“Aramızda qalsın”: Serial “Azərbaycan“da çəkilir- REPORTAJ

“Aramızda qalsın”: Serial “Azərbaycan“da çəkilir- REPORTAJ
26 may 2011
# 08:00
Ramilə Qurbanlı


Azərbaycan nəşriyyatının beşinci mərtəbəsində “Xəzər” televiziyası bir mənzil inşa edib. Bəli, bir mərtəbənin daxilində başqa bir mənzil tikilib ki, mətbəxi, qonaq otağı, yataq otağı, bütün dəm-dəsgahı ilə. Orda Mehmanla Yeganə bir oğul, bir qız övladları ilə yaşayırlar. Pəltək Maral onların qulluqçusudur. Ailənin nənə babası Dilbər xala ilə Əjdər əmi ora gəlib-gedirlər. Mənzilin yaxınlığında, divarın o tərəfində ofis var. Ora Mehmanın və Aslanın iş yeridir. Əfsanə ilə Yeganənin də iş yerindəki səhnələr orda çəkilir.

Hə...məlum oldu ki, söhbət çəkilişdən gedir, özü də “Xəzər” televiziyasının çəkdiyi “Aramızda qalsın” milli serialının çəkilişlərindən. Bayaqdan təsvir etdiyimiz isə dekor mənzil və ofisdir.

Ülviyyə Maral kimi, yoxsa, Maral Ülviyyə kimi

Bu məqamda kiminsə ağız büzdüyünü gördüm. Ola bilər, ola bilər yox, həqiqətən də bu serial əyər-əskiklərdən xali deyil. Bütünlüklə o işin üstündə bir peşəkar əlinin gəzməsinə böyük ehtiyac var, amma ümumilikdə bu bir başlanğıcdır. Bütün çatışan və çatışmayan cəhətləri ilə “Aramızda qalsın” baxılır. Ayrı-ayrı obrazlar var ki, çox uğurludur. Odur ki, çəkiliş prosesinin maraqlı olduğunu düşündük.
Məsələn, Səidə Quliyevanın adını çəkməyə lüzum yoxdur. Bu peşəkar aktrisa çəkiliş qrupunun ağbirçəyidir. Öz məsləhətlərini, köməyini əsirgəmir. Deyir ki, hamısı gənclərdir, onlara kömək olmaq lazımdır. Fırıldaqçı-alverçıni oynayan oğlan çox gəncdir, Səidə xanım onu bircə kəlmə ilə yönləndirir: “A bala, özünü itirmə, elə öz sözlərimizlə oynayaq, sərbəst danış”.

Qurban Məsimov istedadlı aktyordur. Bu serialda onun ehtiyacı olan yalnız yaxşı rejissordur. O cümlədən Azər Axşam.

Maral rolunun ifaçısı da istedadlı aktrisadır. Ülviyyə Əliyeva Musiqili Komediya Teatrının aktrisasıdır. Tamaşaçılar onu “Çal-çağır”dan tanıyırlar. “Aramızda qalsın”da onun Maral rolunun xüsusi dadı-duzu var, dilini əyib danışmağı ilə lap yerinə düşür. Hərdən çaşıb düz, yəni özü kimi danışır, rejissor dərhal çəkilişi dayandırıb onun yadına “r” hərfini deməməli olduğunu, onun yerinə “y” deməli olduğunu xatırladır. Bu dəfə aktrisa obraza elə qapılır ki, çəkilişdən sonra da “Rüfət” deməkdənsə, “Yüfət” deyir, hamı qəhqəhə çəkir, qız özü də.


Adama 300 manat


Filmin ssenarisini redaktor qrupu yazır. Rüfət Şahbazov serialın rejissorudur. Çox gəncdir. Rüfət Şahbazov İqtisad Universitetinin məzunudur. Rejissorluğa həvəsi onu elə tələbəlik illərində televiziyaya gətirib çıxarıb. Rejissor Elxan Cəfərovun yanında assistent, köməkçi, ikinci rejissor kimi işləyib. Rusiya kino şirkəti Azərbaycanda film çəkəndə onların yanında təcrübə keçib. “Xəzər” telekanalının redaktor qrupu ideyanı ortaya atıb.

Çəkilişlərə başlayanda əvvəlcə adını çəkmək istəmədikləri bir Türkiyə rejissorunun məsləhətlərindən faydalanıblar.

Rejissor deyir ki, hansı peşəkar rejissorumuzun əlinə maliyyə imkanları düşsə, bundan gözəl seriallar qoyar ortaya: “Mən gəncəm, o qədər də təcrübəm yoxdur, amma bu bir başlanğıcdır. Biz əlifbasını başladıq. Allah eləsin sabah “Xəzər” telekanalının imkanları bundan yüksək səviyyədə işlərə çatsın. Həmçinin başqa kanallarımız milli seriallar çəkməyə başlasınlar. O vaxt biz də fəxr edərik ki, özülü qoymuşuq. Hər bir iş başlanğıcda çatışmazlıqlarla dolu olur. Bizim ilk seriyalarımıza baxanda indikilər çox yaxşıdır. Növbəti seriyalar daha da püxtələşəcək”.

Rüfət Şahbazovun dediyinə görə, çəkiliş qrupu o qədər də qazanca üstünlük vermir: “Qazanc azdır deyə, imtina etdikcə itiririk. İnkişaf da olmur. Az qazancla bu işi başlayaq, sonra çox qazanc gələcək. Mən belə düşünürəm.”

O, demədi, amma biz öyrəndik ki, rejissor da, onun assistenti, çəkiliş qrupunun bel sütunu adlandırdıqları Vüsal Məmmədov hərəsi cəmi 300 manat məvacibə işləyirlər. Özü də gecə-gündüz bilmədən çəkilişdə olurlar.


Oyunun olsun, rus dili müəlliməsi


Kamilə Babayevanı hamı aparıcı kimi tanıyır. Bir müddət Türkiyə kanallarından birində də bu funksiyanı yerinə yetirib. İndi seriala çəkilir. Deyir, bu gün işim budur, sabah nə olacağını sabah göstərər. İxtisasca rus dili müəlliməsidir. Rejissorun dediklərini etməklə kifayətlənir. Üzdə olan işdə isə bir qədər qeyri-peşəkarlığın duyulmasının səbəbi bu işdə məktəbsiz və təcrübəsiz olmasıdır.
Məsələn, Vəfa Zeynalovanın oyunu bu baxımdan onunkundan fərqlənir.

Çəkilişin şirin yerində işçilərdən kimsə toy dəvətnaməsi paylayır. Kollektivdən kiminsə toyudur. Bu, xeyrədir.

Serialın hələ sonu görünmür. Yayda istirahət edib sentyabrda yenidən çəkilişlərə başlayacaqlar. Gündəlik iş kimi, gündəlik çəkəcəklər. Özü də Azərbaycan gündəmində olan hadisələrlə. Qarşıda hələ başqa layihələr də var.
# 2943 dəfə oxunub

Oxşar xəbərlər

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

13:25 10 may 2024
Qonorarlarla bağlı qərar ləğv olunacaqmı? - ARKA

Qonorarlarla bağlı qərar ləğv olunacaqmı? - ARKA

09:27 6 may 2024
İsveçli rejissor Naxçıvanda film çəkəcək

İsveçli rejissor Naxçıvanda film çəkəcək

14:00 3 may 2024
Aktyor İlqar Musayev Rusiyada seriala çəkilib

Aktyor İlqar Musayev Rusiyada seriala çəkilib

12:00 3 may 2024
Molla Nəsrəddin haqqında film çəkiləcək

Molla Nəsrəddin haqqında film çəkiləcək

11:35 3 may 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
# # #