Atamın Qarabağda qalan əlləri – Hekayə

 Atamın Qarabağda qalan əlləri – Hekayə
25 yanvar 2021
# 15:17

Atamın əlləri - Bəhruz Məmmədov

Atam ustadır, ev tikir. Yaxşı sənətkardır, əlləri qızıldır - deyirlər.

Boş vaxtı olmur. Axşamlar evə gələndə çox az danışır bizimlə. Yorğun baxışlarıyla sanki başımızı sığallayıb - yaxşı oxuyun - deyib divanda yayxanır, televizorun pultunu götürüb kanalları dəyişir.

Özü üçün maraqlı nə isə tapıb gözünü yumur. Elə ordaca yuxuya gedir. Çox da səssiz yatmağı var. Anam çay gətirəndə hamımız bir-birimizə, sonra da atamın yatmış çöhrəsinə baxıb gülümsəyir, yenidən öz dərsimizlə məşğul oluruq...

Neçə vaxt idi ki, atam evə gəlmirdi. Anam deyirdi ki, hansısa başqa kənddə iş götürüb. Amma anamın gizli-gizli ağlamağından bilirdim ki, atam hansısa kənddə yox, müharibədədir.

Qonşumuz Sevil xalanın oğlu şəhid olanda bizə də xeyli adam gəlirdi. Anama təsəlli verib gedirdilər...
Ad günümdən dörd gün əvvəl lap çox adam gəldi evimizə. Şəhərdən əmim də gəlmişdi. Daha bizdən heç nə gizlətmirdilər. Atam müharibədə yaralanmışdı.

Yadımızdan çıxdı bu il ad günümü keçirmədik. Böyük qardaşımın gələn ay 10 yaşı tamam olacaq. Atam deyir ikinizin ad gününü bir yerdə qeyd edərik.

Hə, atam keçən həftə qayıdıb. Maşından düşəndə gördüm ki, gözləri sarıqlıdır.

Qolları da balacalaşıb. Əmim qoluna girib gətirdi evə. Divanda oturandan sonra adımı çəkdi. Mən də qaçıb qucağına atıldım. Saçlarımı öpüb çoxlu-çoxlu qoxuladı.

Sonra adamlar gəldi. Heç tanımadıqlarım da var idi aralarında. Axşama qədər hamısı getdi. Evə sakitlik çökmüşdü. Atam televizoru yandırmağımı istədi. Mən də pultu götürüb oturdum yanında. Bir neçə kanalı çevirib - hansında qalsın? - deyə soruşdum.

Cavab vermədi... Deyəsən yatmışdı. Bundan sonra atam üçün kanalları mən dəyişəcəm.

Onun əlləri Qarabağda qalıb...

# 4216 dəfə oxunub

Oxşar xəbərlər

Selçuk Bayraktar "Ay Laçın" mahnısını paylaşaraq təbrik yazdı

Selçuk Bayraktar "Ay Laçın" mahnısını paylaşaraq təbrik yazdı

17:10 9 noyabr 2023
Bəlkə, biz deyildik o görüşənlər? - Arzu Novruzovanın şeirləri

Bəlkə, biz deyildik o görüşənlər? - Arzu Novruzovanın şeirləri

17:47 30 oktyabr 2023
Fərid Süleymanlı - Qalaktikum

Fərid Süleymanlı - Qalaktikum

11:07 13 oktyabr 2023
Gəmidə - Xalid Xəncanlının hekayəsi

Gəmidə - Xalid Xəncanlının hekayəsi

16:00 21 sentyabr 2023
Sirr - Sabir Etibarlı

Sirr - Sabir Etibarlı

14:50 11 sentyabr 2023
Xəbərlər - Şamil Həsənov

Xəbərlər - Şamil Həsənov

10:34 5 sentyabr 2023
#
#
# # #