Homoseksual rejissorun qadın sevgisi

Homoseksual rejissorun qadın sevgisi
22 yanvar 2013
# 13:04

Sevda SULTANOVA

Almodovar titrlərlə kreativ işləyən yeganə rejissordur. Onun rəngli, ispan koloritli rəsmli titrlərinin güclü vizual ifadəsi var və sanki bu, filmdən ayrı müstəqli yaradıcı işdir.

****

Qəhrəmanlar yalnız “El Pais” qəzetini oxuyurlar. Yəqin ki, bu təsadüf deyil. “El Pais” Frankodan sonrakı İspaniyada ilk demokratik qəzetdir.

****

Bütün interyerlərdə dibçəklər, güllər önəmli yer tutur.

****

Əksər filmlərdə mətbəx səhnələri var. Qadınlar yemək bişirir, tərəvəz doğrayır, gülləri sulayır. Onlar daima hərəkətdədirlər. Onun qadınları sanki bişirdikləri yeməklərə, güllərə, yerləşdikləri əşyalara, tərəvəzlərə qarışır, bütünləşir.

****

Almodovar tragikomik situasiya ustasıdır. Komik dialoq, replika faciə kontekstində səslənir.

****

Personajların çoxu qırmızı rəngli avtomobildən istifadə edir.

****

Almodovar, bütün əhvalatlardakı hansısa məqamları ölkədaxili və ya qlobal məsələlərə bağlayır. Məsələn, “Anam haqqında hər şey” filmindən dialoq:

- Sən doğrudan “Şanel”dən istifadə edirsən?

- Dünyanın yarısının ac olduğu halda necə bahalı ətir almaq olar.

****

Almodovar filmləri hər şeydən əvvəl rənglərin eklektikası ilə seçilir. Amma dominant rəng qırmızıdır. Qırmızı əşyalar, geyimlər, aksessuarlar, güllər, divarkağızları, mebellər və s. O, hətta rahibələrin ağ-qara əlbisəsinə belə qırmızı naxışlar salır. Rejissor deyir: “Mən qırmızı rəngsiz keçinə bilmirəm: o parlaq və intensivdir. İspaniyada qırmızı rəng əsas şeyləri ifadə edir: od, qan, sevgi, ehtiras, ölüm”.

****

Qadın obrazları son dərəcə koloritlidir. Onlar yaxşı olmağa can atmırlar, olduqları kimdir, pis və yaxşı tərəfləri ilə.

****

Antonio Banderas iki filmdə gey obrazını yaradıb.

****

Dörd filmdə insest hadisəsi var.

****

İnteryerlər bir qayda olaraq rəngarəngdir.

****

Filmlərin çoxunda şüşə (vitrin, avtomobil, avtobus, pəncərə) arxasından çəkilişlər var.

****

Almodovar fleşbek (süjet xəttinin kəsilərək, keçmişdə baş verənlərin nəql olunması) ustasıdır.

****

Məlumdur ki, rejissor “Qayıdış” dramında Penelopa Kruzu məşhur italyan aktrisası Anna Manyani üslubunda təqdim edib. Elə həmin filmin kadrlarından birində televizorda Manyaninin oynadığı film göstərilir.

****

Bütün filmlərdə ekssentrik vəziyyətlər var. Məsələn “Qaranlıq alışqanlıqlar” komediyasında rahibələr kokaindən istifadə edir. Monastırda Merilin Monronun rəsmi asılır. Və ya rahibələr bazarda satdıqları tortu belə tərif edir: “İsa Məsihin qanından və canından hazırlanan ecazkar tort”.

****

Almodovarın filmlərinin sayəsində Lus Kasalya, Lola Beltran, İqnasio Xasinto Vilya, La Lupe, Joaqin Sabina kimi müğənnilərlə tanış oldum.

****

Rejissor bir neçə filmində epizodda çəklib. Məsələn, “Matador”da modelyer obrazını ifa edir. Jurnalistlə onun arasında maraqlı dialoq var:

- Niyə siz şounuzu bölünmüş İspaniya adlandırmısız?

- Çünki İspaniya iki hissəyə ayrılıb.

- Hansı hissələrə?

- Paxıllıq edənlərə və dözülməz olanlara.

- Siz hansına aidsiz?

- İkisinə də.

- Nikaha inanirsiz?

- Nikah qaçılmazdır. Yoxsa toy əlbisələri olmazdı.

****

Almodovarın filmoqrafiyasına nəzər salanda özüm üçün onun qısa metrajlı “Kannibal məsləhətçi” filmini kəşf etdim. Rejissor onu “Parçalanmış ağuş” dramının çəklişləri zamanı lentə alıb. Sosial təminat idarəsinin işçisi olan qadın 7 dəqiqəlik filmdə seks, kannibalizm və siyasət haqda maraqlı, komik monoloq deyir.

Tanınmış digər ispan rejissorlarının Eloy de la İqlesianın, Karlos Sauranın, Biqas Lunanın, Aleks de la İqlesianın, İzabel Koyşetin, Xulio Medemin bəzi filmlərini izlədim və belə qənaətə gəldim ki, onların heç biri Almodovar qədər ispan təbiətini, mentalitetini açmır və onun qədər orijinal, cəsarətli deyillər.

# 7502 dəfə oxunub

Oxşar xəbərlər

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.."  - Qadın talelərindən cəsarətli film çəkən  görkəmli aktyor

"Oğru kimi özgəsinin torpağına soxulmayaydın!.." - Qadın talelərindən cəsarətli film çəkən görkəmli aktyor

12:07 12 avqust 2025
“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

“Weapons” filmi qorxu janrında ilin hadisəsinə çevrilir

11:30 9 avqust 2025
Ceyms Kamerondan nüvə hücumları haqqında  yeni film

Ceyms Kamerondan nüvə hücumları haqqında yeni film

10:35 7 avqust 2025
“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

“Mən qadınam” tammetrajlı film ssenarisi müsabiqəsinin qalibləri bəlli oldu

17:18 31 iyul 2025
Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

Pazolini və Viskonti filmlərinin ulduzu vəfat etdi

16:24 31 iyul 2025
Di Kaprionun yeni filminin treyleri yayımlandı

Di Kaprionun yeni filminin treyleri yayımlandı

15:33 31 iyul 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər