Dodaq boyası kimi şeirlər dodağında

Dodaq boyası kimi şeirlər dodağında
7 dekabr 2017
# 10:55

Rəvan Cavid

Balıq adamlar

Dənizin də altı torpaq olur, əzizim,

göyün altı torpaq olan kimi.

Yəni ölür hər şey,

balıqları deyirəm -

nə qədər də biz!

Tilovların ucu ölüm bəzəklidi!

Adamlar kimi olur balıqlar,

dənizin üstünə yağış yağanda

dənizin altında balıqlar ağlayır,

adamın yasını adamlar,

həyatın yasını Allah özü saxlayır.

Lal doğulur balıqlar,

lal yaşayır adamlar,

dənizdən atılanda ölür balıqlar,

dənizə atılanda ölür adamlar.

Azadlığa lal olanlar

tilovun ucuna uduzur, əzizim,

bütün kasıblar kimi.

Bütün kasıbların da arzusudur xoşbəxtlik!

Dodaq boyası

Dodaq boyası kimi şeirlər dodağında,

vərəqləri öp tulla evin künc-bucağına,

gəlim bir-bir toplayım səhərin sübh çağında,

sənə şeir oxuyum uzanıb qucağına.

Dodaq boyası kimi şeirlər dodağında,

şeir öpüşlərinlə boynumun vərəq yeri

cızma-qırmızı olsun,

boynumdan, köynəyimdən oxusunlar şeiri.

Sən hər gün şeir oxu, dodaq boyası çək hər gün,

şeir istəsəm birdən, gəl, dodağından öpüm.

***

Qağayılar dənizin uçmaq arzusu,
arzular sevginin gözləmək halı,
gözləmək darıxmağın ətalət halı.
Bütün darıxanlar uçmaq istəyir.

Nifrət unutmağa qoymur adamı,
deyim yadında qalsın,
çaxır nifrətin qıcqırmış halı,
unutmamaq üçün ,
darıxanlar içmək istəyir.

Ümidlərdən sonra gəlir xoşbəxtlik,
ümidlər də sonda ölür axı,
tələsirlər xoşbəxt olmağa,
darıxanlar ölüm-ölüm içir,
darıxanlar burdan köçmək istəyir.

bütün darıxanlar mənə bənzəyir.

# 2946 dəfə oxunub

Müəllifin son yazıları

# # #