Azyaşlıları qorxudan uşaq tamaşası-PREMYERA

Azyaşlıları qorxudan uşaq tamaşası-PREMYERA
25 sentyabr 2012
# 05:00
Gənc Tamaşaçılar Teatrında premyera günü idi. Premyeraya xas qələbəlik olmasa da zal balaca tamaşaçıların sayı az deyildi. Tamaşanın başlanmasını gözləyən uşaqlar tez-tez valideynlərindən “niyə başlamır e ..?”,- deyə soruşurdular. Valideynlər də “hələ hamı gəlməyib ”, “aktyorlar kostyumlarını geyinirlər ” kimi bəhanələr tapıb uşaqları sakitləşdirirdilər.

“Rəvayəti şahzadeyi Xəzər” adlı bu pyes tamaşaçıya o qədər də məlum olmayan bir müəllifindir – Kamran Ağabalayevin. Əsəri tamaşaya rejissor Nicat Kazımov hazırlayıb. O, həm də tamaşada əsas rollardan birini – Oxxayı oynayır. Başqa rolları Asya Atakişiyeva, İlham Əsədov, Nigar Bahadırqızı, Eşqin Quliyev canlandırırdı.

Tamaşaçılar arasında mənim də müxtəlif yaşda iki qızım vardı (böyüyünün 12, kiçiyin 4 yaşı var). Bunu boş yerə qeyd etmədim. Bir az səbirli olsanız səbəbini siz də biləcəksiniz.

Tamaşanın mövzusu belədir ki, cadusu, sehri əqidəsi kimi mənfi əməllərə xidmət edən Oxxay Basatı öz qəsrində əsir saxlayır. Basatı Oxxayın və onun Tülkü, Cadugər, Qara Div xassəli “silahdaş”larından xilas etmək üçün dostları yola çıxır. Basatın dostları isə Xəzər, Selcan, Məlikməmməd, Cırtdan, Ağ Div kimi müsbət nağıl və dastan qəhrəmanlarıdır.

Gördüyünüz kimi tamaşada mənfi və müsbət xarakterli bütün sevimli qəhrəmanlar var.

Pərdələr açılır, işıqlar sönür. Nə zalda, nə də səhnədə zərrə qədər işıq yoxdur. “Ana nooldu ?” - deyə balaca qızım tez əllərimdən yapışır. Qızım, tamaşa başlayır, bax, indi səhnədə işıq yanacaq – deyirəm, amma yanmır. İşıq zolaqlarının altında nağıl qəhrəmanları – heyvanlar səhnədəki döşəməaltı yarıqlardan sürünərək çıxıb səhnəyə səpələnirlər. Bir anlıq sükuta qərq olmuş tamaşa zalından qışqırıq - ağlaşma sədaları qopur.

Bir-iki valideyn zalın ayrı-ayrı yerlərindən uşağını qucağına alıb dərhal zalı tərk edir. Bu o deməkdir ki, tamaşa azyaşlılar üçün deyil, məktəblilərin yaşına daha çox uyğundur. Böyük qızım isə vəziyyəti gülümsəməklə müşahidə edir. Balaca qorxduğunu büruzə verməməyə çalışır, amma insafən bu tamaşanın onluq olmadığını anlayıb balacanı qucağıma basıram ki, özünü əmin əllərdə hiss etsin. Tamaşa boyu “səhnədə göydən yağan nədir ?”, “onu yuxarıdan kim atır?”, “indi noolacaq?” deyə suallar verir, yaxud iştirakçıları tanımayıb kim olduğunu soruşurdu.

Səhnədə isə gərgin mübarizə gedir. Basatı əsirlikdə saxlamaq üçün Oxxay Tülkünün hiyləsindən, Cadugərin sehrli qüvvəsindən, Qara Divin gücündən istifadə edir. Onu bütün bunlardan xilas etmək üçün isə Dədə Qorqudun məsləhəti ilə Basatın sevgilisi Selcan Cırtdanın ağlından, Ağ Divin gücündən, Məlikməmmədin sədaqətindən, Xəzərin dəyanətindən bəhrələnir. Dostlar birlikdə Basatı xilas edirlər. Bütün nağıllarda olduğu kimi xeyir şərə, haqq nahaqqa qalib gəlir. Sonda büsat qurulur, dostlar şənlənir, Xəzərlə sevgilisinə qırx gün qırx gecə toy edilir.

Bunlar çox yaxşı idi. Tamaşa başa çatmağını gözləməyən bir bağça müəlliməsi də balacasını götürüb getmişdi. Tamaşanın ikinci hissəsinə demək olar ki, məktəbli uşaqlar baxırdılar.

Tamaşa boyu bir-birini əvəz edən gərgin səhnələr sonda Nicat Kazımovun bütün tamaşalarında olduğu kimi musiqi şousu ilə tamamlandı. Kostyumları, musiqi, gərgin əhvalat tamaşaçını darıxmağa qoymur. İki hissəli tamaşa necə qurtarır, vaxtı hiss etmirsən. Amma bir daha deyirəm, tamaşa məktəblilər üçündür, azyaşlılara olmaz. Bu xəbərdarlığı inşallah, gələcəkdə satılan biletlərin üstündə görsək daha yaxşı olar.

Ramilə QURBANLI
# 1999 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #