Həm yaşlı nəslin, həm də gənclərin sevimlisi Nəriman Həsənzadə... - Qəzənfər Paşayev

Həm yaşlı nəslin, həm də gənclərin sevimlisi Nəriman Həsənzadə...  - Qəzənfər Paşayev
28 avqust 2026
# 17:00

Kulis.az Qəzənfər Paşayevin "Şöhrətin sevinci də, yaşın kədəri də ona yaraşırdı" yazısını təqdim edir.

Mən Xalq şairi Nəriman Həsənzadənin bənzərsiz poeziyasının istisinə isinənlərdənəm. Hələ 1980-ci ildə şairin "Yazıçı" nəşriyyatında çap olunan "Sən bağışladın" kitabını oxuyub ona "Açıq məktub" ünvanlamışdım (bax: "Azərbaycan müəllimi", 18.07.1980). Açıq məktubum o qədər xoşuna gəlmişdi ki, (baxmayaraq ki, "Qadın" poemasını tənqid etmişdim) mənə telefon açaraq dönə-dönə təşəkkür etdi.

Ondan sonra vaxtaşırı şairin çap olunan yeni əsərlərini oxuyub mətbuatda çıxış edirdim. Son olaraq şairin 2022-ci ildə "Ədəbiyyat qəzeti"ndə çıxan son əsəri "Ədibin evi" poemasını oxuyub "Ədəbiyyat" və "525-ci qəzet"lərdə (26.11.2022) şairə yeni bir açıq məktub ünvanladım. Çox sevindi.

Yaradan Nəriman Həsənzadədən heç nəyi əsirgəməmişdi. Ona boy-buxun, yaraşıq, ağıl, təfəkkür, xeyirxahlıqla döyünən ürək, ilham, fitri şairlik istedadı, tükənməz enerji bəxş etmişdi. Şair ömrünün son günlərində də yazıb-yaradırdı. İlham pərisi onu heç vaxt tərk etmədi.

Nəriman müəllim iddiasız və təmənnasız yaşamağı bacaran, ziyalılığı, nəcibliyi, əxlaqı, xeyirxahlığı, sadəliyi, təvazökarlığı ilə seçilən, şərəfli ömür yaşayan örnək insan, bənzərsiz şair idi.

Çoxşaxəli yaradıcılıq yolu keçən Nəriman Həsənzadə bənzərsiz əsərləri ilə həm yaşlı nəslin, həm də gənclərin sevimlisinə çevrilmişdi.

Mənə görə orduların sərkərdələri olduğu kimi, dilin və ədəbiyyatın da sərkərdələri olur. Onlar yazıçı və şairlərdir. Orduların sərkərdələri ölkələri fəth edir, yazarlar ürəkləri.

Nəriman Həsənzadə ürəklərə məlhəm olan bənzərsiz poeziyası ilə insanların qəlbini fəth etmiş, hər şairə qismət olmayan ümumxalq məhəbbəti qazanmışdır...

Deyirlər, dünya bina olandan qəm yükünü daşımaq şairlərin alın yazısı, qismət payı olub. Ömrünün və yaradıcılığının çiçəklənən dövrünü yaşayan, "Yeri də, göyü də sən bağışladın", "Dünyanın xoşbəxti mənəm dünyada" - deyən şairin birdən-birə dönərgəsi döndü. Tale ondan üz döndərdi. 80-ci illərin sonlarında həyat yoldaşı Sara xanımı itirdi.

Ürək yanğısı ilə öz kəm taleyini yazdı.

Məhəbbət, nə deyim o ülvi ada,

Hamıya bir gözlə baxmayır o da.

Birinə ömür-gün yoldaşı verir,

Başqa birisinə göz yaşı verir.

Şair həyatın bu ağır imtahanına Sara xanıma ünvanlanan sevgi şeirləri yazmaqla sinə gərdi.

Dünyada ən böyük itki qadındı:

Gördüm anamda da, qadınımda da...

Evdən, ailədən başlayır Vətən,

Qadından başlayır düzünü desək.

Qadınsız çətindir həyatı sevmək,

Sevgisiz həyat da bir həyat deyil

- deyə şair öz həyatını qələmə alıb.

Nəriman müəllimi həyat yoldaşını itirən bəzi kişilərdən fərqləndirən bir məqamı xüsusi vurğulamaq istərdim. Nəriman müəllim Sara xanımdan sonra ona hayan ola biləcək başqa qadını evə gətirib övladlarının ürəyinə xal salmadı, örnək oldu.

Nəriman Həsənzadəni tanıyanlar bilir ki, şair cavanlıqdan ağsaqqal olub. Hamı Nəriman müəllimə ehtiram göstərirdi. Həqiqi ehtiramı isə nə var-dövlətlə, nə də vəzifə ilə qazanmaq olur. Burada insanın əxlaqı, mədəniyyəti, şəxsiyyəti, ziyalılığı şərtdir.

Şairin dünyasını dəyişənə qədər uzun illər Yazıçılar Birliyində Ağsaqqallar Şurasına rəhbərlik etməsi də deyilənlərə dayaq olur.

Nəriman müəllim çox mehriban adam idi. Onun dilindən insanın qəlbinə dəyən bir söz belə çıxmazdı. Əksinə, dilindən "qadası" və "sənə qurban" kimi ürəklərə məlhəm olan kəlmələr düşməzdi.

Şairin hər dəfə mənə ünvanladığı bu kəlmələr yadıma müdrik Dədə Ələsgərin bütün zamanlar üçün gərəkli olan misralarını salardı:

Can deməklə candan can əskik olmaz,

Məhəbbət artırar, mehriban eylər.

Nəriman Həsənzadə sevincli-kədərli bir ömür yaşadı. Şairin dillər əzbəri olan misraları deyilənləri təsdiqləyir:

Şöhrətin sevinci, yaşın kədəri,

Tərs kimi ikisi bir vaxta düşür.

Etiraf edək ki, şöhrətin sevinci də, yaşın kədəri də ona yaraşırdı.

"Ədəbiyyat qəzeti"

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər