyyəti, bahalıq, əhalinin əksər hissəsinin güzəranının acınacaqlı halı şairin satirik poeziyasında geniş əks olunmuşdur. “Onun şeirlərinin əksəriyyəti ən yeni dövrdə yazılmış və dərc edilmiş olsa da, artıq İran inqilabı illərində əsasən satirik əsərləri əlyazmaları şəklində və ağızdan-ağıza yayılaraq ona geniş şöhrət qazandırmışdı.
Bu əsərlərdə (“Canlı cənazə”, “Ziyafət və fəlakət”, “Aşiqi-pərişan”) o, zəhmətkeş kütlələrin dözülməz güzəranını təsvir edir, mülkədar-feodalların, xanların zülmünü ifşa edir, irticaçıların, təəssübkeş ruhanilərin cəhalət və nadanlıqlarını qamçılayır, imperialist dövlətlərin İrandakı fitnələrini açıb göstərirdi [13, s.267].
Əhalinin az bir qismi özgə haqlarını zəbt etdiyindən firavanlıqla yaşayarkən digərləri aclıq və səfalət içində qıvranır. Şairin “Sultan malıdır” adlı satirik şeirində ölkənin, o cümlədən əhalinin mövcud durumu incə detallarla xarakterizə edilir:
Ey oğul, peşmək-noğul sərhəng, sultan malıdır,
Həzrəti-sədri, cənabi-cücə əyan malıdır [10, s.38].
Xarici dövlətlərin İran bazarlarında ağalığının daxili istehsalın qarşısını alması, digər ölkələrdən buraya gətirilən ucuz işçi qüvvəsi yerli əhalinin vəziyyətini daha da ağırlaşdırırdı. Yerli məmurlar xalqın düçar olduğu zillətdən xilası üçün yollar axtarmaq əvəzinə öz ciblərini doldurmağın marağında idilər. Cəmiyyətin inkişafının müasir zamanla ayaqlaşa bilməməsi, siyasi rejimin yarıtmazlığı isə şairin haqlı narazılığına səbəb olur, satirik təbini çoşdururdu.
“XX əsrin başlanğıcında kəndlərdə feodal istismarının şiddətlənməsi, o cümlədən vergilərin çoxalması, ölkənin Rusiya və İngiltərənin yarımmüstəmləkəsinə çevrilməsi ilə əlaqədar sosial tarazlığın pozulması, möhtəkirliyin baş alıb getməsi, maliyyə sisteminin böhranı və s. İranda, o cümlədən Cənubi Azərbaycanda hakim dairələrin daxili və xarici siyasətindən narazı qüvvələrin sayını xeyli artırmışdı” [11, s.227]. Mirzə Əli Möcüz bütün bunları şeirdə məharətlə ifadə edir, yumorla güldürərək düşündürür, həcv edərək səbəbkarları kəskin satira vasitəsilə qamçılayırdı:
Cüft fitilli lampalar, ayinələr, avizələr, Lükslər, divari küplər, camlar alman malıdır.
Qurtəzən, kəssəkdeyən öz malımızdır, dustan!
O qəviheykəl qazan Samu Nəriman malıdır [10, s.38].
Belə bir zəmanədə yaşayan əkinçilərin, muzdurların vəziyyəti olduqca acınacaqlı idi. Torpağı, istehsal vasitələri olmayan kəndlilər, əkinçilər min bir zəhmət bahasına əldə etdikləri məhsulun böyük hissəsini asılı olduqları torpaq sahiblərinə verməli idilər. Mirzə Əli Möcüz “Rəşbərin” şeirində yoxsul kəndlilərin pərişan halını bəyan edir:
Xidmət eylər müftə rəşbər xanlar ilə, bəylərə etməsin!
Mən neyləyim yoxdu kəmali rəşbərin!
Nökəri saxlar ağa, ta var dizində qüvvəti,
Üzrün istər, çün çoxaldı sinni-sali rəşbərin [10, s.48].
Cənubi Azərbaycanda və ümumiyyətlə, İranda bu dövrdə iqtisadiyyatın durğunluğu, yeni mülkiyyət qanunlarının kəndlilərin torpaq üzərində olan hüquqlarını məhdudlaşdırması və buna paralel olaraq onların istismarını artırması təhkimçiliyi, sosial bərabərsizliyi gücləndirmişdi. Böyük torpaq sahibləri münbit torpaqları mənimsəyir, kəndlidən əldə edilən məhsulun çox hissəsini almaqla yanaşı, əlavə vergi və mükəlləfiyyətlər də tələb edirdilər.
Mirzə Əli Möcüzün “Vətən”, “Qorxuram, peyki-əcəl”, “Şəbüstərdə” şeirlərindən göründüyü kimi, ölkədə zalımların zülmü ucbatından normal yaşam üçün adi bir şərait belə yoxdur, insanlar ac və səfil halda ömür edirlər. Şair vətənində mövcud olan çatışmazlıqlara, zülmün sonsuzluğuna işıq salır, istehza və rişxəndlə ifşa edir:
İstəkan rusindi, çay-qənd ingilisin, ey sənəm,
Camü cəm mali əcəmdir, ver görüm ondan mənə [10, s.63].
Bütün qiymətli mallar xarici şirkətlərə məxsusdur, Şəbüstər vilayətinin isə yetimi, füqərası çoxdur. Şairin təbirincə desək, “var Şəbüstərdə fabrikası gədanın”. Əlbəttə ki, bu ağır şəraitin “sərmanın”, “gərmanın” ağalara, mülkədarlara heç bir zəhməti yoxdur, bütün çətinliklər fəqirlərə aiddir. İnsanların artıq satmağa bir gümanları, gələcək firavan yaşam üçün ümidləri belə qalmamışdır: "Saqiya, yorqanı sat, vəchin gətir, xərc eyləyax, Qorxuram, peyki-əcəl nagəh verə fərman mənə [10, s.63]".
Mirzə Əli Möcüzü düşündürən məsələlərdən biri də məcburiyyət qarşısında qürbətə üz tutan həmyerlilərinin və onların gözü yolda qalan ailə üzvlərinin vəziyyəti idi. Dözülməz iş prosesi, vergiləri ödəyə bilməyənlərin ağır cəzaya məhkum edilməsi, fiziki işgəncələrə məruz qalması əhalinin, xüsusən kişilərin ölkəni tərk etməsinə səbəb olurdu:
Əhli-qürbətdi, bilirsən, bu şəbüstərli tamam,
Gedirik ta gətirək külfətə bir loqma təam,
Onu da siz alısız zur ilə, ey əhli-zülam,
Verisiz ənnigə, kirşanə, hənayə, rəngə [10, s.56].
Hakimiyyət çəkişmələri, dövlət işində səriştəsi olmayan hakimlərin, məmurların ucbatından xəzinənin boşalması və büdcə kəsirinin haqsız, quraşdırma vergilər hesabına düzəltmək cəhdləri əhalini müflisləşdirirdi. Xalq aclıq və səfalət içərisində olduğu halda ağır vergiləri ödəməyə məcbur edilirdi. “Zülm əlini kütah edin, iş göstərin işsizlərə” söyləyən Mirzə Əli Möcüz insanların vətənlərində azad, firavan yaşamasını istəyir. O, vətəndaşların güzəranını pisləşdirən qaydaqanunların, ailələrin pərişanlığına səbəb olan ağır vergi və mükəlləfiyyətlərin yaratdığı vəziyyəti dərk etməyən səlahiyyətli şəxsləri tənqid edir:
Qissəyi-qürbət əridib canini,
Beh qoyub o, süfreyi-binanini,
Köynəyini, şalini, tumanini,
Rəhm edin, ey qövm, öz üryanuza! [10, s.94].
Mirzə Əli Möcüz satiralarının xarakterik xüsusiyyətlərindən biri Şəbüstər mühitinin əhatəli təsvirini ehtiva etməsidir. “... Möcüz satirası İranda istibdadın dayaqlarını sarsıtmaqda, azadlıq və demokratik ideyaların inkişafına yol açmaqda misilsiz xidmət göstərmişdir. Cənubi Azərbaycan zəhmətkeşlərinin və İran vətəndaşlarının həyatından tipik səhnələr təsvir edən və bu yolla onların qəmli və fərəhsiz yaşayışı haqqında fikir oyadan Mirzə Əli Möcüz həmvətənlərini ayılmağa, rifahını təmin etməyə, milli müstəqilliyini əldə etməyə, dövlətini demokratik qanunlar əsasında yenidən qurmağa, ana dilini və mədəniyyətini inkişaf etdirməyə səsləmişdir” [2, s.8].
Oxucu bu şeirlərdə Şəbüstərin simasında ümumən Cənubi Azərbaycanda baş verən ictimai-siyasi hadisələri, cəmiyyət problemlərini, insanların həyat tərzini, mövqeyini, şairə olan münasibətini aydın görür:
Sinnim otuz altıdır, əmma düşüb çin alnıma,
Bığ və saqqal olmuş imdi misli-ayran, əmqızı.
Tez ağardar saqqalın, tir qamətin eylər kaman
Əhli-Azərbaycanın dərdi-hicran, əmqızı [10, s.59].
Mirzə Əli Möcüz yaradıcılığının tədqiqatçısı, görkəmli alim Fərman Xəlilov qeyd edir ki, “Şəbüstər kimi ucqar bir guşədə yaşamasına baxmayaraq, Möcüz İranda, qonşu Rusiyada və İranla bağlı dünya miqyasında baş verən ictimai-siyasi prosesləri izləmiş və əsərlərində onların bir çoxuna özünəməxsus münasibət bildirmişdir” [4, s.13].
Ölkənin iqtisadi, sosial, mədəni cəhətdən geriliyinin mühüm səbəblərindən birinin təhsilin yarıtmazlığı, elmin geriliyi ilə əlaqələndirən şair yazır:
Düşmən elm ilə bizi eylədi həmmal özünə, Kim zəlil etdi bizi?
– Cəhl! A müsəlmani-vətən!..
Verəlim əl-ələ, təhsilü-kəmal eyləyəlim,
Xabi-qəflətdən ayılsın gərək əxvani-vətən! [10, s.47].
Mirzə Əli Möcüz cəmiyyətin əhəmiyyətli dərəcədə böyük qüsurlarını kiçikhəcmli satirik şeir nümunəsinə sığışdırmağı bacarmışdır. “Möcüz yaradıcılığında vətən və zəhmətkeş xalqın taleyi, iranlıların qürbətdəki həyatı, Azərbaycan dili məsələsi, elm-maarif və cəhalətin qarşı-qarşıya durması, feodal-mülkədar zülmünün sonsuzluğu, dövlət məmurlarının və irili-xırdalı din tüfeylilərinin əqidəcə iflicləşməsi, Səttarxanın, Xiyabaninin başçılıq etdikləri milli azadlıq hərəkatına, cümhuriyyət quruluşuna dərin rəğbət kimi ciddi məsələlər ön plana çəkilmişdir” [7, s.216].
O, millətin dərdini anlayır, xalqı oyanmağa çağırırdı, haqq mübarizəsinin əleyhdarı olan, yalnız şəxsi mənafeyi üçün çalışanlar isə şairi susdurmaq fikrində idi. Məlum həqiqətdir ki, insan xisləti etibarilə öz səhvlərinin, yanlış davranışlarının fərqində olsa belə, digərinin haqlı tənqidi fikirlərinə birmənalı yanaşmır. Məhz bu cəhətdəndir ki, Mirzə Əli Möcüzün cəmiyyətin müxtəlif zümrələrinin bəd əməllərini tənqid və satira atəşinə tutması onun toplumdan tədricinə gətirib çıxarmış, düşmənlərinin sayını artırmışdır.
Qulam Məmmədlinin “Ömür dəftərindən səhifələr” adlı kitabında yazılır: “Çox betər yazan şair idi. Daha toxunmadığı yer, dolaşmadığı yaramazlıq qoymamışdı. Elə buna görə də onun şeirlərini çap eləməzdilər. Özünü də çox sıxma-boğmaya salmışdılar. Günü çox ağır keçirdi” [6, s.114].
İstanbuldan vətəninə qayıtdığı zamandan ömrünün sonuna qədər doğma yurdunun halını görüb cəmiyyətin qüsurlarına göz yummaq, sükut etmək Mirzə Əli Möcüz üçün qəbuledilməz olmuşdur:
Çün yetişdim vətənə, “açma dəhanin” dedilər,
D lam, öpgilə dəstarin ağanın” dedilər.
Dedim: “Allaha baxın, etməyin, axir öldüm!!
“Gər bu cür etməyəsən, çoxdu ziyanın” dedilər [10, s.60].
Professor Teymur Əhmədovun qeyd etdiyi kimi, “Orijinal ədəbi manera Möcüzün yaradıcılığında az deyildir və onların hər biri müəyyən bir məqsədə xidmət edir. Ümumiyyətlə, Möcüzün satirasında ifşa üsulu rəngarəngdir: şair tənqid obyektini ittiham, rişxənd, etiraf, bəzən də dolayı, özünü laqeyd göstərmək yolu ilə ifşa edir. Ədəbi təsvir vasitələri (təkrir, təşbeh, təzad, mübaliğə və s.) yeni bədii keyfiyyətlər şairin poetikasında ideyalar aləminin açılmasına xidmət etməklə yanaşı, həm də Möcüzün özünəməxsus sənətkar olduğunu aşkar edir [1, s.349].
Doğru sözünə, düz əməlinə, həqiqəti bəyan etdiyinə görə qaragüruhçuların təzyiqinə məruz qalan, məclislərə buraxılmayan, hətta Şəbüstəri tərk etməyə məcbur edilən Mirzə Əli Möcüz təəccüblə həmvətənlərinə müraciət edir:
Başıma zülf qoyub saqqalı yoldurmamışam,
Xəlqdən rüşvət alıb kisəmi doldurmamışam,
Cəddizin vəqf suyun mülkümə saldırmamışam,
Ey şəbüstərli dadaşlar, sizə mən neyləmişəm? [10, s.61].
Mirzə Əli Möcüzün yaradıcılıq xüsusiyyətlərini səciyyələndirən görkəmli yazıçı, həmçinin ədəbiyyatşünas alim Mir Cəlal Paşayev yazır: “Şairin əsas əsərlərinin dili danışıq dilinə yaxın məcazları xalq müdrikliyindən gəlmə, ifadələri xalq yumoru ilə həmahəngdir. Möcüz çox yaxşı bilirdi ki, onun şeirlərinin avam camaat arasında yayılması üçün birinci şərt xalqın ürək duyğularını əks etməkdədirsə, ikinci mühüm şərt dildə sadəlik və aydınlıqdır. Möcüzün təbi güclü olduğundan bədii təsvir vasitələri çox zəngin, əlvan olmuşdur” [8, s.209].
Böyük şairin şeirlərində sosial bərabərsizliyin, insanların bir qisminin digərlərinin haqqına bais olaraq naz-nemət içərisində yaşadığı, məzlumların isə yalnız əzab-əziyyətə məruz qalmalarının ifşası qırmızı xətt ilə keçir. “Möcüz oyandırıcı və möhtəvalı eyni halda Cənubi Azərbaycan tənz (satira – A.Q.) ədəbiyyatı sahəsində misli və nəziri görünməmiş nəzm və nəsr ilə boya-başa çatdığı cameəni, mənhus xürafatdan və övhampərəstlikdən qurtarmasını istəyir və vətən eşqi, insan sevgisinin mənəvi toxumunu, yolunu azmış ya azdırılmış insanların çırpınan ürəklərində əkmək fikrində idi [9, s.11].
Mirzə Əli Möcüzün “Mübaşir gəldi”, “Onun nə axirəti xoş olar, nə dünyası”, “Üçün” şeirləri bu qəbildəndir: Deyələ qəm yaranıb mündəris əbalar üçün, Deyin gədayə ki, hazır ola bəlalər üçün! Sən işlə sübhü məsa, ey cəfakeşi-dövran, İmarət eylə bina möhtərəm ağalar üçün! [10, s.120].
Qeyd etdiyimiz kimi, Mirzə Əli Möcüzün satiralarının əhəmiyyətli hissəsi dövrünün elm və təhsil cəhətdən kasadlığının, qadınların isə tamamilə savadsızlığının tənqidinə həsr edilib. “Qadın azadlığı, əmək və yaşamaq hüququ ana dili məsələsi, mədəniyyət ocaqlarının yaranması kimi qabaqcıl ideyalar Möcüzün şeirlərinin ümumi ruhunu təşkil edir [12, s.4].
Belə ki, müəllifin “Olacaq”, “Gərək”, “Gəlin, ey qövm”, “Qız”, “Bacılar”, “Bəzək” şeirlərində cəmiyyətdə, ailədə qadına olan münasibət səciyyələndirilir:
Sən qələm alsan ələ, kim təbx edər şorbanı, qız?
Kim tikər yırtıx-yamağı, doldurar qəlyanı, qız? [10, s.84].
Mirzə Əli Möcüz yaradıcılığının əsasını təşkil edən satira şairin vətən, millət təəssübünə bağlıdır. Möcüzün özünün qələmə aldığı tərcümeyi-halından, onun haqqında aparılan tədqiqatlardan, ən ümdəsi isə elə satirik şairin poetik irsindən aydın olduğu kimi, o, ömrünün sonuna qədər qarşılaşdığı bütün maneələrə əzmlə sinə gərmiş, şərəfli mübarizə yolundan çəkinməmişdir.
Onun şeirləri “Molla Nəsrəddin” ədəbi məktəbinin Cənubi Azərbaycanda olan təsirinin aydın ifadəsidir.