Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”
26 sentyabr 2026
# 13:00

Kulis.az Nicat Mədətlinin "Bizim əxlaqımız və onların əxlaqı yazısını təqdim edir.

Texnologiyanın sürətli inkişafı yalnız bərabərində inkişafı və yeniliyi gətirmir, eyni zamanda insanların adət-ənənələrində və gündəlik davranışlarında da radikal dəyişikliyə səbəb olur. Artıq bir çox fəaliyyətlərimiz və istifadə etdiyimiz vasitələr “tarix” adına layiq görülməyə başlanıb. Sevinclərimizin, kədərlərimizin səbəbi və mənbələri belə texnologiyanın inkişafına paralel olaraq dəyişib. Əslində, bu dinamika bəşəriyyətin hər dövründə mövcud olmuş və heç bir zaman tamamilə dayanmamışdır. Bəzən dinamika sürətlənmiş, bəzən isə zəifləmişdir. Məsələ belə ikən, o zaman fərqli olan xüsus nədir? Keçmiş dövrlərdəki inkişaf dinamikası ilə günümüzün dinamikası arasında fərq hansı xüsusiyyətlərdədir?

Cavab isə çox sadədir: Texnologiyanın sürətli inkişaf dinamikasının insanların mənəvi həyatındakı dövrə bağlı dəyişiklikləri tezləşdirməsi. Bəşər tarixində insan adət-ənənələri və ya insanların gündəlik həyat ritualları bu qədər sürətli bir şəkildə dəyişməmişdir. Beş il öncə bizə möcüzə kimi görünən elektrikli maşınlar bu gün həyatımızın ayrılmaz hissəsi kimi mövcuddurlar. Nəinki beş il, bir il öncə əldə etdiyimiz texnologiya məhsulları (telefonlar, kompüterlər, iş vasitələri və s.) artıq “köhnə” sayılır. “Antika” etiketinin qoyulma sıxlığı zaman nəzərə alındığında tezləşib. Texnologiyanın sürətli inkişaf dinamikası ən çox isə nəinki dövrün, hətta bəşəriyyət tarixindəki əxlaq anlayışına təsir göstərib.

Belə ki, insanların davranışlarını, bir-birinə və cəmiyyətə münasibətlərini tənzimləyən mənəvi norma və dəyərlər sistemi olan əxlaq tarix boyunca yalnız iyerarxiyaya bağlı olaraq xüsusiyyətlərə və formalara ayrılmışdır. Hətta əxlaqın bu bölgüsü hər bir dövrdə fəlsəfi müzakirələrin əsas mənbəyini təşkil etmişdir. Tarixdə buna misal olaraq kəndlilərin, zadəganların əxlaq anlayışlarını göstərə bilərik. Belə ki, XX əsrin ortalarına qədər iyerarxiyanı təşkil edən pillələrdəki qruplar arasında hər zaman əxlaq anlayışlarında fərqliliklər mövcud olmuşdur. Bəziləri üçün düzgün və doğru görünən davranışlar digər qruplar tərəfindən yanlış görülmüş və təkzib edilmişdir. Xüsusən, Konfutsi, Buddanın təlqinlərində və Kant, Hegel, Şopenhauer, Marksın əsərlərində biz bunları aydın bir şəkildə görə bilərik. Hətta Leninin başçılığı ilə gerçəkləşmiş kommunist inqilabından sonra əxlaq nəinki cəmiyyəti təşkil edən qruplar, hətta millətlər və cəmiyyətlər arasında siyasi rejimlərə bağlı olaraq bir-birindən fərqlənmişdir. Bu baxımdan Lev Trotskinin “Onların Əxlaqı və Bizim Əxlaqımız” adlı əsəri nümunə göstərilə bilər.

Ölkələrin və millətlərin azadlıqlarını məhdudlaşdırmağı məqsəd kimi görən kommunist inqilabın təşkilatçılarından Trotski əxlaqın əsas meyarını “insanın azadlığına və ictimai tərəqqiyə xidmət etməsi” kimi göstərir. O, əxlaqın ümumbəşəri deyil, sinfi xarakter daşıdığını, burjua əxlaqının isə ümumbəşəri əxlaq adı ilə insanlara təlqin edildiyini irəli sürür. Bununla yanaşı, Trotski kapitalizm və kommunizm arasındakı əxlaq fərqlərini müqayisə etməklə yanaşı, stalinizmi də tənqid etmişdir. Bu isə onun Stalin tərəfindən “gizli kapitalist” adlandırılmasına səbəb olmuşdur. Bütün bunları düşündükdə, insanın ağlına istər-istəməz aşağıdakı satirik beyt gəlir:

“Trotski kapitalistlərə bənzərdi,
Stalin ondan əlini üzərdi.”

Əslində, cəmiyyətdəki siniflər arasında mövcud olan əxlaq anlayışını kommunizmi dövlət siyasəti seçməklə məhv etmək və dünyada vahid bir əxlaq anlayışı yaratmaq istənilmişdi. Lakin Marksın nəzəriyyələri gözəl olsa da, tətbiqdə problem yaranmışdı. Belə ki, vahid ideologiya-vahid əxlaq anlayışını əlində bayraq edən SSRİ qurduğu cəmiyyətdə adları dəyişsə də, yenə də siniflərin mövcud olduğunu nəzərdən qaçırmışdı. Liberal dövlətlərdəki siniflərin öz xüsusi maraqlarına sahib olması halı SSRİ-də də davam etmişdir. Bir kəndçi, bir kolxoz sədri, Mərkəzi Komitədəki bir katib yenə də əxlaq anlayışı olaraq bir-birlərindən fərqlənirdi.

Kommunistlərin böyük ümidlərlə qurduğu SSRİ öz arzusunu həyata keçirə bilməsə də, onun bu niyyətini texnoloji məhsullar vasitəsilə kapitalist dövlətlər həyata keçirə bilmişdir. Belə ki, hal-hazırda, yəni kapitalist düşüncənin hegemon ideologiya və rejim kimi qəbul edildiyi dövrümüzdə artıq bütün dünya sakinləri vahid maraq, əyləncə və əxlaq anlayışına sahibdirlər. Bu gün Keniyada yaşayan bir afrikalı ağıllı telefon vasitəsilə Parisi, fransız xalqını və eyni şəkildə Amerikanı, digər Avropa dövlətlərini, Yaponiyanı izləyə bilir. Oradakı insanların məşğuliyyətlərindən xəbərdardır. Xüsusilə, yeni kapitalist dövr istehlaka fokuslandığı üçün telefon vasitəsilə izlənilən hər kadrda yüksək rifah səviyyəsi əks etdirilməyə çalışılır. Yanlış da olsa, Paris şəhərinin küçələri tər-təmiz göstərilir, Amerika azadlığın beşiyi kimi qələmə verilir. Rusiyanın iqtisadi gücü şişirdilərək təqdim olunur. Nəticədə, dünyanın dörd bir tərəfindən bunları izləyən şəxslər izlədikləri yerləri gəzmək və hətta orada yaşamaq üçün həsəd aparmağa başlayırlar. Öz yurdlarında rahatlıq tapa bilmirlər. Ən qəribəsi də odur ki, gedəcəkləri ölkələrə uyğunlaşma problemi çəkəcəklərini heç düşünmürlər. Səbəbi isə son dərəcə bəsitdir: izlədikləri hadisələr, əyləncələr, yemək videoları onları artıq videoları paylaşanlarla həmvətən edib. Sırf videolardakı məkana getmək üçün öz adət-ənənələrini unutmağa belə hazırdırlar. İstehlak əxlaqı sayəsində hər kəs bir arzuya, məqsədə və yaşam tərzinə alışdırılır. Novruz bayramı unudulur, çünki artıq Halloween xəyalı mövcuddur. Bayram tətilini öz ailəsi ilə, öz ölkəsində və öz adət-ənənələrinə uyğun bir şəkildə keçirən insanları artıq bir-iki günlük tətil müddətini qürbətdə keçirməyi arzulayan və bu arzuya sitayiş edən insanlar əvəzləyib. Çünki hər kəs yaradılan istehlak əxlaqı nəticəsində görmədiyi həyatı, varlığından əmin olmadığı sinifə sahib olmağı arzulayır. Kommunizmin yaratmaq istəyib də uğursuzluğa düçar olduğu niyyəti ən sonunda gücünü maddi qüvvədən, texnoloji ünsürlərdən alan yeni növ kapitalizm həyata keçirir. Artıq dünyada nə siniflərə görə, nə də millətlərə görə fərqlənən əxlaq xüsusiyyətləri var. İndi bütün dünyada hegemon yalnız bir əxlaq var, onun isə adı: istehlak əxlaqıdır.

İstehlak əxlaqının milli əxlaqa qarşı olduğunu anlayanlar isə hegemon əxlaq anlayışına sahib olanlar tərəfindən yadlaşdırılmağa çalışılır. Günümüzdə və dünyamızda vahid bir cümlə var ki, artıq hər kəs tərəfindən istifadə olunmağa başlanılıb: “Bizim Əxlaqımız və Onların Əxlaqı”.

# 91 dəfə oxunub

Oxşar xəbərlər

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
"Qonkur"da süni intellekt qalmaqalı – Məşhur roman siyahıdan çıxarıldı

"Qonkur"da süni intellekt qalmaqalı – Məşhur roman siyahıdan çıxarıldı

11:05 26 sentyabr 2026
13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

13 yaşında atasını itirdi, 17 yaşında evləndi - Vısotskinin sevdiyi “Cadugər qadın” kim idi?

10:00 26 sentyabr 2026
Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər