Etdiyin hər əməlin cavabın soracaqlar

Etdiyin hər əməlin cavabın soracaqlar
9 fevral 2015
# 15:26

Sorğu-sual

Heç zaman unudulmaz
Olanlar, olacaqlar.
Etdiyin hər əməlin,
Cavabın soracaqlar.

Bilməlisən dünyanın,
Nədir haram-halalı.
Çətindir o dünyanın,
Bil ki sorğu-sualı.

İlahi, sən məni yaratdın

İlahi, sən məni
Öz böyüklüyümdə,
Böyük yaratdın.
Bəlkə də nahaq yerə...
Özünə yük yaratdın.
İlahi, sən məni yaratdın,
Göz verdin gözəlliyi görməyə.
Kədər verdin ağlamağa,
Sevinc verdin gülməyə.
İlahi, yaşat məni,
Tələsmirəm ölməyə.
Hərdən dərdlə yandır məni,
Göynət məni.
Sevinməyə də, sevməyə də,
Qəm yeməyə də
Öyrət məni.
İlahi, günəş doğsun bəxtimə,
Bəxtimlə güldür məni.
Məni kişi yaratdın,
Kişi tək öldür məni.

Baxacaqsan sən o yollara sarı

İllər ötər, günlərin bir günündə,
Duracaqsan pəncərənin önündə,
Baxacaqsan sən o yollara sarı.
Deyəcəksən, qayıtsın yarım barı.
Ötəcək ömrünün qışı, baharı,
Ötən günlər daha qaytarmaz yarı.
Sənə yazdığım nəğməni oxuyub,
Hədiyyə etdiyim gülü qoxuyub,
Məni düşünərsən bir də əzizim.
Axtararsan göydə, yerdə əzizim.
Aylı gecə, bir də günəşli səhər,
Qəlbindən ötəcək neçə nəğmələr.
Bax belə keçəcək sənin hər günün,
Mənsiz olacaqdır sənin həyatın.
Buludlar örtəcək göyün üzünü,
Mənsiz yağacaqdı göylərdən yağış.
Bu ki taleyindir, bununla barış.

Köçəköç

Bu gün dünyaya neçə insan gəldi,
Bu gün dünyadan neçə insan köçdü.
Bəşəriyyət yaranandan,
Elə hey köçə-köçdü.
Yenə insan doğulacaq,
Yenə dünya dolacaq.
Neçə insan öləcək,
Dünya diri qalacaq.
Bəşəriyyətin yazılıb,
Bax beləcə qanunu,
De, kim pozacaq onu?!
Bu dünyaya göz açıb,
Həyatla salamlaşıb,
Bir gün vidalaşarsan.
Neçə-neçə insanın,
Ürəyində əbədi,
Xatirə tək yaşarsan.
Bu gün dünyaya neçə insan gəldi,
Bu gün dünyadan neçə insan köçdü.

Əzrayıl qonağımdır

Mən gedirəm göylərə,
Bu yer mənlik deyilmiş.
Hər gördüyüm yaşıllıq,
Göy çəmənlik deyilmiş.

Əzrayıl qonağımdır,
Çağırılmamış bir qonaq.
O dünya mənə yaxın,
Bu dünya mənə uzaq.

Göz yaşları yuyacaq,
Soyuq məzar daşımı.
İllər də itirəcək,
Mənim ömür yaşımı.

Bu dünyaya hər gələn,
Qonaqlardan biridir.
Dünyada iz qoyanlar,
Ölsələr də, diridir.

# 974 dəfə oxunub

Müəllifin son yazıları

# # #