"Gəl, üstümdən keçirt Siratı, Allah" - Nemət Kamrandan yeni şeirlər

"Gəl, üstümdən keçirt Siratı, Allah"  - Nemət Kamrandan yeni şeirlər
12 avqust 2023
# 13:00

Kulis.az Nemət Kamranın yeni şeirlərini təqdim edir.

Sonra ölməyə də şansımız olmaz

Görürsən, başımda mürgüləyir dərd,
Daha xoş vədələr ağlıma yatmır.
Sözümün kəsəri, ahəngi itib,
Cırtdan da oyaqdır, nağlıma yatmır.

Nə səni dinləyir, nə məni duyur,
Bizə qulaq asmaq işinə gəlmir.
Hər gün ayağının altında əzir,
Ruhumuz dünyanın dişinə gəlmir.

De, əvvəl kim gedər bu dərd yolundan,
Geridə kim qalar, hansımız olmaz?
Ömür bircə dəfə öldürər bizi,
Sonra ölməyə də şansımız olmaz.

Sonun bildiyimiz bir filimdəyik,
Rejissor hər kəsi dilə gətirmiş.
Bir gün ayrılsaq da, canını sıxma,
Yəqin ki, rolumuz belə gətirmiş.

Ssenari budursa, oynayaq, amma
Gündə bir filimdən filimə düşmə.
Ya qəlbimdə yaşa, ya qəlbimdə öl,
Gözümdən büdrəyib dilimə düşmə.


"Mətbəxdən salona qədər"

Hər şey bir təcrübə imiş,
Başlamaq da, bitirmək də.
Qonaq gəlmiş sevincləri
Ayaqüstü ötürmək də.


Deyirlər ki " bu da keçər,
Yaş otuz, qırx, əlli olar"
Sevinimmi, ağlayımmı,
Heç belə təsəlli olar?

Yerimdə dura bilmirəm,
Boynumdan asmışam qəhər.
Gedirəm azad yolumu
Mətbəxdən salona qədər.

Torpaq yanağımdan yaşımı dartır

Edirəm "etmərəm" dediklərimi,
Bu gün də üzümə üz bağlayıram.
Gedirəm, izim də izimdən qopur,
Bu gün də izimə iz bağlayıram.

Necə də yalandır vardığım hər yer,
Necə də yalandır bu məsafə də.
Mən yaşam bilirdim hər uzaqlığı,
Təkcə ölmək olar bu məsafədə.

Qorxduğum çox şeyi bir-bir yaşadım,
Artıq qorxduğum da başıma gəlmir.
Son vaxtlar Şeytan da məsumdur məndən,
Son vaxtlar Şeytan da daşıma gəlmir.

Sinəmin üstündə qəribə əllər,
Hər əl intihardır, yaşamı dartır.
İnsanlar yaxamdan dartsa, dərd deyil,
Torpaq yanağımdan yaşımı dartır.


Yenə də eybi yox, nə olur, olsun,
Bu yolun sonuna çatmasam, olmaz.
Bir gün su üzünə çıxmalıyamsa,
Yerin ən dibinə batmasam, olmaz.


Dördə bölsəm indikini

Uşaq, hələ beş yaşın var,
Uşaqlığın yerindədir.
Axı hardan axtarasan,
Bu həyatda yerim nədir?

Hələ tez-tez üzün gülür,
Üz çevirmir üzdəkilər.
Alnından da cığır açmır
Vaxtsız axan sözdəki tər.

Sərvətindir azadlığın,
Borc almırsan dediyini.
Zaman sənə tuşlamayıb
Məhdudiyyət tətiyini.

İndi səndə dərd nədirmi?
Cizgi film, oyun, yemək...
Sənin üçün hər ayrılıq
Müvəqqəti oyun demək.

Dərdin qardır, qartopudur,
Toxunduqca üşüməkdir.
Uzaqbaşı " atam haçan
İşdən gələr" düşünməkdir.

Hər dərdini qısqanıram,
Uşaq uşağı qısqanar da.
Niyə səndə çay içəndə,
Mən sussanda dilim yanar?

Axı biz də bir yaşdayıq,
Beş bilirəm səndəkini.
Axı biz də bir yaşdayıq,
Dördə bölsəm indikini.


Mənə quyu qazdı qazdığım quyu

Közün isti olsun, ey könül quşum,
Sən də ovlanıbsan, şişə düşübsən.
Başa gələn işdən qovulmaq olmur,
Özün işdən çıxıb, işə düşürsən.

İlahi, canımın suyunu içdi,
Mənə quyu qazdı qazdığım quyu.
Üç günlük dünyanın qırxıdır bu gün,
Bədənin biz çərtdik, çirkini sən yu.

Şeytan cin atına mindirir məni,
Yanına çapıram bu atı, Allah.
Məni körpü tutur, keçə bilmirəm,
Gəl, üstümdən keçirt Siratı, Allah.

# 2212 dəfə oxunub

Oxşar xəbərlər

Maria - Sabir Etibarlının hekayəsi

Maria - Sabir Etibarlının hekayəsi

16:48 30 aprel 2024
Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
# # #